26 Aprel 2024

Cümə, 13:43

QƏTƏR TANQOSU

Argentina uzun həsrətdən sonra yenidən futbol Olimpini fəth etdi

Müəllif:

01.01.2023

Qətərdə keçirilən futbol üzrə ən maraqlı dünya çempionatı başa çatıb. Əslində, dünya çempionatı ənənvi olaraq yayda keçirilir. Amma Qətərdə yay mövsümü çox isti keçdiyindən çempionatın noyabr-dekabr aylarında təşkil edilməsi qərara alınıb. Yəni əsas görüşlər qışda baş tutub. Amma bunun yaxın gələcəkdə təkrarlanması ehtimalı azdır.

Dünya çepionatının Qətərdə keçirilməsi ilə bağlı qərar verildikdən dərhal sonra bir çox futbolçu və ekspertlər onun vaxtı ilə bağlı mənfi münasibət bəsləyirdilər. Amma bəzi ekspertlər isə hesab edirdilər ki, bu mundialda futbolçular özlərini hərtərəfli göstərə bilərdilər. Məsələ burasındadır ki, adətən yayda bir çox aparıcı oyunçular yorucu futbol mövsümü başa çatdıqdan sonra dünya çempionatına yollanır. Nəticədə onlar hər zaman istedadını və ustalığını tam nümayiş etdirə bilmir. Amma bu dəfə keçirilən dünya çempionatı elə bir vaxtda baş tutub ki, onlar əla formada idilər və uzun futbol mövsümü nəticəsində yorulmayıblar. 

Qətər isə dünya çempionatına ev sahibliyi edən ən kiçik ölkə kimi tarixə düşüb. Bu ölkədə hər şey kompakt olduğuna görə Qətər həm azarkeşlər, həm də milli komandalar üçün çox rahat idi: buraya gəlmək üçün çox vaxta ehtiyac yox idi, azarkeşlər yalnız bir şəhərdə qaldığına görə logistika xərcləri də minimum səviyyədə idi.

Bu məqamda qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatı tarixin ən bahalı futbol yarışı olub. Bəzi mənbələrə əsasən, bu, təşkilatçı ölkəyə böyük maliyyə vəsaitinə - 200 milyard dollardan çox məbləğə, bəzilərinə görə isə 300 milyard dollara başa gəlib. Aydındır ki, təşkilatçılar heç bir halda bu vəsaiti geri qaytara bilməyəcəklər. Lakin görünür, onların qarşısında belə bir məqsəd də yox idi. Çətin ki, növbəti illərdə hər hansı digər ölkə çempionatın təşkilinə bu məbləğin azı 5%-ni qoymağa hazır olsun.

Futbola gəlincə, Qətərdə keçirilən dünya çempionatı öz rəngarəngliyi ilə yadda qalıb: unudulmaz matçlar darıxdırıcı qarşılaşmalarla əvəz olunur, çempionatın bəzi favoritləri fiaskoya uğrayır, bəzi komandarlar sürpriz edirdi. Üstəlik, dünya çempionatı çılğın final və çoxlu sayda rekordlarla da yadda qalıb... Hər zaman olduğu kimi bu dəfə də dünya çempionatında sevinc və kədər göz yaşlarının şahidi olduq.

Yaxşı, indi bunların hər biri barədə ətraflı şəkildə bəhs edək.

 

Favoritlər

Belə mötəbər yarışların favoritləri turnirdən turnirə ciddi şəkildə dəyişmir. Bunlar Avropa və Latın Amerikasının nəhəngləridir: Braziliya, Argentina, Fransa, İspaniya, Almaniya, Belçika, İngiltərə.

Ümumiyyətlə, bir qayda olaraq, bəzi favoritlər üçün xoşagəlməz sürprizlər artıq qrup mərhələsində başlayır. Ən maraqlısı odur ki, Fransa yığması bu mundialda risk altında idi. Belə ki, XXI əsrdə dünya çempionu olmuş heç bir Avropa ölkəsi növbəti dünya çempionatında hətta qrup mərhələsini belə aşa bilməyib. Bu, 2002-ci ildə Fransa, 2010-cu ildə İtaliya, 2014-cü ildə İspaniya və 2018-ci ildə Almaniyanın başına gəlib. Bu mundiala fransızlar çox güclü və ən əsası balanslı heyətlə gəlmişdilər. Qətərdə onlar iki turdan sonra pley-off mərhələsinə çıxışı təmin edən ilk komanda oldular. Beləliklə, fransızlar bu xoşagəlməz ənənəni pozdular.

Qrup mərhələsinin uğursuzları almanlar və belçikalılar olub. Üstəlik, almanlar ardıcıl ikinci dəfədir ki, qrupdan çıxa bilmir. “Alman maşını” tədricən “işə düşməyə” başlayıb (Yaponiyaya uduzub, İspaniya ilə heç-heçə edib, Kosta-Rikaya isə qalib gəlib). Lakin bu, növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib. Əlbəttə ki, belə bir vəziyyətin yaranmasında almanların özləri günahkardır. Lakin bu məsələdə onlara İspaniyadan olan rəqibləri də “kömək edib”. Belə ki,m İspaniya-Yaponiya qarşılaşmasında elə vəziyyət yaranmışdı ki, bu oyunda ispanlara uduzmaq daha çox sərf edirdi. Bu halda İspaniya 1/8 finalda Xorvatiya (DÇ-2018  finalçısı) ilə deyil, Mərakeşlə qarşılaşacaq, 1/4 finalda isə mundialın əsas favoriti Braziliya ilə rəqib olmayacaqdı. Nəticədə ispanlar – qəsdən və ya yox, bu, artıq vacib deyil – yaponlara uduzub və onların fikrincə, daha asan yolu seçiblər. Bununla onlar pley-offa çıxıb və əsas rəqiblərindən biri olan almanları mübarizədən kənarlaşdırıblar.

Bu arada, Qətərdəki uğursuzluqdan sonra Almaniyada futbol sahəsində dəyişikliklərə ehtiyac duyulduğu barədə müzakirələr aparılır. XXI əsrdə Almaniya artıq bir dəfə bu istiqamətdə islahat aparıb və nəticədə 2014-cü ildə keçirilmiş dünya çempionatının qalibi olub. Belçikalılara gəlincə, Qətərdə keçirilən dünya çempionatı bu “qızıl nəsil” üçün “qu quşu nəğməsi” kimi qəbul edilirdi. Qeyd edək ki, təxminən 10 ildir ki, Krallığın milli komandası bütün böyük futbol turnirlərinin favoriti hesab olunurdu, lakin onların əldə etdiyi maksimum nəticə 2018-ci ildə keçirilmiş dünya çempionatında üçüncü yer olub. Belçikalıların qrupu (Xorvatiya, Mərakəş və Kanada) keçiləsi qrup idi. Odur ki, Belçikanın 1/8 finala çıxmaqla bağlı heç bir problemi olmamalı idi. Üstəlik, bu komanda çətinliklə olsa da, birinci qarşılaşmada Kanadaya qalib gəlmişdi. Lakin Belçika ikinci qarşılaşmada Mərakeşə məğlub olduğuna görə son matçda mütləq xorvatlara qalib gəlməli idi. Belçika-Xorvatiya qarşılaşması mundial tarixinə ən maraqlı matçlardan biri kimi düşəcək: ikinci hissədə təkcə Lukakunun dörd əla qol şansı var idi (onun səviyyəsində olan hücumçu azı bir qol vurmalı idi). Amma o, bütün qol vəziyyətlərini korladı. Nəticədə hesab 0:0 oldu və Belçika turnirdən kənarlaşdırıldı. Bununla heç nə qazanmayan “qızıl nəslin” dövrü başa çatdı.

 

Pley-off

Qətərdəki pley-off mərhələsi də özünəməxsus şəkildə keçib. 1/8 finalda cəmi bir sensasiya qeydə alınıb - Mərakeş İspaniyanı penaltilər seriyasında məğlub edib. Beləliklə, ispanlar penaltilərdə uduzaraq ardıcıl ikinci turnirdə iştiraklarını 1/8 mərhələsində dayandırıb. Bu gedişlə İspaniyada digər futbol nəhəngi olan İngiltərə kimi penalti kompleksi yaranacaq.

Yaponiya - Xorvatiya oyununda da sensasiya ola bilərdi. Yaponlar bütün matçda xorvatlardan üstün oyun nümayiş etdirdilər. Lakin yaponlar Asiya qitəsinin komandalarının parlamadığı penaltilərdə məğlub oldular. Bununla xorvatlar 1/4 finala vəsiqə qazandılar.

İsveçrə - Portuqaliya oyununda da mini sensasiya olub. Bu, rəqiblərin şansları 50/50 qiymətləndirilirdi. Amma portuqallar isveçrəliləri 6:1 hesabı ilə darmadağın ediblər. Portuqaliya İsveçrə üzərində qalibiyyətə son 10 ilin əsas ulduzları Kriştiano Ronaldu olmadan nail olub.

Bu məqamda qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında ilk dəfə olaraq turnirdə iştirak edən bütün qitələrin təmsilçiləri ilk dəfə 1/8 finala yüksəlib: Şimali Amerikanı ABŞ, Afrika - Mərakeş və Seneqal, Cənubi Amerika - Braziliya və Argentina, Asiya - Avstraliya, Cənubi Koreya və Yaponiya, Avropa - Niderland, Xorvatiya, Fransa, Polşa, İngiltərə, İspaniya, İsveçrə və Portuqaliya.

Eyni zamanda ilk dəfə olaraq üç Asiya təmsilçisi pley-offa yüksəlib. Doğrudur, hər üçü artıq 1/8 finalda mübarizəni dayandırıb.

Qətərdə 1/4 final da çox maraqlı alınıb. Belə ki, bütün qarşılaşmalarda son dəqiqəyə qədər azarkeşləri həyəcan içində saxlayan mübarizə gedib. Niderlandla Argentina arasında keçirilən oyun əsl triller idi: 0-2 hesabı ilə məğlub olan Niderland əsas vaxtın son dəqiqələrində bərabərliyə nail ola bilib. Argentilalıların əlavə vaxtda vurduğu top dirəkdən qayıdıb. Oyun az qala hər iki komandanın oyunçuları arasında dava ilə bitəcəkdi. Lakin penaltilərdə qalib gələn argentinalılar növbəti mərhələyə yüksəlib.

 

Argentinanın yarımfinaldakı rəqibi də penaltilər seriyasından sonra müəyyənləşib. Braziliyalılar bütün oyun boyu xorvatların yaxşı  “eşelonlaşdırılmış” müdafiə xətti qarşısında zülm çəkiblər. Amma Braziliya əlavə vaxtda (105-ci dəqiqə) gözəl kombinasiya nəticəsində topu qapıdan keçirməyi bacarıq. Bundan sonra Cənubi Amerikanı təmsil edən komanda hesabı saxlamağa çalışıb. Nəticədə Braziliya xorvatların əks-hücumunun qarşısını ala bilməyib. Belə ki, 120 dəqiqə ərzində Braziliyanın qapı çərçivəsinə vurulan yeganə zərbə qolla nəticələnib. Braziliyalılar penaltilər seriyasında ağ bayraq qaldırıb. Beləliklə, əsas favorit turniri tərk etdi.

Mundialda 1/4 finalın digər oyunlarında da kifayət qədər dramatik anlar yaşanıb. Fransa İngiltərəni 2:1 hesabı ilə məğlub edib. İngilislər üçün qırılma anı yenidən penalti olub. Doğrudur, bu dəfə söhbət oyunsonrası penaltilər seriyasından deyil, matç vaxtı təyin edilən 11 metrlik cərimə zərbəsində gedir. Hesab 1:0 Fransanın xeyrinə olan zaman Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirə bilibsə, hesab 2:1 olan zaman o, penaltini qola çevirə bilməyib və İngiltərə vaxtından əvvəl evə qayıdıb.

Amma Mərakeş millisi 1/4-də Portuqaliyaya qalib gəlməklə sensasiya edib. O, dünya çempionatı tarixində yarımfinala yüksələn ilk Afrika komandası olub. Xatırladaq ki, “qara qitə”nin təmsilçiləri üç dəfə yarımfinala çıxmağa yaxın olub: 1990-cı ildə Kamerun, 2002-ci ildə Seneqal və 2006-cı ildə Qana. Amma hər dəfə Afrika komandaları yarımfinala doğru son addımı ata bilməyib. Mərakeş isə bunu bacarıb. Üstəlik, o, dünya çempionatında rekorda imza atıb. Mərakeş beş qarşılaşmada (yarımfinala qədər) cəmi bir top buraxıb, bu qolu da onlar öz qapılarından keçiriblər. Bu məqamda qeyd edək ki, Mərakəş Avropa nəhəngləri - Xorvatiya, Belçika, İspaniya və Portuqaliya ilə oynayıb.

Bu arada, Mərakeşlə matç portuqaliyalı Kriştiano Ronaldu üçün milli komandada yəqin ki, sonuncu oyun olub. Ronaldu Avropada millidə ən çox oyun keçirən (196) futbolçudur. O, millidə ən çox qola (118) imza atan oyunçu ünvanını daşıyır. Bəlkə də, KriRo (Ronaldunu belə də adlandırırlar) yığmada daha bir oyun keçirəcək. Bununla o, millinin heyətində oyunların sayına görə dünya rekordçusu olacaq. Hazırda o, bu rekordu Bader əl-Mutava (Küveyt) ilə bölüşür.

Amma yarımfinalda maraqlı heç nə baş verməyib. Argentina Xorvatiya (bu komandanın uğur limi başa çatıb) üzərində 3:0 hesabla inamlı qələbə qazanıb. Bununla Argentina 2018-ci ildə keçirilmiş dünya çempionatında qrup mərhələsində Xorvatiyaya məğlub olmasının (0:3) qısasını aldı. Fransa Mərakəşlə qarşılaşmada əziyyət çəksə də, sensasiyalara nail olan yığmaya 2:0 hesabı ilə qalib gəlib.

Üçüncü yer uğrunda qarşılaşmada isə xorvatlar mərakeşlilərə 2:1 hesabı ilə qalib gələrək yenidən fəxri kürsüdə yer tutublar. Mərakeşlilər isə medalsız qalsalar da, həm oyuna, həm də mübarizəyə görə alqışa layiq idilər (diqqətçəkən məqam odur ki, hər qələbədən sonra futbolçular sevinclərini anaları ilə bölüşürdülər).

 

Final

Argentina-Fransa: bu finalda bur sıra suallara cavab tapılmalı idi. Əsas suallardan biri bu idi: Lionel Messi həsrətində olduğu kuboku qazana biləcəkmi? Messi bu kuboka 2014-cü ildə yaxın idi. Lakin o vaxt ona almanlar mane oldular. İkinci sual – Fransa 60 ildə ilk dəfə olaraq ardıcıl iki dəfə dünya çempionu ola biləcəkmi? (sonuncu dəfə Braziliya 1958 və 1962-ci illərdə əfsanəvi Pele ilə belə dubl əldə etmişdi). Üçüncü sual – Avropa qitəsindən olan milli Asiyanı fəth edə biləcəkmi? 2002-ci ildə ilk dəfə olaraq Asiyada dünya çempionatı keçirilib və onun qalibi Braziliya olub.

Nəticədə Argetina-Fransa matçı dünya çempionatı tarixinin ən yaxşı finalı olub. Doğrudur, qarşılaşmanın 70-ci dəqiqəsinə qədər bu barədə düşünmək çox çətin idi. Argentina oyunun gedişinə nəzarət edir və 2:0 hesabı ilə qalib gəlirdi. Bu matç onun inamlı qləbəsi ilə başa çatmalı idi. Lakin gözlənilməz vəziyyət yarandı. Fransızlar heç nədən iki vəziyyət yaradaraq iki qol vurdular (onlardan biri penaltidən idi). Argentinalılar şoka düşdü və psixoloji üstünlük fransızlara keçdi. Dərhal 1986-cı ilin finalını xatırladım. O vaxt heyətində əfsanəvi Maradonanın olduğu Argentina finalda Almaniya ilə qarşılaşırdı. 1986-cı ilin final matçında da argentinalılar oyuna nəzarət edir və 2:0 hesabı ilə qalib gəlirdilər. Amma almanlar hesabı bərabərləşdirməyə nail olmuşdular. Argentina yalnız matçın sonunda qələbə qolunu vura bilmişdi.

Qətərdə argentinalılar üçüncü qolu vura bildilər (əlavə vaxtda). Bu qolun müəllifi Messi oldu. Sanki hər şey aydın idi. Amma bu, belə deyildi. Əlavə vaxtın son dəqiqələrində Argentinanın qapısına penalti təyin edildi və Mbappe onu reallaşdırdı və hesab 3:3 oldu. Lakin bu da son deyildi. Son dəqiqədə fransızlar az qala dördüncü qolu vuracaqdılar. Amma argentinalı qapıçı komandasını xilas etdi və hər şey penaltilər seriyasında həll olunmalı idi. Nəticədə Argentina inamla qələbə qazazndı və 36 ildən sonra yenidən dünya çempionu oldu.

Messi... Argentina millisinin lideri Lionel Messi uzun futbol karyerası boyu ardınca getdiyi arzusunu həyata keçirə bilib. O, “Barselona” ilə klub səviyyəsində bütün mükafatları qazanıb. Amma milli ilə bu uğurları təkrarlamaq mümkün olmurdu. 2014-cü ildə Messi dünya çempionu olmağa yaxın idi, lakin argentinalılar 1990-cı ildə olduğu kimi, o vaxt da almanlara uduzdular. Onun üçün Amerika Kubokunda finallar da istədiyi kimi alınmırdı. Amma deyəsən, son iki ildə çox şey dəyişib. Messi 2021-ci ildə Argentina milli komandası ilə Amerika Kubokunu qazandı. Bu, onun millinin heyətində ilk ciddi uğuru idi (2008-ci ildə Pekində keçirilən Olimpiadada qələbə hesaba alınmır, çünki həmin turnirdə yaş məhdudiyyəti var idi).

Qətərdə elə anlar olub ki, sanki argentinalılar və onların liderləri uğur qazana bilməyəcəklər. Hər şey ilk oyunla, yəni Səudiyyət Ərəbistana qarşı məğlubiyyətlə başlayıb (1:2). Daha sonra Meksika və Polşa ilə qarşılaşmalar var idi. Bir səhv qrupda qalmaqla nəticələnə bilərdi. Amma Argentina hər iki oyunda inamla çıxış edərək 2:0 hesabı ilə qalib gəlib. Onları 1/8-də Avstraliyanı gözləyirdi. Yenidən Argentina ikinci hissənin ortalarına qədər 2:0 hesabı ilə öndə olub. Daha sonra bir top buraxıb, lakin bir çox epizodlardan faydalana bilməyib. Əlbəttə ki, qarşılaşmanın son dəqiqələrində gərgin anlar yaşayıb. Belə ki, avstraliyalılar hesabı bərabərləşdirə bilərdilər. Amma Argentina təzyiqə tab gətirə bilərək növbəti mərhələyə vəsiqə qazandı. Lakin növbəti mərhələdə daha çox gərgin anlar yaşanıb. Argentina Niderland ilə 1/4 finalda ciddi üstünlüyə malik idi. Qarşılaşmanın 83-cü dəqiqəsinə qədər hesab Argentina xeyrinə idi (2:0). Amma bundan sonra argentinalılar yenidən iflasa uğradı və hesab artıq 2:2 idi. Əvvəlki illərdə belə bir vəziyyətdə argentinalılar 10-dan 9-da “sınardı”lar. Amma Qətər üçün komanda, xüsusən də Messi təkcə fiziki deyil, həm də psixoloji baxımdan mükəmməl hazırlaşmışdı. Nəticədə penaltilər seriyasında qələbə qazanıldı. Final barədə isə xeyli bəhs etdik...

Dünya çempionluğunu qazanmaqla Messi böyük futbolçular sırasına daxil oldu. İndi o, dövrümüzün bütün əsas kubokuna sahibdir.

Eyni zamanda Messi Qətərdə bir sıra rekordlara imza atıb...

 

Rekordlar və statistika

Dünya çempionatının maraqlı statistikasını təqdim edirik:

- 172 qol vurulub. 32 komandanın yarışdığı 1998 və 2014-cü illərlə müqayisədə bir top çox;

- Messi dünya çempionatlarında ən çox oyun keçirən futbolçu rekorduna sahib çıxıb (26). O, bu göstəricidə alman Lotar Matteusu (25) keçib;

- Ronaldu və Messi dünya çempionatında iştirak sayına görə Matteusa çatıblar - hər biri 5. Üstəlik, Ronaldu beş dünya çempionatında qol vuran ilk oyunçu olub;

- Messi Qətərdə 1000-ci rəsmi oyununu keçirib;

- Messi bütün pley-off oyunlarında qol vuran ilk futbolçu olub. Qətərdə argentinalı 4-ü penaltidən olmaqla 7 qol vurub. Ən maraqlısı odur ki, o, daha əvvəl dünya çempionatlarının pley-off mərhələsində heç vaxt qol vurmamışdı;

- Messi bir mundialda vurulan penaltilərin sayına görə portuqaliyalı Eysebio (1966) və niderlandlı Rensenbrinkin (1978) rekordunu təkrarlayıb (hər biri 4). Nəzəri olaraq, argentinalı onlardan daha çox qol vura bilərdi, lakin o, Polşa ilə matçda penaltini qaçırıb;

- Messi dünya çempionatında vurduğu qolların sayına görə Batistutanı ötüb. İndi onun qolların sayı 13-ə çatıb;

- Braziliyalı Neymar millinin heyətində vurduğu qolların sayına görə Peleyə çatıb (hər biri 77);

- ilk dəfə Afrika (Mərakeş) komandası dünya çempionatının yarımfinalına yüksəlib;

- Mbappe 32 komandanın iştirakı ilə dünya çempionatı keçirilməyə başladıqdan sonra bir turnirdə (hər birində 8) qol sayına görə braziliyalı Ronaldonun rekordunu (2002) təkrarlayıb;

- Fransa Braziliyanın yolunu təkrarlayıb (1994, 1998). Belə ki, o, dünya çempionatında qalib gəldikdən sonra növbəti mundialda ikinci yeri tutub;

- Qətər komandası açılış matçında məğlub olan ilk ev sahibi ölkə kimi tarixə düşüb;

- Son dünya çempionatında 42 penalti təyin olunub, bunun 25-i qol olub;

- Turnirdə 221 sarı və 5 qırmızı vərəqə göstərilib;

- Stefani Frappar dünya çempionatlarında baş hakim olan ilk qadın kimi tarixə düşüb. O, Almaniyanın Kosta Rikanı 4-2 hesabı ilə məğlub etdiyi matçın hakimi olub;

- Dünya çempionatının 1/4 final oyununu - Argentina-Niderland matçını idarə edən ispaniyalı referi Antonio Laos bir oyunda rekord sayda sarı vərəqə göstərib - 18.

 

Sözardı

Qətərdə keçirilən dünya çempionatı 32 komandanın iştirak etdiyi sonuncu mundial olub. 32 komandanın iştirak etdiyi ilk dünya çempionatı 1998-ci ildə Fransada keçirilib. Bu format ən çox Fransa üçün uğurlu olub. Belə ki, bu formatda keçirilən 7 dünya çempionatında Fransa 4 dəfə finala çıxıb (1998 və 2014-cü illərdə qalib gəlib, 2006 və 2022-ci illərdə məğlub olub). Braziliya və Argentina iki dəfə finala çıxıb və 1 dəfə qalib gəlib. İtaliya, Almaniya və İspaniya 1 dəfə dünya çempionu olub.

2026-cı ildə keçiriləcək dünya çempionatı ilk dəfə eyni anda üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək. Bu mundialda 48 komanda iştirak edəcək. Lakin bu, tamamilə fərqli hekayə olacaq...



MƏSLƏHƏT GÖR:

80