30 Aprel 2024

Çərşənbə axşamı, 04:40

ŞAHMAT BAYRAMI

Bakı “Baku Open 2023” festivalını uğurla keçirib və dünya çempionatına hazırlaşır

Müəllif:

15.05.2023

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalına yekun vurulub. Mayın 3-12-də Bakıda keçirilən Qafqazın ən böyük açıq şahmat festivalında 23 ölkədən 607 şahmatçı iştirak edib.

 

Gənc idmançılara yol

Festivalda uşaqların yarışdığı C qrupunda azərbaycanlı şahmatçıların mükafatçılar sırasında olması sevindirici haldır. Mehriban Əhmədli, Məryəm Bəkirli, Esra Baxışova, Toğrul Abbasov, Məhəmməd Kazımzadə, Turqut Əli, Əsnad Baxşızadə, Fatimə Mirzəliyeva, Leyla Hümbətli, Nihad Əhmədli, Nurlan Əzizli, Cahid Muradlı, Əsnad Vəliyeva, İnci Ələkbərli, Dinara Hüseynova, Şəmsi Qaraxanov, Suat İbrahimli və Məmməd Məmmədzadə müxtəlif yaş kateqoriyasında mükafatçı olub. Hər yaş qrupunda qalib olan şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatında iştirak hüququ əldə ediblər.

B qrupunda 7,5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. Səkkiz xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə qalib olub.

A qrupunda qadınların yarışında Deşmux Divya (Hindistan) üçüncü pillədə qərarlaşıb. Azərbaycan milli komandasının üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Baku Open 2023”turnirinin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca 7 xalla yarışın qalibi adını qazanıb. Eyni xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər.

Qeyd edək ki, Bakı turnirinin ümumi mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.

Təəssüflə qeyd etmək olar ki, milli komandanın üzvləri Rauf Məmmədov, Eltac Səfərli, Nicat Abasov açıq yarışda layiqincə çıxış etməyib. Böyük ümid bəslənilən Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı da gözlənilən nəticəni qazanmayıb.

 

Bakıda Dünya kuboku keçiriləcək

“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında iştirak edən FIDE prezidenti Arkadi Dvorkoviç iyul-avqust aylarında Bakıda şahmat üzrə Dünya kubokunun keçirilməsi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Rəsmi sənədi FIDE rəhbəri ilə yanaşı gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov imzalayıb.

Arkadi Dvorkoviç Azərbaycan Şahmat Federasiyasına şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Lijen arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini hədiyyə edib. Lövhənin üzərində hər iki qrossmeysterin imzası var.

A.Dvorkoviç bildirib ki, 8 ildən sonra Bakı iyulun 29-dan avqustun 25-dək yenidən dünyanın şahmat paytaxtına çevriləcək: “Bu turnir digərlərindən daha vacibdir. Dünya kuboku çox ciddi yarışdır. Burada ilk 3 yeri tutan şahmatçılar İddiaçılar Turnirində iştirak etmək şansı qazanırlar”.

O, Dünya kubokunun ikinci dəfə Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və Azərbaycan Şahmat Federasiyasına minnətdarlığını bildirib: “Azərbaycanda həmişə şahmat sevilib və onun inkişafı üçün nümunəvi işlər görülüb. Sözsüz dövlətin dəstəyi bu işdə xüsusi qeyd olunmalıdır. İyul-avqust aylarında Azərbaycan şahmat dünyasının mərkəzinə çevriləcək. Bir çox şahmatçı Dünya Kubokuna qatılmağı hədəfləyir. Onlar bura düşmək üçün həm daxili, həm də beynəlxalq yarışlarda tam gücləri ilə mübarizə aparırlar. Turnirdə 100-ü qadın olmaqla 300-dən çox şahmatçı iştirak edir. Əminəm ki, burada baş verənləri bütün dünyada milyonlarla insan izləyəcək. Ölkəyə çoxlu sayda qonaqlar gələcək və bu, əsl bayram olacaq”.

FIDE rəhbəri Dünya kubokunun keçiriləcəyi tarixdə bir sıra uşaq yarışlarının təşkilinin də nəzərdə tutulduğunu əlavə edib.

Yeri gəlmişkən, Dünya kuboku ölkəmizdə keçirilən şahmat üzrə son yarış olmayacaq. Sentyabrda Şuşada ikinci beynəlxalq şahmat turnirinin təşkili gözlənilir. Hazırda Təşkilat Komitəsi yarışın tarixini və iştirakçılarını müəyyənləşdirir.



MƏSLƏHƏT GÖR:

67