20 Aprel 2024

Şənbə, 13:24

NATAMAMLIQ SİYASƏTİ

Avropanın ən böyük ölkəsini kütləvi etiraz aksiyaları yenidən bürüyüb

Müəllif:

01.02.2023

Fransa, deyəsən, yenidən «qara zolağa» düşüb – tətillər, nümayişlər, kütləvi etiraz aksiyaları. Səbəb prezident Emmanuel Makron və Elizabet Born hökumətinin qeyri-populyar qərarlar verməyə hazırlaşmasıdır. Görünən odur ki, Yelisey sarayının hazırkı sahibinin daxili siyasətində ciddi böhran var. Bu, onun aşkar diplomatik uğursuzluqları fonunda özünü daha da aydın göstərir.

 

Pensiya islahatlarına qarşı

Fransada daxili siyasi vəziyyət baş nazir Elizabet Bornun pensiya islahatları layihəsini açıqlamasından sonra qarışıb. Layihənin əsas məğzini pensiya yaşının hər il 3 ay artırılaraq, 2030-cu ilə 64 yaşa çatdırılması təşkil edir. Hazırda bu yaş 62-dir. Hökumət islahatların məqsədi kimi, balanslı pensiya sisteminin qurulmasını, bu çərçivədə defisitin daha da artmasının qarşısının alınmasını göstərir. Hökumət bildirir ki, vəsait çatışmazlığı artımı bu şəkildə davam edərsə, 7 il sonra Fransa Pensiya Fondunda çatışmazlıq təxminən 20 milyard avroya çatacaq.

Pensiya islahatlarının aparılması prezident Makron üçün prinsipial məsələdir. Bu, onun seçki öncəsi verdiyi vədlər sırasında prioritet idi. Makron bu planını hələ 2017-ci ildə başlamış ilk prezidentlik dövründə icra etmək istəyirdi. Lakin o zaman pensiya islahatlarının qarşısını yalnız özünü etiraz aksiyaları, çaxnaşma şəklində göstərən ictimai narazılıq yox, həm də koronavirus pandemiyası kəsmişdi. İslahatlar məhz bu səbəbdən təxirə salınmışdı.

Fransada bu gün yaşananlar isə göstərir ki, ictimaiyyət indi də hakimiyyətin cəmiyyətin qocalmasını və pensiya çatışmazlığını geniş əhalinin maddi maraqları hesabına kompensasiya etmək istəyinə əsaslanan bu islahatlara qarşıdır. Yaranmış vəziyyətdən ciddi sosial narazılığın olduğunu yalnız aparılan araşdırmalar təsdiqləmir (məsələn, «Ifop» İctimai Rəy İnstitutunun apardığı sorğu nəticəsində məlum olub ki, fransalıların təxminən 80%-i hökumətin pensiya islahatları təşəbbüsünü dəstəkləmir). Ölkənin bütün iri şəhərlərini bürümüş kütləvi etiraz aksiyaları da bunun göstəricisidir. Aksiyalar Fransanın 8 ən böyük həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunur. Onlar bildirirlər ki, həyata keçirilməsi planlaşdırılan islahatlar «bütün işçilərə», xüsusilə əmək fəaliyyətinə erkən başlamış şəxslərə, ömrü ölkədəki orta ömür müddətindən az olacağı gözlənilən təbəqəyə zərbə vuracaq. Həmkarlar ittifaqı təşkilatlarının liderləri hesab edirlər ki, dövlət sektorunda dövlətin müflis olmasına da yol aça biləcək defisit problemi başqa yollarla həll edilməlidir. Məsələn, çox zəngin şəxslərin vergiyə cəlbi, işə götürənlərə ödəmələrin artırılması və s.

Pensiya sistemində islahatlara qarşı ən güclü etiraz aksiyası yanvarın 19-da keçirilib. Həmin gün bir çox məktəb, sənayenin müxtəlif sahələrinə, məsələn, enerji sektoruna aid müəssisələr tətilə başlayıb, dəmir yolu və şəhər nəqliyyatının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılıb, Paris aeroportundan uçmalı olan reyslər təxirə salınıb. Paris, Lion, Marsel, Bordo, Tuluza, Nitsa və digər şəhərlərdə müxtəlif qiymətləndirmələrə görə, 1,5-2 milyon insan nümayişə qatılıb. Etiraz aksiyaları nümayişçilərlə polis arasında toqquşmalarla da müşayiət olunub. Bununla yanaşı, asayiş keşikçilərinin nümayişçilərə güc tətbiq etməsi, onlarla insanın həbs olunması özünü dünya demokratiyasının dayaqlarından biri kimi təqdim edən Fransanın bu gün həm də demokratiya sahəsində ciddi böhran yaşadığını təsdiqləyib.

 

Uğursuzluq gətirən Makron

İndiki etiraz hərəkatının liderləri yeni miqyaslı aksiyaların keçiriləcəyini bəyan ediblər. Amma artıq bu aksiyaları belə demək mümkünsə, «sarı jiletlilər» aksiyasının layiqli davamı kimi qiymətləndirmək olar. Söhbət ölkəni 2018-2019-cu illərdə vergilərin artırılması və yanacağın bahalaşması nəticəsində bürümüş etiraz dalğasından gedir. O zaman həmin aksiyalar yalnız 2020-ci ildə pandemiyanın yayılması ilə səngiməyə başlamışdı…

İndi olduğu kimi, o zaman da polis «sarı jiletlilər»ə qarşı amansız davranmışdı. Hüquq-mühafizə orqanları aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən belə, istifadə etmiş, nəticədə, aksiyanın liderlərindən olan Jerom Rodriqes gözünü itirmişdi. Hadisələrin gedişində polis zorakılığını əks etdirən videogörüntülərin KİV-də geniş yayılması həm Fransa ictimaiyyətinin hiddətinə səbəb olmuş, həm də beynəlxalq arenada rəsmi Parisin şöhrətinə zərbə vurmuş, bu üzdən də hökumət güzəştlərə getmək məcburiyyətində qalmışdı. Nəticədə, «jiletlilər» hökumətin əhalinin yoxsul təbəqəsi üçün təxminən 17 milyard avro yardım ayırmasına və orta sinif üçün vergiləri azaltmasına nail olmuşdu.

Bəs Makron kütləvi aksiyaların davam edəcəyini göstərən hazırkı vəziyyətdən necə çıxacaq? Nəzərə almaq lazımdır ki, «sarı jiletlilər» hərəkatının etirazları zamanı olduğu kimi, indi də nümayişlərin şüarları iqtisadi məzmundan siyasi məzmuna keçə, prezidentin istefası tələbi da daxil olmaqla, hökumət əleyhinə çağırışlara başlanıla bilər.

Hələlik isə prezident və baş nazir kütləvi etirazlara və nümayişlərə baxmayaraq, pensiya islahatlarını davam etdirməkdə qərarlıdırlar. Bundan başqa, Born açıq şəkildə bildirir ki, parlamentdəki çoxluq islahatlar layihəsinə dəstək verməzsə, o, Fransa Konstitusiyasının hökumət başçısına qanunu səsverməsiz qəbul etmək səlahiyyəti tanıyan 49.3-cü maddəsini (hökumətə etimadsızlığın elan olunmadığı halda) əsas götürə bilər. Etirazçı hərəkatın liderləri isə Konstitusiyanın bu maddəsindən mütəmadi istifadənin qarşısının alınmalı olduğunu bildirirlər. Məsələ ondadır ki, Born son aylarda bu maddəyə istinadla bir neçə qərar qəbul edib.

Amma bütün bu ziddiyyətlər Makron Fransasının üzləşdiyi böhranın yalnız bir hissəsidir. Kütləvi etiraz aksiyaları hazırkı dövlət başçısına praktik olaraq, prezident seçildiyi gündən rahatlıq vermir. Nəzərə alsaq ki, Makronun daxili siyasəti, xüsusilə onun sosial-iqtisadi istiqaməti əhalinin əhəmiyyətli bir hissəsinin rifah halının aşağı düşməsilə nəticələnir, bu, heç də təsadüf deyil. Cəmiyyətdə getdikcə artan etirazçı əhvalın qarşısının alınması üçün isə prezident, demək olar ki, heç nə etmir: kütləvi etiraz aksiyalarında irəli sürülən tələblərə etinasız münasibət, polisin aksiya iştirakçılarına zor tətbiqi və s.

Yeri gəlmişkən, Korsikada getdikcə daha da güclənən separatçı hərəkata qarşı da eyni üsullardan istifadə olunur. Vaxtaşırı «qaynayan» bu adada vəziyyət ötənilki etiraz və iğtişaşlardan sonra daha da qızışıb və səngimək bilmir. O zaman vəziyyətin qarışmasına korsikalı millətçi, həbsxanada olan İvan Kolonnaya hücum səbəb olmuşdu. Xatırladaq ki, Kolonna 1998-ci ildə polis prefekti Klod Erinyakı qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi. Məsələ o yerə çatmışdı ki, Korsikanın Milli Azadlıq Cəbhəsi (FLNC) müstəqillik uğrunda silahlı mübarizəni bərpa edə biləcəyinə dair bəyanat belə, yaymışdı.

Bununa yanaşı, Korsika milli-azadlıq hərəkatının fəallaşmasına həm də Makronun yalanlarına reaksiya kimi baxmaq olar. O, seçki kampaniyası zamanı Korsikaya muxtariyyət statusu verəcəyini bildirsə də, bu istiqamətdə heç bir addım atmayıb. Üstəlik, Fransa prezidenti hərəkatın liderlərindən olan Jil Simeoninin adaya geniş muxtariyyətin verilməsinə dair danışıqlar təklifini də cavabsız qoyub. Amma bu, eyni zamanda heç də təəccüblü deyil. Çünki Paris ölkənin suverenliyinə, ərazi bütövlüyünə, unitar quruluşuna zərrə qədər də xələl gətirə biləcək heç bir tələbi qəbul etməyi düşünmür. Korsika dilinin rəsmi dil elan olunması ilə bağlı tələb də bu qəbildən olan çağırışlardandır. Bu halda ictimai həyatda və dövlətdə bütün sahələrdə Korsika dili fransız dili ilə eyni statusda olacaq. Korsika hərəkatının uzun illərdir həbsdə olan liderlərinə qarşı repressiyaların dayandırılması tələbi də öz yerində – bu tələbə də məhəl qoyan yoxdur.

 

Riyakarlıq, yoxsa diletantlıq?

Parisin Fransa dövlətinin ərazi bütövlüyünə təhdid yaradan separatçılara qarşı bu qədər sərt mövqe tutması yumşaq desək, davamlı görünmür, açıq desək, riyakarlıq təsiri bağışlayır. Çünki prezident Makron başqa ölkələrin suverenliyi və ərazi bütövlüyünə təhdidlərə dəstək verir. Bu, xüsusilə Azərbaycana aiddir. Makronun rəhbərlik etdiyi Fransa hakimiyyəti Azərbaycana qarşı ədalətli olmayan qətnamələr qəbul edir, aşkar düşmənçilik addımları atır. Bu zaman Paris Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri üzərində suverenlik hüququna məhəl qoymur.

Bununla yanaşı, Azərbaycan-Fransa münasibətlərində son illər yaranmış problemlər Makronun beynəlxalq arenadakı siyasətinin iflasa uğradığını göstərən yalnız bir nümunədir. Bunun bariz nümunələrindən biri də Parisin ənənəvi nüfuz dairəsi olmuş regionlarda, ilk növbədə, Şimali və Qərbi Afrikada mövqelərini itirməsidir. Maraqlıdır ki, Fransanın iri şəhərlərində Makronun siyasətinə qarşı etiraz aksiyalarının tüğyan etdiyi vaxtda Parisin siyasi təsirlərinin aradan qaldırılması, hərbi mövcudluğuna son qoyulması tələbi ilə nümayişlərə Burkina-Fasoda da rast gəlinirdi.

Beləliklə, prezident Makronun daxili və xarici siyasətdəki uğursuzluqları qarşılıqlı olaraq bir-birini tamamlayır və ölkədə yaşanmaqda olan böhranın məğzini məhz bu təşkil edir. Beləliklə, Avropanın aparıcı fövqəldövlətlərindən biri ciddi çağırışlarla qarşı-qarşıyadır. Üstəlik, Fransanın hazırkı rəhbərinin onların öhdəsindən uğurla gələ biləcəyini göstərən heç bir əlamət yoxdur.



MƏSLƏHƏT GÖR:

60