26 Aprel 2024

Cümə, 17:34

“BÖYÜK DƏBİLQƏ” FƏTH EDİLDİ

Azərbaycan milli komandası Fransada keçirilən turnirində yaxşı nəticə göstərib

Müəllif:

15.02.2023

Cüdo aləminin 2023-cü ildə ilk nüfuzlu yarışı Fransanın paytaxtı Parisdə keçirilib. Gələn il olimpiadaya ev sahibliyi edəcək Paris bu dəfə “Böyük Dəbilqə” silsiləsindən olan turniri təşkil edib. “Böyük Dəbilqə”də Azərbaycan komandası isə 3 medalla yadda qalıb.

 Paris yarışının sıradan turnir olmadığı hamıya məlumdur. Gələcək olimpiadanın əsas iddialı idmançılarının Fransadakı yarışda mübarizə aparması bu turnirin əhəmiyyətinin göstəricisidir. Buna görə də belə nüfuzlu yarışda bir dəst medal qazanan millinin çıxışını qənaətbəxş hesab etmək olar.

 

Qəhrəmanlarla tanış olun

“Böyük Dəbilqə” turnirinin əsas qəhrəmanı, şübhəsiz ki, Balabəy Ağayev olub. Üç il ərzində ikinci dəfə Paris turnirinin qalibi olan gənc cüdoçumuz bu dəfə iddialı olduğunu nümayiş etdirib. O, finala gedən yolda bütün rəqiblərini - Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) “ippon”la (təmiz qələbə) məğlub edib. B.Ağayev həlledici görüşdə fransız Sekrik Revoldan güclü olub. Əlavə vaxtda “qızıl” xal üçün vacib fəndi işlədən cüdoçumuz Fransada himnimizin səslənməsinin səbəbkarına çevrilib. Beləliklə, bu uğurdan sonra B.Ağayev Parisdəki “Böyük Dəbilqə” yarışlarında ən çox qələbə qazanan cüdoçularımız sırasında lider olub. Qeyd edək ki, ən vacib məqamlardan biri onun stabil olaraq uğurlu çıxış etməsidir. Ötən il Konyada təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qələbədən sonra iştirak etdiyi bütün yarışlarda fəxri kürsüdə yer almaqla ən yaxşı cüdoçu kimi özünü təsdiqləyib. Beynəlxalq Cüdo Federasiyasının yeni reytinqinə görə, Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin nəticələrinə əsasən, Balabəy Ağayev öz çəki dərəcəsində üç pillə yüksələrək reytinqdə üçüncü pillədə qərarlaşıb.  

Bu ildən çəkisini artıraraq 90 kq-a keçən Murad Fətiyev yüksək əzmkarlıq və peşəkarlıqla hamını təəccübləndirib. O, həmçinin iştirak etdiyi bütün yarışlarda özünü əla cüdoçu kimi göstərib.

Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renesi (Niderland) məğlub edən M.Fətiyev yarımfinala yüksəlib. O, əksər görüşlərdə əlavə vaxtda “qızıl xal” prinsipi ilə rəqibi məğlub edib. Yarımfinalda Fətiyev Dünya çempionatının bürünc mükafatçısı Luka Maysuradzeyə (Gürcüstan) qalib gələrək finala çıxıb. Lakin o, həlledici görüşdə dünya çempionu Noel Van Tendə (Niderland) uduzaraq “gümüş”lə kifayətlənib. Üç dəfə “Böyük Dəbilqə” turnirlərində bürünc medal qazanan cüdoçu üçün Parisdəki uğur böyük əhəmiyyət kəsb edir.

Ölkəmizə daha bir medalı 100 kq-da yarışan Zelim Kotsoyev qazandırıb. Kotsoyev Sedrik Olivar (Fransa) və Mərt Şişmanlar (Türkiyə) üzərində qələbə qazansa da, Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Musafferbek Turoboyev, bürünc medal görüşündə isə belçikalı Toma Nikiforovdan güclü olan Zelim Kotsoyev fəxri kürsüdə üçüncü yeri tutub. Bu, onun nüfuzlu “Böyük Dəbilqə” yarışlarında əldə etdiyi səkkizinci medal idi.

Amma Paris yarışında səviyyələrindən zəif çıxış edən idmançılarımız da olub. Belə ki, Elşən Hacıyev, Zelim Tskayev, Nurlan Osmanov, Yaşar Nəcəfov erkən mərhələdə uduzmaqla böyük yarışlarda çıxış etməyə hazır olmadıqlarını göstəriblər. Yekun nəticəni təhlil edəcək məşqçilər heyəti cüdoçuların gələcək hazırlığı ilə bağlı vacib qərarlar verəcək.

 

Nəticələr qənaətbəxşdir

Yığmanın böyük məşqçisi Mövlud Mirəliyev Paris turnirinin nəticələrini qənaətbəxş adlandırıb: “Fikrimcə, yaxşı nəticədir. Parisdəki “Böyük Dəbilqə” turniri ən güclü yarışlardan biridir. İndiyə qədər cəmi iki cüdoçumuz oradakı turnirin qalibi ola bilib. 2007-ci ildə Nicat Şıxəlizadə, 2021-ci ildə isə Balabəy Ağayev çempion olub. Balabəy eyni nəticəsini 60 kq çəki dərəcəsində təkrarlayıb. Murad da yaxşı çıxış edib. Düşünürəm ki, çempion olmağa da yaxın idi. Finalda düzgün mübarizə aparırdı. Sona qədər üstünlüyünü qorusaydı, “şido” ilə qalib gələ bilərdi.Yekun nəticəni yaxşı hesab edirəm”.

Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu da məşqçi heyətinin fikirləri ilə razıdır: “Nəticəni yaxşı qiymətləndiririk. Sonuncu dəfə 2007-ci ildə belə nəticə əldə etmişik. 16 il sonra ilk dəfə Parisdə bir dəst medala sahib çıxdıq. Nəzərə alaq ki, komandanın liderləri müxtəlif səbəblərdən bu yarışa qatılmamışdı. Əsas məsələ dünya çempionatında və olimpiadada bu nəticəni təkrarlamaqdır. Rahatlaşmamalıyıq, işləməyə davam etməliyik. Arxayınlaşmaq olmaz”.

R.Rəsullunun sözlərinə görə, indi əsas iş Parisdə də keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlığa istiqamətlənməlidir: “Kişilərin mübarizəsində maksimum - 7 lisenziya əldə etmək niyyətindəyik. Qadınlardan ibarət komandamız isə yeni formalaşır. Amma ümid edirik ki, ən azı iki lisenziya qazanılacaq”.

Beləliklə, Paris turnirində üç medal qazanan Azərbaycan yığması komanda hesabında dördüncü yeri tutmaqla Cənubi Koreya, İsrail, Yaponiya, Monqolustan, Braziliya, Almaniya kimi ölkələri arxada qoyaraq, komanda hesabında dördüncü yeri tutub. Medal sıralamasında ilk yerin sahibi isə Fransa olub. Niderland və Gürcüstan müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıb.

 

Yeni məşqçilər nəsli

Azərbaycan Cüdo Federasiyası hazırda cüdo məşqçiliyi sertifikatı proqramını reallaşdırır. Beynəlxalq Cüdo Federasiyasının nəzdində fəaliyyət göstərən akademiyanın məşhur ekspertləri məşqçilərimizin təliminə rəhbərlik edib. 79 cüdo məşqçisi sertifikat imtahanından keçməlidir. Bununla əlaqədar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Hakimlər Komitəsinin rəhbəri Daniel Laskau, o cümlədən akademiyanın on eksperti Bakıya gəlib.

D.Laskau təlimlərdə bildirib ki, Azərbaycan cüdosu yüksək texnikası ilə seçilir, Azərbaycan komandası isə dünya cüdo iyerarxiyasında aparıcı yerlərdən birini tutur.



MƏSLƏHƏT GÖR:

73