29 Aprel 2024

Bazar ertəsi, 15:16

İMKANLARA YOL AÇAN FACİƏ

Təbii fəlakətin nəticələri Türkiyənin Ermənistan, Yunanıstan və İsraillə münasibətlərinə təsir göstərəcəkmi?

Müəllif:

01.03.2023

Türkiyənin cənub-şərqində fevralın 6-da baş verən güclü zəlzələ ölkənin 10 vilayətində geniş dağıntılara və 40 mindən çox insanın ölümünə səbəb olub. Bu, əsrin ən böyük təbii fəlakəti hesab olunur.

Humanitar fəlakət beynəlxalq səviyyədə misli görünməmiş birlik və həmrəyliyə səbəb olub. Faciədən sonrakı ilk günlərdə dünyanın 80-dən çox ölkəsi Türkiyəyə 7 mindən çox xilasedici göndərib. Zərərçəkmişlər üçün ərzaq, geyim və digər maddi yardımların toplanması üçün aksiyalar təşkil olunub. 100-dən çox ölkədən yardım təklifləri gəlib. Siyasi xadimlər Türkiyəyə bu ağır gündə dəstək olmaqla bağlı çağırışlar ediblər.

Zəlzələdən sonra Türkiyəyə yardım və xilasedici göndərən ölkələr sırasında dost ölkələrlə yanaşı, Yunanıstan, Ermənistan və İsrail kimi ölkələr də var idi. Onlarda müəyyən müddət ərzində Ankara ilə soyuq, bəzən də düşmən münasibət formalaşıb. Amma hadisədən dərhal sonra hər üç ölkə Türkiyənin zəlzələ bölgələrinə yardım və xilasedici qrupları göndərib. Bundan başqa, Türkiyə ilə son illərdə münasibətlərdə soyuqluğa rəğmən Avropa İttifaqı (Aİ) tarixində ən böyük humanitar yardım kampaniyası məhz Türkiyə üçün təşkil olunub.

Təbii ki, bu addımların ölkələr arasında siyasi əlaqələrə müsbət təsir göstərməsi ehtimalı var. Bir çox müşahidəçilərin fikrincə, zəlzələdən sonra Türkiyənin sadalanan ölkələrlə münasibətlərində yumşalma və barışıq cəhdləri daha da güclənəcək.

Tarixdə buna bənzər nümunələr var. Məsələn, 1999-cu ildə İstanbulda baş vermiş zəlzələ Yunanıstan-Türkiyə münasibətlərinə müsbət təsir göstərərək Afina ilə Ankara arasında gərginliyi azaldıb. Üstəlik, həmin il Türkiyə Aİ-yə tamhüquqlu üzvlüyə namizəd kimi seçilib. Odur ki, faciənin beynəlxalq ictimaiyyətin Türkiyə və türk xalqı ilə həmrəyliyini gücləndirəcəyini, şübhəsiz ki, siyasi münasibətlərə təsir edəcəyini gözləmək olar.

 

Yunanıstanla barışıq

Zəlzələdən dərhal sonra münasibətlərin yumşalmasının ilk əlamətləri Afina-Ankara əlaqələrində müşahidə olunub. Baş verənlərlə bağlı ilk məlumatı əldə etdikdən dərhal sonra Yunanıstan hökuməti Türkiyəyə xilasedicilər qrupu göndərib. Eyni zamanda ölkədə zərərçəkənlərə yardım aksiyaları təşkil edilib. Rəsmi Afina Türkiyəyə 40 min ton humanitar yardım və 67 xilasedici göndərib.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfər edərək türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə zəlzələ bölgəsinə yollanıb, dağıntıları müşahidə edib. O, bu mənada avropalı ilk rəsmi şəxs idi. Türkiyə tərəfi Yunanıstanın dövlət televiziyasında zəlzələ bölgəsindən kadrlar göstərməsini və türk musiqisi ilə müşayiət olunan xəbərlər verməsini müsbət qarşılayıb və yüksək qiymətləndirib.

M.Çavuşoğlu isə yunanıstanlı həmkarı ilə görüşdən sonra verdiyi açıqlamada yunan xalqı və hökumətinin göndərdiyi yardımları heç bir zaman unutmayacaqlarını və bunun iki ölkə arasında münasibətlərdə yeni səhifə açan bir hadisə olduğunu qeyd edib.

Doğrudur, münasibətlərin tez bir zamanda yaxşılaşacağını söyləmək olmaz, çünki hər iki tərəf siyasi və iqtisadi xarakterli bir sıra ciddi məsələləri həll etməlidir. Türkiyə və Yunanıstan arasında soyuq münasibətlərin yaranmasının bir sıra səbəbləri var. Birincisi, sərhədlə bağlı problemlərdir. Əlbəttə, bu, yeni problem deyil, az qala Türkiyə Cümhuriyyətinin tarixi qədər, yəni bir əsrə qədər yaşı var. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, son yüz ildə sərhəd məsələlərində fikir ayrılıqlarının olmasına baxmayaraq, hər iki ölkənin kifayət qədər yaxşı münasibətlər saxladığı dövrlər olub. Başqa sözlə, Türkiyə və Yunanıstanın münasibətləri qaydaya salması mümkündür.

İki ölkə arasında gərginlik, adətən, radikal partiyaların millətçi çağırışlarının artdığı bir dövrdə müşahidə olunur. Yəni bu, bir qayda olaraq, siyasi səbəblərlə əlaqədardır.

Son gərginliyin ikinci əsas səbəbi Aralıq dənizinin şərq sahillərində karbohidrogen ehtiyatlarının kəşfi ilə bağlı fikir ayrılıqları, həmçinin onların istismarı və dünya bazarına çıxarılması ilə bağlı məsələlərlə bağlıdır. İki ölkə, xüsusən də Kipr adasının sahillərindəki neft-qaz yataqlarının bölünməsi, sahil xətlərinin müəyyən olunması və Avropaya dənizin dibi ilə boru kəmərinin çəkilməsi kimi məsələlərdə dil tapa bilmir. Daha doğrusu, onlar bir-birinə zidd cəbhələrdə idilər və münasibətlər silahlı münaqişə səviyyəsinə qədər pisləşmişdi.

Aydın məsələdir ki, iki ölkə münasibətlərində olan bu anlaşılmazlıq və problemləri radikal çağırışlar və ya müharibə vasitəsilə həll etmək mümkün deyil. Odur ki, tərəflər danışıq masası arxasında əyləşərək dil tapmalıdır. Bu mənada 6 fevral zəlzələsi iki tərəf üçün münasibətləri qaydaya salmaq, yenidən masaya qayıtmaq üçün şans yaradır. Görünür ki, hər iki tərəf yaranmış vəziyyətdən bunu anlayır.

Belə ki, Yunanıstan hakimiyyəti Türkiyəyə qarşı ciddi jest edib. Əvvəlcə xilasedicilər, yardım göndərilib, daha sonra Yunanıstan XİN başçısı Türkiyəyə gələrək zəlzələ baş verən ərazini gəzib və Türkiyəyə mənəvi dəstəyini bildirib. Üstəlik, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib, dəstəyini ifadə edib.

Bütün bunlar barışıq üçün mühüm addım idi. Görünür, Afina da Ankara ilə gərginliyin yumşalmasında maraqlıdır. Türkiyə də bunu görür və yüksək qiymətləndirir. Təbii ki, hadisələrə rasional yanaşma, radikal şüar və çağırışlardan imtina olunarsa, bir araya gəlmək, dil tapmaq mümkündür.

Fevralın 20-də Avropa İttifaqı XİN başçılarının toplantısında Yunanıstan xarici işlər nazirinin üzv ölkələrdən Türkiyəyə dəstəyi artırmaq çağırışı bu istiqamətdə atılmış daha bir addım hesab oluna bilər. Bu baxımdan, qarşıdakı aylarda Afina və Ankara əlaqələrində müsbət ab-havanın yaranacağını gözləmək olar.

 

Türkiyə-Yunanıstan münasibətləri fonunda Kipr məsələsi

Şübhəsiz ki, iki ölkə arasında münasibətlərdə dərin iz buraxan ən ağrılı məsələ Kipr adasıdır. Gələn il Kiprin iki ayrı dövlət qurumuna - Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kiprə bölünməsinə səbəb olan adaya hərbi müdaxilənin tarixindən yarım əsr keçəcək. Adada formal olaraq Cənubi Kipr və Şimali Kipr Türk Respublikası adlı iki hakimiyyət mövcud olsa da, faktiki olaraq adanın şimal hissəsi Türkiyənin, cənub isə Yunanıstanın təsiri altındadır. Yunan Kipri isə dünya birliyi tərəfindən müstəqil dövlət kimi rəsmən tanınır.

BMT və Avropa İttifaqının ada hökumətlərinin vahid dövlətdə birləşdirilməsi ilə bağlı cəhdləri uğursuzluğa düçar olub. Təbii ki, bu məsələdə adanın türk və yunan əhalisinin qarşılıqlı münasibətlərindən daha çox Türkiyə və Yunanıstan hakimiyyətlərinin təsiri var.

Yeri gəlmişkən, fevralın 12-də Cənubi Kiprdə prezident seçkisinin ikinci turu keçirilib və nəticədə, ölkənin keçmiş xarici işlər naziri Nikos Xristodoulidis qalib gəlib. 51,09% səs qazanan yeni prezident qələbə çıxışında əsas hədəfinin adanı birləşdirmək olduğunu, Ankara və Kipr türklərini müzakirə masasına qaytarmağa çalışacağını bildirib. Lakin yeni prezidentin “adada türk işğalına son qoymaq” kimi ifadələrinin o qədər də xoş qarşılanmayacağı məlumdur.

Bir sıra ekspertlərin fikrincə, bu il Qərb ölkələri Kipr probleminin həlli üçün diplomatik səyləri gücləndirəcək. Amma bu istiqamətdə hər hansı irəliləyişi yalnız Yunanıstan və Türkiyədə bu il keçirilməsi nəzərdə tutulan seçkilərdən sonra gözləmək olar. Bu ilin fevralında hər iki ölkəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken də buna eyham vurub. O, bəyan edib ki, bu ölkələrin siyasi liderləri seçkilər öncəsi sərt ittihamlardan çəkinməlidirlər. Hər iki ölkənin ABŞ-ın müttəfiqi olduğunu xatırladan dövlət katibi tərəfləri danışıqlara səsləyib və eyni zamanda zəlzələ sonrası yaranmış yumşaq ab-havanı müsbət qiymətləndirib.

Xatırladaq ki, Yunanıstanda seçkilərin aprel-may aylarında, Türkiyədə isə prezident seçkisinin hələ dəqiqləşməsə də, bu ölkənin qanunvericiliyinə əsasən may-iyun aylarında keçirilməsi planlanlaşdırılır. Bu o deməkdir ki, ən yaxşı halda hər iki ölkədə seçkilər vaxtında keçirilsə belə, payızdan tez Kipr məsələsi və ümumiyyətlə, Yunanıstan-Türkiyə danışıqlarından bəhs etmək mümkün deyil.

Digər tərəfdən zəlzələnin yaratdığı çətinliklərlə qarşı-qarşıya qalan Ankaranın Kipr mövzusuna, ümumiyyətlə, Aralıq dənizindəki enerji ehtiyatlarının istismarı kimi məsələlərə üstünlük verəcəyi inandırıcı görünmür. Yunanıstandakı seçkilərin və hökumətin formalaşdırılması prosesinin aylarla vaxt tələb edəcəyi ehtimalı da yüksəkdir. Çünki hazırkı baş nazir Miçotakisin partiyası sorğularda 30% civarında səs ala bilir. Yəni indiki hökumət qarşıdan gələn seçkilərdə uğur qazansa belə, koalisiya hökumətinin qurulması müəyyən vaxt aparacaq.

Bu mənada indiki əlverişli ab-havada Kipr mövzusu kimi ağır və “dibsiz quyuya” bənzəyən bir mövzunun Afina və Ankara danışıqlarında prioritet təşkil edəcəyi inandırıcı deyil.

 

Digər qonşular

İsrail və Ermənistanın Türkiyə ilə münasibətlərinin Yunanıstan qədər soyuq olmadığı məlumdur. İsraillə Türkiyə arasında 2010-cu ildə pisləşən münasibətlər ötən il Ankaranın da cəhdləri ilə ciddi şəkildə müsbətə doğru dəyişib. İki ölkə səfirliklərini bərpa edib, İsrail Prezidenti Türkiyəyə, Mövlud Çavuşoğlu isə İsrailə səfər edib. İsrail hakimiyyəti zəlzələ dövründə Türkiyəyə böyük xilasedici qrup göndərən ilk ölkələrdən biri olub. Əlbəttə, Ankara bu addımı alqışlayıb və güman etmək olar ki, iki ölkə arasında başlayan yaxınlaşma bundan sonra da davam edəcək.

Oxşar dostluq jestini Ermənistan hakimiyyəti də göstərib. Ankara İrəvanın Türkiyəyə xilasetmə qrupunun göndərilməsini müsbət qiymətləndirib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu normallaşma prosesini sürətləndirmək üçün İrəvanla razılaşdığını açıqlayıb. Lakin İsraildən fərqli olaraq, Ermənistan-Türkiyə münasibətlərində daha ciddi problemlər var ki, onların həlli daha çox vaxt və səy tələb edəcək.

Ümumiyyətlə, Türkiyədə baş verən zəlzələ və ya türklərin özünün dediyi kimi “əsrin fəlakəti” Ankaranın regional siyasətinə təsir edəcək. Bu, bəşər övladının daha böyük və ağır sınaqlarla qarşı-qarşıya qala bildiyini, bunun müqabilində siyasi anlaşılmazlıqların aradan qaldırılmasının daha asan, hətta vacib olduğunu göstərib. Üstəlik, zəlzələ nümayiş etdirib ki, siyasi problemlər qlobal fəlakətlər qarşısında çox cılızdır, insan övladının qarşısında daha ciddi və taleyüklü mövzular var. Bu mənada 6 fevral zəlzələsi Türkiyənin regional siyasətinin yenidən formalaşması prosesini sürətləndirəcək.



MƏSLƏHƏT GÖR:

65