26 Dekabr 2024

Cümə axşamı, 00:20

BİTMƏK BİLMƏYƏN İL

Ukraynada müharibənin başlamasından keçən 1 il kimin üçünsə bir anda geridə qaldısa, digərləri üçün bitmək bilməyən ilə çevrildi

Müəllif:

01.03.2023

Rusiya-Ukrayna müharibəsinin ildönümü yalnız yeni tarixin hadisəsi olmadı. O, həm də dünya ölkələrinin mütləq əksəriyyətinin bəşəriyyət tarixinin bu faciəvi səhifəsini mümkün qədər tez çevirmək, müharibəsiz, qlobal təlatümlərsiz yaşamaq arzusunu göstərdi. Hər halda, BMT Baş Assambleyasının nümayəndələri müharibənin bir ilinin tamamlanmasına bir gün qalmış məhz buna səs veriblər. Sənəddə bildirilir ki, Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uy           ğun olaraq, «hərtərəfli, ədalətli və dayanıqlı» sülhə mümkün qədər tez nail olunması vacibdir.

Amma indiki vəziyyətdə bunun üçün sadəcə arzulamaq kifayət deyil. Hadisələrin müharibə məntiqi ilə inkişafı bir daha göstərir ki, müasir təhlükəsizlik sistemi çox zərif və yarımçıqdır. Son hadisələr məhz bunu təsdiqləyir.

Yalnız Ukraynada deyil, bütün dünyada milyonlarla insan üçün ötən il gerçəkləşən qorxulu yuxu kimi, bir anda ötüb keçdi. Bəziləri üçün isə bu il bitmək bilmədi – dəqiqələr, günlər, aylar bir-birinin ardınca dəhşətlər gətirdi və bunun nə zaman bitəcəyini təxmin etmək mümkün deyil.

 

Ukraynada Amerika-Rusiya dueli

ABŞ prezidentinin Kiyevə fevralın 20-də etdiyi gözlənilməz, müəyyən mənada tarixi səfərdən (səfər çərçivəsində o, Ukraynaya dəstək ifadə edən bir sıra əlamətdar bəyanatlar səsləndirib) bir gün sonra Rusiyanın dövlət başçısı Vladimir Putin Federal Şuraya illik müraciətini ünvanlayıb. O da müraciətinin əhəmiyyətini Ukrayna mövzusuna həsr edib.

Hər iki lider əslində eyni şeydən bəhs edib. Bayden Ukrayna ordusuna hərbi yardımı, o cümlədən ağır silahların verilməsini davam etdirmək əzmindədir. Putin isə Ukraynadakı hərbçilərinin tələbatlarının ödənilməsi üçün hərbi-sənaye kompleksinin inkişafını planlayır. Bununla yanaşı, Rusiya prezidentinin çıxışında Vaşinqtonun Ukrayna siyasətinə müəyyən cavablar da eşidilib. Moskva nüvə ssenarisini heç kimin istisna etmədiyinə növbəti dəfə eyham vurub. Rusiya tərəfinin SHS-3 müqaviləsindən təktərəfli imtinası onun nüvə yayındırıcılığı sistemini inkişaf etdirmək, istehsalın bərpası və kütləvi qırğın silahlarının sınağının təşkili niyyətinin göstəricisi kimi də qiymətləndirilə bilər. Qərb isə bu qərarı Rusiyanın Ukraynada üzləşdiyi hərbi uğursuzluqlara reaksiya kimi dəyərləndirir. Amma Moskvada bildirirlər ki, onların müqavilədən imtinası bir sıra səbəblərlə bağlıdır. Səbəblər arasında sənəddə ABŞ-ın nüvə yayındırıcılığı qüvvələrini təkmilləşdirməsinə rəvac verən «boşluğ»un mövcudluğu da göstərilir. Rusiyada hesab edirlər ki, Birləşmiş Ştatlar hələ bir neçə il əvvəl «bərpa potensialı» formalaşdırmağa başlayıb. Yəni raket və digər platformalardan sökülmüş raketlər müqaviləyə əsasən məhv edilməli olsa da, onları anbarlara yığıblar. Üstəlik, artıq nüvə başlığına malik olmayan raketlərin istənilən yerdə məhdudiyyətsiz sayda yerləşdirilməsinə də heç bir maneə olmayıb. Vaşinqtonun Mərkəzi və Şərqi Avropada Hava Hücumundan Müdafiə sistemləri qurması Moskva tərəfindən məhz buna görə SHS-3 müqaviləsindən yayınma kimi qiymətləndirilib.

2016-cı ildə Rumıniyanın Deveselu rayonunda Amerikanın Avropada ilk yerüstü HHM bazası – «Aegis» fəaliyyətə başlayıb. 2022-ci ilin yayında isə Polşanın şimalındakı Rezdikovo rayonunda analoji bazanın yaradılması işi başa çatdırılıb. Odur ki, Moskva SHS-3 müqaviləsini sadəcə, formallıq saymağa başlayıb.

Beləliklə, Rusiyanın bu müqaviləni tərk etməsi, şübhəsiz ki, müharibə riskini artırır. Belə bir vəziyyətdə prezidentlər Zelenski ilə Baydenin Kiyev görüşündən sonra səsləndirdikləri fikirlər diqqətə layiqdir. Ukrayna lideri deyib: «Bayden ilə bugünkü görüşün nəticələri özünü döyüş meydanında müsbət mənada göstərəcək. Elə etməliyik ki, 2023-cü il qələbə ili olsun». Amerika prezidenti isə bildirib ki, «qarşıda ağır günlər, həftələr və illər var. Putinin məqsədi Ukraynanı xəritədən silməkdir. Ukraynaya büdcə yardımı şəklində milyardlar ayrılacaq».

Beləliklə, Ukrayna tərəfi müharibənin bu ilin sonunadək başa çatacağına ümid edirsə, ABŞ rəhbərliyi Rusiya-Ukrayna qarşıdurmasının «illərlə» davam edəcəyini proqnozlaşdırır. Ola bilsin ki, burada söhbət hərbi əməliyyatların davam etməsindən yox, Ukraynanın «ön cəbhə» rolu oynayacağı qlobal qarşıdurmadan gedir.

 

Amerika siyasətinin dilemmaları

İndi Kiyev ABŞ-dan 500 milyon dollarlıq yeni yardım paketi gözləyir. Oraya HIMARS, döyüş sursatları, tank əleyhinə sistemlər və radarlar daxildir. Baydenin Ukraynaya «büdcə yardımı şəklində milyardların ayrılacağı» haqda sözləri Kiyevin uzunmüddətli dəstəyə bel bağlamasına əsas verir. Maraqlıdır ki, ABŞ prezidentinin Kiyevə səfərindən 1 həftə əvvəl Birəşmiş Ştatların Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli gözlənilmədən Rusiya-Ukrayna danışıqlarından bəhs etmişdi. Tərəflər danışıqlara heç bir maraq göstərməsə də, general «Financial Times» nəşrinə fevralın 16-da verdiyi açıqlamada müharibənin, güman ki, danışıqlar masası arxasında bitəcəyini bildirmişdi.

«Rusların siyasi məqsədlərinə hərbi yolla nail olması praktik olaraq, mümkün deyil. Rusiyanın Ukraynanı ələ keçirmək qərarına gələcəyi də az ehtimal olunandır. Bu, baş verməyəcək», - deyə Milli qeyd edib: «Bu, çox-çox çətin olardı. Ukrayna isə işğal olunmuş ərazilərindən bütün rus qoşunlarını qovmalıdır. Bu, mümkünsüz deyil… sadəcə, çox çətindir. Əslində, bu, Rusiya ordusunun iflası demək olardı». Amerikalı general hesab edir ki, tərəflərin hədəflərinə tam nail olması mümkün olmadığından, müharibə danışıqlar vasitəsilə başa çatdırılmalıdır.

Bu, Millinin Rusiya-Ukrayna savaşının danışıqlarla bitəcəyini dediyi ilk hal deyil. 2022-ci ilin noyabrında o, ukraynalıların münaqişənin sülh yolu ilə həllinə dair danışıqların aparılması üçün Rusiyanın itkilərindən öz maraqlarına uyğun yararlanmalı olduqlarını demiş, bununla da Ukrayna rəsmilərinin qəzəbinə səbəb olmuşdu. Sonradan general fikirlərini bir qədər konkretləşdirərək demişdi ki, «ruslarla danışıqların necə, nə vaxt aparılacağı, yaxud, aparılıb-aparılmayacağı haqda qərarı Kiyev özü verməlidir».

Rusiya mümkün danışıqlardan ABŞ-ın sabiq prezidenti Donald Tramp da bəhs edib. Son hadisələrə münasibət bildirən Tramp deyib ki, bəşəriyyət Üçüncü Dünya müharibəsinə yaxınlaşır. Sabiq prezident faktiki olaraq, ölkəsində qlobal nüvə müharibəsi riskinin azaldılması çağırışı edənlər, Ukraynaya silah tədarükünün azaldılması və Kiyev-Moskva danışıqlarına başlanılmasına tərəfdar olanlar arasında öz mövqelərini gücləndirməyə çalışır, bu üzdən də Putin ilə münasibətlərini yenidən gündəmə gətirir, bunu müharibənin dayandırılması imkanı kimi təqdim edir.

Bu, əslində, sabiq prezidentin özünəməxsus seçki kampaniyasının bir hissəsidir. O, göstərməyə çalışır ki, Amerika elitasında nəinki Moskva ilə konstruktiv, həm də müsbət dialoq təcrübəsinə malik yeganə şəxsdir. Başqa sözlə, Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə müharibəni dayandıra biləcəyini göstərməyə, bunu bacaracaq yeganə şəxs olduğu görüntüsü yaratmağa çalışır. Görünən isə odur ki, bu mövqe istər siyasətçilər, istərsə də generalitet arasında ciddi dəstək qazana bilər.

Bayden isə Kiyev səfəri ilə müttəfiqlərin Ukraynaya dəstək məsələsində həmrəyliyi qoruyub saxlamasına çalışır. Çünki yazda müharibənin daha da qızışacağı gözlənilir. Zelenski müttəfiqlərindən ona vəd olunan silah sistemlərinin tədarükünün sürətləndirilməsini tələb edir, Qərbi Ukraynaya qırıcılar da verməyə çağırır. Amma Bayden həmkarının son istəyini rədd edib.

 

Baydenin fəallığı və Çinin mövqeyi

Amma bütün bunlar Moskvanı sakitləşdirmir. Əksinə, ABŞ prezidentinin fəallığı Rusiyanın narahatlığını daha da artırıb. Bayden Polşaya səfəri zamanı yalnız Ukraynanın dəstəklənməsi istiqamətində növbəti addımları müzakirə etməklə, yolüstü Kiyevə enməklə kifayətlənməyib, həm də geri qayıdarkən Rusiya ilə həmsərhəd dövlətlərin iştirakı ilə «Buxarest doqquzluğu»nun sammitini də keçirib. Sammitin mövzusu eyni olub, baxmayaraq ki, qarşıya qoyulan məsələlərin xarakteri bir az fərqli təsir bağışlayıb. Yeri gəlmişkən, sammitdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

NATO-nun Şərq cinahını təşkil edən üzvlərin toplaşdığı «Buxarest doqquzluğu»nun Varşava sammiti yekun bəyannamənin qəbulu ilə bitib. Sənəddə Rusiyanın Ukraynaya təcavüzü pislənir, NATO şərq cinahında mövcudluğunu artırmağa çağırılır. Bütün müttəfiqlər Rusiya tərəfindən hücuma məruz qalacaqları təqdirdə bir-birlərini dəstəkləyəcəklərinə dair də razılığa gəlib.

Sammitə ev sahibliyi edən Polşanın prezidenti Anjey Duda bildirib ki, tədbirdə Bratislavada keçiriləcək «B9» Vilnüsdə təşkil olunacaq NATO sammitləri ərəfəsində atılacaq növbəti addımlar müəyyənləşdirilib, həmçinin Ukraynaya dəstəyin davam etdirilməsi yolları müzakirə edilib.

Prezident Bayden isə Şərqi Avropa ölkələrinin liderləri qarşısındakı çıxışında deyib: «Qəribədir, mən Rusiya prezidenti ilə son görüşlərimdən birində ona dedim: «Siz NATO-nun Finlandiyalaşmasından danışırsınız, lakin Finlandiyanın NATO-laşması ilə qarşı-qarşıya qalacaqsınız». Ağ Ev sahibinin eyhamı aydındır: NATO-nun şərq cinahından olan üzvlər Rusiyanın Ukraynadakı əməllərini səssiz-səmirsiz müşahidə etmək niyyətində deyil və onlar istənilən, hətta gözlənilməz zərbəni dəf etməyə hazırdırlar.

Təsadüf deyil ki, ABŞ prezidentinin təyyarəsi Polşanı tərk etməyə macal tapmamış, Polşanın Kalininqrad vilayəti ilə sərhədində tank əleyhinə maneələr peyda olub. Polşanın müdafiə naziri bunu təhlükəsizliyin gücləndirilməsi üçün preventiv addım kimi təqdim edib.

Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallığın daha bir vacib göstəricisi Çinin münaqişənin həllinə dair öz planını açıqlamasıdır. Son zamanlar Pekini Rusiyaya gizli, bəzən isə açıq dəstək verməkdə təqsirləndirirlər. Bundan başqa, Birləşmiş Ştatlarla Avropa İttifaqı Çinin Moskvaya hərbi yardım belə, göstərə biləcəyindən ehtiyatlanır. Belə yardımın göstəriləcəyi təqdirdə Çinin də təxminən Rusiya ilə eyni sanksiyalara məruz qalacağına dair açıq xəbərdarlıqlar da səsləndirilir.

Müharibənin ildönümünə Çin yəqin ki, bu narahatlıqlara cavab olaraq, 12 maddədən ibarət həll planını təqdim edib. Sənədin ilk maddəsində bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanır. Pekin bununla Ukraynanın ərazi bütövlüyünün onun müzakirə mövzusu olmadığını göstərir. Planda danışıqların vacibliyindən, mümkün bloklar qarşıdurmasından qaçılmasının əhəmiyyətindən bəhs edən maddələr də var. Amma ilk maddə əsasdır və orada Ukraynanın ərazi bütövlüyünə hörmət ifadə olunur. Məsələ ondadır ki, bu, Çinin özü üçün də son dərəcə həssas məsələdir. Pekində hesab edirlər ki, ərazi bütövlüyü məsələsində ikili standartlardan çıxış etmək olmaz. Krım Ukraynanındırsa, Tayvan Çinindir.

Çinin xarici işlər naziri Van İ bir müddət əvvəl Brüssel və Moskvaya etdiyi səfərlər zamanı Avropa və Rusiya liderləri ilə söhbətində o, əslində sənədin məzmununu təşkil edən Çin mövqeyini cilaladı.

Əlbəttə, reallıqlar o qədər də sadə deyil və ölkələr deklarativ prisiplərlə deyil, konkret maraqlarla hərəkət edir. Lakin bu halda belə, aydındır ki, siyasətin həyata keçirilməsi üçün baza elementi yenə də prinsiplərdir. Müharibənin başlamasından 1 il sonra da problemin həllinin əsas baza prinsipi istər Qərb, istərsə də Çin üçün Ukraynanın ərazi bütövlüyünün müdafiəsidirsə, Moskva buna məhəl qoymaya bilməz.

Fevralın son günlərinin daha bir vacib hidisəsi isə Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin mətbuat konfransı olub. İlin yekunları haqda danışan prezident müharibənin mümkün nəticəsini necə qiymətləndirdiyinə dair suala cavabında Kiyevin Rusiyaya təkbaşına deyil, dostlarının köməyi ilə müqavimət göstərdiyini söyləyib. «Hamımız öz vəzifələrimizi icra etsək, bizi qələbə gözləyir. Əminəm ki, qələbə olacaq. Çox istəyirəm ki, o, bu il olsun. Bunun üçün hər şeyimiz var – motivasiyamız, əminliyimiz, dostlarımız və diplomatiyamız. Bu hücum qarşısında bütün qüvvələrimizi birləşdirmişik», - deyə V.Zelenski qeyd edib.



MƏSLƏHƏT GÖR:

125