30 Aprel 2024

Çərşənbə axşamı, 13:34

QAZ EHTİRASLARI: ARDI VAR

Bu il “mavi yanacaq” bazarını Azərbaycanın əsas rol oynayacağı böyük dəyişikliklər gözləyir

Müəllif:

15.01.2023

2023-cü il qlobal təbii qaz bazarında, xüsusilə ötən ilin sonunda qəbul edilmiş qərarlar fonunda bir çox vacib hadisələr gözləyir. İlk növbədə, söhbət Avropa İttifaqı (Aİ) ölkələrinin təbii qaza qiymət həddi tətbiq etməsindən gedir. Moskva isə Türkiyə ərazisində Rusiya-Türkiyə təbii qaz qovşağının yaradılması ideyasını fəal şəkildə təşviq edir.

Bu il Azərbaycan təbii qazının ixrac coğrafiyasının da genişləndirilməsi gözlənilir. Məsələn, 2023-cü il yanvarın 1-dən Azərbaycanın “mavi yanacağı” Rumıniyaya nəql edilməyə başlanılıb. İndi növbə Serbiya daxil olmaqla, Balkan regionunun digər ölkələrindədir.

Bundan başqa, “mavi yanacaq” istehsalçılarının da sayının artacağı gözlənilir. Məsələn, qardaş Türkiyə bu istiqamətdə yeni rolla çıxış etməyi planlaşdırır.

 

Təbii qaza qiymət həddi

Milad bayramı ərəfəsində uzun aylar davam edən müzakirələrdən sonra Rusiya neftinin 1 bareli üçün 60 dollar yuxarı qiymət həddinin tətbiqindən (2 dekabr qərarı) ruhlanan Aİ ölkələri təbii qazla bağlı da oxşar mexanizm tətbiq etməyə razılaşıb. Bununla bağlı, qərar Aİ Enerji Şurasının ötən il dekabrın 19-da keçirilən beşinci fövqəladə iclasında verilib. İclas iştirakçıları, xüsusən də Avropa qovşaqlarında təbii qaza 1 meqavat/saat üçün 180 avro (1000 kubmetr üçün təxminən, 2000 ABŞ dolları) qiymət həddinin tətbiqi barədə razılığa gəliblər.

“Biz Aİ nazirlərinin təbii qaza hər meqavat/saat üçün 180 avro qiymət həddinin tətbiqi ilə razılaşma əldə etməsini alqışlayırıq. Bu razılaşma ilə bütün Avropa qovşaqlarında qiymət həddinin tətbiqi nəzərdə tutulur”, - Polşa daimi nümayəndəliyinin bəyanatında bildirilib.

Bu arada, qiymət həddinin Avropa “mavi yanacaq” bazarının korreksiyası mexanizmi çərçivəsində işləməsi güman edilir. Qiymət həddi dedikdə, bu mexanizmlə nəzərdə tutulan qiymət nəzərdə tutulur. Yəni TTF fyuçersləri üç gün ərzində bu həddi keçərsə, məhdudiyyətlər tətbiq olunacaq.

Xatırladaq ki, qiymət həddinin tətbiqi 2023-cü il fevralın 15-dən etibarən başlayacaq. Bu, ilkin olaraq birjadankənar əməliyyatlara şamil edilməyəcək. Aİ-nin Enerji Sahəsində Tənzimləyici Orqanlarının Əməkdaşlıq Agentliyi (ACER) bazarlardakı vəziyyəti daim izləməyi öhdəsinə götürüb. Bu qurum korreksiya mexanizminin tətbiq edildiyini aşkar edərsə, ACER-in rəsmi saytında bazar korreksiyası ilə bağlı məlumat verəcək. Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsi (ESMA) ACER ilə birlikdə bu il yanvarın 23-dək onun icrası ilə bağlı ilkin hesabatı dərc edəcək.

Beləliklə, avropalı rəsmilərin fikrincə, təsdiq edilmiş mexanizm vətəndaşları və iqtisadiyyatı həddindən artıq yüksək qiymətlərdən qorumaq üçün nəzərdə tutulub. Bununla, Aİ-də dünya bazarındakı qiymətləri əks etdirməyən şişirdilmiş təbii qaz qiymətlərinin cilovlanacağı, həmçinin enerji təchizatının təhlükəsizliyinin və maliyyə bazarlarının sabitliyinin təmin ediləcəyi gözlənilir. Avropa Komissiyasında isə əmindirlər ki, yeni mexanizmlə üzv ölkələr gələn qışa və yeraltı anbarların doldurulmasının yeni mərhələsinə daha yaxşı hazır olacaq. Amma onlar hesab edirlər ki, bu il yeraltı qaz anbarlarının doldurulması ötən illə müqayisədə daha çətin olacaq.

Görünür, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu məsələ ilə bağlı həmkarlarının sevincini bölüşmür. Belə ki, o, qiymət həddinin tətbiqinin mənasız və zərərli olduğunu düşünür, çünki istilik mövsümü artıq başlayıb və bu mexanizm geriyə tətbiq olunub.  

Bundan başqa, P.Siyarto əlavə edib ki, Macarıstan hər zaman belə məhdudiyyətlərin əleyhinə olub, çünki bu, Avropanın enerji təchizatına təhdid yarada bilər. Nazir ehtiyat edir ki, bu qərar Budapeştin “Qazprom”la 2021-ci ilin sentyabrında imzaladığı 15 il müddətinə illik 4,5 milyard kubmetr təbii qazın tədarükü üzrə uzunmüddətli müqaviləyə təsir edə bilər.

Bu arada, bir sıra ekspertlərin fikrincə, təbii qazla bağlı qiymət həddi əsasən “Qazprom”a qarşı yönəlib, çünki onun müqavilələri əsasən önümüzdəki və ondan sonrakı aylar üçün forvard qiymətlər ilə bağlıdır (qiymət məhdudiyyəti məhz buna təsir göstərir).

Eyni zamanda belə bir fikir var ki, Aİ-nin müəyyən etdiyi qiymət həddinin Rusiyaya təsirini başa düşmək üçün “Qazprom”un ölkələrlə hansı müqavilələr bağladığını dəqiq bilmək lazımdır. Lakin bu, ictimaiyyətə məlum deyil. Bu müqavilələrdə göstərilən qiymət dünya neft qiymətləri ilə bağlı ola bilər. Bu o deməkdir ki, o, TTF spot bazarında Aİ-nin tətbiq etdiyi məhdud qiymətindən asılı deyil.

Yeri gəlmişkən, eyni məntiq Azərbaycan qazına da aiddir. Spot tədarüklərin qismən həyata keçirilməsinə baxmayaraq, Azərbaycan “mavi yanacağı” əsasən uzunmüddətli müqavilələr əsasında Avropaya nəql olunur.

Hər halda, Moskvanın Aİ-nin yeni qərarına reaksiyası gözlənildiyi kimi mənfi olub. Kremlin rəsmi mövqeyini səsləndirən Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, ölkəsi heç vaxt bazarda qiymətin formalaşmasına dair prosesin təhrif və məhv edilməsi ilə razılaşmayacaq: “Onların kifayət qədər yüksək qiymət müəyyən etməsinə baxmayaraq ki, bu, prinsipial məsələdir. Bu, bazarda qiymətlərin formalaşması proseslərinə müdaxilədir. İndi biz belə bir səxavətli qiymət həddinə razılaşarıqsa, sabah maraqlarımıza zidd olan qiymət həddi ilə razılaşmalı olacağıq. Ona görə də bundan söhbət belə gedə bilməz. Biz heç vaxt bazarda qiymətin formalaşmasına dair prosesin təhrif və məhv edilməsi ilə razılaşmayacağıq”.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə qeyd edib ki, bu qərar populist xarakter daşıyır, avropalı tərəfdaşlar bu mexanizmin necə işləyəcəyini tam başa düşmürlər.

O əlavə edib ki, Avropa bazarında qiymət həddinin tətbiqi təbii qaz tədarükçülərinin belə məhdudiyyətlərin olmadığı başqa platformalara keçməsinə səbəb ola bilər: “Avropalılar bu addımı sanki Rusiyaya və ya qiymət artımına qarşı atır və qiymət artımında Rusiyanı günahlandırırlar. Əslində, bu, ilk növbədə, Avropa istehlakçılarına və təchizatçılarına təsir edəcək. Çünki bu gün Avropanın əsas tədarükçüləri Norveç, Əlcəzair, ABŞ-ın mayeləşdirilmiş təbii qazıdır (LNG). Söhbət ondan gedir ki, əgər bu məhdudiyyətlər müəyyən mənada bu tədarükçülərə aid olacaqsa, ilk növbədə, onlar zərər çəkəcək”.

Ümumiyyətlə, yeni mexanizmin effektivliyini və bazarlara təsirini qiymətləndirmək hələ ki, mümkün deyil, çünki Avropada təbii qazın qiyməti kritik həddə yaxınlaşmayıb. Xatırladaq ki, Aİ-də 2022-ci il avqustun sonunda təbii qazın qiyməti 1 meqavat/saat üçün 275 avrodan yuxarı idi (indiki məzənnə ilə 1000 kubmetr üçün 3,025 dollar). O vaxt operatorlar yeraltı qaz anbarlarının doluluq səviyyəsini 80%-ə çatdırmağa tələsirdi. Ötən ilin sentyabrında isə bu enerji resursunun qiyməti 1 meqavat/saat üçün 180 avrodan yuxarı idi (1000 kubmetr üçün 1980 dollar). Hazırda Avropa bazarında təbii qazın qiyməti 1000 kubmetr üçün təxminən 800 dollardır. Lakin Milad və Yeni il bayramlarından sonra hava şəraitinin pisləşməsi, sənaye fəaliyyətinin bərpası ilə “mavi yanacağın” daha da yüksələcəyi istisna edilmir.

 

Yeni tədarüklər

Qiymətləri saxlamaq üçün nəzərdə tutulmuş təbii qaz bazarının korreksiyası mexanizminin tətbiqi ilə yanaşı, Aİ tədarük mənbələrinin şaxələndirilməsi üzrə tədbirləri unutmur: LNG və boru kəməri qazının alınması üçün yeni müqavilələr imzalanıb.

Nəticədə, ötən il Aİ Çin, Yaponiya və Cənubi Koreyanı geridə qoyaraq dünyanın ən böyük LNG alıcısına çevrilib. Beləliklə, dünya LNG idxalında Avropa İttifaqının payı 24%, Yaponiya - 17%, Çin - 15%, Cənubi Koreya - 11% təşkil edib. Bundan başqa, 2021-ci illə müqayisədə ötən il Avropa idxal həcmini 58% - 101 milyon tona qədər artırıb. Bu da 137 milyard kubmetr təbii qaza bərabərdir. Bu həcmlər 2021-ci ildə Rusiyadan Avropaya tədarük olunan həcmə yaxındır (təxminən 140 milyard kubmetr).

Kəmər vasitəsilə təbii qaz tədarükünə gəlincə, bu il Rumıniya Rusiyadan başqa ölkədən “mavi yanacaq” alan ilk ölkə olub. SOCAR-la “Romqaz” arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən bu ölkəyə 2023-cü il yanvarın 1-dən Azərbaycan təbii qazının nəqlinə başlanılıb. Bu müqavilə ilə 2023-cü ilin birinci rübü ərzində 300 milyon kubmetr Azərbaycan qazının tədarükü nəzərdə tutulur.

Bu arada, 2022-ci il dekabrın 31-də Azərbaycan və Cənub Qaz Dəhlizi layihəsindəki tərəfdaşlar Avropaya kommersiya qazının tədarükünün başlanılmasının ikinci ildönümünü qeyd edib. Bu münasibətlə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində bildirib ki, iki il ərzində İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 19,4 milyard kubmetrdən çox Azərbaycan qazı əldə ediblər.

Bu məqamda qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində avropalı alıcıların Azərbaycanın “mavi yanacağına” marağı xeyli artıb.

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik”, - Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir”, - dövlət başçısı əlavə edib.

Hazırda ixracın artırılması hökumətin əsas prioritetlərindən biridir. Bu məqsədlə Azərbaycan yaxın 5-6 ildə əlavə olaraq azı 10 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırır. Belə ki, həm “Şahdəniz”dən, həm də bir sıra digər yataqlardan əlavə hasilat gözlənilir.

“Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” hasilatına başlamağı planlaşdırırıq”, - İ.Əliyev qeyd edib.

Prezident Azərbaycanın cari il üçün təbii qaz ixracı ilə bağlı planlarından da danışıb. Onun ümumi həcmi təqribən 24 milyard kubmetr təşkil edəcək ki, bunun da təxminən 12 milyard kubmetri Avropaya göndəriləcək.

Dövlət başçısı xatırladıb ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) açıldıqdan sonra Azərbaycan təbii qazı Bolqarıstan bazarına, bu ildən isə Rumıniyaya tədarük edilməyə başlanılıb.

“Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək... Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Bu halda Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik”, - Azərbaycan Prezidenti vurğulayıb.

Bu arada, bu ilin fevralında Bakı yenidən Azərbaycanın Avropanın təbii qaz təchizatına verdiyi töhfəsinin və Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinin vacibliyinin müzakirə edilməsi üçün platformaya çevriləcək.

Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç artıq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək niyyətini təsdiqləyib. Bundan başqa, Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi layihəsinin iştirakçı ölkələrin energetika nazirlərinin görüşü zamanı Avropaya Azərbaycandan əlavə təbii qaz tədarükü layihəsi təqdim ediləcək.

“Bu layihə Azərbaycandan əlavə təbii qaz həcmini Avropaya minimum vəsait və dərhal nəql etməyə imkan yaradacaq. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşulub”, - Bolqarıstan dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin yazında Rusiya təbii qazından imtina edən Bolqarıstan da “mavi yanacağın” tədarük mənbələrini şaxələndirib. Belə ki, Azərbaycan təbii qazını tam həcmdə (ildə 1 milyard kubmetr) almağa imkan verəcək IGB kəmərinin istismara verilməsi ilə yanaşı, Bolqarıstan yeni ilin ilk günlərində Türkiyədəki terminallar vasitəsilə LNG idxalına dair 13 illik müqavilə imzalamağa nail olub. Söhbət bu ölkəyə ildə təxminən 1,5 milyard kubmetr təbii qazın tədarükündən gedir. Bu təbii qaz “Türk axını”nın işə salınmasından qabaq Rusiya qazının nəqli üçün istifadə edilmiş Trans-Balkan kəməri vasitəsilə nəql olunacaq. 

 

Təbii qaz qovşağı yaranacaq?

Türkiyənin inkişaf etmiş LNG idxal sistemi var. Bu ölkədə 4 qəbuledici terminal fəaliyyət göstərir. Ankara qeyd edilən sazişi imzalamaqla Bolqarıstanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artacağına ümid bəsləyir. Bundan başqa, o, Rusiya-Türkiyə qaz qovşağının yaradılması kontekstində bu sənədə böyük əhəmiyyət verir.

Eyni zamanda Türkiyədə Avropa və Asiyanın kəsişməsində onun strateji enerji mərkəzinə çevrilməsi istiqamətində işlər səngimək bilmir. 2022-ci ilin iyulunda Türkiyənin cənubunda Çukurova neft yatağı kəşf edilib. Üstəlik, ötən ilin dekabrın ortalarında 12 milyard dollar dəyərində 150 ​​milyon barel neftin olduğu yatağın aşkarlanması barədə məlumat yayılmışdı. Ötən ilin dekabrın sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 58 milyard kubmetrlik yeni qaz yatağının kəşf edildiyini açıqlamışdı. Onun sözlərinə görə, nəticədə, Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kubmetrə çatıb. Buradakı təbii qaz ehtiyatlarının dəyəri 1 trilyon dollar qiymətləndirilir. İndi ölkə dörd il ərzində Qara dənizdə qaz hasilatının maksimum səviyyəsinə çatacağını gözləyir. Bu da Türkiyəyə “mavi yanacağın” idxalının 30% azalmasına səbəb olacaq.

“Biz Türkiyəni Xəzərin, Aralıq dənizinin və Yaxın Şərqin enerji mərkəzinə çevirmək əzmindəyik. Bizim son məqsədimiz xarici neft və təbii qazdan tamamilə imtina edərək Türkiyənin enerji müstəqilliyini elan etməkdir. Biz Şərqlə Qərbi təkcə İstanbul və Çanaqqaladakı körpülərimizlə deyil, həm də enerji körpüləri ilə birləşdirəcəyik”, - Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

Buna görə də Ankara Rusiyanın birgə Rusiya-Türkiyə qaz qovşağı yaratmaq təşəbbüsünə böyük maraqla yanaşıb. Enerji və təbii sərvətlər naziri Fatih Dönməzin çıxışından məlum olub ki, Türkiyə artıq bu layihənin həyata keçirilməsi üçün işə başlayıb. Türkiyə hakimiyyəti hesab edir ki, zaman keçdikcə Avropa ölkələrinin bu layihəyə marağı arta bilər: “Düşünürük ki, bu platformada Avropadan çoxlu müştəri olacaq”.

O əlavə edib ki, platformada təbii qazın satışı üzrə bazar mexanizmləri fəaliyyət göstərəcək və Türkiyə İstanbulda yaradılan qaz qovşağına hər hansı məhdudiyyət qoymaq niyyətində deyil. Nazirin sözlərinə görə, təkcə Rusiya təbii qazının deyil, həm də digər ölkələrdən Türkiyəyə tədarük edilən enerji resurslarının nəqli planlaşdırılır.

Bu ölkə hazırda 12 ölkədən, o cümlədən Azərbaycandan “mavi yanacaq” alır. Doğrudur, rusiyalı və türkiyəli rəsmilər bu layihənin perspektivli olduğunu söyləyirlər. Amma reallıqda hər şey göründüyü qədər aydın deyil. Qovşağın yaradılması prosesi bir ildən çox vaxt aparacaq və xeyli sərmayə tələb edəcək. Üstəlik, hazırda onun iştirakçısı/investoru olmaq arzusunu açıq şəkildə bildirmiş heç bir ölkə və ya şirkət yoxdur. Türkiyənin tranzit baxımından mövqelərini gücləndirmək üçün belə bir qovşağın yaradılmasında maraqlı olması tamamilə başa düşüləndir. Eyni zamanda Ankaranın Rusiyadan idxal olunan təbii qazla bağlı ciddi (25%-dən çox) güzəşt edilməsinə və ödənişlərin təxirə salınmasına dair Moskva ilə danışıqlar apardığı dövrdə, qovşağın yaradılması ilə bağlı ideyanın irəli sürülməsini təsadüf saymaq olmaz.

Türkiyə fevralda İstanbulda Avropaya təbii qaz tədarükçüləri və istehlakçılarının iştirakı ilə beynəlxalq konfrans keçirməyə təşəbbüs göstərir və bu konfrans çərçivəsində mərkəzin yaradılması məsələsini müzakirə etməyi planlaşdırır. Ola bilsin ki, adıçəkilən tədbir nəticəsində bu layihənin gələcəyinə müəyyən aydınlıq gətiriləcək. Lakin indiki geosiyasi vəziyyəti nəzərə alan bir çox ekspertlər, üçüncü şəxslər tərəfindən bu layihəyə ciddi marağın yaranacağına böyük şübhə ilə yanaşırlar.



MƏSLƏHƏT GÖR:

69