25 Aprel 2024

Cümə axşamı, 11:56

YENİ LAYİHƏLƏRƏ “YAŞIL İŞIQ”

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır

Müəllif:

01.02.2023

Avropa İttifaqı (Aİ) rəsmən elan edib ki, bir neçə ay ərzində Rusiyadan enerji asılılığını aradan qaldıraraq bu ölkədən tədarük olunan təbii qazın təxminən 80%-ni əvəz edib. Enerjidaşıyıcıların qiymətləri artıq Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlamamışdan əvvəlki səviyyəyə qayıdıb. Lakin Aİ əmindir ki, bu məsələ ilə bağlı arxayınlaşmaq olmaz və Avropa Rusiyanın enerji resurslarından imtinadan təkcə tədarükçüləri şaxələndirmək üçün deyil, həm də “yaşıl enerji”yə keçid üzrə işi gücləndirmək üçün istifadə etməlidir.

Bu çağırışı Davosda keçirilən Dünya İqtisadi Forumunda hələ bu tədbirdən qabaq “Avropa Yaşıl Sövdələşmə Planı”nı (EDIP) elan edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen səsləndirib. O, Davosda vurğulayıb ki, EDIP Avropanı təmiz texniki və sənaye innovasiyaları üçün “evə” çevirməli və ona sıfır emissiyaya doğru irəliləməyə kömək etməlidir.

Bu məqamda qeyd edək ki, “yaşıl enerji”nin gələcəyi yanvarın 13-dən 15-dək Əbu-Dabidə keçirilmiş Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 13-cü sessiyasının əsas mövzusu olub və müzakirələr Davosda Dünya İqtisadi Forumunda davam etdirilib.

Yeri gəlmişkən, Əbu-Dabidə çıxış edən BMT-nin Baş katibi Antoniu Quterreş ölkələri kömürdən tədricən imtina etməyə, “bərpa olunan enerji inqilabına” başlamağa, qalıq yanacaqdan asılılığa son qoymağa və təbiətlə müharibəyə son qoymağa çağırıb. O xatırladıb ki, bərpa olunan mənbələrdən alınan enerji qlobal elektrik enerjisinə tələbatın 30%-ni təmin edir. Baş katibin fikrincə, bu rəqəm 2030-cu ilə qədər iki dəfə artırılmalı və əsrin ortalarına qədər 90%-ə çatdırılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsində, həmçinin Dünya İqtisadi Forumunun açılış mərasimində Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində potensialından, bu istiqamətdə ölkənin planlarından və həyata keçirilən layihələrdən danışıb. Azərbaycan lideri Avropaya təbii qazın nəqlindən də bəhs edib - bu il bu rəqəm 12 milyard kubmetrə yaxınlaşacaq.

 

Kömürün əvəz edilməsi

Beynəlxalq Enerji Agentliyinin (BEA) pronozlarına inansaq, 2025-ci ildə bərpa olunan enerji mənbələri kömürü ötəcək və planetin əsas elektrik enerjisi təchizatçısına çevriləcək.

“Artıq 2027-ci ilə qədər dünyada istehsal olunan bütün elektrik enerjisinin, demək olar ki, 40%-ni bərpa olunan enerji təşkil edəcək. Eyni zamanda kömür, təbii qaz və atom elektrik stansiyalarının payı azalmağa davam edəcək”, - BEA-nın bununla bağlı əsas ssenarisində qeyd edilib.

BEA-nın analitikləri hesab edirlər ki, bərpa olunan enerji sahəsinə Rusiyadan neft və təbii qaz ixracının azalması nəticəsində yaranan enerji böhranı təkan verib. Nəticədə, 2021-ci ildə Rusiyanın əsas neft və təbii qaz tədarükçüsü olduğu Aİ ölkələri alternativ elektrik enerji mənbələrinə keçidi sürətləndirmək məcburiyyətində qalıb.

“Qlobal enerji böhranı bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı üçün yeni obyektlərin istismara verilməsinin ciddi şəkildə sürətləndirilməsinə səbəb olub və növbəti beş ildə isə ümumi istehsal tempi 2 dəfə arta bilər”, - BEA hesab edir.

Agentlik 2027-ci ilə qədər dünyada bərpa olunan enerjidən 2400 GVt yeni elektrik enerjisi istehsal gücünün olacağını gözləyir. Bu da Çinin ümumi istehsal gücü ilə təxminən eynidir.

“Yaxın 5 ildə dünya son 20 ildə olduğu qədər bərpa olunan enerjiyə malik olacaq”, - BEA rəhbəri Fatih Birol proqnozlaşdırıb.

“İndi bərpa olunan enerjinin inkişafının ən böyük drayveri enerji təhlükəsizliyidir... Enerji təhlükəsizliyi problemlərinin uzunmüddətli həlli “təmiz enerji” ilə bağlıdır”, - o, Davosda “Yeni enerji iqtisadiyyatının mənimsənilməsi” sessiyasında bildirib.

BEA-nın hesablamalarına əsasən, XXI əsrin ortalarına qədər iqlim hədəflərinə çatmaq üçün bərpa olunan enerji texnologiyalarına və infrastruktura ümumi investisiya 2030-cu ilə qədər 4,5 trilyon dolları keçməlidir.

Əbu-Dabidə BMT-nin Baş katibi öz növbəsində bərpa olunan enerjiyə sərmayə yatırmağa çağırıb. Onun fikrincə, bu sektora özəl və dövlət investisiyalarının ümumi həcmi ildə 4 trilyon dollara çatdırılmalıdır.

Bu arada Norveçin müstəqil konsaltinq şirkəti “Rystad Energy”nin hesablamalarına əsasən, təkcə 2023-cü ildə müxtəlif aşağı karbonlu layihələrə (bərpa olunan enerji növləri, nüvə enerjisi və s.) investisiyalar ötən illə müqayisədə 10%-dən çox və ya 60 milyard dollar artaraq 620 milyard dollara çatacaq.

Bundan başqa, hidrogen enerjisinə sərmayənin həcmində (149%, 7,8 milyard dollaradək) və karbon qazının emalı və saxlanması sahəsində (136%, 7,4 milyard dollaradək) ən böyük artımın olacağı gözlənilir.

Lakin günəş (2022-ci ildə 250 milyard dollar) və quruda külək (205 milyard dollar) enerjisi ötən ilin bütün investisiyalarında müvafiq olaraq, təxminən 45 və 37%-ni təşkil edərək ən böyük paya malikdir. Bu il isə günəş enerjisinə investisiyalar 6%, quruda külək enerjisinə 12% artacaq.

Dünyanın ən böyük ölkələri artıq “yaşıl enerji” yarışına qoşulub və gələcəkdə bərpa olunan enerji sektorundakı bu və ya digər istiqamətdə lider mövqe tutmağa çalışırlar. Məsələn, Çin hazırda günəş sənayesinin dünya bazarında şəksiz lideridir (təkcə generasiya güclərinin yaradılmasında deyil, həm də günəş elektrik stansiyaları üçün komponentlərin istehsalında və s.). Aİ, Hindistan və ABŞ da bu sahədə liderliyə can atır.

Avropa ölkələri isə hesab edir ki, bərpa olunan enerji mənbələrindən, xüsusən də günəş enerjisindən istifadənin artırılması bu dövlətlərə enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Xatırladaq ki, 2022-ci ilin dekabrında Avropa Komissiyası rəsmi olaraq Avropa Günəş Fotoelektrik Sənayesi Alyansını işə salıb (“European Solar PV Industry Alliance”). Brüssel 2025-ci ilə qədər ildə 30 GVt günəş fotoelektrik sistemlərinin istehsalı üçün şaquli inteqrasiya olunmuş istehsal gücü yaratmağı planlaşdırır. Bu təşəbbüs istehsalat – satış zəncirinin bütün seqmentlərini əhatə edəcək. Buraya polikristalin silikon, külçələr, silikon lövhələr, günəş enerjisi ilə bağlı elementlər, modullar və onların emalı daxildir.

Avropa ölkələrinin ümumi daxili məhsuluna bu sahə sayəsində hər il 60 milyard dollar artacağı, həmçinin 400 mindən çox yeni birbaşa və dolayı iş yerinin yaranacağı proqnozlaşdırılır.

 

Məqsədli layihələr

Azərbaycanda da beynəlxalq enerji şirkətləri ilə birgə bərpa olunan enerjinin istehsalı, həmçinin ixracı üçün genişmiqyaslı güclərin yaradılması prosesinə başlanılır. Ötən il bu baxımdan xüsusilə əlamətdardır. 2022-ci ildə iki böyük elektrik stansiyasının tikintisinə start verilib: “Masdar” (BƏƏ) ilə birlikdə “Qaradağ” Günəş Elektrik Stansiyası (230 MVt) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) ilə birlikdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (240 MVt).

Bununla bağlı, böyük planlar var: Azərbaycan hakimiyyəti 2030-cu ilə qədər elektrik enerjisi istehsalı obyektlərində bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı və 2050-ci ilə qədər ölkədə istixana qazı emissiyalarını 40%-ə qədər azaltmağı planlaşdırır.

“Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”, - Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində bildirib.

Gözlənilir ki, Azərbaycan ilə beynəlxalq enerji şirkətləri arasında imzalanan anlaşma memorandumları və sazişlər ölkədə gələcəkdə ümumilikdə 22 GVt-a qədər külək və günəş enerjisi istehsal etməyə imkan verəcək və bu da əsasən ixraca yönəldiləcək.

“Biz Azərbaycanda bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik... Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə, iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”, - dövlət başçısı vurğulayıb.

Bərpa olunan enerji mənbələrinin inkişafı üçün resurslardan danışan Azərbaycan lideri qeyd edib ki, ölkə həm quruda, həm də dənizdə külək və günəş enerjisi üçün yaxşı potensiala malikdir: “200 giqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik”.

Bu məqamda qeyd edək ki, Davos Forumu ərəfəsində, yəni Azərbaycan Prezidentinin Əbu-Dabiyə rəsmi səfəri çərçivəsində SOCAR və “Masdar” şirkətləri arasında ölkəmizdə yeni bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair iki saziş imzalanıb.

“Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 giqavat və 2037-ci ilədək 6 giqavat artıracaq. Bu, hələ qısamüddətli bir layihədir.

Ortamüddətli layihələr nəticəsində güclər 10 giqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”, - Azərbaycan Prezidenti bildirib.

Azərbaycan Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə birlikdə bərpa olunan enerji sahəsində daha 12 GVt generasiya gücü yaratmağı planlaşdırır. Bu şirkətin Azərbaycanın Energetika Nazirliyi ilə imzaladığı çərçivə sazişi ilə bərpa olunan enerji və “yaşıl” hidrogen istehsalı üzrə birgə tədqiqat və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bu işlər nəticəsində Azərbaycanın həm “yaşıl enerji” ölkəsinə, həm də bərpa olunan enerji və hidrogen ixracında Aİ üçün mühüm və etibarlı tərəfdaşa çevrilməsi gözlənilir. Buna görə də Azərbaycanın Gürcüstandan Rumıniyaya 4 GVt gücündə sualtı kabel xəttinin çəkilməsi layihəsində fəal iştirakı məntiqli qərar olub.

“Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq... Bu, həqiqətən də, enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var”, - İ.Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.

Bir sözlə, ölkədə istehsaldan tutmuş “yaşıl enerji”nin Avropaya ixracına qədər zəncirlər sxemi yaradılır. Bu, əslində Cənub Qaz Dəhlizinin sisteminə bənzəyir. Lakin burada “təmiz enerji”yə xüsusi diqqət yetirilir. Əlbəttə ki, hidrogen istehsalının təşkili ilə bağlı məsələlər daxil olmaqla, hələ həll olunmamış bir sıra məsələlər var. Amma bu istiqamətdə düşünülən məsələlər həyata keçərsə, o zaman Azərbaycan nəinki Avropa bazarları üçün “yaşıl enerji” istehsalçısı və tədarükçüsünə çevrilə, həm də elektrik enerjisi ixracından gələn gəlirləri əhəmiyyətli dərəcədə artıra bilər. Belə ki, 2022-ci ilin sonunda artıq 120 milyon dollarlıq hədd aşılıb. “Yaşıl enerji” üçün “xammal”ın tükənməz olduğunu nəzərə alsaq, düzgün istiqamətdə qurulmuş proses ilə bununla sonsuz şəkildə məşğul olmaq mümkündür.



MƏSLƏHƏT GÖR:

65