2 May 2024

Cümə axşamı, 10:40

EGEY RİSKİ

Türkiyə ilə Yunanıstan arasında hərbi qarşıdurma riski artır

Müəllif:

15.01.2023

Türkiyə ilə Yunanıstan arasında qarşıdurma getdikcə daha sərt xarakter alır. 2022-ci ildə növbəti eskalasiya mərhələsinə qədəm qoymuş qarşıdurmanın hərbi münaqişəyə çevriləcəyi istisna olunmur.

 

Millər fərqli olur

Tərəflər arasında hazırkı ziddiyyət Egey dənizinin şərq hissəsindəki adaların statusu ilə bağlıdır. Onlar 1923-cü ilin Lozanna müqaviləsinə əsasən, Yunanıstana verilib. Lakin Afina Krit adası və Egey dənizindəki adalar ətrafındakı ərazi sularını 12 milədək genişləndirmək istəyir. Bu zaman o, müasir dəniz hüququna (BMT-nin Dəniz hüququ Konvensiyası) əsaslanır. Yəni yunanlar 2021-ci ilin yanvarında İon dənizində etdiyini burada da təkrarlamaq niyyətindədir. O zaman Afina öz ərazi sularının ərazisini 12 dəniz milinədək genişləndirmişdi.

Türkiyə isə Yunanıstanın adaların statusuna dair Lozanna və Paris müqavilələrinin (1947) tələblərini pozduğu qənaətindədir. O dövrün beynəlxalq dəniz hüququna görə, Yunanıstanın ərazi suları cəmi 6 dəniz mili olub. İndi o, bunu müasir BMT Konvensiyasına əsaslanaraq 12 dəniz milinədək artırarsa, praktik olaraq, Türkiyənin Egey və Aralıq dənizlərinə çıxışı bağlanacaq. Bununla da, Türkiyə öz ərazi sularından beynəlxalq sulara çıxış imkanını itirəcək.

Türkiyə Böyük Millət Məclisi hələ 1995-ci ildə bəyanatla çıxış edərək bildirib ki, Yunanıstan yeni meydana çıxmış beynəlxalq qaydalara istinadla ərazi sularını genişləndirmək qərarına gələrsə, bu, «1923-cü ilin Lozanna müqaviləsinin müəyyənləşdirdiyi balansı pozacaq». O vaxtdan Ankara Afinanı bu halda müharibənin başlaya biləcəyilə hədələyir. Türkiyə bu hədəni 2022-ci ilin sonunda da təkrarlayıb. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıq şəkildə bildirib ki, Yunanıstanın ərazi sularının genişləndirilməsi istiqamətində atacağı istənilən addım Ankara tərəfindən «casus belli» (müharibə üçün əsas) kimi qəbul ediləcək. Yunanıstanın ərazi sularını genişləndirmək cəhdinin Ankara üçün qəbuledilməz olacağını Türkiyənin müdafiə naziri Hülusi Akar da təsdiqləyib. 1800 kilometrdən uzun sahil xəttinə malik Türkiyənin beynəlxalq sulara Afinanın icazəsi ilə çıxmasının yolverilməz olduğunu deyən Akar bildirib ki, Ankara «Yunanıstanın yanlış hesablamalarının nəticələrinə görə cavabdeh deyil». O, Yunanıstana Egey dənizindəki status-kvonun pozulmasına hesablanmış addımların ciddi fəsadlar verəcəyinə dair xəbərdarlıq edib.

Bu «fəsadlar»ın nədən ibarət ola biləcəyini isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər birmənalı ifadə edib. O, ölkəsinin Qara dəniz üzərində ötən ilin oktyabrında «Tayfun» ballistik raketini sınaqdan keçirən zaman Afinanın bundan ciddi narahatlıq yaşadığını xatırladıb. «Yunanıstan KİV-i «Tayfun»un fəaliyyət radiusundan narahatlıqla bəhs edərək, Ankaranın Afinaya zərbə endirə biləcəyini yazırdı. Bizim belə məqsədimiz yoxdur! Cavab addımları yalnız Türkiyənin maraqlarına təhdid yaranacağı təqdirdə atıla bilər», - deyə Ərdoğan bildirib.

Beləliklə, Ankara aydın şəkildə göstərir ki, Afinanın Türkiyənin beynəlxalq sulara çıxışının bağlanması istiqamətində siyasəti davam etdirməsi ona güc tətbiqinə əl atmaqdan başqa yol qoymayacaq. Yunanıstan hökuməti isə güman ki, bu təhdidin nə qədər real olduğunu anlayır. NATO-da ordusunun qüdrətinə görə ikinci olan Türkiyəyə təkbaşına sinə gərə bilməyəcəyini anlayan Yunanıstan daha çox elə özünün də üzv olduğu Şimali Atlantika Alyansına arxalanır. Söhbət, ilk növbədə, alyansın ABŞ və Fransa kimi nüfuzlu üzvlərindən gedir. Hər halda, onların Türkiyənin regional mövqelərinin zəifləməsində öz maraqları var. Yunanların «Türkiyənin müharibə təhdidinin NATO üzrə müttəfiqlərə yaraşmadığı»na dair təbliğatı da buradan qaynaqlanır. Bunu Yunanıstanın müdafiə naziri Nikolas Panayotopulos bildirib. «Yunanıstan heç kimi təhdid etmir və kiminsə onu hədələməsini istəmir», - deyə nazir vurğulayıb.

Bəs tərəflər arasındakı qarşıdurma hansı həddədək inkişaf edə bilər? Nəzərə almaq lazımdır ki, ortada Türkiyə ilə Yunanıstanın müttəfiq öhdəlikləri daşıdıqları NATO amili də var.

 

Alyansla üçüncü dövlətlər arasında

Şübhəsiz ki, yunanların Egey dənizindəki fəallığının aşkar iqtisadi səbəbləri var. O, Afinanın perspektivdə Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarının kəşfiyyatı, işlənilməsi və nəqli üzərində nəzarəti ələ almaq istəyir. Bu isə təbii ki, Ankaranı qane etmir və Türkiyə Yunanıstanın əməllərini onun maraqlarına, ərazi sularına və təbii resurslarına müdaxilə kimi qiymətləndirir.

Afina ilə Ankara arasındakı bu qarşıdurmada əsas amil isə yenə də geosiyasətdir. Söhbət, ilk növbədə, Türkiyənin nüfuz və qüdrətinin əhəmiyyətli dərəcədə artmasından gedir. İndi prezident Ərdoğan ölkəsini «istər regionda, istərsə də dünyada öz maraqlarını qəti şəkildə müdafiə edən güclü dövlət» adlandırır. Onun sözlərinə görə, Türkiyə «dünyadakı müharibələrə və böhranlara rəğmən, inkişaf edir». Amma Türkiyənin dünya arenasında müstəqil siyasi kurs yürütməsi ilə müşayiət olunan inkişafı bir sıra qlobal oyunçuların maraqları ilə ziddiyyət təşkil edir.

Belə bir vəziyyətdə Yunanıstanın Egey dənizindəki adalara qoşun toplaması maraqlıdır. Məsələ ondadır ki, beynəlxalq hüquqi sənədlərə görə, bu adalara qoşun yeridilməsi qadağandır. Odur ki, bu addım da Ankaranın qəzəbinə səbəb olub. Hər halda, Ərdoğan Yunanıstana «türklərin gecəyarı gözlənilmədən gələ biləcəkləri» haqda xəbərdarlıq edib. Yaranmış vəziyyətin əsas elementi isə Yunanıstanın adaları silahlandırması prosesinin ABŞ tərəfindən praktik dəstək almasıdır. Türkiyənin etirazlarına baxmayaraq, Birləşmiş Ştatlar Lesbos və Samos adalarına Amerika istehsalı olan yunan zirehli texnikasının yerləşdirilməsinə kömək edib. Odur ki, Afinanın Egey dənizindəki ərazi sularını 12 dəniz milinədək genişləndirmək iddialarında əksər ekspertlər «Amerika izi» görür.

ABŞ Türkiyənin kollektiv Qərb siyasətindən uzaqlaşmasından narazılığını hər imkanda ortaya qoyur və bunu ifadə etmək üçün fürsəti qaçırmır. Məsələn, götürək Suriya problemini. Ankara bu ölkənin parçalanmasına qarşı çıxır, onun hökuməti ilə, o cümlədən kürd terrorçularının birgə səylərlə neytrallaşdırılması məsələsində razılığa gəlməyə çalışır. Rusiya-Ukrayna müharibəsində də Türkiyə Qərbin iradəsinin əksinə olaraq, özünü həm Moskva, həm də Kiyevin dostu kimi göstərir. Bu, ABŞ və Aİ-nin aparıcı dövlətlərini, əlbəttə ki, qane etmir. Bu mənada, son dövrlərdə Aralıq dənizi və Afrikanın şimalında geosiyasi nüfuz savaşında Türkiyə qarşısında ard-arda ciddi məğlubiyyətlərə uğramış Fransa ayrıca qeyd olunmalıdır. Məhz bu məğlubiyyətlərə cavab olaraq, Paris Yunanıstan və Kiprin də iştirakı ilə anti-Türkiyə koalisiyası qurmağa çalışır. Ankaranın İsraillə tərəfdaşlıq münasibətlərini bərpa etməsi isə bu cəhdlərin nəticə verməsinə mane olan əsas amillərdəndir. Yunanıstanın ABŞ və Fransanın geosiyasi oyunlarında hansı rolu oynadığını anlayan Türkiyə rəhbərliyi Afinanı dəfələrlə mövcud problemləri ikitərəfli qaydada, üçüncü ölkələri prosesə cəlb etmədən çözməyə çağırıb. Lakin bu çağırışlar Türkiyə ilə Yunanıstanın NATO üzvləri olmasına rəğmən belə, lazımi effekti vermir. Üstəlik, onlar Alyans çərçivəsində müttəfiq olsalar da, son onillikdə dəfələrlə birbaşa hərbi toqquşmanın astanasına gedib çıxıblar. Belə bir vəziyyətdə indiki böhran növbəti imtahandır. Amma bu, yalnız Türkiyə ilə Yunanıstan üçün deyil, həm də NATO-nun özü üçün imtahandır. Vahid orqanizm olan bu blok iki üzvü arasında silahlı qarşıdurmada heç bir halda maraqlı ola bilməz.

Fakt ondan ibarətdir ki, Alyans Ankara ilə Afina arasında illərdir mövcud olan «rəqabət trendi»ni poza bilmir. NATO çərçivəsində iki ölkə arasında xüsusi məsləhətləşmə mexanizmi də yaradılmışdı, lakin bu da nəticəsiz qalıb. Ankara Afinanı bu danışıqlar platformasının işini sabotaj etməkdə təqsirləndirir. Nəticədə, nüfuzlu ekspert mərkəzləri Alyansın cənub sərhədlərində onilliklərdir davam edən Yunanıstan-Türkiyə böhranını beynəlxalq təhlükəsizliyə miqyaslı müharibəyə çevrilmək ehtimalı üzündən ən ciddi risklərdən biri sayır.

Bu riski sanki hər iki ölkənin NATO üzvü olması aradan qaldırır. Hər halda, Şimali Atlantika Alyansının bir üzvünün digəri ilə müharibəyə başlaması ehtimalının özü belə, qəribə səslənir. Amma görünən odur ki, Yunanıstan sülh variantına zidd olan Türkiyə ilə ərazi mübahisələrindən imtina etmək fikrində deyil. Onların regional eskalasiyaya doğru itələnməsi isə bir sıra Qərb fövqəldövlətlərinin geosiyasi prioritetləri sırasındadır. Bu, Yunanıstanla Türkiyə arasında hərbi qarşıdurma riskinin nə qədər ciddi olduğunu bir daha təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

58