25 Aprel 2024

Cümə axşamı, 16:36

“QARDAŞLIQ HALQASI”

Bolqarıstanda STRING təşəbbüsünün həyata keçirilməsinə dair imzalanmış Memorandum Azərbaycan təbii qazı üçün yeni bazarlar açacaq

Müəllif:

01.05.2023

Bolqarıstan artıq 1 ildir ki, Rusiya təbii qazı olmadan yaşayır. Onun ixracı ötən ilin aprelində rublla ödənişdən imtinaya görə dayandırılıb. İndi Bolqarıstan münasib qiymətlərlə alternativ tədarüklər təmin etməyə çalışır. O, bu istiqamətdə uğurlar əldə edir. Məsələn, Bolqarıstan ötən ilin payızında Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması sayəsində Azərbaycan “mavi yanacağı”nın idxalını ildə 300 milyondan 1 milyard kubmetrə çatdıra bilib. Bu ölkə ehtiyaclarının qalan hissəsini - təxminən 3 milyard kubmetrini isə Yunanıstandan mayeləşdirilmiş qaz (LNG) idxal etməklə ödəyir. Bütün bunlar Sofiyaya ötən qış uğurla ayaq üstə dayanmağa imkan verib.

Avropanın, xüsusən də Bolqarıstanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində növbəti addım isə bu ilin aprelində Sofiyada beş ölkənin (Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan) nazirləri tərəfindən “Həmrəylik Halqası” (STRING) təşəbbüsünün həyata keçirilməsinə dair Memorandumun imzalanması olub. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Bolqarıstana səfəri məhz bu tarixi hadisəyə həsr olunub.

 

Avropaya yeni yol

“Həmrəylik Halqası” təşəbbüsü hələ 2022-ci ilin oktyabrında Bolqarıstan Prezidenti Rumen Radev tərəfindən irəli sürülüb və o, Avropa Komissiyası tərəfindən dəstəklənib. O, Avropa İttifaqına (Aİ) - Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz təchizatının təhlükəsizliyinin artırılmasına yönəlib. Belə ki, STRING təşəbbüsü ilə Cənub Qaz Dəhlizi vasitəsilə və Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın mövcud nəqliyyat infrastrukturundan istifadə etməklə Xəzər dənizindən Aİ-yə əlavə həcmdə təbii qazın nəqli nəzərdə tutulur (ildə 5 milyard kubmetrə qədər). Layihə iştirakçıları əmindirlər ki, onu mövcud şəbəkənin bir qədər modernləşdirilməsi yolu ilə ən qısa müddətdə və minimum xərclə həyata keçirmək olar.

Qeyd edək ki, aprelin 25-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan dövlət başçısı Rumen Radevin iştitrakı ilə “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

İmzalanmış Anlaşma Memorandumundan danışan Prezident Əliyev bildirib ki, bu təşəbbüs Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha artıq təbii qazı ixrac etməyə fürsət yaradacaq.

“Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”, - Azərbaycan lideri deyib.

Yerli qazpaylayıcı sisteminin tikintisi ilə bağlı danışıqların aparıldığı Albaniyanı da xatırlatmağı unutmayan İ.Əliyev Azərbaycan təbii qazının alıcıları olan Avropa ölkələrinin sayının artacağına əminliyini ifadə edib.

“Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”, - Azərbaycan dövlət başçısı qeyd edib.

O əlavə edib ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə məhsul deyil və “yaşıl enerji”nin əsas ixrac istiqaməti də Avropa olacaq.

“Azərbaycan 25 giqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb... Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”, - Prezident İlham Əliyev vurğulayıb.

R. Radev isə xatırladıb ki, STRING təşəbbüsü enerji böhranı səbəbindən Sofiya tərəfindən təklif edilib. Onun həyata keçirilməsi Azərbaycan təbii qazının Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya çatdırılmasına imkan verəcək: “Bu 5 ölkənin nümayəndələri arasında imzalanmış Anlaşma Memorandumu yeni bahalı infrastruktur qurmadan iqtisadiyyatlarımız və Avropa üçün enerji resurslarının çatdırılmasını təmin etmək üçün ümumi istəyin ifadəsidir”.

Bolqarıstan lideri əmindir ki, hazırda “Həmrəylik Halqası”ndan Mərkəzi və Şərqi Avropa ölkələri arasında yaxşı əlaqələr vasitəsilə istifadə oluna bilər və bu təşəbbüslə Bolqarıstan və Azərbaycan arasında mükəmməl əməkdaşlıq və Avropa Komissiyasının dəstəyi sayəsində ən sürətli, etibarlı və ucuz təbii qaz tədarükünü təmin etmək mümkündür.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson iştirakçılara videomüraciətində bildirib ki, ötən qış Azərbaycandan idxal olunan təbii qaz enerji təchizatında mühüm rol oynayıb və Avropa Komissiyası bu səyləri yüksək qiymətləndirir. O, imzalanmış Anlaşma Memorandumunun regiona əlavə təbii qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivəni müəyyən edəcəyini vurğulayıb.

 

İrəliyə doğru böyük addım

“Həmrəylik Halqası” təşəbbüsünün həyata keçirilməsi istiqamətində ilk addım atılıb və bununla bağlı siyasi iradə göstərilib. Bu məsələnin yalnız texniki və kommersiya tərəfləri qalır. İndi şəbəkə operatorlarının 1 milyard avro məbləğində investisiyaları tələb olunur. Bundan başqa, təbii qaz hasilatını bu il üçün Azərbaycan rəhbərliyinin müəyyən etdiyi səviyyəyə çatdırmaq, Azərbaycan “mavi yanacağı”nın əlavə həcmlərinin tədarükü üçün müqavilələr bağlamaq lazımdır. Doğrudur, bütün bunlar bir günün işi deyil. Lakin mərasim iştirakçılarının əminliklə çıxış etməsi layihənin qısa müddətdə həyata keçiriləcəyinə şübhə yeri qoymur.

Energetika naziri Pərviz Şahbazov Anlaşma Memorandumun imzalanmasını yeni təşəbbüsün reallaşması istiqamətində böyük addım adlandırıb. O, qeyd edib ki, bu təşəbbüs Azərbaycan təbii qazı üçün yeni bazarlar açacaq, Azərbaycan isə özünü Aİ-nin etibarlı tərəfdaşı kimi təsdiq edəcək.

Bolqarıstanın energetika naziri Rosen Hristov isə bu sənədin imzalanmasının Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində ciddi addım olduğunu vurğulayıb. O, hazırda regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması imkanları üzərində birgə iş aparıldığını əlavə edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə qeyd edib ki, Azərbaycan təbii qazının idxalı Mərkəzi Avropaya tədarükün şaxələndirilməsi məsələsində ən yaxşı həll yoludur: “Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. “Həmrəylik Halqası” olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın, həqiqətən də, mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq”.

Macarıstan XİN başçısı Türkiyənin Aİ-yə tranzitin həyata keçirilməsində müstəsna rolunu qeyd edib. P.Siyarto sadalanan ölkələrin Azərbaycandan əlavə həcmlərin tədarükünə arxalana bilməsi üçün Ankaranın da bu təşəbbüsün bir hissəsi olacağına ümid etdiyini vurğulayıb.

STRING-in bütün regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edən Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Buxarestin bu layihəni fəal şəkildə dəstəklədiyini bildirib.

“Ümid edirəm ki, biz Azərbaycanla təbii qaz bazarında da uzunmüddətli əməkdaşlıq qura biləcəyik. Slovakiya buna hazırdır. Bizim boru kəmərlərimiz, dəhlizlərimiz var. Polşa, Çexiya daxil olmaqla, bütün qonşularımız və başqa ölkələrlə əlaqələrimiz var. Buna görə də Avropanın digər hissələrinə təbii qazın paylanılmasında Azərbaycan üçün çox perspektivli tərəfdaş ola bilərik. Bizim təbii qaz anbarlarımız var və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bizim üçün mühüm tərəfdaş ola bilər”, - Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman əlavə edib.

Bu arada, ötən il Avropa İttifaqı ölkələrində baş verən enerji böhranı fonunda müxtəlif fikirlər səsləndirilib: enerji resurslarının birgə alınması, yığılmış ehtiyatların qonşu dövlətlərlə bölüşdürülməsi zərurəti, yanacağa qiymət həddinin müəyyən edilməsi, ona qənaət etməyin müxtəlif yolları və s. Yeri gəlmişkən, bu təşəbbüslərin bəziləri həyata keçirilib. Cənub Qaz Dəhlizinin işə salınmasından və Azərbaycanın “yaşıl enerji”sinin Avropaya ötürülməsi üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi haqqında sazişin imzalanmasından sonra “Həmrəylik Halqası” təşəbbüsü bu sahədə üçüncü böyük layihəyə çevrilib. Bu təşəbbüs Avropa ölkələrini təchizat mənbələrinin şaxələndirilməsi məsələsində birləşdirəcək. Bu istiqamətdə ilk və ən mühüm addım isə ötən ilin yayında Azərbaycan və Aİ arasında Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olub. Bu sənəd faktiki olaraq Rusiya təbii qazından asılılığın azaldılması üçün yeni variantların müzakirəsinə təkan verib. Sofiyada imzalanan sənəddə Türkiyə və ya Gürcüstanın rolu göstərilməsə də, onlar ixrac prosesində iştirak edəcəklər, çünki Azəbaycanın “mavi yanacağı” STRING təşəbbüsü boyu yerləşən ölkələrə məhz Cənub Qaz Dəhlizi vasitəsilə nəql ediləcək. 

 

SOCAR-ın Bolqarıstanla bağlı ambisiyaları

İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində daha bir əlamətdar hadisə baş verib: Azərbaycan Dövlət Neft Şirkətinin Sofiyada ofisinin rəsmi açılışı olub. Hazırda SOCAR-ın Gürcüstan, Türkiyə, Rusiya, BƏƏ, Ukrayna, Rumıniya və İsveçrədə nümayəndəlikləri fəaliyyət göstərir. Son üç ölkədə, eləcə də Avstriyada SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsi də mövcuddur.

Yeni sənədin imzalanması SOCAR-ın Avropadakı mövcudluğunun genişləndirilməsini tələb edir. Buna görə də Sofiyada ofis açmaqla bağlı qərar şirkətin Avropa bazarında gələcək fəaliyyətinə mühüm töhfə verəcək məntiqli addımdır.

Bu arada, SOCAR-ın ofisinin açılış mərasimi ilə paralel olaraq Enerji və Su Ehtiyatlarının Tənzimlənməsi Komissiyasının (KEVR) iclası keçirilib. İclasda iki həftə ərzində “SOCAR Trading Gas and Power” şirkətinə Bolqarıstan bazarında təbii qaz ticarəti üçün lisenziya verilməsi barədə qərar qəbul edilib. KEVR-in məlumatına görə, SOCAR tərəfindən təklif olunan biznes planın parametrləri 2023-2027-ci illər üçün nəzərdə tutulub və bu, şirkətə Bolqarıstan bazarında təbii qazın sərbəst ticarətini həyata keçirməyə imkan verəcək. Bolqarıstan KİV-lərinin məlumatına əsasən, şirkət iki strateji dəhliz (“Almaniya-Şərqi Avropa”, “İtaliya-Bolqarıstan”) boyunca fiziki və virtual axınları, həmçinin əks axını idarə etməyi planlaşdırır.

Doğrudur, SOCAR-ın Bolqarıstan bazarında hansı həcmləri satacağı hələlik məlum deyil. Yerli bazarda yeni güclü oyunçunun meydana çıxması istehlakçılar üçün yaxşı xəbərdir, çünki bu sahədə hazırkı tədarükçülərlə rəqabət, güman ki, qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Bir sözlə, Dövlət Neft Şirkətinin xarici ölkələrdəki fəaliyyətinə nəzər salan zaman təbii qaz ticarətinin Bolqarıstan bazarında sadəcə ilk addım olduğunu təxmin etmək çətin deyil. Bunun ardınca, şübhəsiz ki, yeni layihələr və investisiyalar gələcək.



MƏSLƏHƏT GÖR:

69