26 Dekabr 2024

Cümə axşamı, 00:09

UNO İLƏ SOVRULANLAR

ABŞ və Çin münasibətlərində külək hansı tərəfə əsir?

Müəllif:

01.03.2023

Fevralın əvvəllərində müxtəlif KİV və sosial şəbəkələr gözlənilmədən ABŞ səmasında hansısa obyektlərin göründüyünə dair xəbərlərlə dolub. Əvvəlcə onların Çinə məxsus aerostatlar, sonra isə az qala uçan naməlum obyektlər (UNO) olduğu haqda versiyalar yayılıb. Bəs bu insident ətrafında bu qədər səs-küy qaldırılmasının, qəribə bəyanatlar səsləndirilməsinin, üstəlik, bu bəyanatların ən yüksək səviyyədə dilə gətirilməsinin səbəbi nədir? Bunun Amerika-Çin münasibətləri və Birləşmiş Ştatlardakı daxili siyasi vəziyyətlə sıx əlaqəli olduğu ehtimalları var.

 

Kəşfiyyatçılar «yadplanetlilər» kimi

Çinə məxsus kəşfiyyatçı aerostat olduğu deyilən bu «nəsə» əvvəlcə Amerikanın Montana ştatı üzərində peyda olub. Bir neçə gün bütün dünya sosial şəbəkələrdə müxtəlif şahidlərin çəkdiyi videogörüntüləri izləməklə yanaşı, ABŞ Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin niyə «susduğu» üzərində baş sındırıb. Nəhayət, ABŞ prezidenti Co Baydenin göstərişi ilə fevralın 4-də Cənubi Karolina üzərində aerostatı vurub. Amma sonra ABŞ HHM sisteminin radarı başqa ştatlar üzərində də eyni uçan obyektlər aşkarlayıb. Fevralın 9-da Alyaska səmasında, 11-də Kanadanın şimal-qərbində, Yukona rayonunda, ən sonda isə Quron gölü üzərində analoji obyektlər vurulub. Onlara hücum zamanı «F-16» qırıcılarından və «hava-hava» tipli raketlərdən istifadə olunub.

Amerikalı məmurların sözlərinə görə, Cənubi Karolina sahillərində vurulmuş Çin aerostatının uçuşu kəşfiyyat məlumatları toplamaq məqsədilə keçirdiyi istisna deyil. Lakin sonradan ABŞ rəsmiləri gözlənilmədən yadplanetli obyektlər haqda danışmağa başlayıblar. Onların iddiasına görə, bu qənaətə Amerika səmasındakı digər obyektlərin ölçü və konstruksiyasına görə fərqləndiyi məlum olduqdan sonra gəlinib. Bu haqda general Qlen Vanxerk də danışıb. O isə nə az, nə çox – Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəridir. General onu da deyib ki, bu obyektlərin havada necə dayandığı və ümumiyyətlə, haradan gəldikləri məlum deyil. Daha bir məlumatda isə bildirilir ki, naməlum obyektlər səkkizbucaqlı konstruksiyaya malik olub (yəni şar olmayıb), «son dərəcə zəif» siqnal verirlərmiş (əlaqə yaratmağa çalışırlarmış?!).

ABŞ müdafiə nazirinin daxili müdafiə məsələləri üzrə köməkçisi Melissa Dalton bildirib ki, bu obyektlərin mənşəyini müəyyənləşdirmək mümkün olmayıb (yəni onların Çinə məxsus olduğu haqda iddiaların üzərindən xətt çəkilib) və bu üzdən də riskə getməmək üçün onlar vurulub. Bu da son deyil. Deyilənə görə, ABŞ Hərbi Hava Qüvvələrinin pilotları əvvəllər də komandanlığa səmada UNO göründüyünə dair dəfələrlə xəbərdarlıq edib. Guya son dərəcə iti sürətlə hərəkət edən həmin obyektlər sürətini qəflətən azalda, yenidən sürətlənə bilir, uzun-uzadı eyni yerdə dayana bilirmiş.

Bütün deyilənlər ortaya bir çox sual çıxarır. Hava şarları (yaxud istənilən digər obyektlər) Pentaqon üçün niyə bu qədər gözlənilməz olub? Niyə onları ancaq ABŞ ərazisində peyda olduqdan sonra «görüblər»? Bəs NORAD sistemi? Ümumiyyətlə, aerostat mövzusu KİV-də niyə hansısa qeyri-adi hal kimi təqdim olunur? Mümkün yadplanetlilər və bu haqda məlumatların mətbuatda yayılması məsələsi də öz yerində.

Bununla yanaşı, etiraf edilməlidir ki, heç nəyi aydınlaşdırmadan dərhal mümkün yadplanetli qonaqlara hücum etmək çox da ağıllı ideya deyil və «qonaqpərvərlik» sayılmır. Xüsusilə nəzərə alsaq ki, onlar ABŞ ərazisində hər hansı aşkar təhdid yaratmayıblar… Bəlkə belə təhdid olub, sadəcə biz bilmirik?

Hava şarı məsələsinə gəlincə, məlumdur ki, onlardan hərbi məqsədlər üçün hər zaman istifadə olunub və bu, yenilik deyil. Bu təcrübənin tarixi Birinci Dünya müharibəsi illərinədək uzanır. Üstəlik, kəşfiyyat stratostatlarından ilk dəfə məhz elə amerikalılar istifadə edib. Onlar bu təcrübədən İraq və Əfqanıstan müharibəsi zamanı da yararlanıb. Eyni üsullara SSRİ-də də əl atılıb, indi isə Rusiya əl atır. Bəzi məlumatlara görə, Rusiya ordusu Suriyada da aerostatlardan istifadə edir. Çinə gəlincə, ona məxsusi aerostatların ABŞ ərazisində peyda olması da yeni xəbər deyil (necə ki, ABŞ-a məxsus «hava kəşfiyyatçıları»nın Çin səmasında «gəzməsi»).

Yeri gəlmişkən, fevralın 12-də Ukrayna Hava Qüvvələri komandanlığı Rusiyanın onların ərazisinə «künc reflektorlu» hava şarları göndərdiyini bəyan edib. Bu bəyanatın məhz indi səsləndirildiyinin təsadüf olub-olmadığını müəyyənləşdirmək çətindir. Bu, radiolokasiya siqnallarının kəsilməsi üçün istifadə olunan oktaedr şəkilli metal konstruksiyalardır. Fevralın 14-də isə meteozonda bənzər obyekt üzündən Moldova hava məkanını müvəqqəti bağlayıb.

Hərbi xidmətdə şarlar ona görə faydalıdır ki, radarların onları qeydə alması çətindir, 30 kilometr hündürlükdə uçan bu obyektlərin vurulması üçün isə uzaqmənzilli zenit-raket komplekslərinə və ya xüsusi yüksək hündürlükdəki qırıcılara ehtiyac var. Onlar kəşfiyyat işlərini yüksək səviyyədə aparır, uzun müddət bir nöqtədə dayana bilir, hava nümunələri və s. toplayır. Onların köməyi ilə HHM sistemlərini çaşdırmaq, əraziyə partlayıcı və ya kimyəvi maddələr atmaq da olur. Bütün bunlar istər mütəxəssislərə, istərsə də geniş ictimaiyyətə yaxşı məlumdur. Belə olduğu təqdirdə, mövzunu şişirtmək nəyə gərək imiş?

 

Gərginlik fonunda

Diqqətçəkən məqamlardan biri hava şarları ilə savaşın ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsinə təsadüf etməsidir. Səfər təxirə salınıb. Bəyan edilib ki, hava şarlarının peyda olması «səfərin məqsədini pozdu». Bu, heç kəsi təəccübləndirməyib – son dövrlər ABŞ-Çin münasibətləri getdikcə pisləşir. «Responsible Statecraft» nəşri yazır ki, Vaşinqtonla Pekin arasında gərginlik davamlı şəkildə artır və onlar bir-birlərinə qarşılıqlı təhdidə çevrilirlər.

Bir yandan, bunun səbəbi detalları hər kəsə bəlli olan ticarət və sanksiya savaşıdır, digər tərəfdən isə Tayvan ətrafındakı gərginlik. Ötən ilin yayında ABŞ Konqresi Nümayəndələr Palatasının ozamankı spikeri Nensi Pelosi Taybeyə səfər etmişdisə, ötən dövrdə Vaşinqton Tayvana hərbi yardımları durmadan artırır, üstəlik, ona ciddi diplomatik dəstək verir. Çin isə ada ətrafında son dərəcə ciddi hərbi fəallıq nümayiş etdirir, kifayət qədər sərt bəyanatlar səsləndirir. Belə bir vəziyyətdə müşahidəçilər Si Cinpin ilə Co Baydenin 2022-ci ilin noyabrında Balidə keçirilmiş görüşünü faktiki olaraq iflas kimi qiymətləndiriblər.

Bu yaxınlarda keçirilmiş Münhen Təhlükəsizlik Konfransı zamanı isə ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici məsələlər komissiyası dəftərxanasının rəhbəri Van İnin görüşündə tərəflər bir-birinin ünvanına kifayət qədər «iynəli» sözlər işlədib. İndi isə aerostat Blinkenin Çinə səfərini əngəlləyib və bu, heç yerinə düşməyib (bəlkə də elə tam yerinə düşüb). Blinkenlə yanaşı, ABŞ-ın maliyyə naziri Canet Yellenin də Çinə səfəri gözlənilirdi.

Bu vəziyyətdə tərəflərin davranışı da maraqlıdır. Pekin ABŞ-ın son addımlarına cavab olaraq onu hədsiz güc tətbiqinə əl atmaqda təqsirləndirib və bunun «cavabsız qalmayacağı» ilə hədələyib. Ağ Evin sahibi isə deyib: «Bizə Çinlə münaqişə deyil, rəqabət lazımdır. Biz yeni «soyuq müharibə» istəmirik. Amma mən üzr istəmirəm». Burada ən çox təşviş yaradan dünyanın aparıcı fövqəldövlətləri arasında böhran kommunikasiyası kanallarının olmamasıdır. Hər halda, bu insidenti dinc şəkildə, ən əsası, KİV-də lazımsız səs-küy yaratmadan, sakit həll etmək olardı. UNO haqda söz-söhbətlərə nə ehtiyac var idi?

 

Əsl səbəb?

Çinin «Global Times» nəşri hava şarları ilə bağlı insidentin süni yaradıldığını yazıb. Müəllif hesab edir ki, ABŞ hökuməti bu yolla fevralın 3-də Ohayo ştatının Şərqi Palestayn şəhəri yaxınlığında relsdən çıxaraq qəzaya uğramış, 100-dən artıq vaqonu olan «Norfolk Southern» qatarı ilə bağlı xəbərləri gündəmdən çıxarmağa çalışır. Qatarın təxminən 20 vaqonunda 5 vaqon vinilxlorid olmaqla, təhlükəli maddələr daşınırmış. Hadisə yerində əmələ gəlmiş yanğın nəticəsində havaya fosgen yayılıb. Bu, Birinci Dünya müharibəsi zamanı kimyəvi silah kimi istifadə olunmuş qazdır. Federal hökumət şəhərə yalnız qəzadan bir neçə gün keçdikdən sonra qayıdıla biləcəyini bəyan edib. Ekologiya sahəsi üzrə ekspertlər və yerli sakinlər isə buna son dərəcə şübhə ilə yanaşır.

Yeri gəlmişkən, fevralda ABŞ-ı texnogen qəzalar bürüyüb. Elə həmin Ohayo ştatında metallurgiya zavodu yanıb, Arizonada «toksik material» daşıyan yük maşınının aşması üzündən qəza həyəcanı verilib və s. Yerli müşahidəçilər düşünür ki, ABŞ rəsmiləri ortaya UNO haqda söz-söhbəti məhz bu səbəbdən atıb – məqsəd əhalinin diqqətini yayındırmaqdır.

ABŞ-da prezident seçkisinin yaxınlaşması ilə daxili siyasi vəziyyət daha da qarışacaq. Odur ki, UNO səviyyəli başqa sürprizlərin də olacağını düşünmək mümkündür. Buna əmin olmaq üçün Ağ Evə kimlərin iddialı olduğunu xatırlatmaq kifayətdir. Onların arasında prezidentlik iddialarından hələ də əl çəkməyən Donald Tramp da var, Floridanın xarizmatik qubernatoru Ron Desantis də, Birləşmiş Ştatların sabiq vitse-prezidenti Mayk Pens də. Haqqında fikirlərin heç də birmənalı olmadığı hazırkı prezident Co Bayden də öz yerində.

Bir sözlə, ABŞ-da seçki kampaniyası sərt keçəcək. Buna ölkədə və dünyada müşahidə olunan iqtisadi vəziyyət də öz «töhfə»sini verəcək. Geosiyasi sahədə görünməmiş gərginliyin davam etdiyini də unutmaq olmaz. Belə bir vəziyyətdə bəzi mütəxəssislər hesab edir ki, aerostatlarla bağlı insident Vaşinqtondakı «qırğı»lara «göydəndüşmə» hədiyyə olub. Bəzi məlumatlara görə, ABŞ Nümayəndələr Palatasının hazırkı spikeri Kevin Makkarti də Tayvana səfər etmək istəyir. Üstəlik, ABŞ-ın Çinlə qarşıdurma fonunda Yaponiya ərazisinə LRHW hipersəs raketləri və «Tomahawk» qanadlı raketlər yerləşdirmək niyyəti haqda da danışılır.

Çinlilər isə öz növbələrində, gözlənildiyi kimi, şarlar ətrafındakı "Küləklə sovrulanlar" tamaşasını özlərinə uyğun şəkildə və özünəməxsus təmkinlə oynadılar. Nə demək olar? Əsas odur ki, aparıcı fövqəldövlətlərin liderləri reallıq hissini itirməsinlər. Əks təqdirdə, onsuz da xüsusilə Ukrayna hadisələri fonunda zorla qorunub saxlanılan dünya düzənində yaranacaq böhranı aşmaq çox çətin olacaq. Sovura da bilər…



MƏSLƏHƏT GÖR:

127