19 Aprel 2024

Cümə, 16:42

SƏRHƏDİN KEŞİYİNDƏ

Laçın yolunda SBM-in açılması bütünlükdə sülh danışıqları prosesini yeni şəklə salacaq

Müəllif:

01.05.2023

Laçın yolunun başlanğıcında, hələlik şərti olaraq Azərbaycan-Ermənistan sərhədi sayılan Həkəri çayı üzərindəki körpüdə Azərbaycana məxsus sərhəd-buraxılış məntəqəsi (SBM) peyda olub. Bu gün bu, şübhəsiz ki, bir nömrəli regional xəbərdir. Onu eyni dərəcədə həm gözlənilən, həm də sensasion xəbər saymaq olar.

Son aylarda Azərbaycanda Laçın dəhlizindən silah və yaraqlıların daşınması üçün istifadə olunduğundan çox danışılıb. Bu isə 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmaya birbaşa ziddir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bunu hələ 2022-ci ilin noyabrında bəyan etmişdi. İstər Azərbaycan Prezidenti İlham Əliyev, istərsə də nazir Ceyhun Bayramov Laçın yolu ilə silah qaçaqmalçılığının həyata keçirildiyini dəfələrlə dilə gətirsələr də, buna lazımi reaksiya olmurdu. Belə olan təqdirdə, Bakı vəziyyəti öz nəzarətinə götürmək qərarına gəldi…

 

Sərhədə qıfıl

23 aprel 2023-cü ildə Həkəri çayı üzərindəki körpünün girişinə sərhəd-buraxılış məntəqəsi qoyulub, aprelin 26-da isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub: sərhədçilər SBM-də Azərbaycan bayrağını qaldırıb. Ərazidə pasport nəzarəti məntəqəsi də yaradılır. Artıq yeni SBM-ə gömrükçülər də gəlib…

SBM-in açılışına Ermənistanın və «üçüncü dövlətlər»in emosional reaksiyası fonunda yaşananların əsl səbəblərinə nəzər salaq. SBM-in qurulması Azərbaycanın suveren hüququdur. Hər bir dövlətin öz sərhədlərini qorumaq hüququ var. Dövlət mövcud «pəncərə»dən silah daşınmasına, terror aktları törətmək, dinc insanların ölümünə səbəb olacaq mina basdırmaq üçün onun ərahisinə yaraqlıların axışmasına niyə «barmaqarası» baxmalıdır? Elə SBM-in quralşdırılması ərəfəsində Şuşa şəhəri yaxınlığında erməni terrorçularının quraşdırdığı minaya növbəti Azərbaycan hərbçiləri düşmüşdü. Bakıda əmindirlər ki, Ermənistan və Xankəndi separatçılarının bu əməlləri Üçtərəfli Bəyannamənin, Soçi və Praqa razılaşmalarının kobud şəkildə pozulmasıdır. Ermənistan Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalmış ərazilərində 10 minlik silahlı qrup saxlayır. Niyə? Bundan başqa, mina terroru, diversiya əməlləri və silahlı təxribatlar işğaldan azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərin həyatına birbaşa və açıq təhdid yaradır. Təbii ki, belə hallarla heç bir dövlət razılaşmaz və uzun müddət lazımi tədbirlərin görülməsini gözləyən, səbr edən Azərbaycan da razılaşmadı. Çünki bütün gözləntilərə rəğmən, qeyd olunan halların qarşısının alınması üçün heç bir tədbir görülmədi. Belə bir vəziyyətdə Bakının özünü və xalqını terrorçulardan qorumaq istəyində təəccüblü nə ola bilər?

İlham Əliyev Fransanın xarici işlər naziri Katrin Kolonna ilə görüşdə də bildirib ki, «Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirirdi». İndi Azərbaycan bu oyunlara nöqtə qoyub.

Ekspertlər hesab edirlər ki, Laçın yolu üzərində SBM-in açılması son dərəcə əlamətdar hadisədir. Bununla, Azərbaycan müstəqilliyini elan etdikdən bu yana dövlət sərhədinə tam nəzarəti ilk dəfədir təmin edib. İndi Laçın yolunda «açıq qapı rejimi» sona çatıb. Bununla yanaşı, müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan azsaylı erməni əhaliyə heç bir «humanitar fəlakət» təhlükəsi yoxdur. Laçın yolu ilə ekofəalların nümayişləri zamanı belə, humanitar yük daşıyan maşınlar sərbəst şəkildə hərəkət edib. Bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarına da aiddir.

Separatçılar və digərləri üçün isə vəziyyət kökündən dəyişib. İndi Qarabağa «VOMA» yaraqlılarının və ya Valeri Pekress tipli şəxslərin sərbəst hərəkəti mümkün olmayacaq. Bununla, «miatsum»un bərpasına olan ümidlər də bitmiş sayıla bilər. Bakı sadəcə, tranzitin qarşısını almayıb. Bakı burada ev sahibinin kim olduğunu qəti şəkildə ortaya qoyub, 55 günlük müharibənin nəticələrinə yenidən baxmağın mümkünsüzlüyünü göstərib və bu haqda düşünməyin belə, artıq olduğunu nümayiş etdirib.

 

General dəyişikliyi

Həkəri çayı üzərində Azərbaycan SBM-nin peyda olmasının ardından Moskva açıq gedişlər edib. Məsələ Rusiya sülhməramlılarının bülletenində SBM-in açılmasının Azərbaycanın «birtərəfli addımı» kimi qiymətləndirilməsi ilə bitməyib. Sülhməramlıların komandanı da dəyişib. General-mayor Andrey Volkovu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının ali baş komandanının müavini, general-polkovnik Aleksandr Lentsov əvəzləyib. O, Çeçenistan və Suriyada döyüş təcrübəsinə malik generallardandır. İddialara görə, Azərbaycan təmsilçiləri ilə yeni SBM-in fəaliyyəti ilə bağlı danışıqları Lentsov aparır.

Rusiyanın əməlləri tamamilə anlaşılandır. Moskvada hesab ediblər ki, Rusiya sülhməramlılarının imicinə zərbə vuran «yol böhranı»na görə məsuliyyəti general-mayor Volkov daşıyır. Məhz onun bacarıqsız (?) əməlləri nəticəsində Dəmirli və Qızılbulaq mədənlərinin qanunsuz istismarı bərpa olunub, daha sonra Azərbaycanın müvafiq strukturlarının orada apardığı monitorinq pozulub. Üstəlik, Azərbaycan təmsilçiləri monitorinqlə bağlı razılaşmanı separatçılarla deyil, konkret olaraq Volkovla əldə etmişdi. Nəticədə, qarşı tərəfin razılaşmaya əməl etməməsi Laçın-Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların nümayişə başlamasına səbəb olmuşdu. İndi isə Moskvada hesab edirlər ki, sülhməramlılar Laçın yolu üzərində effektiv nəzarət qura bilmədiyindən, Bakı orada SBM açıb. Bundan başqa, sülhməramlıların qurduğu «biznes» haqda söz-əöhbəti da tam təkzib etmək mümkün olmur. Məlumata görə, istənilən şəxs onlara 100 dollar ödəməklə Laçın yolundan hər hansı qutunu, 1-2 min dollar müqavibilində isə kommersiya malları ilə dolu yük maşınını keçirə bilirlərmiş.

Müxtəlif mənbələr bildirir ki, indi Lentsov bölgədə «səliqə-səhman» yaratmalı, korrupsiya sxemini ləğv etməli, qalmaqalı yatırmalıdır. Generalın bu vəzifənin öhdəsindən gələ bilib-bilməyəcəyini demək çətindir. İddialara görə, hazırda sülhməramlıların ilk komandanı, həm Bakı, həm də İrəvanla effektiv əməkdaşlıq etmiş Rüstəm Muradov da regiondadır.

Bəs sülhməramlıların 2020-ci ilin noyabrındakı nüfuzunu yalnız komandanı dəyişdirməklə bərpa etmək mümkün olacaqmı? Sual ritorikdir. Üstəlik, bütün bunlar son dərəcə böyük miqyaslı siyasi dəyişikliklər fonunda baş verir…

 

Danışıqlarda yenilənmə

Laçın yolunda SBM-in açılması bütünlükdə danışıqlar prosesində «yenilənmə düyməsi» yolunu oynayıb. Bu prosesi indi vasitəçilər deyil, Bakı idarə edir. O, problemi vasitəçilər qarşısında qaldırır, lakin onların reaksiyasını gözləmədən müstəqil şəkildə hərəkətə başlayır. Yəni indi prosesdə moderatorluğu vasitəsilə deyil, Azərbaycan edir.

Buraxılış məntəqəsinin açılışı diplomatik fəallığın pik həddə olduğu dövrə təsadüf edib. Artıq bir müddətdir ki, Avropa İttifaqı vasitəçilik missiyasını bərpa etməyə çalışır. Halbuki, Fransa ilə Ermənistan onu dəfn etmək üçün əlindən gələni edib. Elə bu günlərdə Fransanın xarici işlər naziri xanım Kolonna regiona səfər də edib.

Bununla yanaşı, Üçtərəfli Bəyannamənin alternativinin olmadığını xatırladan Rusiya da təşəbbüsü ələ almağa çalışır. ABŞ-ın fəallığı da öz yerində – o, Azərbaycan və Ermənistanın XİN başçılarını Vaşinqtonda görüşdürməyə hazırlaşır. Bununla yanaşı, Ceyhun Bayramovun da dediyi kimi, Ermənistanı danışıqlar masası ətrafına məhz ABŞ qaytarıb. İndi İrəvan müzakirələri yeni mövqedən çıxış edərək aparmalıdır və bunu vasitəçilər də nəzərə almalıdır.

Amma təəssüf ki, Ermənistan qonşuların ilə real sülhə hələ də maraq göstərmir və bu dəfə söhbət hətta razılaşmanın «ağır» maddələrindən getmir. Ağır atletika üzrə Avropa çempionatının aprelin 15-də İrəvanda keçirilən açılış mərasimi zamanı yerli dizayner A.Nikolyan Azərbaycan bayrağına od vurub. Nəticədə, Azərbaycan komandası yarışı tərk edib. Növbəti insident isə aprelin 24-nə keçən gecə baş verib. «Erməni soyqırımı»nın növbəti ildönümü ilə əlaqədar məşəl yürüşü zamanı iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Amma bu da son deyil. Bunun ardından Ermənistanda «Nemezis» qruplaşmasının terrorçularının abidəsinin açılışı olub ki, bu da Bakı və Ankarada anlaşılan hiddət yaradıb.

Beynəlxalq vasitəçilər, həqiqətən də, danışıqlara alternativin olmadığını düşünürlərsə, niyə Laçında SBM-in açılması ilə bağlı deyil, İrəvanda terrorçulara abidə qoyulması ilə bağlı sərt bəyanat vermirlər?



MƏSLƏHƏT GÖR:

71