19 May 2024

Bazar, 01:37

ARTAN GÜC

TDT-nin Ankara sammiti türk inteqrasiyası yolunda növbəti mərhələ oldu

Müəllif:

01.04.2023

Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar, bu ölkəyə dəstək əlaməti olaraq, Ankarada keçirilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub və beləliklə, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı bir daha ortaya qoyulub.

 

Fəlakətə qarşısında birlik

Sammitdə TDT-yə daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin dövlət başçıları – İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Onlarla yanaşı,, foruma müşahidəçi statusuna malik Türkmənistanla Macarıstan da qatılıb. Onları müvafiq olaraq, türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və baş nazir Viktor Orban təmsil edib. Sammitin digər iştirakçıları Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev olublar.

«Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusunda təşkil olunmuş toplantıda əsas diqqət Türkiyəyə ölkənin cənub-şərqində baş vermiş və 50 mindən artıq insanın həyatına son qoymuş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında yardımın göstərilməsi məsələsinə yönəldilib. Türk dövlətləri Ankaraya yardım əlini uzatmış ilk ölkələr sırasında olub, oraya axtarış-xilasetmə qrupları göndərib və xeyli sayda insan həyatının xilasında rol oynayıblar. Məsələn, Azərbaycandan zəlzələ bölgəsinə 940 xilasedici, tibb işçisi və könüllü yollanıb. Onların səyləri nəticəsində dağıntılar altından 53 sağ insan çıxarılıb, 3 mindən artıq şəxsə tibbi xidmət göstərilib. Bununla yanaşı, Azərbaycan Türkiyəyə 5300 ton humanitar yardım da göndərib.

Türkdilli dövlətlərin liderlərinin Ankara görüşünün əsas nəticəsi kimi, orada qəbul olunmuş bəyannamədəki razılaşmaları göstərmək olar. Sənəddə bildirilir ki, qurumun 2023-cü ilin oktyabrında keçiriləcək sayca 10-cu sammitində  ümumi mülki müdafiə və fövqəladə vəziyyətlərə reaksiya mexanizminin yaradılmasına dair razılaşma imzalanacaq.

Ankara bəyannaməsində BMT-nin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım və Beynəlxalq Donor Konfransının keçirilməsi ilə bağlı çağırışını dəstəkləyib. Bu qiymətləndirmə Türkiyə və Suriyaya qlobal dəstəyi səfərbər etmək məqsədilə Avropa Komissiyasının Aİ Şurasında İsveç sədrliyi ilə birgə təşkil etdiyi konfransın özündə özünün praktiki təsdiqini tapdı. Məsələn, TDT-nin növbədənkənar sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş Azərbaycan Beynəlxalq Donor Konfransında 100 milyon dollar yardım ayırıb.

Ümumilikdə Ankara sammiti institusional olaraq əsası 3 oktyabr 2009-cu ildə Naxçıvanda qoyulmuş türk dövlətləri birliyinin daha da möhkəmləndiyini göstərib. Türk birliyi amili TDT-nin beynəlxalq arenadakı mövqelərinə həlledici təsir göstərir, onu Avrasiya siyasəti və iqtisadiyyatında iddialı strukturlardan birinə çevirir. Praktik olaraq, qurumun 2021-ci ildə keçirilmiş İstanbul sammitində qəbul olunmuş «Türk baxışı-2040» konsepsiyasında yer alan strateji prioritetləri həyata keçirən TDT kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən üzv dövlətlərin maraqlarının təmini baxımından böyük potensiala malikdir. Ankarada keçirilmiş növbədənkənar sammitdə qəbul edilmiş qərarlar da buna xidmət göstərəcək.

 

Konkret qərarlar

Türk dövlətlərinin əməkdaşlığının ilk mərhələsində əsas diqqət mədəni-humanitar əlaqələrin inkişafına yönəldilirdisə, indi ümumtürk inteqrasiyasının lokomotivi kimi iqtisadi əməkdaşlıq çıxış edir. Söhbət ticarət, investisiya əlaqələrinin inkişafından, nəqliyyat-kommunikasiya, infrastruktur, enerji layihələrinin reallaşdırılmasından gedir.

Ankara sammitində türk inteqrasiyasının gücləndirilməsində enerji amilinin əhəmiyyəti bir daha vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, TDT üzvləri yalnız nəqliyyat marşrutları və tədarük şəbəkəsinin genişləndirilməsində deyil, enerji təhlükəsizliyinin təmini kontekstində də strateji rola malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi qaz xətti kimi layihələrin uğurlu icrası bunu təsdiqləyir. Türk dövlətlərinin nəqliyyat-logistika sahəsində əməkdaşlığı «Orta dəhliz» layihəsinin inkişafına da təkan olacaq.

Ankarada anonsu verilmiş vacib iqtisadi-ticari qərarlar arasında İstanbulda yerləşəcək Türk İnvestisiya Fondunun yaradılması qərarı da var. Fond hər bir TDT üzvünün bərabər həcmdə kapital qoyuluşu ilə, bərabər səs hüququna malik olması şərtilə yaradılacaq. Məqsəd üzv dövlətlər arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün onların iqtisadi potensialının səfərbər edilməsidir. Nəzərə alsaq ki, Ankara bəyannaməsində də deyildiyi kimi, qurumun hədəfi həm də türk dünyasının dəyərlərinin, maraqlarının irəli çəkilməsidir, söhbət heç də yalnız iqtisadi potensialın səfərbər olunmasından getmir.

 

İlham Əliyevin ismarışları

TDT-nin siyasi mövqeyinin ifadəsi kontekstində Ankara bəyannaməsində qeyd olunan bir fikir prinsipial əhəmiyyət daşıyır. Söhbət son zamanlar nifrət, ədavət zəmnində müqəddəs «Quran» kitabına qarşı törədilən cinayətlərin qətiyyətlə pislənilməsindən gedir. Bu, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi türk dövlətlərinin ənənəvi əxlaqi dəyərlərə sadiqliyinin, onların son zamanlar Qərb ölkələrində getdikcə daha çox yayılan irqçiliyə, ksenofobiyaya və islamofobiyaya qarşı olduğunun təsdiqidir.

TDT-nin Ankara sammiti iştirakçılarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu da pislədikləri xüsusi vurğulanmalıdır. Liderlər bütün günahkarların məsuliyyətə cəlb olunması üçün təcili və hərtərəfli təhqiqatın aparılmasının vacibliyini bildiriblər.

Sammitdə Prezident İlham Əliyev də vacib ismarışlar verib. Yeri gəlmişkən, növbədənkənar sammitin iştirakçıları bu toplantının keçirilməsi təşəbbüsünü irəli sürdüyü üçün İ.Əliyevə minnətdarlıqlarını bildiriblər.

Dövlət başçısı, ilk növbədə, bildirib ki, onun bu təşəbbüslə çıxış etməsi Azərbaycanla Türkiyənin hər zaman – istər xoş, istərsə də pis günlərdə birlikdə olduqlarının təsdiqidir. İlham Əliyev bu mənada, 2020-ci ildə baş vermiş və Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük müharibə zamanı Türkiyənin və dövlət başçısı Ərdoğanın Bakıya siyasi və mənəvi dəstəyini də xatırladıb. Prezident türk həmkarlarının və ümumilikdə dünya birliyinin diqqətini növbəti dəfə həmin işğalın nəticələrinə çəkib: Azərbaycan şəhər və kəndlərinin məqsədli şəkildə dağıdılması, tarixi və dini abidələrin məhvi, Azərbaycanın təbii resurslarının talanı, ekologiyaya vurulmuş ciddi zərbə. Ermənistanın itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi haqda məlumat verməkdən boyun qaçırması da qəti şəkildə pislənilib, bildirib ki, bu, həmin şəxslərin qətlə yetirildiklərini düşünmək üçün əsasdır (bu versiyanı işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması daha da gücləndirir). İşğal dövründə Azərbaycan ərazilərinin minalanması da pislənilib. Xatırladaq ki, bu minalanma nəticəsində ərazilərin işğaldan azad olunmasından sonra 300-dək azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb.

İlham Əliyev sammit iştirakçılarının diqqətini bir məqama da çəkib: Ermənistan Praqa və Soçidə ötən il keçirilmiş görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanısa da, hələ də Azərbaycan ərazisindən öz qoşunlarını tam çıxarmayıb. Bundan başqa, Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsində qanunsuz erməni silahlı birləşmələri və kriminal elementlər də qalmaqdadır. Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməkdən də boyun qaçırır. «Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır», - deyə İlham Əliyev qeyd edib.

Azərbaycan lideri Qarabağ və Şərqi Zəngəzurun bərpası, Ermənistan tərəfindən tamamilə dağıdılmış geniş ərazilərə həyatın qaytarılması prosesində fəal iştirakına görə Türkiyəyə minnətdarlığını bildirib. «Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib», - deyə dövlət başçısı qeyd edib.

Prezident Özbəkistanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikdiyinə görə Şavkat Mirziyoyevə, eyni rayonda yaradıcılıq mərkəzinin inşasına görə isə Kasım-Jomart Tokayevə təşəkkür edib. Bundan başqa, İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasını yüksək qiymətləndirib.

İ.Əliyev azərbaycanlıların tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura qayıtmalarının vacibliyini xüsusi vurğulayıb. Söhbət 1920-ci ilin noyabrında Sovet hökumətinin qərarı ilə Azərbaycandan qoparılaraq Ermənistana verilmiş, bununla da, türk dünyasının coğrafi baxımdan bölünməsinə səbəb olmuş ərazilərdən gedir. «1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıdıb», - deyə dövlət başçısı bildirib: «Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir». Beləliklə, «biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir».

İlham Əliyev TDT tribunasından milli sərhədlərindən kənarda yaşayan türklərin hüquqlarının qorunması ilə bağlı növbəti çağırışını da edib. «Hörmətli həmkarlar, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır», - deyə o, vurğulayıb.

Beləliklə, Azərbaycan TDT-nin gündəliyində türk dövlətlərinin bu qurumun inteqrasiyasında daha çox maraqlı olmasını təmin edəck məsələlərin yer almasına çalışır. İndi TDT-nin getdikcə daha cəlbedici təşkilata çevrildiyinə şübhə yoxdur. Qurbanqulu Berdiməhəmmədov da qurumun növbəti sammitində Türkmənistanın təşkilata tamhüquqlu üzv olacağının anonsunu təsadüfən verməyib. Qeyd edək ki, növbəti toplantı bu ilin oktyabrında Qazaxıstanın Türküstan şəhərində keçiriləcək. Bu, UTC-nin gücləndirilməsi, türk dünyası məkanında getdikcə daha geniş vüsət alan inteqrasiya proseslərinin genişləndirilməsi mənzərəsinə daha bir işarədir.



MƏSLƏHƏT GÖR:

61