7 May 2024

Çərşənbə axşamı, 04:13

AİLƏDƏ ARTIM

Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına «yaşıl işıq yandırdı»

Müəllif:

15.04.2023

Finlandiya NATO-ya üzv oldu. Bu, Şimali Atlantika Alyansı ilə Rusiya ilə münaqişənin qızışması fonunda onun genişlənməsi kontekstində son dərəcə vacib hadisədir. Amma baş verənlər Türkiyənin NATO-da malik olduğu rol baxımından da maraqlıdır. Məsələ ondadır ki, istər Finlandiyanın alyansa qoşulması, istərsə də İsveçin quruma üzv ola bilməməsində həlledici amil məhz Ankaranın mövqeyi olub. Ən azı hazırkı dövrdə bu, belədir.

 

«Ən yaxşı hədiyyə»

Finlandiya ilə İsveçin İkinci Dünya müharibəsindən sonra onilliklərdir yürütdükləri neytrallıq siyasətinə Rusiya-Ukrayna müharibəsi son qoyub. 2022-ci il fevralın 24-də bu savaşın başlaması ilə bu iki Skandinaviya ölkəsi də hərbi bloklarda yer almamaq qərarlarına yenidən baxmağa başlayıblar. Artıq üç ay sonra onların hər ikisi NATO-ya üzvlüklə bağlı ərizə ilə çıxış ediblər.

5 iyul 2022-ci ildə NATO üzvlərinin əksəriyyəti Finlandiya ilə İsçevin alyansa qoşulmasına dair protokolu imzalayıblar. Onlar hesab edirdilər ki, NATO-nun Skandinaviyanın ən böyük dövləti olan İsveçin və Rusiya ilə min kilometrdən uzun sərhədə malik Finlandiyanın hesabına genişlənməsi Baltik regionunda və ümumilikdə Avropada qurumun mövqeyini gücləndirəcək. Lakin həmin vaxt Türkiyə bu ölkələrin NATO-ya üzvlük yolunu kəsmişdi. Səbəb İsveçlə Finlandiyanın kürd terror təşkilatlarının bu ölkələrə sığınmış nümayəndələrini, həmçinin Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdində təqsirləndirilən şəxsləri dəstəkləməsi idi. Ankara Stokholm və Helsinkidən bu siyasətdən əl çəkmələrini tələb edir, onların alyansa yolunun açılması üçün bunun şərt olduğunu bildirirdi. Belə bir vəziyyətdə Türkiyənin Finlandiya və İsveçlə probleminin həlli üçün ötən il iyunun 28-də Ankaranın tələblərinin yerinə yetirilməsi istiqamətində konkret addımların atılmasını nəzərdə tutan Madrid memorandumu imzalanmışdı. Helsinkinin bu üçtərəfli sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməsi nəticəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il martın 17-də Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası prosesinə başlanıldığını açıqlamışdı. Artıq martın 30-da Türkiyə Böyük Millət Məclisi sənədi təsdiqləmiş, bununla da, Finlandiya Şimali Atlantika Alyansına üzvlük üçün tələb olunan bütün hüquqi əsasları qazanmışdı.

Beləliklə, NATO-nun yaradılmasının 74-cü ildönümündə – aprelin 4-də Finlandiya rəsmən qurumun 31-ci üzvünə çevrilib. Türkiyə Finlandiyanın bloka üzvlüyünün ratifikasiyasını təsdiqləyən sənədi Şimali Atlantika Alyansının yaradılmasına dair Vaşinqton müqaviləsinin qoruyucusu olan Vaşinqtona NATO üzvlərinin XİN başçılarının qurumun Brüsseldəki mənzil-qərargahında keçirilən toplantısında təqdim edib. Bununla da, Helsinki NATO üzvünə çevrilib. Finlandiya da öz növbəsində, Türkiyədən aldığı analoji sənədi Vaşinqtona təqdim edib. Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya «NATO-nun müasir tarixində bloka ən qısa müddətdə üzv olan ölkədir». O, bu prosesi alyansın 74 yaşına «ən yaxşı hədiyyə» kimi qiymətləndirib.

Amma NATO-nun Finlandiya ilə İsveçi eyni anda üzvlüyə qəbul etməyə olan ümidləri doğrulmayıb. Çnüki Türkiyənin sonuncu ilə bağlı tələbləri yerinə yetirilmədiyindən, Ankara onun bloka yolunu açmağı düşünmür.

 

İsveç maneələri aşa biləcəkmi?

Ankaranın əməlləri göstərir ki, ABŞ və Avropanın aparıcı dövlətlərinin təzyiqlərinə baxmayaraq, o, İsveçlə bağlı tələblərindən imtina etmək niyyətində deyil. Bununla yanaşı, aydındır ki, Stokholm Madrid memorandumu ilə müəyyənləşmiş öhdəlikləri yerinə yetirmək üçün Finlandiyadan daha ciddi səylər göstərməlidir. Çünki İsveçdən fərqli olaraq, Finlandiyanın siyasi həyatında kürd amili hər hansı əhəmiyyətli rola malik deyildi.

Türkiyə iddia edir ki, Stokholm «Kürd Fəhlə Partiyası»nın (PKK) üzvlərinin, həmçinin vaiz Fətullah Gülən tərəfdarlarının Ankaraya təhvil verilməsi ilə bağlı tələbə əməl etmir. Bu məsələlərin həllinə dair keçirilmiş danışıqlar nəticə verməyib. Halbuki Stokholm Ankaranın könlünü almaq üçün müəyyən addımlar da atıb. Məsələn, ölkədə terrorçuluqla mübarizəyə dair qanun qəbul olunub, İsveç Avropa İttifaqı Şurası və Avropa Komissiyasına rəhbərlik edən ölkə kimi, Türkiyə və Suriyada baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək üçün Beynəlxalq Donorlar Konfransı təşkil edib.

Lakin bütün bunlar Türkiyənin tələblərinin aktuallığını azaltmayıb. Üstəlik, Stokholmun aşkar təxribatçı addımları Ankaranın ona münasibətini daha da pisləşdirir. Söhbət heç də yalnız PKK üzvlərinin İsveçdə Türkiyə əleyhinə icazəli aksiyalar keçirməsindən, yerli məhkəmələrin onların Türkiyəyə ekstradisiyasına imkan verməməsindən getmir. İsveçdəki «Quran» kitabının yandırılması aksiyaları da Türkiyədə böyük qəzəb yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu aksiyalar yalnız müsəlmanların təhqir olunması deyil, «ümumilikdə bütün insanların, insan haqları və azadlıqlarının təhqir edilməsidir».

İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar bu ilin fevralında Türkiyənin Stokholmdakı səfirliyi qarşısında növbəti dəfə «Quran»ın yandırılmasından və paytaxt meriyası qarşısında Ərdoğanın obrazında yaradılmış kualanın başıaşağı asılmasından sonra «dondurulub». Məlumdur ki, bu əməllər İsveç hökumətinin razılığı ilə baş verir. Hər halda, Finlandiyanın NATO-ya qəbul edildiyi gün – aprelin 4-də qurumdan kənarda qalmış İsveçin inzibati məhkəməsi polisin «Quran» kitabının yandırılması aksiyasına qoyduğu qadağanı ləğv edib. Elə həmin gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billstryom ilə görüşdə bildirib ki, İsveçin NATO-ya üzv olması üçün «terrorçuluqla mübarizəyə hesablanmış əməkdaşlıq vacibdir». Başqa sözlə, Ankara mövqeyində qalır. NATO rəhbərliyi isə onun ölkədə mayın 14-də keçiriləcək prezident seçkisindən sonra mövqeyini dəyişəcəyinə, nəticədə, alyansın iyulun 11-də Vilnüsdə keçirilməli olan sammitində İsveçin alyansa qoşulacağına ümid edir.

Bununla yanaşı, İsveçin NATO-ya yolunu Macarıstan da bağlayır. Rəsmi Budapeşt baş nazir Viktor Orbanın Stokholm tərəfindən sərt tənqid olunmasından narazıdır. Doğrudur, Macarıstan əngəli Türkiyə ilə müqayisədə daha kiçikdir, lakin o da İsveçdən mövqe dəyişikliyi tələb edir. Bəli, İsveç NATO üzvü olmaq istəyirsə, mövqeyini dəyişməlidir. Aydındır ki, Şimali Atlantika Alyansının indiyədək neytrallığa üstünlük vermiş Skandinaviya dövlətləri hesabına genişlənməsi istənilən halda, müasir qlobal siyasətin əlamətdar hadisələrindəndir.

 

Rusiya böyüyən NATO ilə üz-üzə

Finlandiya Prezidenti Saule Niinistyo ölkəsinin alyansa üzv olduğu gün bildirib ki, onların bu qərarı «heç bir dövlətə qarşı atılmış addım deyil», «Finlandiya sabit, siyasəti təxminedilən, mübahisələrin sülh yolu ilə həllinə çalışan Skandinaviya ölkəsidir». Lakin aydındır ki, Finlandiyanın NATO-ya qoşulmasına, həmçinin bütün maneələrə rəğmən, İsveçin də bloka gözlənilən üzvlüyünə Rusiya-Ukrayna müharibəsindən ayrı yanaşmaq olmaz. Finlandiyanın NATO-ya üzvlüyünün əhəmiyyəti hər şeydən öncə, onun Rusiya ilə təxminən 1300 kilometrlik sərhədə malik olmasındadır. Yəni alyansın Rusiya ilə sərhədi təxminən 2 dəfə böyüyüb. Bu, Moskva üçün ciddi amildir: indi ölkənin şimal-qərbinin böyük hissəsi NATO ilə həmsərhəddir.

Onu da nəzərə alsaq ki, Finlandiya Şimali Avropanın müdafiə potensialı ən güclü dövlətlərindəndir, onun alyansa üçün ordu və hərbi-texniki baxımdan da böyük əhəmiyyəti var. NATO, şübhəsiz ki, Finlandiyanın dünyada buzqıran gəmi texnologiyasında öncül yerlərdən birini tutmasından da yararlanmağı düşünür. Odur ki, yeni üzv alyansın Arktika regionundakı dəniz əməliyyatlarına birbaşa cəlb oluna bilər. Söhbət yenə də Qərbin Rusiyaya əsas rəqib olduğu sahədən gedir.

Kremlin Finlandiyanın NATO-ya qəbuluna reaksiyası isə öz-özlüyündə hər şeyi deyir. 2022-ci ilin iyununda alyansın Madrid sammitində Finlandiya ilə İsveçin quruma üzvlüyü məsələsi müzakirə olunduqda Rusiya Prezidenti Vladimir Putin demişdi: «Bizi Finlandiya ilə İsveçin NATO-ya üzvlüyü ilə əlaqədar narahat edəcək heç nə yoxdur – nə ərazi məsələmiz, nə hər hansı başqa mübahisəmiz. İstəyirlərsə, buyursunlar». Bununla yanaşı, Putin bildirmişdi ki, indiyədək bu ölkələrə hər hansı təhdid yox idisə, onların ərazisində NATO hərbi kontingenti və infrastrukturunun peyda olmasından sonra Moskva «eyni addımları atmaq, eyni təhdidləri yaratmaq məcburiyyətində qalacaq».

Vəziyyəti artıq Finlandiyanın NATO-ya qəbulundan sonra da şərh edən Moskva bu dəfə narahatlığını açıq şəkildə dilə gətirib. Dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, alyansın genişlənməsi Rusiyanın maraqlarına «növbəti qəsddir», odur ki, onlar cavab addımları atmaq fikrindədirlər. Rusiya XİN-i isə öz növbəsində, Finlandiya ərazisində NATO-nun hücum sistemlərinin və digər hərbi infrastrukturunun peyda olacağı təqdirdə «istər hərbi-texniki, istərsə də başqa xarakterli tədbirlər»in görüləcəyini bəyan edib.

İstənilən halda, aydındır ki, NATO-nun Finlandiya, perspektivdə isə İsveçin hesabına genişlənməsi Qərblə Rusiya arasında getdikcə qızışan qarşıdurmanın bir hissəsidir. Aprelin 4-dəki tədbirdə NATO-nun baş katibi Stoltenberq bildirib ki, Putin Rusiya qoşunlarının Ukraynaya daxil olduğunu bəyan etməklə, «sərhədində NATO-nu daha az görmək istəyirdi», «istəyirdi ki, daha Avropanın heç bir ölkəsi NATO-ya üzv olmasın». «Lakin Putin bunun tamamilə əksini görür», - deyə o, qeyd edib.

Bu «əks»in qlobal təhlükəsizliyə və bütün dünyanın taleyinə necə təsir göstərəcəyi isə yəqin ki, yaxın zamanlarda məlum olacaq.



MƏSLƏHƏT GÖR:

62