27 Aprel 2024

Şənbə, 01:31

ZİYANA, YOXSA XEYİRƏ?

Əmanət faizlərinin vergiyə cəlb edilməsinə moratoriumun ləğvi investorları maliyyə bazarının digər investisiya alətlərinə yönləndirə bilər

Müəllif:

15.02.2023

Azərbaycan hökumətinin bank əmanətləri üzrə faizlərin vergiyə cəlb edilməsinə moratoriumun müddətinin uzadılmaması ilə bağlı qərarı, bəlkə də, son ayın ən çox müzakirə olunan və mübahisəli mövzularından birinə çevrilib. Doğrudur, bu qərarın gözlənilməz olduğunu söyləyə bilmərik. Belə ki, daha əvvəl iqtisadi ekspertlər belə nəticəni proqnozlaşdırmışdılar. Amma əmanətçilər son ana qədər belə qərarın verilməyəcəyinə ümid bəsləyirdilər.

Hər halda, həm bankirlər, həm də tənzimləyici güzəştlərin ləğvini mənfi istiqamətdə şərh etməməyə çağırış edir. Onlar bunun bazara təsirinin minimal olacağına əmin edir. Analitiklər isə yeni vəziyyətdə maliyyə bazarının digər investisiya alətlərinin inkişafı üçün imkanlar görürlər.

 

Vaxtı çatıb

Əslində, 2016-cı il fevralın 1-dən 7 il müddətinə banklardakı əmanətlər üzrə faizlərin vergidən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi Azərbaycan iqtisadiyyatı üçün çox xoşagəlməz hadisə - manatın devalvasiyası ilə bağlıdır. Xatırladaq ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilir. O vaxt bu qərar əmanətlərin banklardan xaricə axınının qarşısını almalı olan tədbirlər kompleksi çərçivəsində qəbul edilmişdi. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-dək Azərbaycanda əmanətlər tam sığortalanıb.

Bəs bu qərarın təsiri oldumu? Statistika göstərir ki, əgər dəyişikliklərin qəbul edildiyi 2016-cı ildə fiziki şəxslərin banklardakı əmanətləri 8 milyard manatdan bir qədər çox idisə, ötən dövr ərzində bu rəqəm düz 11,4 milyard manata yüksəlib. Yəni 45%-lik artım olub. Təkcə ötən il Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 27,1% artıb.

Eyni zamanda stimullaşdırıcı tədbirlər kompleksi əmanətlərin ümumi strukturunda dollar/manat nisbətinə də müsbət təsir göstərib. Məsələn, 2022-ci ildə manatla saxlanılan əmanətlərin payı 2% artaraq ümumi portfeldə 61%-ə çatıb.

Beləliklə, güman ki, hökumətdə hesab ediblər ki, bank sektoru, daha doğrusu, bu illər ərzində ona olan inam kifayət qədər güclənib və demək, güzəştlərin müddətinin uzadılmasının da mənası yoxdur. Bank bazarının tənzimləyicisi - Azərbaycan Mərkəzi Bankı (AMB) isə bu qərara sakit reaksiya verib. Tənzimləyicinin mövqeyi ondan ibarətdir ki, bankların artıq müştəri bazasının qorunması və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi barədə düşünməsinin vaxtı çatıb.

“Hesab edirik ki, banklar həmin xərcləri öz depozit faizlərində əks etdirəcək. Düşünürük ki, depozitlərin banklardan çıxmaması və maliyyə sabitliyinin qorunması üçün banklar depozit faizlərini 10% vergi nəzərə alınmaqla artıracaq. Buna görə də bunda böyük problem görmürük”, - AMB-nin sədri Taleh Kazımov fevralın əvvəlində keçirdiyi mətbuat konfransında bildirib.

 

Lehinə və əleyhinə olanlar

Amma bir sıra ekspertlər tənzimləyicinin nikbinliyini bölüşmürlər. Məsələn, millət vəkili, iqtisadçı Vüqar Bayramov lap əvvəldən sosial şəbəkələrdə moratoriumun götürülməsini mənfi qiymətləndirib və Milli Məclisin iclaslarında çıxışlarında onun uzadılmasının zəruriliyini müdafiə edib.

“Əmanətlər üzrə faiz dərəcəsinin artması kreditlərin bahalaşmasına səbəb olacaq. Onsuz da kreditlər ucuz deyil. Tənzimləyicinin məlumatına görə, hazırkı kredit portfeli 20 milyard manata çatır – ölkə üzrə orta kredit faizi 14,13%, regionlarda isə 20%-ə qədərdir”, - V.Bayramov qeyd edib.

Onun fikrincə, vergi güzəştlərinin uzadılmaması milli valyutada əmanətlərə marağı azalda bilər: “Bu dəyişikliklər qəbul ediləndə manatla depozitlərin əmanət portfelində xüsusi çəkisi cəmi 18% idisə, hazırda bu rəqəm 61%-ə yüksəlib. Göründüyü kimi, manatın məzənnəsinin sabitliyi, milli valyutada əmanətlərə daha çox dividendlərin ödənilməsi, eləcə də vergi güzəştləri kimi amillərlə yanaşı, manat əmanətlərinə maraq da artıb”.

Odur ki, deputat güzəşt müddətinin daha bir il uzadılmasını və ya heç olmasa sığortalanmış əmanətlərin gəlir vergisindən azad edilməsini məqsədəuyğun hesab edir: “Söhbət ondan gedir ki, 100 min manata qədər əmanətlər üzrə faiz gəlirləri vergiyə cəlb olunmasın, onlarla bağlı güzəştlər saxlanılsın. Bu, sadəcə olaraq, orta təbəqəyə mənsub şəxslərin əmanətlərini əhatə edəcək. Yəni bununla bağlı diferensiallaşdırılmış yanaşma tətbiq olunmalıdır”.

Güzəştlərin ləğvinin əleyhinə olan ekspertlər belə bir fakta istinad edirlər: vergi çərçivəsində əldə edilən məbləğ dövlət büdcəsinin mədaxil hissəsi üçün o qədər də əhəmiyyətli olmayacaq. Belə ki, 2022-ci il ərzində Azərbaycan bankları əmanətlər üzrə ümumilikdə 459 milyon manat faiz ödəyib və bunun 10%-i təxminən 46 milyon manat təşkil edib. Xatırladaq ki, Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat təşkil edib. Bunun 15,5 milyard manatı isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olub.

Amma bununla bağlı fərqli fikirlər də var: güzəştlərin ləğvi barədə qərar düzgündür və vaxtında verilib, həmçinin bunun bazara mənfi təsirinin olacağını gözləmək lazım deyil. Bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirib ki, “artıq pul”dan vergi tutulması ədalətlidir: “Hətta aztəminatlı vətəndaşlar da əmlak, torpaq vergisi, ƏDV, gəlir vergisi ödəyir, bəs niyə “artıq pulu” olanlardan vergi alınmasın?”.

O əlavə edib ki, uzunmüddətli perspektivdə bu vergilər dövlət büdcəsinin sosialyönümlü xərclərinin daha yaxşı maliyyələşdirilməsinə xidmət edəcək.  

İqtisadçı ekspert Pərviz Heydərov da əmindir ki, bankların depozit portfelinin həcmində azalma olmayacaq, çünki ölkədə sabit maliyyə vəziyyəti olduğundan, manatın məzənnəsi uzun müddətdir ki, dayanıqlıdır.

Bu qərarın kreditlər üzrə faiz dərəcələrinin artmasına təsirinə gəlincə, iqtisadçının fikrincə, bu, baş verməyəcək, ən azı ona görə ki, onlar artıq yüksəkdir və bunun əsas səbəbi əmanətlər üzrə təklif olunan gəlir dərəcəsi deyil: “Əsas səbəb etibarlı və sabit likvidliyin olmamasıdır. Bankın çoxlu pulu ola bilər, lakin onların dəyəri yüksəkdirsə, bu bankdan ucuz kredit təklifi gözləməyə dəyməz”.

Lehinə və əleyhinə ilə bağlı mübahisədə son nöqtəni Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qoyub. O bildirib ki, banklar faiz dərəcələrini yüksəltmək niyyətində deyil və bu addımı yalnız bir neçə bank ata bilər: “Güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq bir sıra banklar faiz dərəcələrini artırmaqla və ya bəzi banklar reklam məhsullarını yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər. Həmin vergi məbləği faiz dərəcəsinin təqribən 1%-i həcmində dəyişməsinə səbəb ola bilər”.

 

O olmasın, bu olsun?

Bu arada, ekspertlər belə bir fikir də irəli sürürlər ki, güzəştlərin ləğv edilməsinə məqsəd hökumətin və tənzimləyicinin potensial investorların diqqətini maliyyə bazarının digər investisiya alətlərinə, xüsusən də qiymətli kağızlara yönəltmək istəyidir. Analitiklərin fikrincə, məhz buna görə AMB bank sektorunda “vintləri” bir az da sıxır. Hələ vergitutma üzrə moratoriumun ləğvi ilə bağlı qərardan əvvəl AMB banklar üçün məcburi ehtiyatların yeni normalarını tətbiq edib. Kommersiya banklarında hüquqi və fiziki şəxslərin vəsaitlərinin məcburi ehtiyat normasının manatda olan hissəsi 4%-dən 5%-ə, xarici valyutada isə 5%-dən 6%-ə qaldırılıb. O vaxt da bu qərarın kreditlərin faiz dərəcələrinə mənfi təsiri ilə bağlı narahatlıqlar var idi.

AMB-nin rəhbəri T.Kazımovun sözlərinə görə, bazarın rəqabət qabiliyyətini nəzərə alınsa, əmanətlərə tətbiq edilən vergi və məcburi ehtiyatların artırılması yalnız bankların marjasına təsir edəcək: “Mən artıq qeyd etdim ki, mənim fikrimcə, marja çox yüksəkdir, buna görə də “sıxmaq” üçün yer var.

Gördüyünüz kimi məcburi ehtiyatların normaları dəyişdirildikdən sonra yeni verilən kreditlər üzrə faiz dərəcələri dəyişməyib”.

AMB-nin baş direktoru Vüqar Əhmədov qeyd edib ki, manat öhdəlikləri üzrə ehtiyatlara yeni normaların təsiri təxminən 0,16%, xarici valyutaya isə 0,01% təşkil edir. Odur ki, Azərbaycan Mərkəzi Bankı hesab edir ki, bu xərclər kreditlərin faiz dərəcələrinə təsir etməyəcək.

“Kreditlər üzrə faizləri bazar formalaşdırır və burada əsasən 4 amil rol oynayır: faiz xərcləri – resursun dəyəri; qeyri-resurs xərcləri; risklər; marja. Bankların faizin formalaşması ilə bağlı daxili siyasəti var və onlar rəqabət mühitində dərəcələrin ciddi şəkildə artırılmasını istəmir”, - V.Əhmədov vurğulayıb.

Bu arada, qeyd olunan artımlar və məhrumiyyətlər fonunda kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirlərinin 2023-cü il fevralın 1-dən 5 il müddətinə vergidən azad edilməsi ilə bağlı qərar maraq doğurur. Qeyd edilib ki, belə bir addımın atılmasına məqsəd qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.

AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev forumlardan birində Azərbaycanın kommersiya banklarının uzunmüddətli istiqrazlar buraxa biləcəyi ilə bağlı fikirləri diqqət çəkir. Onun sözlərinə görə, bu kapital bazarının inkişafından irəli gələn məsələdir: “Burada digər sual meydana çıxır ki, görəsən, hazırda onların milli valyutada uzunmüddətli investisiya etməklə bağlı müştəri bazası varmı?”.

Ekspertlər artıq proqnozlaşdırıblar ki, yeni tutulan pullardan narazı qalan əmanətçilər və ya depozit haqqında düşünən investorlar “artıq pullarını” saxlamaq və artırmaq üçün alternativ alətlər axtarmağa başlaya bilərlər. Digər tərəfdən hökumət uzun illərdir ki, qiymətli kağızlar bazarını canlandırmağa və ona yeni oyunçular cəlb etməyə çalışır. Amma bu məsələdə demək olar ki, uğur qazanmayıb. Yəni əmanətlərdən əldə edilən gəlirə vergi qoyulmasından “inciyənlər” resurslarını vergidən azad olan alətə yönəldə bilər.

Hər halda, tənzimləyicilər, ekspertlər və bankirlər bildirirlər ki, bazar iştirakçılarının davranışını proqnozlaşdırmaq hələ də çətindir. Yeni qərarların maliyyə bazarında nəyə ziyan verəcəyini və nəyə xeyir gətirəcəyini dəqiq başa düşmək üçün daha bir neçə aya ehtiyac duyulur.


MƏSLƏHƏT GÖR:

78