24 Aprel 2024

Çərşənbə, 03:47

RUSİYANIN FORPOSTU Aİ-NİN NƏZARƏTİNDƏ

Ermənistanda və Xankəndidə Aİ-nin növbəti missiyası ərəfəsində yeni intriqa başlayır

Müəllif:

01.02.2023

İki və daha artıq dövlətin ittifaqı ən müxtəlif düşüncələrə əsaslana bilər. Dünya tarixində ümumi dinin, iqtisadi maraqların, «düşmənimin düşməni mənim dostumdur» prinsipi əsasında kimlərəsə qarşı dostluğun yaratdığı ittifaqlar olub. Amma motivdən asılı olmayaraq, müttəfiqlərdən ilk öncə sədaqət tələb olunur. Siyasətdə iki cəbhəyə oynamaq kifayət qədər acınacaqlı nəticələrə aparıb çıxarır.

Bu gün Ermənistanda məhz bu hal müşahidə olunur. Yaxın günlərdə İrəvana gəlməli olan (Avropa İttifaqı Şurası artıq bununla bağlı qərar qəbul edib) növbəti Aİ missiyası ətrafında intriqa getdikcə qızışır.

 

Sərhədə yollanan kimdir?

Aİ-nin qərarının bir sıra suallar yaratdığını desək, yanılmarıq. Bakı artıq yeni missiyanın gəlişinin Praqa razılaşmasına zidd olduğunu bəyan edib. Bəli, Çexiya paytaxtında aparılmış danışıqlarda razılığa gəlinmişdi ki, regiona Aİ-nin cəmi bir neçə nəfərdən ibarət missiyası qısa müddətə gələcək. Avropa İttifaqının əldə olunmuş razılaşmanı birtərəfli qaydada pozduğu şəraitdə Bakıda haqlı olaraq hesab edirlər ki, belə «sürpriz»lər qəbuledilməzdir. Bundan başqa, bu sayğısızlıq artıq Aİ-nin Bakı ilə İrəvan arasında vasitəçilik etməsi məsələsinin özünü böyük sual altına qoyur. Vəziyyətin nizamlanması istiqamətində məhsuldar iş aparmaq üçün missiya həm Azərbaycan, həm də Ermənistan tərəfindən təqdir olunmalıdır. Yəni missiyanın fəaliyyətinin birtərəfli təşəbbüsə əsaslanması yolverilməzdir və təbii ki, qəbul edilə bilməz.

Üstəlik, avropalı müşahidəçilərlə bağlı hoqqanın arxasında fransız neomüstəmləkəçiliyinin əlamətləri kifayət qədər aydın görünür ki, bu da Azərbaycanda tamamilə anlaşılan əlavə reaksiya yaradır. Paris Afrikada aşkar uğursuzluqlarının fonunda, deyəsən, revanşı Cənubi Qafqaza soxulmaqla almaq istəyir. Məqsəd, əlbəttə ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasıdır. Amma Paris bunu Ermənistana tam aşkar, hətta həyasızcasına dəstək göstərməklə edir ki, bu, Bakıda yalnız mənfi reaksiya, haqlı qəzəb yaradır.

Bakı Ermənistanı dəfələrlə sülh müqaviləsi üzərində işə başlamağa, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsinə və s. çağırıb və indi də çağırır. Bu cür kosmetik addımlar isə sadəcə prosesi uzadır, müsbət dəyişikliklərə imkan vermir.

 

«Forpost» qorxarsa

Bəs İrəvanın ilk missiyaya olan ümidləri doğrulubmu? Çətin. Missiya üzvləri hər hansı bəyanat verməkdən çəkiniblər. Niyəsə sosial şəbəkələrdə onların adından xüsusi tapşırıqlar üzrə səfir Edmon Manukyan danışıb: guya avropalı müşahidəçilər Azərbaycanın özünü pis apardığına şahid olublar. Təbii ki, auditoriya heç nə anlamır: bunu niyə avropalı müşahidəçilər yox, erməni səfir bəyan edir?

Güman ki, İrəvan qarşısında başqa məqsədlər qoyub və sırf o məqsədlərə doğru irəliləyir. Bu, təbii ki, sülh, erməni xalqının xeyrinə olan məqsədlər deyil.

Onilliklər ərzində Ermənistan haqlı olaraq, Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi və forpostu sayılıb. Bu status ona az dividend qazandırmayıb – istər iqtisadi, istər ərazi baxımından. Uzun illər düşünülüb ki, bu ölkədə rusiyapərəstlikdən başqa heç bir əhval hakim ola bilməz. Lakin bu gün vəziyyət kökündən dəyişir. Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunan sanksiyalar fonunda Ermənistan sadəcə olaraq, «Kremlin forpostu» sayılmaq istəmir. Bu hissi ermənilərin getdikcə artan məyusluğu daha da gücləndirir: Rusiya və İrəvanın KTMT-dən olan müttəfiqləri nə 44 günlük müharibə zamanı, nə də Ermənistanın sərhəddəki təxribatları toqquşmalara yol açdıqda Azərbaycanla, perspektivdə isə Türkiyə ilə münaqişəyə getməyə həvəs göstəriblər. Üstəlik, Moskvanın Ermənistanın hazırkı rəhbərliyinə xüsusi etibarı da yoxdur. Məlum olduğu kimi, Ermənistanda baş vermiş «kabab inqilabı»ndan sonra hakimiyyətə «Açıq cəmiyyət»in qrantları ilə varlanan Nikol Paşinyanın komandası gəlib. Yəni indi bu ölkədə aparıcı vəzifələri «sorosçular» tutur.

Belə bir vəziyyətdə Paşinyan gah KTMT sammitinin yekun bəyannaməsinin imzalanmasına imkan vermir, gah da bu blokun Ermənistanda keçirməli olduğu birgə hərbi təlimi əngəlləyir, indi isə KTMT-nin məsuliyyət zonasına Avropa İttifaqından müşahidəçilər dəvət edir. Bütün bunlar, təbii ki, Moskvanı qıcıqlandırır. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, missiya vəziyyətin nizamlanmasına kömək etməyəcək. İrəvanın bölgəyə avropalı müşahidəçilər gətirmək niyyətinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın münasibəti isə daha sərt olub. Moskva İrəvana avropalı müşahidəçilərin gəldiyi ölkəyə KTMT nümayəndələrinin səfərinin pozulduğunu xatırladıb.

Doğrudur, Ermənistanın xarici siyasi kursunu dəyişərək Rusiyadan uzaqlaşmaq, Qərb düşərgəsinə keçmək niyyətinin ciddiliyinə şübhə etmək mümkündür. Çoxları haqlı olaraq bildirir ki, belə dəyişiklik bölgəyə Avropadan müşahidəçilərin dəvəti ilə deyil, ən azı ölkə sərhədlərinin Türkiyə və İranla sərhədlərini nəzarətə götürməklə başlamalıdır. Məlum olduğu kimi, bu gün Ermənistanın sözügedən dövlətlərlə sərhədlərini rusiyalı hərbçilər qoruyur. Eyni zamanda Rusiyanın praktik olaraq bütün infrastrukturu – qaz və elektrik enerjisi şəbəkələri, dəmir yolları, mobil rabitəsi – Rusiyanın mülkiyyətidir… Belə vəziyyətdə xarici siyasi kursun dəyişəcəyinə ümid etmək ən azı lovğalıqdır.

Bununla yanaşı, Rusiyanın narahatlığı da tamamilə anlaşılandır. Moskva heç də dost münasibətində olmadığı Aİ-dən müşahidəçilərin bölgəyə dəvət edilməsini müttəfiqlik öhdəliklərinin pozulması, rus sülhməramlılarına qarşı aşkar hörmətsizlik kimi qiymətləndirir. Bəs Paşinyanın bu əməllərinə Kremlin cavabı necə olacaq?

 

«Vardanyan gedişi»

Məlum olduğu kimi, bir müddət əvvəl qalmaqallı rusiyalı oliqarx Ruben Vardanyan heç kimin gözləmədiyi halda Moskvadan Xankəndiyə köçərək, separatçıların «hökumət»indən «dövlət naziri» postunu tutub, sağa-sola müsahibələr verməyə, «nəhəng planlarından» bəhs etməyə başlayıb. Amma onu çətin ki, «Qarabağın öz müqəddəratını müəyyən etmiş erməniləri»nin taleyi maraqlandırsın. Qalmaqallı oliqarx, «Troyka Dialoq» bankının nəhəng «çirkli pulları»nın sahibi olan Vardanyan Xankəndiyə yalnız çinar ağacının altında poz vermək üçün getməyib. İddia olunurdu ki, o, tez bir zamanda Xankəndidəki «bonz» istefaya göndərəcək, onların yerinə Ermənistan siyasətinin istefada olan «ulduz»larını yığacaq. Söhbət o cümlədən, sabiq xarici işlər nazirləri Vardan Oskanyan ilə Ara Ayvazyandan da gedirdi. Amma…

Yanvarın ortalarında Xankəndidə yeni kadr dəyişiklikləri dalğası elan olunub. Araik Arutunyan məhz Vardanyanın təşəbbüsü ilə «xarici işlər naziri» David Babayanı istefaya göndərib. Lakin «Dağlıq Qarabağ XİN-i»nə nə Vardan Oskanyan, nə Ara Ayvazyan gətirilib. Bu «vəzifə»yə separatçıların İrəvandakı «daimi nümayəndəsi» Sergey Kazaryan təyin edilib.

Ekspertlər güman edirdilər ki, Xankəndiyə «ciddi siyasi komanda» yığan Vardanyan burada ciddi uğurlar qazanaraq, İrəvandakı Baqramən 26 ünvanında yerləşən binanı «ələ keçirməyə» çalışacaq. Lakin nə Oskanyan, nə də Ayvazyan onun tərəfini tutub. Üstəlik, erməni mənbələrinin məlumatına görə, artıq Vardanyana qarşı koalisiya belə, qurulmaqdadır. Orada «təhlükəsizlik şurasının katibi» postundan kənarlaşdırılmış «səhra komandiri» Vitali Balasanyanın da qoşulduğu bildirilir. Xankəndidə «güc strukturları» rəhbərlərinin təyinatdan bir həftə sonra vəzifədən kənarlaşdırılması da yaşanmaqda olan qeyri-sabitliyin göstəricisidir.

Beləliklə, Vardanyan Qarabağda heç bir uğur qazana bilməyib. Azərbaycanlı ekofəalların aksiyası isə onun əsas kapitalına da ciddi zərbə vurub. Söhbət onun Moskva ilə əlaqələrindən və oradakı nüfuzundan gedir. Vardanyan sülhməramlıları Laçın dəhlizində keçirilən aksiyanı zorla dağıtmağa vadar edə bilməyib. Onun ermənilərin blokadada qaldığı görüntüsü yaratmaq cəhdlərinə isə müəyyən reaksiyalar olsa da, bu da müxtəlif dövlətlərin və təşkilatların bəyanatından o yana keçmir. İndi isə Xankəndidə Vardanyanın özünün tezliklə istefaya gedəcəyi haqda xəbərlər dolaşır ki, o, güman ki, hadisələrin bu cür inkişaf edəcəyini gözləmirdi.

Amma bu, əlbəttə ki, artıq Paşinyanın rahat nəfəs ala biləcəyi anlamına gəlmir.



MƏSLƏHƏT GÖR:

68