2 May 2024

Cümə axşamı, 18:16

AZƏRBAYCANIN «YUMŞAQ GÜCÜ»

Bakı əsl diplomatik həllin nə olduğunu hər kəsə göstərdi

Müəllif:

01.03.2023

Əksər ekspertlərin bildirdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri yalnız ərazi düzəninin dəyişməsi ilə məhdudlaşmır. Azərbaycan işğaldan azad etdiyi ərazilərinin bərpası prosesini tam gücü ilə davam etdirir, artıq orada hasil edilən «yaşıl enerji»nin ixracını belə, planlaşdırır. Bununla yanaşı, indi dünyanın aparıcı hərbi akademiyaları savaşda dronlardan istifadə, Şuşaya Cıdır düzünün qayalıqlarının aşılması ilə təşkil edilmiş hücumun təcrübəsini öyrənir.

Çoxlarının fikrincə, 44 günlük müharibə «keçmiş SSRİ ərazisindəki lokal münaqişələrin hərbi yolla həlli yoxdur» fikrini də darmadağın edib. Azərbaycan xüsusilə danışıqların nəticə vermədiyi halda hərbi həll yolunun olduğunu hər kəsə nümayiş etdirib.

İndi isə Azərbaycan hərbi zəfərin ardınca diplomatik həll yolunda da inamla irəliləyir. Bu yaxınlarda keçirilmiş Münhen Təhlükəsizlik Konfransında yaşananlar bunu bir daha ortaya qoyub. Daha konkret desək, söhbət konfrans çərçivəsində təşkil olunmuş «Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması» plenar iclasdan gedir. Bu iclas çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında canlı debat keçirilib.

 

«Mətləbdən mətləbə fərq var»

İlham Əliyev müzakirələr zamanı qırmızı xətləri konkret və birmənalı göstərib, danışıqlar trekinin hüdudlarını dəqiq ifadə edib. Azərbaycan Prezidenti bildirib ki, «biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri». Dövlət başçısı deyib ki, «bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil. Ola bilsin ki, «ixrac edilmiş» düzgün ifadə deyil, mən yəqin ki, «gizli yolla keçirilmiş» ifadəsini üstün tutardım». Başqa sözlə, İlham Əliyev bir daha bildirib ki, Ermənistanla gələcək sülh müqaviləsində Qarabağın adı çəkilməyəcək. Mövzu qapadılıb və müzakirəyə açıq deyil.

Daha sonra dövlət başçısı İlham Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində daha bir önəmli məqamı qeyd edib: Bakı Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. «Mən bildirdim ki (ABŞ Dövlət Departamentinin rəhbəri və Ermənistanın baş naziri ilə görüşdə - red), yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar – həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə», - deyə İ.Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Əslində, Azərbaycan Prezidenti danışıqlar prosesinin regionu münaqişəli vəziyyətdən daha çox uzaqlaşdırmalı olan yeni reallıqlarını ortaya qoyub. Qarabağın ayrıca qeyd edilmədiyi sülh müqaviləsi, tranzit yollarında sülhməramlı postları əvəzinə nəzarət-buraxılış məntəqələri – barışıqdan uzunmüddətli və dayanıqlı sülhü fərqləndirən məhz bunlardır. Azərbaycanlı ekofəalların piketi fonunda nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifi ən azı Laçın yolunda vəziyyətin sahmana düşməsinə imkan verərdi. Xüsusilə BMT Beynəlxalq Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarı nəzərə alsaq, bu haqda detallı danışmaq lazımdır.

 

Qanun naminə!

BMT Beynəlxalq Məhkəməsinin Bakı və İrəvanın iddiaları ilə bağlı hökmlərinin mübahisə və diskussiyalara səbəb olacağı gözlənilən idi. Ermənistan dərhal guya qələbə qazandığı haqda danışmağa başlasa da, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasından bəlli olur ki, məhkəmənin hökmü heç də İrəvanın xeyrinə deyil. Bakıda bildirirlər ki, Beynəlxalq Məhkəmə dərhal icra edilməsi tələb olunan heç bir hökm çıxarmayıb – o, sadəcə, çağırış edib. Hüquqda bu, ciddi fərqdir.

Ermənistan və vəkillərinin bütün müqavimətlərinə baxmayaraq, İrəvanın üç tələbindən ikisi rədd edilib – «Azərbaycanın etiraz aksiyası təşkil etməsi və onu dəstəkləməsi ilə bağlı müvəqqəti tədbirlər» və «təbii qazın verilməsinin dərhal və tam bərpası, eyni zamanda təbii qazın kəsilməsindən çəkinilməsi» haqqında. Yəni məhkəmə Laçın-Şuşa-Xankəndi yolundakı piketin Azərbaycan hökuməti tərəfindən təşkil və idarə olunmadığını, orada söhbətin vətəndaş aksiyasından getdiyini etiraf edib. Bu qərardan sonra Bakıya yolun açılması ilə bağlı ünvanlanan tələblər «havada qalıb». Doğrudur, Azərbaycan tərəfinə Laçın yolunda hərəkətin bərpası ilə bağlı çağırış edilib, lakin reallıqda Ermənistanın gözlədiyi deyildi. Bundan başqa, erməni tərəfinin Laçın yolunda «maneəsiz hərəkətin təmini» tələbi ilə bağlı yekun sənəddən «sərbəst» və «tam» sözləri də çıxarılıb. Yəni Ermənistan bu yol ilə istənilən yükü daşımaq hüququnu əldə edə bilməyib.

Beynəlxalq Məhkəmənin bu qərarı Azərbaycanın bölgədə nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı planına zidd deyil. Üstəlik, BMT Beynəlxalq Məhkəməsi iki ölkə arasında mübahisəni dərinləşdirəcək və ya böyüdəcək istənilən hərəkətdən çəkinilməsi çağırışını da təsdiqləyib. 2021-ci ilin dekabrında çıxarılmış qərara əsasən, Ermənistandan azərbaycanlılara qarşı irqi zəmində nifrətin yaradılması, qızışdırılması hallarının qarşısının alınması üçün təcili tədbirlərin görülməsi tələb olunur və bu tələb qüvvədədir.

 

Vardanyan da belə getdi

Erməni tərəfi üçün ən pis xəbər isə yəqin ki, separatçıların lideri Araik Arutunyanın «dövlət naziri» Ruben Vardanyanı istefaya göndərməsi xəbəridir. Söhbət Azərbaycanın danışıqlar aparmaqdan birmənalı imtina etdiyi rusiyalı kriminal oliqarxdan gedir.

Vardanyanın mümkün istefası haqda regionda çoxdan danışılırdı. Ekspertlər də hesab edirdilər ki, kriminal oliqarx fəaliyyətinin bütün istiqamətlərində iflasa uğrayıb. Ruben Vardanyan nəinki «qarabağlıları» birləşdirə bilməmiş, əksinə, yerli klanlar arasında düşmənçiliyi daha da dərinləşdirmişdi. Separatçılar üçün «pul kisəsi» sayılan Rubenyan bu sahədə də geriləməyə yol açmışdı – əhali artıq düyü və makaronu talonla alırdı. Bir sözlə, Qarabağ hərəkatına «ikinci nəfəs» əvəzinə, «gəyirmə» gəldi.

Vardanyanın əsas “kozır”ı da əldən çıxmışdı. Söhbət guya onun Moskva ilə çox ciddi əlaqələrinin olmasından gedir. «Dövlət naziri»nin bütün səylərinə və isterikasına baxmayaraq, Xocalı aeroportunun açılmasına, azərbaycanlı ekofəalların piketinin güc yolu ilə dağıdılmasına nail ola bilməməsindən sonra nəinki onun Xankəndidəki nüfuzuna zərbə dəymiş, bu şəxsin Ermənistanın siyasi meydanında ikinci İvanişvili olmaq şansının üzərindən də xətt çəkilmişdi.

Bir sözlə, Azərbaycan Vardanyanı elə vəziyyətə saldı ki, «Vardanyan layihəsi»nin müəllifləri belə, onu Xankəndidən mümkün qədər uzaq tutmaq qərarına gəldilər.

İndi Vardanyanın istefasının Ermənistan daxilində siyasi qüvvələr nisbətinə, eyni zamanda Xankəndidə müxtəlif klan və qruplaşmalar arasındakı balansa necə təsir göstərəcəyi ilə bağlı müxtəlif versiyalar irəli sürmək olar. Fakt isə faktlığında qalır: Azərbaycan Vardanyanı istefaya məcbur edib. Bu isə bütünlükdə Ermənistanın siyasi rəhbərliyinin imicinə ciddi zərbədir. Azərbaycanın «yumşaq gücü» o qədər təsirli olub ki, indi İrəvan, xüsusilə də Xankəndidəki separatçılar çox çətin vəziyyətdədir: yaranmış vəziyyəti necə şərh etmək lazımdır ki, ictimaiyyət onu az da olsa həzm etsin?

 

Rusiya diplomatiyasının «ələ keçirmə» əməliyyatı

Baş verənlər fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edib. Səfərin formal olaraq Qarabağla heç bir əlaqəsi yox idi – nazir Bakıya Moskva ilə müttəfiqlik münasibətlərinə dair bəyannamənin imzalanmasının 1 ilinin tamam olması münasibəti ilə gəlmişdi. Bununla yanaşı, bu gün Cənubi Qafqaz trekində Rusiya diplomatiyası Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüsünü ələ keçirmək üçün ciddi səylər göstərir. Üstəlik, bu, Fransa və Ermənistanın sayəsində Aİ-nin vasitəçiliyinin faktiki olaraq iflasa uğradığı bir şəraitdə baş verir. Avropa İttifaqı Şurasının rəhbəri bir müddət əvvəl Münhendə şəm Əliyev, həm də Paşinyanla görüşsə də, üçtərəfli görüşün təşkili mümkün olmayıb. ABŞ-ın vasitəçiliyi də nəticə vermir. Belə bir vəziyyətdə Rusiya diplomatiyası liderliyi yenidən ələ keçirmək üçün yaxşı imkan qazanır. Üstəlik, bölgədə Rusiya sülhməramlıları da var. Lavrovun «qeyri-legitim» adlandırdığı qeyri-müəyyən avropalı müşahidəçilərdən fərqli olaraq, rusiyalı sülhməramlılar hər iki tərəflə əməkdaşlığa hazırdır. Amma yenə də çox şey Rusiyanın yenidən prosesi uzatmaq yolu seçmiş Ermənistanı danışıqlar masası arxasına əyləşdirə bilib-bilməyəcəyindən asılıdır.

İstənilən halda, nazirlərin mümkün üçtərəfli görüşü haqda danışan Lavrov bildirib ki, «ötən ilin dekabrında həmkarlarımızla Rusiyada növbəti görüşün təşkilinə dair razılığa gəlinib. Ceyhun Bayramov hadisələrin sonrakı gedişini xatırlatdı. Ermənistanlı həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildiriblər. Biz isə belə görüşün təşkilinə hazır olduğumuzu təsdiqləmişik. Azərbaycan tərəfi də buna hazırdır. Ermənistan tərəfi deyir ki, buna etiraz etmir, lakin hələlik yekun razılığını da verməyib».

Ermənistan Rusiyanın vasitəçiliyini növbəti dəfə pozacaqsa, bunun İrəvan üçün siyasi nəticəsi kifayət qədər ağır ola bilər.



MƏSLƏHƏT GÖR:

75