28 Mart 2024

Cümə axşamı, 23:42

«PARÇALANMIŞ DÜNYA» SAMMİTİ

Qloballaşma mövzusu tədricən ikinci plana keçir

Müəllif:

01.02.2023

İsveçrənin Davos şəhərində yanvarın 16-dan 20-dək Dünya İqtisadi Forumunun (DİF) 53-cü iclası keçirilib. Həmin günlərdə dünyanın aparıcı mətbuat orqanlarının diqqəti ənənəvi olaraq, bu hadisəyə yönəlmişdi. Təəssüratlar və nəticələr birmənalı deyil…

Məlum olduğu kimi, İsveçrənin dağ xizəyi kurortu olan Davos hər il dünyanın müxtəlif nüfuzlu şəxslərinə – dövlət başçıları, nəhəng beynəlxalq korporasiyaların rəhbərləri, iş adamları, böyük kapital sahibləri, məşhur ekspertlər və jurnalistləri qonaq edir. Lakin məlum olduğu kimi, orada əksər məsələlər qapalı qapılar arxasında həll olunur və bu, sammitin heç də yalnız əhəmiyyətini artırmır, həm də ona intriqa qazandırır.

COVID pandemiyasının yaratdığı uzun fasilədən sonra bu il sammit, nəhayət, ənənəvi formatda keçirilib. Toplantıya rekord sayda iştirakçı qatılıb – 2,6 min. Onların arasında 50 hökumət başçısı, 56 maliyyə naziri, 19 mərkəzi bank rəhbəri, 35 xarici işlər naziri də olub. Müzakirəyə çıxarılmış mövzular arasında planet üçün ən vacibləri, əlbəttə ki, iqlim və ekologiya, hazırkı iqtisadi vəziyyət, «yaşıl iqtisadiyyat»a keçid, kriptovalyutalar, rəqəmsal texnologiyalar, süni intellektin inkişafı, əmək bazarındakı vəziyyət, müdafiə qabiliyyətinin artırılması və əlbəttə ki, Ukrayna müharibəsi olub.

 

Qloballaşmada böhran

Əksər müşahidəçilər hesab edir ki, Davos forumu nüfuzunu və təsir gücünü itirməyə başlayıb. Əsas skeptiklər arasında isə «Tesla», «SpaceX» və «Twitter»in sahibi, milyarder İlon Mask kimi şəxslər də var. Ekspertlərin bu cür mənfi münasibəti və əhvalı qloballaşma layihəsinin böhran yaşaması ilə əsaslandırılır – dünya getdikcə daha çox hissələrə parçalanır. Forumun rəsmi gündəliyi də bu vəziyyətlə tam səsləşirdi: «Parçalanmış dünya şəraitində əməkdaşlıq» («Cooperation in a Fragmented World»). Nəzərə alsaq ki, cəmi 10 il əvvəl Davosda qloballaşmanın uğurlarından, üstünlüklərindən, «postböhran» mərhələsindən, beynəlxalq xarakterli islahatlardan, beynəlxalq rəqabət qabiliyyətindən və çiçəklənən liberalizm erasından maksimum əminliklə danışılırdı, bu, kifayət qədər qorxulu təsir bağışlayır. DİF, həqiqətən də, uzun illər qloballaşan dünyanın rəmzi olub. Lakin «Brexit», ABŞ ilə Çin arasındakı ticarət müharibəsi, koronavirus pandemiyası, bir sıra ölkələrin beynəlxalq təşkilatları və müqavilələri tərk etməsi, iqlim dəyişiklikləri, Ukrayna müharibəsi kimi hadisələr qloballaşma prosesinin qarşısına bir sıra ciddi maneələr çıxarıb. İndi güman ki, yeni forma və ifadə axtarışlarına başlanılacaq.

Forum ərəfəsində aparıcı iqtisadçılar arasında beynəlxalq iqtisadiyyatın, məsələn, ABŞ və Avropanın iqtisadi perspektivləri ilə bağlı aparılmış sorğunun DİF-in saytında dərc olunmuş nəticəsi də ümumilikdə mənfi fon yaradıb. Maraqlıdır ki, rəyi soruşulanların üçdə ikisi 2023-cü ildə qlobal resessiyanın başlayacağını gözləyir, təxminən, 18% isə bu ehtimalı «son dərəcə yüksək» sayır. Bununla yanaşı, Dünya Bankı, həmçinin 2023-cü il üçün qlobal iqtisadi artım proqnozlarını, demək olar ki, bir faiz resessiyaya yaxın səviyyəyə endirdi.

İndi getdikcə daha çox maliyyəçi, məsələn, ABŞ-ın sabiq maliyyə naziri Lourens Sammers bildirir ki, dünya 2008-ci ildən bu yana ən ciddi iqtisadi və maliyyə problemləri astanasındadır. Mərkəzi Banklar faiz dərəcələrini getdikcə daha çox artırır, bir çox ölkələr açıq proteksionizm siyasətinə meyillənir. «Qlobal risklər haqqında məruzə»nin Davosda yanvarda keçirilmiş sammit ərəfəsində açıqlanmış yeni buraxılışında DİF hər kəsə «onilliyin nadir tam qeyri-müəyyənliyə, burulğana daxil olduğuna» dair xəbərdarlıq da etmişdi. «Bloomberg» agentliyi isə xəbər verir ki, rəyi soruşulanların 20%-i yaxın onillikdə «faciəvi nəticələr»in yaşanacağından narahatdır, 70% isə «lokal şoklar» vəd edən «qeyri-sabit iqtisadiyyat» gözləntisindədir. DİF-in yaradıcısı Klaus Şvab özü belə, tədbirin maraqlı tərəflərin bir araya gəlməsi üçün platforma rolunu oynamasının əhəmiyyətini vurğulamaqla yanaşı, bu gün dünyanın bir çox böhranla qarşı-qarşıya qaldığını bildirib. Odur ki, mövcud problemlərin həlli yollarının tapılması ümidi ilə dialoqun qorunub saxlanması çox vacibdir.

 

Yeni təhdidlər

Geosiyasət sahəsində əsas təhdid müxtəlif münaqişələrin artan riski, o cümlədən tammiqyaslı müharibə, hətta kütləvi qırğın silahından istifadə oluna biləcək Üçüncü Dünya müharibəsi təhlükəsidir. Bununla yanaşı, iqlim dəyişikliyi də müharibələrdən heç də az risk daşımır. Bu dəyişiklik ildən ilə daha təxminedilməz xarakter almaqla, amansız nəticələr vəd edir.

Bununla yanaşı, müasir cəmiyyət çətin dilemma qarşısındadır: bir tərəfdən informasiya texnologiyaları, robot texnikası, nanotexnologiyalar, avtomatlaşdırma həyat səviyyəsini, rahatlığı, müasir müalicə üsullarının əlçatanlığını, təhsili, əyləncəni daha yüksək səviyyəyə qaldırır, digər yandan isə qeyri-bərabərliyi dərinləşdirir, işsizliyi artırır. Uzun illərdir qeyri-bərabərlik probleminin öyrənilməsi ilə məşğul olan «Oxfam» təşkilatının məlumatına görə, pandemiyanın başlaması ilə 2021-ci ilin sonunadək yaradılmış kapitalın 63%-i dünya əhalisinin cəmi 1%-nin payına düşüb.

Yüksək texnologiyalar sahəsindən gələn təhdidlər onunla bağlıdır ki, bu, yalnız öldürücü xəstəliklərin müalicəsi üçün yeni üsulların tapılmasına deyil, həm də yeni məhvedici silahların yaranmasına yol açır. Onlar müharibə aparılmasının klassik üsullarını dəyişir, demək, bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra güc-bəla ilə yaratdığı qaydalar da dəyişilir. Öz növbəsində, bütün bu problemlər yenə də sosial narazılığa aparır. O isə özünü müxtəlif formalarda göstərə bilər – bu vəziyyət müxtəlif zümrələrdən olan qəti mövqeli populistlərin meydana çıxmasına daha çox səbəb olur.

Görünən odur ki, dövlətlər birgə effektiv həll yollarının axtarılmasında əməkdaşlıq etmək istəmir və ya bunu bacarmır. Nüfuzlu «The New York Times» nəşri yazır ki, «artıq dünyanın çiçəklənməsinin təmini ilə bağlı siyasi konsensus yoxdur», «isinən planetdə fövqəldövlətlərin rəqabəti yeni reallıqdır».

Bununla yanaşı, elə həmin Şvab daha bir vacib platformada çıxış edəcəyinin anonsunu verib. Söhbət fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransından gelir. Çoxları «Davosdakı çağırışlar»a bu və ya başqa formada Münhendə cavab veriləcəyini gözləyir. Aydındır ki, əməkdaşlıq etmək, hər kəsi qane edən qərarları vermək lazım gələcək. Başqa yol yoxdur: nə dünyanın sadə sakinləri, nə də dünya elitası üçün.

 

Azərbaycanın rolu

Yəqin ki, belə bir vəziyyətdə ən yaxşısı sakit şəkildə işləməkdir. Bir yandan öz planlarını əminliklə həyata keçirmək, digər tərəfdən vəziyyətlə «ayaqlaşmaq». Bu mənada, dünyanın geosiyasi və iqtisadi problemlər burulğanında qaynadığı bir şəraitdə öz kursunu davam etdirən Azərbaycanı nümunə göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir sıra ikitərəfli görüşlər keçirib – «Carlsberg Group» şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə, «Kromatix SA» şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə, «The Goldman Sachs Group Inc.» şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink və başqaları ilə.

Görüşlərdə informasiya texnologiyalarından tutmuş, bərpa olunan enerjiyədək əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maymun Mohd Şərif bildirib ki, hazırda Azərbaycan UN-HABITAT proqramına könüllü maliyyə ianələri edən dövlətlər arasında aparıcı yerə malikdir. O da vurğulanıb ki, Azərbaycan dayanıqlı şəhər planlaşdırılması sahəsində əla nəticələrə nail olub və bu istiqamətdə işləri davam etdirir. Bununla yanaşı, Azərbaycanın şəhər planlaşdırılması sahəsindəki təcrübəsi dünyanın bir sıra ölkələrinin marağını çəkib.

İsveçrədə təşkil olunmuş forum çərçivəsində Azərbaycan lideri ilə Latviya prezidenti Egils Levits arasında da dolğun danışıqlar olub. O, Bakıya səfərə də dəvət edilib. Dəvəti minnətdarlıqla qəbul edən dövlət başçısı bildirib ki, Azərbaycan Latviya və ümumilikdə Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində, təbii qaza olan ehtiyacının ödənilməsindəki rolu da yüksək qiymətləndirilib.

Beləliklə, Davos forumu yalnız bəzən son dərəcə qorxulu təsir bağışlayan qlobal iqtisadi və siyasi reallıqları əks etdirməyib, həm də bu şəraitdə yaşamağın və inkişaf etməyin yollarını da ortaya çıxarıb. Bu, hər zaman belə olub: kimsə problemləri görür, kimsə imkanları.



MƏSLƏHƏT GÖR:

59