28 Aprel 2024

Bazar, 16:02

SİNİN GİZLİ MİSSİYASI

Ekspertlər Çin ilə ABŞ-ın başçılıq etdiyi kollektiv Qərb arasında rəqabətin ciddi şəkildə güclənəcəyini proqnozlaşdırırlar

Müəllif:

01.04.2023

ÇXR-in beynəlxalq arenada güclənmə istiqamətində atdığı son addımlar ciddi geosiyasi dəyişikliklərin anonsu sayıla bilər. Söhbət birincisi, Çin sədri Si Cinpinin Moskvaya dövlət səfərindən gedir. İkincisi, Pekin bu yaxınlarda Tehranla Ər-Riyad arasında vasitəçi kimi böyük rol oynayıb.

 

Əlamətdar səfər

Moskvaya səfər çoxdan planlaşdırılsa da, o, Si Cinpinin Çin sədri postuna təkrar seçilməsindən sonra yollandığı ilk xarici səfər kimi əlamətdar olub. Üstəlik, səfər Rusiya-Ukrayna müharibəsi dövrünə təsadüf edib. Səfərin yekununda Moskva ilə Pekin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair birgə bəyanat imzalanıb. Tərəflər 2030-cu ilədək Rusiya-Çin iqtisadi əməkdaşlığının aparıcı istiqamətlərinin inkişaf planına dair birgə bəyanat da imzalayıb.

Həm Rusiyada, həm də Çində bu danışıqlar «əlamətdar», «rəmzi», «birqütblü dünya düzəninin üzərindən xətt çəkən», «yeni dünya düzənini irəli çəkən» hadisə kimi qiymətləndirilib. Bundan başqa, Rusiya KİV-i Çinlə əlaqələrin güclənməsinin ölkə iqtisadiyyatını gücləndirəcəyinə, Qərbin sanksiyaları fonunda yerli iqtisadiyyatın daha yaxşı işləyə biləcəyinə diqqət çəkib.

Əsas diqqət çəkən məqamlardan biri də Si Cinpin ilə Vladimir Putin arasında Böyük Kreml Sarayının artırmasında baş tutmuş və təsadüfən, yaxud bilərəkdən ictimailəşdirilmiş qısa söhbəti olub. Liderlər burada sağollaşmaq üçün «ayaq saxlayıblar». «Yüz il ərzində baş verməmiş dəyişikliklər məhz indi yaşanır və biz bu dəyişikliklərə birlikdə hərəkət veririk», - deyə Si Cinpin bildirib. Vladimir Putin onun fikirləri ilə razılaşıb və ardınca qonaq ona deyib: «Xahiş edirəm, özünüzü qoruyun, əziz dost».

Şübhəsiz ki, Rusiya ilə Çin arasında dövlət səviyyəsində keçirilən görüş - hər şeydən əvvəl, "vasvasılıqla səhnələşdirilmiş təmtəraq və mərasimi" diqqətlə izlənib. Maraqlıdır ki, fikirlər fərqli olub. Bir tərəfdən qərbli analitiklər Putin ilə Çin liderinin «təntənəli həmrəylik nümayiş»ini müşahidə edib, «Rusiya və Çin rəhbərlərinin bu qədər səmimi qucaqlaşmasının Vaşinqtonu narahat etməli olduğu» qənaətinə gəliblər. Məsələn, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin fikrincə, Moskva ilə Pekinin yaxınlaşması iki ölkənin ABŞ-a meydan oxumaq, «qaydalara əsaslanan dünya düzənindən qaçmaq» istəyi ilə izah olunmalıdır. Kirbi onu da bildirib ki, bu iki lider bir-birini «Vaşinqtonla mübarizədə potensial müttəfiq» kimi görür.

ABŞ-ın dövlət katibi Entoni Blinken isə bildirib ki, Çin liderinin Moskvaya Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsindən bir neçə gün sonra yollanması faktiki olaraq, onun «Rusiyaya hərbi cinayətləri davam etdirməsi üçün» diplomatik dəstək verməsinə bərabərdir. «Si Cinpinin səfəri göstərir ki, Çin özünü prezidentin (Vladimir Putinin) Ukraynada törədilən vəhşiliklərə görə məsuliyyətə cəlb olunmasına kömək etməyə borclu saymır», - deyə Blinken qeyd edib.

Baş verənlər fonunda ABŞ-ın eks-prezidenti Donald Trampın fikirləri də geniş tirajlanıb. O, bildirib ki, Rusiya lideri Putinin çinli həmkarı Cinpin ilə dəyişikliklərlə bağlı söhbəti Birləşmiş Ştatlar tarixinin ən pis anıdır.

Digər tərəfdən Ağ Ev Moskva ilə Pekinin yaxınlıq nümayişini «məqsədli nikah»dan başqa bir şey saymır. Amerikalı analitiklərin əksəriyyəti hesab edir ki, Çin küncə sıxışdırılmış Rusiyanın düşdüyü vəziyyətdən yararlanmağa çalışır. «Rusiya Çinin resurs müstəmləkəsinə çevrilir», - deyə nüfuzlu «Financial Times» nəşri yazıb. Bənzər fikirlər Almaniyanın «Spiegel» jurnalında da yer alıb. Jurnal Çinlə Rusiya arasında qeyri-bərabər tərəfdaşlıqdan bəhs edir, Si Cinpinin Putinin «az-çox vacib» sayıla biləcək yeganə müttəfiqi olduğunu bildirir. Əvəzində, Pekin Moskvadan çox şey gözləyir. Məsələn, güman ki, o, Rusiyanın birbaşa və dolayı hərbi əməliyyatlar aparmaq təcrübəsinin öyrənilməsində çox maraqlıdır. Hərbi texnologiyalar sahəsində əməkdaşlıq da öz yerində. Yaxud Moskvanın nüfuzunu hələ də qoruyub saxladığı Mərkəzi Asiyada sabitliyi təmin etməsi də Çinin maraqlarına uyğundur. Məlum olduğu kimi, bu region Çin üçün strateji əhəmiyyətə malikdir. Birincisi, o, Mərkəzi Asiya ölkələrinə nəhəng investisiyalar yatırıb, Çin üçün vacib olan resurslar oradan gəlir, vacib tranzit yolları da bu bölgədən keçir. Pekində yaxşı bilirlər ki, Qərblə ciddi münaqişənin başlayacağı təqdirdə, ABŞ və onun regiondakı müttəfiqləri cənubdan dənizlə gələn tranzit marşrutlarını asanlıqla bağlaya bilər.

Bundan başqa, Çin üçün son dərəcə ağrılı nöqtə olan Sintszyan-Uyğur muxtar dairəsinə məhz Mərkəzi Asiya vasitəsilə birbaşa təsir göstərmək mümkündür. Nəhayət, Tayvan məsələsi. «Rusiya «vahid Çin» prinsipinə sadiqliyini təsdiqləyir, Tayvanı Çinin ayrılmaz hissəsi sayır, bu bölgənin hər hansı formada müstəqilliyinə qarşı çıxır» - Moskvanın bu mövqeyi Çin üçün çox vacibdir. Bu, xüsusilə Çinlə ABŞ arasında Cənubi Çin dənizində gərginliyin artması fonunda xüsusi önəm daşıyır.

 

Əsas məqamlar

Təbii ki, Rusiya-Çin münasibətlərinin ən dəyərli istiqaməti enerji daşıyıcılarının tədarüküdür. 2023-cü ilin ilk iki ayında Rusiya Çinə neft tədarükçülərinin cərgəsində Səudiyyə Ərəbistanını geridə qoyaraq, ilk sıraya yüksəlib. Halbuki Pekin Fars körfəzi ölkələrindən ən nəhəng neft istehlakçısıdır. Rusiya KİV-i də etiraf edir ki, indi Putinin əsas məqsədi Si Cinpini «Sibirin gücü-2» layihəsinin reallaşdırılmasına razı salmaqdır. Bu boru xətti Monqolustan vasitəsilə Çinə uzanmalı, ildə 50 milyard kubmetrədək Rusiya qazının nəqlini həyata keçirməlidir. Amma maraqlıdır ki, Moskvada bu layihə ilə bağlı çoxdan gözlənilən hər hansı konkret bəyanat səsləndirilməyib. Bəzi ekspertlərin fikrincə, səbəb Çinin hazırda Kremldən daha sərfəli qiymət «qoparmaq» istəyidir. Qərbdə də belə düşünürlər. Eyni zamanda ola bilsin ki, Çin tərəfi yeni müqavilənin Moskvada deyil, Pekində imzalanmasını arzulayır – bu, Si Cinpinin Moskvaya qaz üçün getmədiyini, əksinə Putinin Çinə qaz gətirdiyini nümayiş etdirəcək.

Odur ki, Pekin-Moskva dostluğuna Rusiya KİV-nin təqdim etdiyi qədər birmənalı yanaşmaq mümkün deyil. Si Cinpinin Moskva səfəri, şübhəsiz ki, geosiyasi mənada Rusiya üçün çox önəmlidir. Lakin bu, yenə də diqqətin hansı faktlara yönəldildiyinə bağlıdır. Hər halda, iki liderin Kreml sarayının artırmasındakı bəyanatlarına baxmayaraq, iqtisadiyyatın vəziyyəti heç də təqdim olunduğu kimi deyil. Məsələn, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 190 milyard dollardırsa, Pekinlə ABŞ və Avropa arasında bu rəqəm müvafiq olaraq, 759,427 milyard və 800 milyard dollardan artıqdır. Başqa sözlə, rəqəmlər hər şeyi deyir…

Qərb üçün Çin sədrinin Moskva səfərinin ən vacib aspekti, əlbəttə ki, Ukrayna müharibəsi ilə bağlıdır. Çin bu məsələdə Qərbin terminlərinə yaxın belə, getmir, BMT-də Rusiyanın əməllərini pisləyən qətnamələrə münasibətdə bitərəf qalır, Moskva ilə fəal ticarət aparır, Rusiya mətbuatı bu ölkənin onlara ciddi yardımlar etdiyini yazır. Bununla yanaşı, Pekin tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürməyə də tələsmir, halbuki bu yaxınlarda «Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyi» ortaya qoyulmuşdu. Qeyd edilməlidir ki, Ukrayna mövzusu ilə bağlı Cinpinin Moskva səfəri zamanı da hər hansı yeni fikir səsləndirilməyib, baxmayaraq ki, Sinin Rusiyaya münaqişənin həllində konstruktiv rol oynamaq istəyən sülhməramlı kimi yollandığı deyilirdi. Qərbi ekspertlər belə, düşünürlər ki, Çin Ukrayna münaqişəsinə son qoyulması üçün Rusiyaya təzyiq göstərə bilər, çünki bu savaş Pekinin də işinə yaramır. Amma güman ki, Pekin şərqli müdrikliyi ilə susaraq, özü üçün daha əlverişli şəraitin yaranmasını gözləyir. Bununla yanaşı, Ukrayna müharibəsi Çinə sərf etmədiyi kimi, tərəflərdən konkret olaraq hər hansının tərəfini tutmaq da onun maraqlarına uyğun deyil. Belə bir vəziyyətdə Qərb Çinin Rusiyaya daha açıq dəstək verəcəyindən, hətta ona silah tədarük etməyə başlaya biləcəyindən narahatdır.

 

Vasitəçilik vasitəsilə geosiyasi təsir

Bütün bunlarla yanaşı, Qərb Pekinin vasitəçiliyini də xüsusi şövqlə qarşılamayacaq, çünki bu, onun beynəlxalq arenadakı rolunu gücləndirəcək. Əvvəllər hesab olunurdu ki, Çin nüfuzunu əsasən iqtisadiyyat vasitəsilə artırmağa çalışır – müxtəlif ölkələrə və regionlara investisiyaların yatırılması və s. Bu zaman o, özünün «Bir kəmər, bir yol» təşəbbüsünə əsaslanır ki, məqsəd də Yaxın Şərq və ətrafındakı təbii resurslara çıxmaqdır. İndi isə ola bilsin ki, Pekin xüsusilə hazırkı şəraitdə ciddi diplomatik və hərbi addımların daha çox nüfuz gətirdiyini düşünərək, strategiyasına yenidən baxmaq qərarına gəlib.

Bu yerdə bir məqamı da qeyd etmək lazımdır: Qərb müşahidəçiləri Pekinin İranla Səudiyyə Ərəbistanının barışmaq üçün niyə son dərəcə ciddi cəhdlər göstərdiyinə aydın izah verə bilmirlər. Xatırladaq ki, sonuncular 2016-cı ildə pozulmuş diplomatik münasibətləri bərpa etmək qərarına gəliblər. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ilə İran regional düşmənlərdir və Yaxın Şərqdə qarşı-qarşıya duran qüvvələri dəstəkləyirlər. Bu, özünü Suriya, İraq, Livan və Yəməndə göstərir (onların hər biri Amerika üçün vacib ölkədir). Belə bir vəziyyətdə İranla Səudiyyə Ərəbistanının yaxınlaşması, şübhəsiz ki, Yaxın Şərqdə Çinin nüfuzunu artıracaq. Xüsusilə nəzərə almaq lazımdır ki, Co Bayden administrasiyasının Ər-Riyadla münasibətləri o qədər də yaxşı deyil. Üstəlik, məlum olub ki, Moskva Səudiyyə Ərəbistanı ilə Suriya arasında sülh razılaşması üzərində işləyir və ola bilsin ki, bu işdə də Çinin özünəməxsus rolu var. Belə olan təqdirdə, ABŞ-ın beynəlxalq diplomatiyanın şəriksiz lideri statusunu itirmək riski, həqiqətən, realdırmı? Bütün bunların fonunda Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasında oynamağa çalışdığı vasitəçilik rolu necə nəticələnəcək? Bəzi mətbuat orqanları yazır ki, Ər-Riyad bu məsələdə öz şərtini konkret ifadə edib – ABŞ krallığın təhlükəsizliyinə daha konkret və daha dəqiq zəmanət verməli, onun daha müasir silahlar almasını dəstəkləməli, mülki nüvə proqramının reallaşdırılmasını dəstəkləməlidir. Bəs ABŞ buna hazırdırmı?

Sadalananları nəzərə alsaq, əksər Amerika KİV-nin Si Cinpinin Rusiyaya səfərinə Pekin-Moskva ittifaqının yaranması ilə bağlı narahatlıq kontekstində deyil, Çinin geosiyasi nüfuzunu artırması kontekstində yanaşması təəccüblü deyil. Pekin davamlı olaraq göstərir ki, o, Qərb ölkələrinin liderlik etdiyi beynəlxalq düzənlə hesablaşmaq niyyətində deyil. Bu mənada, ABŞ və müttəfiqlərini narahat edən məqamlar çoxdur və onları sadalamaqla bitirmək olmaz. Məsələn, məşhur nadir torpaq elementlərinin, təxminən, 36%-i Çindədir və o, hazırda bu sahədə beynəlxalq hasilatın yarıdan çoxuna nəzarət edir. Yaxud Çin texnoloji potensialını getdikcə artırır və innovativ texnologiyalar sahəsindəki imkanlarını hərbi sahəyə də inteqrasiya etməyə çalışır. Pekin artıq illərdir ki, orduda islahatlar aparır. Nəticədə, Çin ordusunun kosmos, kibermüharibə və radioelektron müharibə kimi istiqamətlərdə imkanları dəfələrlə artıb. Sanki Çinlə Qərbin «indi və burada» savaşdıqları bir vaxtda Çin gələcəyin müharibəsinə hazırlaşır.

Bəs ABŞ və müttəfiqlərinin Çinin artan iddialarına reaksiyası necə olacaq? Hələlik bununla bağlı dəqiq strategiya görünmür. İndiki mərhələdə bu mənada yalnız bir neçə istiqaməti qeyd etmək mümkündür. Məsələn, Si Cinpinin Moskvaya səfərilə eyni vaxtda Yaponiyanın baş naziri Fumio Kisida (bu il G7 qrupuna Tokio sədrlik edir və demək, o, Qərbin ifadəçisidir) əvvəlcə Polşa, daha sonra Kiyevə baş çəkib. Praktik olaraq, eyni vaxtda Çexiya prezidenti Pyotr Pavel Almaniyaya səfər edib və orada bildirib ki, Berlində və Praqada Çinlə münasibətlərin təftişi həyata keçirilir. Bu arada, İspaniyanın baş naziri Pedro Sançes və Fransa prezidenti Emmanuel Makronun Çinə səfərə hazırlaşdıqları da məlum olub. Amerikanın nfüzlü nəşrlərindən birində yer almış ekspert rəyində bildirilir ki, beynəlxalq enerji bazarları dəyişikliyə uğradığından, həmçinin qlobal iqlim dəyişikliklərinin nəticələri nəzərə alınaraq, ABŞ Yaxın Şərqdə nüfuzunu qorumaq əzmi göstərməməlidir. Vaşinqtonun öz neft və qazı özünə kifayətdir və Çin Fars körfəzi ölkələrinin əsas neft istehlakçısıdırsa, qoy regionun sabitliyinin qayğısına da özü qalsın. Bəlkə əvəzində ABŞ Avropa və Şərqi Asiyaya daha çox diqqət ayırsın? Amma bu, rəylərdən yalnız biridir.

Digər analitiklər əsas yerə hələ də İran problemini qoyur, Tehranın qarşısının kəsilməsi üçün regional blokun yaradılmasının vacibliyini vurğulayır, bu mənada İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasının, yəni «İbrahim razılaşması»nın formal olaraq genişləndirilməsinin önəmini qeyd edirlər. ABŞ-ın Yaxın Şərqdə müxtəlif sahələrə nəhəng investisiyalar yatırdığı da unudulmamalıdır.

İstənilən halda, yəqin ki, yaxın zamanlarda Çinlə ABŞ və ümumilikdə kollektiv Qərb arasında rəqabətin ciddi şəkildə güclənəcəyini gözləməyə dəyər. İndi Pekin özünü Qərb fövqəldövlətlərinə və onların düzəninə qarşı çıxan yeni qüvvə kimi getdikcə daha çox göstərir. Çinin dünyanın strateji regionlarında, o cümlədən Avropa, Yaxın Şərq və Afrikada nüfuzunu artırdığı getdikcə daha aydın görünür və bu, ABŞ-da kifayət qədər narahatlıq yaradır. Amerikalılar bu məsələdə, şübhəsiz ki, məğlubiyyətlə barışa bilməzlər.



MƏSLƏHƏT GÖR:

52