4 May 2024

Şənbə, 09:30

YENİ KONSTİTUSİYA İLƏ YENİ SEÇKİYƏ

Özbəkistan tarixində ölkə Konstitusiyası ilə bağlı ikinci referendum keçirilib

Müəllif:

15.05.2023

Özbəkistanda bu il aprelin 30-da keçirilmiş referendumda qəbul olunmuş «Özbəkistan Respublikasının Konstitusiyası haqqında» Qanun mayın 1-dən qüvvəyə minib. Artıq yeni Konstitusiya ölkənin Mərkəzi Seçki Komissiyasının saytına da yerləşdirilib. Ona 15 milyondan artıq insan, yaxud səsverməyə qatılmış vətəndaşların 90,21%-i səs verib. 1,5 milyon nəfər yaxud 9,35% yeni Konstitusiyanın əleyhinə çıxıb. Referendumda 16,6 milyondan çox insan iştirak edib ki, bu da seçicilərin 84,54%-i deməkdir.

 

Dəyişikliklərin vacibliyi haqqında

Özbəkistan Konstitusiyası hələ 1992-ci ildə qəbul edilmiş, keçən dövrdə ona dəfələrlə dəyişikliklər olunmuşdu. 2002-ci ilin yanvarında ölkədə bir palatalı parlamentin iki palatalı parlamentlə əvəzlənməsi və dövlət başçısının səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı referendum keçirilib. O vaxtdan 20 il keçir və indi ölkənin əsas Qanununa daha ciddi, daha miqyaslı dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Konstitusiya islahatlarının vacibliyini prezident Şavkat Mirziyoyev hələ 2021-ci ildə dövlət başçısı kimi and içən zaman bildirmişdi. O, bu təklifin vətəndaşlardan gəldiyini demişdi. Əvvəlcə dəyişikliklərin Konstitusiyanın 30 illiyində, yəni 8 dekabr 2022-ci ildə edilməsi düşünülürdü. Lakin sonradan hökumət tələsməmək, onları daha yaxşı işləmək qərarına gəlmişdi və bütün bu işlər 2023-cü ilin yazında başa çatdı.

Yeni dəyişikliklərə əsasən, sənədin mətni 65% yenilənib, maddələrin sayı 128-dən 155-ə, fəsillər isə 26-dan 27-yə qaldırılıb. Özbəkistan parlamenti Konstitusiyaya dəyişiklikləri özü də təsdiqləyə bilərdi, lakin onların miqyası böyük olduğundan, məsələnin referenduma çıxarılmasına və sənədin xalq Konstitusiyasına çevrilməsinə qərar verildi.

Parlament müzakirələri zamanı qurumun korrupsiya ilə mübarizə və məhkəmə-hüquq məsələləri komitəsinin (qanun layihəsinin hazırlanmasına məsul olan iki komitədən biri) sədri, deputat Jaxonqir Şirinov bir sıra dəyişikliklərlə bağlı məlumat verib. Məsələn, Konstitusiyada «dövlət-cəmiyyət-insan» prinsipi «insan-cəmiyyət-dövlət»ə dəyişdirilib, yəni insanların maraqları ilk sıraya keçirilib. Özbəkistan sosial dövlət elan olunub, döslətin sosial öhdəlik normaları təxminən üç dəfə artırılıb. Məsələn, ehtiyacı olan vətəndaşlar mənzillə təmin olunacaq, minimum əməkhaqqı insanın ləyaqətlə yaşaya bilməsi nəzərə alınmaqla müəyyənləşdiriləcək. Bundan başqa, Konstitusiyada vətəndaşların tibbi yardım əldə etməsinə zəmanət verilir və s.

Sənəddə gənclərin ali məktəblərdə dövlət tərəfindən ayrılacaq qrantlar hesabına təhsil alması hüququ tanınır. Yəni istedadlı gənclərin dövlət səviyyəsinə ali təhsil alacağına zəmanət verilir.

Bundan başqa, hazırda 100 nəfər olan senatorların sayı 65-ə endirilir, xalq deputatları şurası sədrləri ilə xokimlərin (icra hakimiyyəti orqanının rəhbəri) səlahiyyətləri isə bölüşdürülür. Bunadək xokimlər həm də xalq deputatları şurasının sədri vəzifəsini tuturdular. Səlahiyyətlərin bölüşdürülməsinə Daşkənddə və əyalətlərdə 2024-cü ildən (yerli şuralara seçkinin nəticələrinə uyğun), rayonlarda və şəhərlərdə isə 1 yanvar 2026-cı ildən başlanılacaq.

Bundan başqa, Konstitusiyada eyni şəxsin müəyyən vəzifələrə ardıcıl olaraq iki dəfədən çox seçilməsini (təyin edilməsini) qadağan edən «demokratik norma» da müəyyənləşdirilib. Söhbət Özbəkistan Prezidenti, Qanunverici palatanın spikeri, Senat sədri, vilayət, rayon, şəhər xalq deputatları şurasının sədri, xokim, Ali Məhkəmənin sədri və onun müavini, Ali Hakimlər Şurasının sədri və müavini, MSK sədri, baş prokuror kimi vəzifələrdən gedir.

 

Ekspertlər əmindirlər

Özbəkistanlı politoloq Rüstəm Burnaşev hesab edir ki, dəyişməkdə olan bu ölkə üçün yeni Konstitusiya həyati əhəmiyyət daşıyır. «Özbəkistanın mövcud Konstitusiyası müstəqillik əldə edilən zaman müəyyən hədəflərə uyğun qəbul edilmişdi. Odur ki, bütün postsovet ölkələrində sənədə dəyişikliklərin edilməsinə ehtiyac yaranır», - deyə o, bidirib.

Ekspert güc strukturlarının səlahiyyətlərinin azaldıldığına da diqqət çəkib, bunun insanların saxlanılması zamanı məhkəmələrin əhəmiyyətini artıracağını söyləyib. Məsələn, indi Konstitusiyanın 27-ci maddəsində deyilir: «Məhkəmə qərarı olmadan şəxs 8 saatdan artıq həbsdə saxlanıla bilməz».

Digər ekspert, Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Murad Baxadirov qanunvericilik təşəbbüslərinin mümkünlüyünə diqqət çəkir (98-ci maddə). Belə ki, yeni Konstitusiyanın qəbulundan sonra seçki hüququ olan Özbəkistan vətəndaşları ən azı 100 nəfər olmaqla, öz təkliflərini parlamentin aşağı palatasına təqdim edə bilərlər. İndiyədək bu hüquq yalnız prezidentdə, hökumətdə, deputatlarda və daha bir neçə strukturda olub.

Özbəkistan İctimai Təhlükəsizlik Universitetinin professoru Mavlyuda Abdullayeva isə əmindir ki, yeni Konstitusiyanın əvvəlkindən ən önəmli fərqlərindən biri Özbəkistanın sosial dövlət elan olunmasıdır. Sənəddə ümumilikdə dövlətin və ayrı-ayrı vətəndaş qruplarının sosial məsuliyyəti qeyd edilir. Sənədin 57-ci maddəsinə nəzər yetirsək, orada dövlətin sosial vəziyyəti zəif olan vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi öhdəliyi götürdüyünü görərik.

Abdullayeva yeni sənəddə «investisiyalar» ifadəsinin işləndiyinə də diqqət çəkir. İqtisadi blokda peyda olmuş 67-ci maddədə isə deyilir ki, «dövlət ölkədə əlverişli investisiya və iş iqlimini təmin edir». Hökumətin strateji prioriteti məhz bu şəkildə ifadə olunub – dövlət investorların ölkə iqtisadiyyatının inkişafına cəlbində maraqlıdır. İnvestisiyaların qorunması məsələsi isə 68-ci maddədə əksini tapıb. Orada deyilir ki, torpaq şəxsi mülkiyyət ola bilər.

 

Müşahidəçilərin yüksək qiyməti

Gözlənildiyi kimi, beynəlxalq müşahidəçilərin əksəriyyəti Özbəkistanda referendumun ölkə qanunvericiliyinə uyğun, şəffaf və demokratik şəraitdə keçdiyini bəyan edib. Məsələn, Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) müşahidə missiyalarının rəhbərləri referendumun istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq normalara uyğun keçdiyini bildiriblər. TDT baş katibinin müavini Ömər Kocamanın sözlərinə görə, qurumun müşahidə missiyası Özbəkistanda işə aprelin 28-də başlayıb, səsvermə günü 25 seçki məntəqəsində olub. O, bildirib ki, referendum peşəkarlıqla təşkil edilib, səsvermə və səslərin sayılması şəffaf şəraitdə keçib. Qocamanın sözlərinə görə, prosesin gedişində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə hər hansı ciddi əngəl qeydə alınmayıb. Səsvermənin nəticəsinə təsir göstərə biləcək texniki problemlər də yaşanmayıb.

TürkPA missiyasının rəhbəri Rəcəb Şəkər isə səsvermənin gedişini son dərəcə diqqətlə izlədiklərini söyləyib – məntəqələrin açılmasından, səslərin sayılmasınadək. TürkPA nümayəndələri MSK-nın aşağı komissiyalara təlimlərin keçirilməsi və prosesin şəffaflığının təmini istiqamətində gördüyü işləri müsbət qiymətləndiriblər.

Səsvermənin yüksək səviyyədə təşkil olunduğunu MDB missiyası da təsdiqləyib. «Özbəkistan Konstitusiyası ilə bağlı aprelin 30-da təşkil olunmuş referendum yüksək səviyyədə, azad, mövcud qanunvericiliyin tələblərinə uyğun keçib», - deyə missiyanın aparılmış müşahidənin nəticələrinə dair açıqlamasında bildirilir. MDB-nin baş katibi Sergey Lebedev deyib ki, «referendumun təşkilatçıları vətəndaşlara iradələrini azad ifadə etmək imkanı yaradıblar».

«Referenduma hazırlıq və onun gedişi dəqiq, mütəşəkkil və yüksək səviyyədə təşkil edilmişdi. Biz seçkilərin təşkilində əhəmiyyətli müsbət dəyişikliklər görürük», - deyə o, qeyd edib.

BMT ərazisində keçirilən bütün seçkilərdə olduğu kimi, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun missiyası bu dəfə də «fərqlənib». Qurumun müşahidəçiləri hesab edirlər ki, referendum texniki baxımdan yaxşı hazırlansa da, «plüralizmdən məhrum keçib». Bununla yanaşı, prosesdə bir sıra müsbət məqamların olduğu da vurğulanıb. Məsələn, müşahidəçilər MSK-nın öz səlahiyyətləri daxilində effektiv işlədiyini vurğulayıblar. «MSK-nın fəaliyyəti mövcud normativ-hüquqi aktlara uyğun təşkil edilib. MSK və onun ərazi, dairə komissiyaları lazımi resurslarla, rabitə vasitələri və digər vacib avadanlıqlarla təmin edilib», - deyə missiyanın ilkin hesabatında bildirilir.

Hesabatda o da deyilir ki, referendumun təşkili və keçirilməsi zamanı hər mərhələdə qanunun müəyyənləşdirdiyi müddətlərə riayət olunub. Əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakında fəallıq da müşahidəçilər tərəfindən xüsusi vurğulanıb. İlkin rəydən məlum olur ki, referendum texniki baxımdan yaxşı təşkil edilib, vətəndaşların hüquq və azadlıqlarının möhkəmlənməsinə yönəlib. ATƏT missiyasının fikrincə, dəyişikliklər layihəsilə bağlı konsultasiya prosesi də ümumilikdə əhatəli keçib, müsbət olub və yekun layihədə təkliflərin əhəmiyyətli hissəsi nəzərə alınıb.

Şanxay Əməkdaşlıq Təşkilatının missiyası da referendumun açıq, şəffaf və demokratik keçdiyini bəyan edib. Təşkilatın baş katibi Çjan Min bildirib ki, Özbəkistan referendumun keçirilməsi üçün ölkənin seçki qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun bütün şəraiti yaradıb.

 

Yaxşı gündə də, pis gündə də

Daşkənddə seçki məntəqələrinə baş çəkərkən yalnız özbəklərin deyil, ölkədə yaşayan çoxsaylı etnik azlıqların da fəallığını görmək mümkün idi. Bu mənada, azərbaycanlılar da istisna deyildi.

«Azərbaycanlılar qardaş ölkənin ictimai həyatında hər zaman fəaldırlar və onun gələcəyinə etinasız yanaşmırlar», - deyə Daşkəndin «dəmiryolçular məhəlləsi»ndəki Məhəllə komitəsinin rəhbəri Mehriban Rəhimova bildirib. O, dəfələrlə məntəqə komissiyalarına üzv seçilib. Özbəkistana gəlmiş jurnalistilərlə müşahidəçilər isə hər zaman onun məntəqəsinə düşməyə, yaxud sadəcə Məhəllə komitəsinə baş çəkməyə çalışırlar.

«Bizim məhəllədə, təxminən, 4 min insan yaşayır. Onların 70%-i və ya 2400-dən çoxu Özbəkistan vətəndaşı olan azərbaycanlılardır. Məhəllədə hamı mehribandır və bərabər hüquqlara malikdir. Milliyyətindən asılı olmayaraq, biz yaxşı günlərdə də birik, pis günlərdə də, bir-birimizin şad günlərində də iştirak edirik, kədərli günlərində də. Çox gözəl məhəlləmiz var», - deyə Mehriban xanım qeyd edib. Onun sözlərinə görə, bura dəmir yoluna yaxın olduğu üçün «dəmiryolçular məhəlləsi» adlandırılır.

Mehriban xanımın əcdadları Zəngəzurdandır. Onlar doğma vətəni hələ ötən əsrin əvvəllərində tərk etməli olublar. İndi Şəkidə də qohumları var, lakin özü Özbəkistanda doğulub. Deyir ki, «ürəyim Azərbaycanla döyünür». Mehriban xanım erməni işğalından azad olunmuş rayonları, əcdadlarının torpaqlarını ziyarət etmək istəyir.

Mehriban Rəhimova Azərbaycan Prezidenti İlham Əliyev ilə dövlət başçısının Özbəkistana ötənilki səfəri zamanı etdiyi söhbəti fəxrlə xatırlayır. Qeyd edək ki, o, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən «Xalqlar dostluğu» medalı ilə təltif edilib, 60-dan çox artıq fəxri diplom və təşəkkürnaməyə sahibdir. Özbəkistan azərbaycanlıları belə dinc, dostluq şəraitində, qardaş xalqın sevincini də, kədərini də onlarla bölüşərək yaşayırlar.

 

Gözlənilməz nəticə

Çoxları Özbəkistana 1989-cu ildən rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra, 2016-cı ilin dekabrında keçirilmiş növbədənkənar seçkidə Mirziyoyevin yeni dövlət başçısı seçildiyini yaxşı xatırlayır. 2021-ci ilin oktyabrında isə o, 80,12% səslə növbəti dəfə 5 il müddətinə prezident seçilib.

Mirziyoyev faktiki olaraq, referendumdan bir həftə sonra növbədənkənar prezident seçkisinin də keçiriləcəyini bəyan edib. O, bu barədə sərəncam imzalandığını Ali Məclis palatalarının, partiyaların, məhkəmə və icra hakimiyyəti orqanlarının rəhbərlərinə mayın 8-də referendumun nəticələrinə həsr olunmuş görüşdə bildirib. Prezident qərarını belə izah edib: «Təbii ki, sual yaranır: bu qərarın qəbulu üçün hansı obyektiv səbəblər var? Mən qarşıdakı 3 il 6 aylıq səlahiyyət müddətimdən niyə imtina edirəm? Özünüz də görürsünüz ki, Konstitusiyamıza əsasən birincisi, hakimiyyətin bütün qolları yenilənir, onların arasında münasibətlər və balans ciddi dəyişikliklərə məruz qalır. İkincisi, yenilənmiş Konstitusiya prezidentin, parlamentin, hökumətin, nazirlər və xokimlərin qarşısına təxirəsalınmaz siyasi, sosial və iqtisadi vəzifələr qoyur. Üçüncüsü, xalqımız bizdən bütün sahələrdə son dərəcə vacib və aktual dəyişikliklər, islahatlar gözləyir. Dördüncüsü dünyada və regionda sərt, çətin proseslərin getdiyi indiki dövrdə ən aktual və vacib məsələ doğru, effektiv inkişaf yolunun tapılması və reallaşdırılmasıdır».

Beləliklə, Özbəkistanda iyulun 9-da növbədənkənar prezident seçkisi keçiriləcək. Bizə yalnız qardaş ölkəyə növbəti inkişaf mərhələsində uğurlar arzulamaq qalır.



MƏSLƏHƏT GÖR:

52