19 May 2024

Bazar, 19:12

DƏYİŞİKLİKLƏR KOALİSİYASI

Binyamin Netanyahunun yeni hökuməti xarici siyasi dəyişikliklər kursu götürür

Müəllif:

15.01.2023

Ötən ilin son günlərindən – dekabrın 29-da Qüdsdə İsrailin yeni hökumətinin andiçmə mərasimi keçirilib. Bu, İsrail tarixinin ən sağçı hökumətidir. Binyamin Netanyahunun hakimiyyətə qayıdışını da məhz o, şərtləndirib. «Bibi» kimi də tanınan baş nazir ötən ilin noyabrında keçirilmiş seçkidə qələbə qazanıb. O, İsrail hökumətinə altıncı dəfə başçılıq edəcək və bununla da, yəhudi dövlətinin ən «uzunömürlü» baş naziri statusunu bir qədər də möhkəmləndirəcək.

 

Qəribə koalisiya?

Amma Binyamin Netanyahu artıq bir qədər dəyişmiş dövlətin başına keçir. Onun Olimpdə olmadığı müddətdə istər regionda, istərsə də dünyada çox ciddi dəyişikliklər baş verib və indi hökumətə başçılıq etmək daha çətin olacaq. Netanyahunun ölkə prezidenti İshaq Hersoqun qoyduğu vaxtın bitiminə cəmi bir neçə dəqiqə qalmış təsdiqlədiyi koalisiyanın tərkibinin son dərəcə qarışıq olması isə vəziyyəti bir qədər də çətinləşdirir.

Koalisiyaya qatı sağçı partiyalar, o cümlədən vaxtilə ərəblərə qarşı irqçilikdə mühakimə olunmuş lider belə, daxildir. Fələstinlilər yeni hökumətin İordan çayının qərb sahilində İsrailin mövqelərini gücləndirəcəyindən ehtiyatlanırlar. Məsələ ondadır ki, B.Netanyahunun koalisiyadakı tərəfdaşları Fələstin-İsrail münaqişəsinin iki dövlətin yaradılması yolu ilə həlli ideyasını rədd edirlər. Halbuki bu sülh formulu dünya ictimaiyyəti tərəfindən də dəstəklənir. Bu ideyaya görə, İordan çayının qərb sahilində İsraillə yanaşı Fələstin dövlətinin yaradılmasını, Qüdsün onların ümumi paytaxtı olmasını nəzərdə tutur.

İki qatı sağçı partiya ilə birlikdə Knessetdə üçüncü olmuş «Dini sionizm» partiyasının lideri istəyir ki, İsrail İordan çayının qərb sahilinə mütləq nəzarəti ələ alsın, bu regionla bağlı inzibati səlahiyyətlərinin artmasına nail olsun. İsrailli müxalifətçilər, o cümlədən ölkənin baş prokuroru isə yeni hökumətin planlaşdırdığı islahatların (buraya deputatlara Ali Məhkəmənin qərarlarını ləğv etmək səlahiyyətinin verilməsi də daxildir) ölkədə demokratiyaya zərbə vuracağını bildirir.

Bundan başqa, koalisiyadakı tərəfdaşların təklif etdiyi məhkəmə islahatları rüşvətxorluqda, dələduzluqda və etibardan sui-istifadədə ittiham olunan Netanyahu üzərində davam edən məhkəmə prosesinə son qoya bilər. Baş nazir özü ittihamların heç birini qəbul etmir.

İsrail müxalifətini ən çox narahat edən məsələlərdən biri isə yeni hökumətdə qatı sağçıların da təmsil olunmasıdır.

«Otsma Yexudit» («Yəhudi gücü») partiyasının lideri İtamar Ben-Qvir təhlükəsizlik qüvvələrinə ilk təhlükə anında atəş açmaq icazəsi verən qaydanın liberallaşdırılması tərəfdarı kimi tanınır. Bir vaxtlar irqçiliyi qızışdırmaqda və terrorçu təşkilatları dəstəkləməkdə təqsirləndirilmiş Ben-Qvir milli təhlükəsizlik naziri postunu tutub.

Hökumətdəki digər ultrasağçı şəxs – «Noam» partiyasından olan Avi Maoz Qüdsdə gey-paradların qadağan olunmasını istəyir. O, orduda qadınlara bərabər imkanların yaradılmasınının da əleyhinədir, həmçinin seksual azlıqların İsrailə immiqrasiyasının məhdudlaşdırılmasını vacib sayır.

 

Narahatlığa əsas yoxdur

Binyamin Netanyahu özü isə hökumətin tənqidçilərini boş qorxu yaratmaqda ittiham edərək, lazımi balansın qorunub saxlanacağını deyir. «Mən sükandan hər iki əlimlə möhkəm yapışacağam», - deyə o, Amerikanın «NPR» müsahibəsində bildirib: «Kiminsə LGBT-yə nəsə etməsinə, yaxud ərəb vətəndaşlarımızın hüquqlarını məhdudlaşdırmasına və digər bənzər hallara imkan verməyəcəyəm. Bu, sadəcə baş verməyəcək. Zaman bunu sübut edəcək».

Lakin son seçkidə iki ultrasağçı dini partiyanın uğur qazanmasını və qeyd olunan koalisiyanın yaradılmasını ümumilikdə ərəb dünyası ilə barışmağa çalışan dayanıqlı sağçı mərkəzin yaranması kimi qiymətləndirənlər də var. Onlar hesab edirlər ki, Netanyahunun keçmiş hökumətləri dünyəvi sağçılarla («Likud») dini partiyaların (ultraortodoksallar) «laxlayan» ittifaqdan asılı olub. Bu konstruksiya, həqiqətən, qeyri-sabit olub. Çünki harediləri milli siyasi qüvvələrin güclənməsi o qədər də maraqlandırmır və onlar bütün güclərini öz icmaları üçün subsidiyaların ayrılmasına nail olmağa yönəldirlər.

Əksər analitiklərin fikrincə, bu dəfə ultraortodoksların, xüsusilə gənc haredilərin səsinin bir hissəsi millətçi dini partiyalara keçib. Bu və Netanyahunun tərəfinə keçmiş əlavə seçicilərin sayı ona ciddi və bəlkə də sabit çoxluq qazandırıb. Son zamanlar HƏMAS və «İslam cihadı» qruplaşmalarının timsalında terrorçuların fəallığının artması radikal sağçı partiyaların elektoral bazasını gücləndirib.

İsrailin yeni hökuməti üçün kifayət qədər xoşagəlməz sürpriz isə Fələstinin təşəbbüsü ilə BMT-də Beynəlxalq Məhkəməyə müraciətlə bağlı keçirilmiş səsvermə olub. Söhbət İordan çayının qərb sahilinin işğalı məsələsinin hüquqi əsasının yaradılması cəhdindən gedir. Səs verənlərin əksəriyyəti müraciəti dəstəkləsə də, baş nazir Binyamin Netanyahu ölkəsinin bu qərara qarşı olduğunu açıq ifadə edib.

«Nifrət ifadə edən qərar İsrail hökumətinin üzərinə heç bir öhdəlik qoymayacaq. Yəhudi xalqı öz torpağında və əbədi paytaxtımız olan Yerusalemdə işğalçı deyil», - deyə o, bildirib.

Məlum olduğu kimi, BMT-nin Xüsusi siyasi məsələlər və dekolonizasiya məsələləri üzrə Komitəsi noyabrın 11-də Fələstin tərəfinin Haaqa Beynəlxalq Məhkəməsinə müraciət təşəbbüsünü təsdiqləyib. Təşəbbüs 98 dövlət tərəfindən dəstəklənib, 17 ölkə onun əleyhinə çıxıb, 52 dövlət isə bitərəf qalıb. Lakin BMT Baş Assambleyasındakı səsvermədən də vacib olanı son illər yaranmış və daha çox İsrailin xeyrinə işləyən yeni ittifaqların təsiri ilə regional vəziyyətin dəyişməsidir. Bir sıra ərəb dövlətləri ilə diplomatik münasibətlərin qurulması, fəal danışıqların aparılması, Türkiyə ilə münasibətlərin bərpası, İsrail-ABŞ-BƏƏ-Hindistan formatının ortaya çıxması Təl-Əvivə öz regionunda siyasi blokadadan çıxmaq imkanı yaradıb. İsrailin bütün əsas partiyaları, xüsusilə millətçi dini partiyalar bu üzdən hesab edirlər ki, ölkənin ən vacib diplomatik hədəfi islam dininin müqəddəslərinin vətəni olan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulmasıdır. Netanyahu özü iddia edir ki, Səudiyyə krallığı ilə normal münasibətlər İsraillə ərəb dünyası arasında sülhü təmin edərdi.

Ümumilikdə, baş nazir İsrailin yeni hökumətinin xarici siyasi kursundan danışarkən bildirib ki, Təl-Əviv xarici siyasətini milli prioritetlərə uyğunlaşdırmaq üçün ona yenidən baxacaq. Netanyahu «Beytar-sionist» hərəkatının Qüdsdə təşkil etdiyi konfransda bildirib ki, İsrail daha dünyanın tələbləri qarşısında baş əyməyəcək. «Dünya bizim səsimizi eşidəcək», - deyə o, qeyd edib. Baş nazir yeni hökumətin həyata keçirməyi düşündüyü siyasi dəyişikliklər arasında «beynəlxalq münasibətlərə yenidən baxılması»nın da olduğunu vurğulayıb: «Beynəlxalq ictimaiyyətin əmrinə əməl etmədənsə… İsrail Dövlətində və İsrail torpağında öz maraqlarımızı qürurla müdafiə edəcəyik».

Baş nazir bu yeni siyasətin yönələcəyi hər hansı konkret dövlətin və ya beynəlxalq təşkilatın adını çəkməyib. O, Moskva ilə Kiyev arasında davam edən münaqişədən də danışmayıb. Lakin İsrailin yeni xarici işlər naziri Eli Koen ölkəsinin Ukrayna ilə bağlı siyasətinin dəyişdiyini bəyan edib. Nazirin sözlərinə görə, İsrail bu məsələ ilə bağlı daha az bəyanat səsləndirəcək və Kiyevə «əhəmiyyətli» humanitar yardım göstərəcək. Koen deyib ki, İsrail-Amerika münasibətlərində heç bir dəyişiklik olmayacaq. XİN başçısı bu münasibətləri ölkəsi üçün prioritetlərdən biri adlandırıb.

 

Azərbaycana baxış

İsrailin xarici siyasi prioritetləri sırasında Azərbaycan da yer alır. Ölkənin Knessetin deputatı olan aparıcı siyasətçilərindən ibarət qrupun Azərbaycan parlamentindəki həmkarlarına kollektiv məktub ünvanlaması bunu təsdiqləyir.

«Bu gün Azərbaycan təhlükəsizlik və iqtisadi məsələlərdə etibarlı tərəfdaş kimi, İsraillə çiyin-çiyinə dayanır. Bu tərəfdaşlıq İsrailin regional təhlükəsizlik sisteminin təməlini təşkil edir», - deyə rəsmi müraciətdə bildirilir. Sənədi 9 nazir, o cümlədən yeni hökumətin 2 nazir müavini də imzalayıb. Onların arasında milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, dini məsələlər üzrə nazir Mixael Malkieli və təhsil naziri Yoav Kiş kimi xüsusi seçilən yüksək ranqlı şəxslər də var.

Azərbaycan parlamentinə bu müraciət Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına reaksiyadır. Sənədi Knessetdə yer alan 8 partiyadan olan deputatlar imzalayıb. Bu, İsraildə hakim koalisiyada olan partiyalarla müxalifət qüvvələrinin birləşdiyi görünməmiş haldır və onları Azərbaycana münasibətdə həmrəylik birləşdirib.

«Bizim ümumi təhlükəli düşmənimiz var – İran tiraniyası. O, hər iki xalqı məhv etməklə hədələyir», - deyə israilli nazirlər və parlamentarilər bildirir: «Öz vətəndaşlarını qəddarlıqla öldürən, dünyada terrorçuluğu təşviq edən ayətolla rejimi Azərbaycan xalqını beynəlxalq arenada hörmətə malik dünyəvi hakimiyyətə qarşı qaldırmaq üçün antisemit təbliğatı aparır».

Sənəddə Fransa Senatının noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqinə, Avropa İttifaqını ondan neft və qaz almaqdan imtinaya çağıran qətnamə qəbul etməsindən təəssüf də ifadə edilir. «Bu qərar Azərbaycanın zəifləməsində maraqlı olan İranın xeyrinə işləyir. Halbuki, bu gün Azərbaycan mütərəqqi şiə müsəlmanı olan əhaliyə malik, İsrail və Qərb dünyası ilə sıx əlaqələr qurmuş ölkə nümunəsidir. Ümid edirik ki, Senat qərarına yenidən baxacaq», - deyə məktubda bildirilir.

İsrailin xarici siyasətində Azərbaycanın əhəmiyyətinin artdığını göstərən digər məqam İsrailin Avrasiya ölkələrindəki səfirlərinin xarici siyasət idarəsi mərkəzi aparatının yüksək rütbəli məmurları ilə birlikdə Bakıda xidməti müşavirə keçirməsidir. Müzakirələrin yanvarın 16-18-də aparılması nəzərdə tutulub. Keçmişdə bənzər toplantı Moskvada keçirilmişdi. İndi isə Rusiya-Ukrayna müharibəsi fonunda alternativ görüş yeri kimi ilk dəfə Bakı seçilib. KİV xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu regiondakı qarışıq vəziyyət fonunda 2023-cü ilə dair planlardır. Qarışıq vəziyyət dedikdə həm Ukrayna müharibəsi, həm də İran-İsrail qarşıdurması nəzərdə tutulur. Bununla yanaşı, İsrailin müsəlman dünyası ilə münasibətlərini möhkəmləndirməsi məsələsi də xüsusi diqqət mərkəzindədir.

Toplantı İsrailə yeni xarici işlər nazirinin təyinatından (2 yanvar) dərhal sonraya təsadüf edir. «2023-cü il imkanlar və çağırışlar ilidir. Bizim dövlətimiz ona təhlükəsizlik, kəşfiyyat və texnologiya imkanları, enerji müstəqilliyi və enerji resursları ehtiyatları, həmçinin iştirakçı dövlətlərə faydası sübuta yetirilmiş «İbrahim razılaşması» ilə qədəm qoyur», - deyə yeni nazir Koen vəzifəsinin icrasına başlayarkən bildirib. O deyib ki, xarici siyasi aktivliyə tərəfdardır.

Azərbaycana gəlincə, rəsmi Bakı artıq Təl-Əvivə səfir təyin edib. Bu vəzifə Muxtar Məmmədova həvalə edilib. İndi Bakı İsrailin xarici siyasi fəallığının iki ölkə münasibətlərində də yeni səhifə açmasını gözləyir.



MƏSLƏHƏT GÖR:

66