2 May 2024

Cümə axşamı, 11:25

TƏLƏB ARTIR, TƏKLİF DƏ OLACAQ

Azərbaycandan təbii qaz almaq üçün Avropa ölkələrindən 10 müraciət daxil olub

Müəllif:

01.12.2022

Avropada ümid edirlər ki, son həftələrdə davam edən isti havalar qış boyu davam edəcək və qitə təbii qaz qıtlığından yan keçə biləcək. Ən böyük neft tədarükçülərindən biri olan Sinqapurun “Trafigura” şirkətində hesab edirlər ki, havanın sabit olması və Rusiyanın Ukrayna ərazisindən bu enerji resursunun nəqlini davam etdirməsi şərtilə bu qış Avropada “mavi yanacaq” ehtiyatları üçdə ikidən çox olmayaraq, azala bilər. Bu o deməkdir ki, region qarşıdan gələn istilik mövsümündən “sağ çıxa” və gələn il böhrandan yan keçmək üçün kifayət qədər yanacaq ala biləcək.

Bu yaxınlarda Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Aİ mayeləşdirilmiş qaz (LNG), həmçinin digər tədarükçülərdən boru kəməri vasitəsilə enerji resursu əldə etmək hesabına Rusiyanın Avropa bazarından çıxarılan təbii qazını əvəz edə bilib. Buna baxmayaraq, demək olar ki, bütün Avropa ölkələri “mavi yanacaq” idxalının alternativ mənbələrinin axtarışını fəal şəkildə davam etdirir və şübhəsiz ki, Azərbaycan bu siyahıda ilk sırada yer tutur.

 

Təchizat artır

“Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra biz ondan çox Avropa ölkəsindən sifarişlər almışıq. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur”, - Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində noyabrın 25-də keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.

“İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur”, - dövlət başçısı vurğulayıb.

Bu arada, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu yaxınlarda “Twitter” səhifəsində yazıb ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan artıq təbii qaz ixracını 7,4% artırıb və bu müddət ərzində Avropaya 9,3 milyard kubmetr, Türkiyəyə 6,9 milyard kubmetr, Gürcüstana isə 2 milyard kubmetr qaz tədarük olunub.

TAP konsorsiumunun “Twitter” səhifəsində isə məlumat verilib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsindən indiyədək Azərbaycandan Avropaya 18 milyard kubmetrdən çox təbii qaz nəql olunub: “Daha bir mərhələ! Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib”.

Qeyd edilib ki, TAP-ın gücü Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər. Azərbaycan isə bu marşrutla qaz nəqlini artırmaq üçün əlindən gələni edir. Amma... “TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə məlumdur, lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı, tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir”, - İ.Əliyev vurğulayıb.

 

Yeni razılaşma lazımdır

Azərbaycan hər zaman tədarük coğrafiyasının genişləndirilməsi, interkonnektorların tikintisi üzrə Avropa təşəbbüslərini dəstəkləmək mövqeyindən çıxış edib. Etibarlı infrastruktur təbii qaz hasilatının artırılması istiqamətində işlərin sürətləndirilməsi üçün ən mühüm stimuldur.

“Belə interkonnektorlardan birinin açılış mərasimi keçən ay mənim də iştirakımla Sofiyada keçirilmişdir. Söhbət Yunanıstan-Bolqarıstan interkonnektorundan gedir. Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaq”, - Azərbaycan Prezidenti məlumat verib.

Yeri gəlmişkən, birinci hadisə fonunda dövlət başçısı vaxt itirmədən Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçən Trans-Balkan kəmərinin işə salınmasını zəruri hesab edir.

“Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır”, - dövlət başçısı deyib.

O, Ankara ilə danışıqların davam etdiyini bildirib: “Danışıqlar gözlədiyimizdən daha çox vaxt aparır. Ümid edirik ki, biz bu razılığa gələcəyik. Çünki müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcək”.

“Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə, əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq”, - İ.Əliyev deyib.

 

Serbiyanın ümidləri

İkinci interkonnektora gəlincə, Serbiyanın bununla bağlı böyük ümidləri var. Bu ölkənin mədən sənayesi və energetika naziri Dubravka Djedoviç bu yaxınlarda Belqradda Pərviz Şahbazovla görüşdə bu barədə açıq danışıb: “Serbiya-Bolqarıstan qaz interkonnektorunun tikintisi başa çatandan sonra bizim Bolqarıstan-Yunanıstan (IGB) interkonnektoru vasitəsilə Cənub Qaz Dəhlizinə qoşulmaq imkanımız olacaq. Bu, bizə tamamilə yeni təchizat marşrutu verəcək və enerji mənbələrini daha da şaxələndirəcək. Cənub Qaz Dəhlizi ilə birləşmə Serbiyanı Azərbaycandan, yəni Xəzər dənizində “Şahdəniz” qaz yatağından təbii qaz ilə təchiz etməyə imkan yaradacaq”.

İlham Əliyevin Belqrada son səfəri zamanı serbiyalı həmkarı Aleksandr Vuçiçlə danışıqları zamanı da Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyini dəstəkləməsi əsas müzakirə mövzusu olub.

“Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik”, - Azərbaycan dövlət başçısı İlham Əliyev Belqradda mətbuata bəyanatında deyib.

A.Vuçiç isə əlavə edib ki, Azərbaycan qüdrətli ölkədir, 7, 8 və 10 ildən sonra Azərbaycan 35 milyard kubmetrdən daha çox qaz ixrac edəcək: “Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək”.

Qeyd edək ki, demək olar ki, bütün Balkan ölkələri Azərbaycan təbii qazına maraq göstərir. Üstəlik, bu gün Azərbaycan Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşu məsələsini fəal şəkildə müzakirə edir, çünki orada belə bir şəbəkə yoxdur. Həmçinin 3 Balkan ölkəsini - Albaniya, Monteneqro və Bosniya və Herseqovinanı əhatə edəcək İon-Adriatik Boru Kəmərinin (IAP) tikintisi də gündəmdədir.

 

Hasilat planları

Görünən odur ki, Azərbaycandan təbii qazın alınması ilə bağlı müraciətlər çoxdur, amma onları təmin etmək üçün kifayət qədər resurs olacaqmı? İlham Əliyevin sözlərinə görə, artıq 2023-cü ildə Xəzər dənizindəki “Abşeron” yatağından qaz hasilatına başlanılması planlaşdırılır: “Xarici neft şirkətləri ilə işi davam etdiririk, gələn ildən etibarən istifadəyə veriləcək yeni və mövcud yataqlardan qaz hasilatını artırmağı planlaşdırırıq, xüsusilə “Abşeron” qaz-kondensat yatağından”.

O qeyd edib ki, “Abşeron” yatağında hasilatın birinci fazası 1,5 milyard kubmetr olacaq və hasilatın bir neçə dəfə artırılması üçün potensial var.

Xatırladaq ki, bu yatağın ehtiyatları 350-360 milyard kubmetr təbii qaz və 100 milyon ton kondensat təşkil edir. Digər mühüm layihəyə - “Günəşli” yatağındakı dərin laylardan “mavi yanacağ”ın hasilatına gəlincə, Prezident vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir: “Bilirəm ki, BP ilə SOCAR arasında həmin layihə üzərində danışıqlar çox uğurla gedir. Əvvəlki dövrlərdə SOCAR-ın rəhbərliyi ilə Azərbaycan hökumətinin rəsmiləri arasında qeyri-münasib ünsiyyət səbəbindən müəyyən yubanmalar olub. Hazırda isə hər şey aydındır. Bazarda qaza ehtiyac var. Nəhəng potensialdan istifadə etmək vaxtı yetişib”.

Beləliklə, Azərbaycan çağırışı qəbul etməyə və Avropa təbii qaz bazarında artan tələbata adekvat cavab verməyə hazır olacaq. Bütün iştirakçı tərəflər tədarük üçün lazımi infrastrukturun yaradılması üzrə qarşıya qoyulan vəzifələri aydın şəkildə həyata keçirsələr, müəyyən edilmiş layihələr Köhnə Dünyanın enerji təhlükəsizliyi istiqamətində mühüm addım olacaq.



MƏSLƏHƏT GÖR:

71