19 Aprel 2024

Cümə, 10:02

SUYUN ALTINDA, TORPAQDA VƏ KOSMOSDA

Türkiyə dünya iqtisadiyyatında iqtisadi mövqelərini gücləndirəcək bir neçə nəhəng layihəni işə salıb

Müəllif:

01.05.2023

Aprel Türkiyə üçün ölkənin nəhəng regional layihələri işə salınması ayı olub. Hədəf ölkə iqtisadiyyatını dünya miqyasında keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir. Onların, demək olar ki, hər biri «Türkiyənin yüzilliyi» konsepsiyası çərçivəsində reallaşdırılsa da, dolayısı ilə həm də Prezident Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyasında müəyyən rol oynayır.

Qardaş ölkədə həyata keçirilən qlobal layihələr, şübhəsiz ki, onun Azərbaycanla əməkdaşlıq səviyyəsində də müsbət təsirini göstərir. Bunu hər iki ölkənin prezidentləri İstanbulda keçirilən «TEKNOFEST» aerokosmik və texnologiya festivalındakı çıxışlarında da dilə gətiriblər.

 

«Kosmik» nailiyyətlər

«Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır», - deyə Azərbaycan Prezidenti İlham Əliyev «TEKNOFEST» festivalındakı çıxışı zamanı bildirib. O, deyib ki, Türkiyənin güclü sənayesi həm Türkiyənin özünü, həm də müttəfiqlərini gücləndirir.

Həqiqətən, yalnız son ay ərzində qardaş ölkə eyni vaxtda bir neçə istiqamətdə və sahədə miqyaslı iqtisadi təşəbbüslərin reallaşdırılmasında misilsiz nəticələr göstərib. Elə həmin «TEKNOFEST» festivalında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə kosmonavtikası tarixinin ilk astronavtanın adını elan edib. O, «Axiom Space» şirkətinin üçüncü kommersiya astronavtları missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya yollanacaq. «Beynəlxalq Kosmik Stansiyaya Hərbi-Hava Qüvvələrində xidməti zamanı xeyli uğura nail olan qəhrəman türk pilotu, qardaşımız Alper Gezeravcı yollanacaq. Əvəzedici kimi, «Roketsan» kompaniyasının mühəndisi, qardaşımız Tuva Cihangir Atasevər», - deyə Türkiyə Prezidenti bildirib. Qeyd edək ki, Atasevər əslən azərbaycanlıdır. Yeri gəlmişkən, aprelin əvvəlində Türkiyə ilk hərbi-mülki optik peykini də orbitə buraxıb. Söhbət yerli istehsal olan, Yeri məsafədən tədqiq edəcək «IMECE» peykindən gedir. Peyk orbitə Kaliforniyadakı (ABŞ) Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb.

Türkiyə kosmik sahədə liderləri sırasına daxil olmağa çoxdan çalışır və bunu ölkənin ali rəhbərliyi dəfələrlə dilə gətirib. Türkiyə Kosmik Agentliyinin yaradılması sayəsində bu sahədə tədqiqatlar sürətlə inkişaf etməyə başlayıb.  Beşinci nəsil «Türksat 5B» peykinin orbitə buraxılması ilə isə kosmosdakı aktiv Türkiyə peyklərinin sayı 8-ə çatıb. Onlardan 5-i telekommunikasiya peykidir.

Türkiyə kosmik tədqiqatlar sahəsində Yer orbitində öz peykləri olan 30 ölkə sırasına daxil olub.

 

«Sakarya» - qaz tədarükünə start

Apreldə Türkiyədə daha bir tarixi hadisə baş verib. Söhbət Qara dənizdəki «Sakarya» qaz yatağının sənaye üsulu ilə istifadəsinə başlanmasından gedir. Layihəni Türkiyə Neft Korporasiyası (TPAO) reallaşdırır. Aprelin 20-də Türkiyənin enerji şəbəkəsinə bu yataqdan hasil olunan 710 milyard kubmetr təbii qazın ötürülməsi mərasimi keçirilib.

Mərasimdə Ərdoğan məşəli yandıraraq deyib: «Yemək hazırlanması və suyun qızdırılması üçün tələb olunan qazın pulu – bu, orta hesabla aya 25 kubmetr edir – bir il ərzində dövlət tərəfindən ödəniləcək».

İlk mərhələdə burada sutkada 10 milyon kubmetr qaz hasil olunacaq və hasilat mərhələli şəkildə həyata keçiriləcək. İlk fazada istismara verilməsi nəzərdə tutulan 10 quyunun 5-i mərasimdən dərhal sonra işə salınıb. Qalan quyular bu ilin sentyabrında işə düşəcək.

Yatağın işlənməsinin ikinci fazasına 2026-cı ildə, üçüncü fazasına 2028-ci ildə başlanılacağı gözlənilir. Buraya «Amasra» yatağından hasilat da əlavə ediləcək. İlk mərhələdə sutkada 10, ikinci fazada 40, üçüncü mərhələdə isə 60 milyon kubmetr təbii qaz hasilatı nəzərdə tutulur. İkinci fazanın gedişində Türkiyədə bütün mənzil təsərrüfatlarının qazla təmini planlaşdırılır.

Layihə hələ də xaricdən «mavi yanacaq» idxalından asılı olan ölkə üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Qara dənizdə aşkar olunmuş 710 milyard kubmetr qazın olduğu bildirilir ki, bu da ölkənin «mavi yanacağ»a olan tələbatının ¼-ni qarşılayır. Bununla yanaşı, Türkiyə Azərbaycan da daxil olmaqla, başqa ökələrdən də qaz alır. Qeyd edək ki, Azərbaycan artıq qonşularına 98,2 milyard kubmetr yanacaq ixrac edib. «SOCAR Turkey» şirkətinin baş direktoru Elçin İbadovun sözlərinə görə, 2023-cü ildə Türkiyəyə TANAP vasitəsilə nəql olunan təbii qazın həcmi təxminən 21 milyard kubmetrə çatıb. Türkiyə vasitəsilə Avropaya isə təxminən 22 milyard kubmetr qaz nəql olunub.

Məlumdur ki, Türkiyə regionun nəhəng qaz habına çevrilmək istəyir və Trans-Anadolu boru xətti bu hədəfə çatılması üçün yaxşı imkandır. İndi Türkiyənin öz qaz yatağının da işə salınması ölkənin yanacaq bazarındakı mövqeyini daha da gücləndirəcək. Daxili tələbatın bir hissəsinin Qara dənizdəki resurslar hesabına ödənilməsi perspektivdə ixrac üçün əlavə həcm ayırmağa imkan verəcək.

 

«Akkuyu» atom stansiyaları sırasında

Türkiyənin enerji təminatının fasiləsizliyini təmin edəcək daha bir tarixi layihə «Akkuyu» Atom Elektrik Stansiyasının (AES) ilk blokunun istismara verilməsidir. Ölkə artıq yarım əsrdir ki, öz nüvə proqramı ilə hərəkət edir və bu il bu cür daha da artırılıb. Aprelin 27-də Türkiyə enerji sahəsində dinc atomdan istifadə edən ölkələr cərgəsinə qoşulub. AES tam gücü ilə işlədikdə ildə təxminən 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək və bu, Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni qarşılayacaq.

Xatırladaq ki, «Akkuyu» AES «BOO» sxemi («Build», «Own», «Operate» - «inşaat, yiyələnmə, istismar») üzrə tikilir. Xarici AES-in sahibi Rusiya tərəfidir: hazırda «Rosatom» şirkəti «Akkuyu Nuklear»ın səhmlərinin az qala 100%-nə sahibdir. AES-in inşası layihəsinin dəyəri təxminən 22 milyard dollardır. Stansiyanın hər birinin gücü 1200 MVt olmaqla, 4 enerji blokundan ibarət olacağı bildirilir.

«Maneələrə, iftira kampaniyalarına baxmayaraq, Türkiyə inkişaf etmiş ölkələrin uzun illərdir istifadə etdikləri yaşıl enerji texnologiyasının tətbiqi ilə bağlı 60 illik arzusunu gerçəkləşdirə bildi. «Akkuyu» AES-ə nüvə yanacağının çatdırılması bunun nümunəsidir», - deyə Prezident Rəcəb Tayyib Ərdoğan «Twitter» sosial şəbəkəsində yazıb.

Dövlət başçısı bildirib ki, Türkiyə hökuməti tezliklə daha iki AES-in inşası ilə bağlı layihələrin müzakirəsinə başlamağı planlaşdırır. Beləliklə, ölkənin qaz idxalına xərci ildə 1,5 milyard dollar azalacaq, bu isə Türkiyə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.

 

İstanbul Maliyyə Mərkəzi

Aprelin 17-də Türkiyə daha bir nəhəng nailiyyətlə öyünmək imkanı qazanıb – həmin gün İstanbulda çoxdan gözlənilən iş rayonu açılıb. O, bu türk meqapolisini dünyanın ən vacib maliyyə mərkəzlərindən birinə çevirəcək. Beləliklə, ölkə prezidentinin rəhbərliyi ilə İstanbul Maliyyə Mərkəzi (IFC) istifadəyə verilib.

Ərdoğan bildirib ki, IFC meqapolisin dünyanın maliyyə bazarları arasında əlaqə yaratmasına imkan verəcək. «Mərkəz iki qitənin kəsişməsində yerləşən İstanbulda yeni maliyyə ekosistemi formalaşdıracaq. Hesab edirik ki, tarixən Şərqlə Qərb arasında istər coğrafi, istərsə də ticarət körpüsü olmuş İstanbul bu gün maliyyə bazarları arasında da eyni əlaqənin yaranmasına xidmət edəcək», - deyə «Sabah» qəzetinin məlumatına görə, dövlət başçısı qeyd edib.

Mərkəz Mərkəzi Bank, İstanbul Ford Birjası, Bank Tənzimlənməsi və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası da daxil olmaqla, ölkənin ən məşhur maliyyə qurumları və hakimiyyət orqanlarının yeni evi olacaq.

Maliyyə mərkəzləri ənənəvi olaraq, dünyanın vacib, dünya iqtisadiyyatı, mədəniyyəti və siyasəti üçün vacib əhəmiyyətə malik şəhərlərində yerləşir. Misal kimi, Londonu, Parisi, Brüsseli, Frankfurt, Əbu-Dabi, Honkonq və Sinqapuru göstərmək olar. Onlar ciddi üstünlüklərə malik olurlar və indi həmin üstünlüklərdən İstanbul da qazanacaq. Bu şəhərlər inkişaf və sahibkarlıq üçün yeni imkanlar açır, vacib infrastruktur və resursları bir araya cəmləyir. Beləliklə, İstanbul beynəlxalq maliyyə təşkilatları və banklar üçün cəlbedici haba çevriləcək. Bu, ona dünyanın aparıcı maliyyə mərkəzlərindən biri olmaq imkanı verəcək, eyni zamanda Türkiyənin qlobal bazarlara inteqrasiyasını sürətləndirəcək.

Bundan başqa, mərkəz türk dövlətləri arasında vahid maliyyə məkanının formalaşmasına imkan verəcək, onların maliyyə bazarlarının subyektləri arasında əməkdaşlığı gücləndirəcək.

Yuxarıda sadalanan bütün layihələr, şübhəsiz ki, Türkiyənin regional mövqeyinin güclənməsi, onun iqtisadi parametrlərinin yüksəlməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu, təbii ki, onunla bütün ölkələrdən daha sıx siyasi və iqtisadi bağı olan Azərbaycan üçün və vacibdir – Türkiyənin sənayeləşməsi, müxtəlif innovativ istiqamətləri inkişaf etdirməsi bu təcrübənin Azərbaycana da keçməsinə yol açacaq. Bununla yanaşı, Türkiyənin güclənən iqtisadiyyatı qarşılıqlı ticarət dövriyyəsinin artımı üçün də əlavə imkanlar yaradacaq, qlobal iqtisadiyyatın müxtəlif sahələrində birgə inteqrasiya prosesini sürətləndirəcək.



MƏSLƏHƏT GÖR:

64