18 May 2024

Şənbə, 18:57

GÖZƏGÖRÜNMƏZ MÜHARİBƏ

İsraillə İran arasında davam edən «proksi düşmənçilik» getdikcə daha amansız xarakter alır

Müəllif:

15.02.2023

İsraillə ABŞ-ın tarix boyu keçirdikləri ən miqyaslı birgə hərbi təlim – «Juniper Oak 2023.2» yanvarın 26-da başa çatıb. Təlimdə təxminən 6400 amerikalı və 1100 israilli hərbçi iştirak edib. Manevrlərə 142 təyyarə, o cümlədən «B-52» strateji bombardmaçıları, «F-35» və «F/A-18 Hornet» qırıcıları, «MQ-9 Reaper» pilotsuz uçuş aparatları, ABŞ-dan aviasiya hücum qrupu da daxil olmaqla 6 hərbi gəmi və İsraildən daha 6 gəmi cəlb olunmuşdu.

 

Xüsusi mesaj verən təlim

Təlim İrana mesaj kimi qiymətləndirilsə də, Amerika rəsmiləri atışlar zamanı İran və ya digər düşmənlərə aid hədəflərin maketlərindən istifadə olunmadığını bildirirlər. ABŞ və İsraildən olan hərbi nümayəndələr deyirlər ki, «Juniper Oak 23.2» konkret hədəflərə qarşı atıla biləcək addımların deyil, tərəflərin operativ bir araya gələ bilmə bacarıqlarının ölçülməsi təlimi idi.

ABŞ rəsmisi yerli KİV-ə açıqlamasında bildirib ki, təlim konkret ölkələrə qarşı keçirilməyib, lakin İran kimi regional düşmənlər onu diqqətdən kənarda qoymayacaqlar. «Təlimin miqyası  bir sıra ssenariləri əhatə edir və İran ondan müəyyən nəticələr çıxara bilər», - deyə adının açıqlanmasını istəməyən məmur «NBC News»a bildirib.

İsrailə məxsus «Kanal 12» isə mənbəsini açıqlamadan xəbər verir ki, təlimlərin bir hissəsində Amerika bombardmançıları İranın nüvə obyektlərinin maketinə də zərbələr endirib.

İsrailin Müdafiə Ordusundan bildiriblər ki, «Juniper Oak 2023.2» qarşıdakı ildə Amerika hərbçiləri ilə birgə keçirilməsi planlaşdırılan təlimlərin yalnız birincisidir.

Elə həmin gün (26 yanvar) Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns İsrailə səfər edib, orada MOSSAD-a rəhbərlik edən David Barnea ilə görüşüb. Səfərin tərəflərin İrana qarşı hazırladıqları «proksi müharibə» ilə bağlı olduğu istisna edilmir. Təsadüf deyil ki, Tehran bu səfəri son dərəcə ehtiyatla qarşılayıb.

Hələ noyabrla SAXAL ilə Amerika hərbçiləri silsilə hava təlimləri keçirmiş, bu zaman İrana və onun regional «proksi qrup»larına zərbələrin endirilməsi sınaqdan keçirilmişdi. O zaman SAXAL rəhbəri Aviv Koxavi bildirmişdi ki, onların Yaxın Şərqdə amerikalı hərbçilərlə birgə fəaliyyəti «əhəmiyyətli dərəcədə genişləndiriləcək».

 

Zərbə mübadiləsi

İsrail ordusu təlimlə yanaşı, Cenindəki qaçqın düşərgəsi ətrafında İranla bağlı «Əl-Əqsa şəhidləri briqadası» yaraqlılarına qarşı son dövrlərin ən miqyaslı hərbi əməliyyatını da keçirib. Nəticədə, ən azı 9 fələstinli dünyasını dəyişib. Məlumata görə, öldürülənlərin əksəriyyəti yaraqlılardır.

Görünən odur ki, İran «proksi»ləri mesajı qəbul edib. Hər halda, artıq təlimlərin başa çatmasının səhəri günü – yanvarın 27-də İsrailin cənubuna ard-arda raket zərbələri endiriblər. Maraqlıdır ki, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı da yanvarın 27-si baş verib.

İsrail isə öz növbəsində, Qəzzaya raket zərbələri endirib. Bundan sonra regionda vəziyyət o qədər qarışıb ki, İsrailin Hava Hücumundan Müdafiə sistemləri Qəzzadan yeni hücumların ola biləcəyinə dair bir neçə xəbərdarlıq siqnalı verib.

Regional gərginlik fonunda Qüdsdə terrorçuların fəallığı artıb. Yanvarın 28-də 13 yaşlı fələstinli şəhərin şərqində yerləşən Silvan rayonunda odlu silahdan atəş açaraq, 2 nəfəri ağır yaralayıb. Hadisə daha bir fələstinlinin Qüdsün Neve Yakov məhəlləsində sinaqoqa hücumundan 1 sutka keçməmiş baş verib. Həmin hücum nəticəsində isə 7 nəfər ölüb, 10-dək insan yaralanıb.

Yanvarın 29-da artıq İranın özünə zərbələr endirilib. Yerli KİV xəbər verir ki, ölkə ərazisinə çoxsaylı hava hücumu olub. Söhbət İsfahandakı sursat istehsal edən mərkəzlərdən birinə edilmiş dron hücumundan gedir. Bununla yanaşı, Şərqi Azərbaycan əyalətinin Şahid-Səlimi şəhərində mühərrik yağı istehsal edən nəhəng zavodda yanğın da baş verib. Eyni zamanda İran ərazisindəki hərbi anbar və sursat istehsal edən mərkəzin də dron hücumlarına məruz qaldığı bildirilir.

Partlayışların səsi Tehranda belə, eşilidib. Şahidlərin sözlərinə görə, bundan sonra İran paytaxtının səmasına təyyarələr qaldırılıb. Yerli sakinlər Tehranda hökumət binalarına hücumların olduğunu bildirirlər.

Hələlik bu hadisələrə görə məsuliyyəti üzərinə götürən olmayıb. Lakin müxtəlif mənbələr baş verənlərin İsraillə əlaqəli qruplaşmalar ola biləcəyini düşünür. Bəlkə də söhbət İraqın şimalında, kürd muxtariyyətində yerləşən hərbi-siyasi qrupların işidir. Onların qonşu İranın ərazisində əməliyyatlar keçirmək üçün yaxşı infrastruktura, əlverişli və rahat əməliyyat meydançasına malik olduqları məlumdur.

Bu hücumlardan dərhal sonra İranın BMT-dəki nümayəndəsi Əmir Səid İravani bildirib ki, əldə olunmuş məlumatlar «bu təcavüz cəhdinə görə məsuliyyəti məhz İsrailin daşıdığını göstərir». Onun sözlərinə görə, İran «İsraildən gələn istənilən təhdidə və qanunsuz əmələ qəti cavab vermək haqqını özündə saxlayır».

Xatırladaq ki, Tehran hələ ötən il İsraili öz agentləri vasitəsilə İran ərazisinə hücum planlaşdırmaqda ittiham edirdi. İyulda isə İran hökuməti İsrailə işləyən kürd yaraqlılarından ibarət diversiya qrupunun saxlanıldığı haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, qrup İsfahanda «məxfi» müdafiə sənayesi mərkəzini partlatmağı planlaşdırırmış.

Yayılmış versiyalardan birinə görə, İrana zərbələr endirmiş dronlar havaya elə bu ölkənin öz ərazisindən qalxıb.

Hadisədən bir gün əvvəl İsrailin baş naziri Nazirlər Kabinetinin Qüdsdə törədilmiş terror aktına həsr olunmuş iclasında demişdi: «Bizim cavabımız güclü, ani və dəqiq olacaq. Kim bizə zərər verirsə, biz onlara da, onlara kömək edənlərə də zərər verəcəyik».

 

İsrailin «qırmızı xət»ləri

Baş nazir «onlara kömək edənlər» dedikdə, yalnız İran «proksi»lərini deyil, İranla hərbi-texniki sahədə əlaqələri olan dövlətləri də nəzərdə tuta bilər. Təl-Əvivdə Moskva-Tehran əməkdaşlığını diqqətlə izləyirlər və bu mənada, onlar İranın Rusiyadan «Su-35» qırıcıları alması ilə bağlı razılaşmaya son dərəcə həssas yanaşırlar.

Bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və səbəb bəlkə də elə İsrailin Moskva ilə Tehranın hərbi-siyasi yaxınlığından narahatlıq keçirməsidir. Netanyahu Putinlə söhbətinin bəzi detallarını Fransanın «La Chaîne Info» telekanalına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, tərəflər «bir-birini narahat etməmək», «bir-birinin işlərinə qarışmamaq» haqda razılığa gəlib. «Əvvəlcə mən Putinə dedim ki, «baxın, bizim seçimimiz var: qarşıdurmaya da gedə bilərik, ümumi dil də tapa bilərik. İsrail sərbəst hərəkət edir… Biz sənin Suriyadakı işlərinə qarışmırıq, sən isə bizə narahatlıq yaratmırsan», - deyə baş nazir bildirib.

İsrailin Yaxın Şərqlə bağlı niyyətlərindən də danışan Netanyahu bildirib ki, İran Suriya ərazisinə, İsraillə sərhədə ordu yerləşdirməyi planlaşdırır. Baş nazirin fikrincə, Tehran, ümumiyyətlə, yəhudi dövlətini məhv etmək istəyir. Bu mənada, o, Rusiya prezidentindən israillilərin iranlılarla qarşıdurmasına mane olmamasını istəyib. Əvəzində, İsrail Rusiyanın Suriya ərazisindəki fəaliyyətinə müdaxilə etməyəcək: «Biz bir-birimizə narahatlıq yaratmamaq qərarına gəldik. Hərə öz işini görsün».

Fransa prezidenti Emmanuel Makron ilə danışıqlar zamanı isə Netanyahu İsrailin İrana qarşı gizli əməliyyatlarının sonda başqa dövlətlərin, o cümlədən Ukraynanın da işinə yaradığını deyib. Burada söhbət, şübhəsiz ki, İranın Suriya ərazisində dron və reaktiv raket istehsalı məqsədilə yaratdığı infrastrukturun məhv edilməsindən gedir.

Maraqlıdır ki, vəziyyət ABŞ-ın dövlət katibi Entoni Blinkenin İsrailə gözlənilən səfəri ərəfəsində gərginləşib. Blinken özü isə İsraildə olarkən açıq şəkildə bildirib ki, Vaşinqton İsrailin İrana qarşı addımlarına aktiv dəstəyi davam etdirəcək.

İsrailin müdafiə naziri Yoav Qalant isə dövlət katibi ilə görüşündə bildirib ki, Təl-Əviv ilə Vaşinqton İranla mübarizənin vacibliyi məsələsində ümumi mövqeyə malikdir. «Biz düşünürük ki, İran nüvə silahına malik olmamalıdır və biz onun regionda həyata keçirdiyi hücumlara göz yummaq fikrində deyilik», - deyə nazir qeyd edib. Qalant deyib ki, iki ölkənin bu yaxınlarda keçirdiyi birgə kompleks təlimlər müdafiə sahəsində əlaqələri yeni səviyyəyə yüksəldib.

 

Başqasına quyu qazan…

Təl-Əviv ilə Vaşinqton bir ağızdan bildirirlər ki, müdafiə sahəsində regional əməkdaşlığı inkişaf etdirmək üçün «mövcud və potensial müttəfiqlərlə birgə işləyəcəklər». Bunu İsrailin müdafiə naziri də təsdiqləyib.

«Potensial müttəfiqlər»lə işləmək niyyəti özünü İsrailin Azərbaycanla sıx əməkdaşlığında aydın şəkildə göstərir. Amerikanın dövlət katibinin İsrailə səfəri başa çatdıqdan sonra bu ölkənin müdafiə naziri azərbaycanlı həmkarı Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə zəng edib. Söhbət zamanı tərəflər son dövrlərdə törədilmiş terror aktlarını qəti şəkildə pisləyib, regional təhlükəsizlik məsələlərini, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib.

Son zamanlar baş verənləri nəzərə alsaq, belə təəssürat yaranır ki, İran Bakını məqsədli şəkildə özünün İsraillə apardığı «proksi münaqişə»yə cəlb etməyə çalışır. Başqa sözlə, məqsəd münaqişənin coğrafiyasını genişləndirmək, Azərbaycandakı «proksi»lərinin gücünü artırmaq üçün qeyri-sabitlik zolağı yaratmaqdır. Halbuki Bakı qonşuları ilə hər hansı münaqişəyə cəlb olunmaqdan hər zaman qaçıb. Onun İsraillə münasibətləri isə yalnız ikitərəfli münasibətlərin gündəliyində olan məsələləri əhatə edib. Öz regionlarından kənardakı münaqişələrə cəlb olunmanın nə İsrailə, nə Azərbaycana faydası var.

Lakin indiki şəraitdə bu təhlükə əhəmiyyətli dərəcədə artır. İranın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın mətbuatı bu yaxınlarda durmadan «Qüdsə yol Bakıdan keçir» şüarını tirajlayırdı ki, bu da İranın İsraillə bağlı strategiyasında Azərbaycan istiqamətinin əsas istiqamətlərdən sayıldığının göstəricisidir.



MƏSLƏHƏT GÖR:

72