25 Dekabr 2024

Çərşənbə, 17:29

ENERJİ MƏRKƏZİ

Azərbaycan həm təbii qaz hasilatı, həm də “yaşıl enerji”nin inkişafı sahəsində yeni layihələr planlaşdırır

Müəllif:

15.06.2023

Mayın 31-dən iyunun 3-dək Azərbaycanın paytaxtında keçirilmiş və bir sıra vacib tədbirləri özündə birləşdirən Bakı Enerji Həftəsi (“Baku Energy Week”, BEW) Xəzər dənizi regionunda nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Bu il dünyanın 37 ölkəsindən 326 şirkətin “Bakı Enerji Həftəsi”ndə iştirakı onun əhəmiyyətini sübut edir.

BEW çərçivəsində keçirilən tədbirlərdə neft və təbii qaz yataqlarının işlənilməsi, “yaşıl hidrogen və enerji”nin hasilatı və nəqli, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, enerji keçidi və dekarbonizasiya, neft-qaz sənayesinin rəqəmsal transformasiyası kimi əsas məsələlər müzakirə olunub.

Bakı Enerji Həftəsi çərçivəsində imzalanan sənədlərə gəlincə, onların enerji, daha doğrusu, “yaşıl enerji” sahəsi istiqamətində olması artıq heç kəsi təəccübləndirmir. “Yaşıl enerji” yavaş-yavaş, lakin, şübhəsiz ki, ənənəvi enerji resurslarının ardınca gedir. Doğrudur, ənənəvi enerji resurslarının tamamilə əvəzlənməsi hələ də çox uzaq perspektivdir. Amma bu istiqamətdə təşəbbüslər Bakı Enerji Forumu (BEF) çərçivəsində müzakirəyə çıxarılan mövzularda, həmçinin bağlanmış müqavilələrdə kifayət qədər aydın şəkildə öz əksini tapıb.

 

Ümum-Avropa səviyyəsində tədarükçü

“Onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir”, - Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimində bildirib.

Dövlət başçısı əlavə edib ki, 30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.

Bakı Enerji Həftəsinin əhəmiyyətini ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın iştirakçılara ünvanladığı məktublar da sübut edir.

“Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”, - ABŞ prezidenti qeyd edib.

“İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsinin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir. Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir”, - R.Sunakın məktubunda deyilir.

Azərbaycan liderinin çıxışından isə bu əsas məqamları vurğulamaq olar: Azərbaycan enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bu kontekstdə təkcə marşrutların deyil, həm də təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsini zəruri hesab edir, enerji sektorunda Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bundan başqa, aydındır ki, ölkə bərpa olunan enerji sahəsində güclü potensialını reallaşdırmağı və bu sahədə aparıcı ölkələrdən birinə çevrilməyi planlaşdırır. Prezident beynəlxalq maliyyə institutlarını “təmiz enerji”yə keçid məsələsində mühüm rol oynayan təbii qazla bağlı layihələri bundan sonra da dəstəkləməyə çağırıb.

Xüsusilə Azərbaycan yeni perspektiv strukturların və yataqların – “Abşeron”, “Qarabağ”, “Ümid-Babək” (2-ci mərhələ) istismara verilməsi üzrə işləri intensivləşdirməyi planlaşdırır. Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda çıxarıla bilən təbii qaz ehtiyatları 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlar 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə təxminən 4 trilyon kubmetr qiymətləndirilir. Bir neçə aydan sonra “Abşeron” yatağından ilk təbii qazın hasil ediləcəyi gözlənilir. Gələn ilin sonunda isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin qaz ehtiyatlarının işlənməsi gözlənilir.

Yeri gəlmişkən, Dövlət Neft Şirkəti (SOCAR) “Ümid” və “Abşeron” yataqlarında qazma işlərinin intensivliyinin artırılmasını, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsini, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsini planlaşdırır.

Sadalanan məsələlərin məqsədi təbii qaz hasilatını artırmaq və Cənub Qaz Dəhlizi sistemi vasitəsilə əlavə həcmlər ixrac etməkdir. Təbii ki, buna paralel olaraq, TANAP və TAP kəmərlərini genişləndirmək lazımdır.

“Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da, bizim qaz ixracımızın coğrafiyası genişlənəcək”, - İlham Əliyev vurğulayıb.

 

Növbəti müqavilə

Bu arada Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan “mavi yanacağı”nın Macarıstana nəqli ilə bağlı razılaşmalar da rəsmiləşib. Belə ki, SOCAR və Macarıstanın “MVM CEEnergy Zrt.” şirkəti 2023-cü il iyunun 2-də 100 milyon kubmetr həcmində təbii qazın tədarükü ilə bağlı müqavilə imzalayıb. Bu müqavilə ilə qeyd olunan təbii qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.

Bu, Macarıstanda uğurlu əməkdaşlığın başlanğıcı hesab olunur. Bu ölkənin xarici işlər naziri və ticarət naziri Peter Siyarto Bakıya bu yaxınlarda səfəri zamanı təkrar edib ki, bu, uzunmüddətli saziş üçün əsas ola bilər və onun əsasında Azərbaycandan Macarıstana ildə 2 milyard kubmetrədək təbii qaz tədarük ediləcək.

Eyni zamanda, Azərbaycan hesab edir ki, əlavə qaz həcmləri idxal etmək üçün Avropa ölkələri interkonnektorların sayını artırmalıdır. Bununla bağlı, tələb kifayət qədər məntiqlidir, çünki Azərbaycanın Avropanın artan tələbatını ödəmək üçün hasil etmək qərarına gəldiyi əlavə qaz həcmləri Aİ-nin bu istiqamətdə hazır olması, yəni müvafiq infrastrukturun mövcudluğu ilə dəstəklənməlidir.

Bu arada, Azərbaycan təbii qazının potensial alıcılarının siyahısı genişlənir. Belə ki, Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela bildirib ki, Praqa Avropada etibarlı enerji təchizatçısı kimi tanınan Azərbaycan təbii qazına çıxış əldə etməkdə maraqlıdır və SOCAR ilə orta və uzunmüddətli müqavilələr bağlamağa çalışır.

Qeyd edək ki, Çexiya Rusiyadan enerji resurslarının tədarükünü dayandırıb. Odur ki, bu ölkə Azərbaycanla Çexiya arasında onsuz da müsbət olan əməkdaşlığı nəzərə alaraq Azərbaycanın bu sahədə böyük töhfə verəcəyinə əmindir.

 

“Yaşıl layihə”lər

Bu arada, bərpa olunan enerji mənbələri sahəsində işlər sürətlənir. Məqsəd Azərbaycanı son nəticədə bu sahədə mühüm oyunçulardan birinə çevirməkdir. Təxminən, 200 GVt həcmində qiymətləndirilən mövcud bərpa olunan enerji potensialı belə məqsədləri həyata keçirməyə imkan verir. Son iki ildə Azərbaycan bu sahə ilə bağlı müxtəlif xarici şirkətlərlə anlaşma memorandumları və digər sazişlər imzalayıb. Buraya “Fortescue Future Industries” (FFI, Avstraliya, 12 GVt), “ACWA Power” (Səudiyyə Ərəbistanı, 2,5 GVt), “Masdar” (BƏƏ, 10 GVt) və BP (Böyük Britaniya) kimi şirkətlər daxildir. Söhbət ümumi gücü 25 GVt olan bərpa olunan enerji layihələrdən gedir.

Artıq bu ilin payızında “Masdar” şirkəti Azərbaycanda 250 milyon dollar dəyərində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasını istifadəyə verəcək. “ACWA Power” şirkəti isə 2025-ci ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını (240 MVt) işə salmağı planlaşdırır. Bunlar praktiki icra mərhələsinə keçən layihələrdir. Bundan başqa, Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunda BP tərəfindən “Şəfəq” Günəş Elektrik Stansiyası (240 MVt) inşa ediləcək.

Artıq “yaşıl enerji”nin ixrac marşrutları və onlar vasitəsilə tədarük olunacaq həcmlər müəyyən edilib. İki istiqamət seçilib: elektrik kabeli vasitəsilə Gürcüstandan Qara dənizin dibi ilə Avropaya (4 GVt) və Xəzər-Avropa “yaşıl enerji” dəhlizi  vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə (1 GVt).

Qara dəniz ixrac istiqaməti üzrə işlər aparılır, texniki-iqtisadi əsaslandırma hazırlanır. Eyni zamanda iştirakçıların sayı da genişlənir: BEW çərçivəsində keçirilən üçüncü nazirlər görüşü zamanı Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Bolqarıstanın layihəyə qoşulması barədə razılığa gəliblər. Növbəti iclas 2023-cü ilin iyuluna planlaşdırılıb. İştirakçı ölkələr konsaltinq şirkəti müəyyənləşdirməli və birgə müəssisənin yaradılması barədə qərar qəbul etməlidirlər.

Xəzər-Avropa dəhlizi vasitəsilə “yaşıl enerji”nin ixracının təşkilində də irəliləyiş var. Bu ilin mayında İlham Əliyev Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin icrası ilə əlaqədar inşa edilmiş 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib. Bu yarımstansiya Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin edəcək. Bundan başqa, bu, gələcəkdə Naxçıvanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, həmçinin Cəbrayıl-Naxçıvan vasitəsilə Türkiyəyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa bazarlarına əlavə və daha sərfəli çıxış əldə etmək üçün xüsusi əhəmiyyət kəsb edir.

BEW-in Naxçıvanda keçirilən xüsusi panel sessiyasında Azərbaycanın Energetika Nazirliyi “TotalEnergies” və “Nobel Energy Management” şirkətləri ilə külək və günəş elektrik stansiyaları (ümumilikdə 900 MVt) layihələrinin inkişafı ilə bağlı niyyət memorandumları imzalayıb. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Azərbaycan “TotalEnergies” şirkəti ilə 250 MVt-lıq günəş elektrik stansiyasının və 250 MVt-lıq külək elektrik stansiyasının tikintisinin birgə qiymətləndirilməsi ilə bağlı razılığa gəlib. Bu layihələrin Naxçıvanda və Şərqi Zəngəzurda həyata keçirilməsi planlaşdırılır. Enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi imkanları da araşdırılacaq.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti xarici investorları cəlb etmək yolu ilə Naxçıvanda 1,5 min MVt gücündə külək və günəş elektrik stansiyaları inşa etməyi planlaşdırır və bunun da azı 1 GVt-ı Türkiyə və Avropaya ixrac ediləcək.

Bundan əlavə, Bakıda Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti ilə günəş, quru (kontinental) və dəniz külək enerjisi, inteqrasiya olunmuş “smart” enerji sistemləri, bərpa olunan enerjinin tətbiqi üzrə investisiya imkanlarının birgə qiymətləndirilməsinə dair sənəd imzalanıb. Bu sənədlə 2025-ci ilə qədər ümumi gücü 2 GVt olan layihələrin icrası nəzərdə tutulur. Şirkət həmçinin bərpa olunan enerji mənbələrinə investisiyalar üçün səmərəli qanunvericilik bazasının işlənib hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə yardım göstərəcək. Üstəlik, “yaşıl hidroge”nin istehsalı da nəzərdən keçiriləcək. Yeri gəlmişkən, bu sənəd 2020-ci ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun bir hissəsidir.

İmzalanmış son sazişləri nəzərə alaraq, Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edərək 28 GVt-dan artıq “yaşıl enerji” sahəsində layihələr həyata keçirmək imkanı əldə edib. Eyni zamanda Azərbaycan hökuməti 2030-cu ilə qədər bərpa olunan enerji sahəsində 7 GVt gücündə elektrik obyektlərinin istifadəyə verilməsini gözləyir.

Bütün bu sazişlər Azərbaycanın bərpa olunan enerji ambisiyalarında daha bir mühüm addımdır və ölkəyə “təmiz enerji” məqsədlərinə nail olmağa kömək edəcək. Bunun həmçinin regionda əhəmiyyətli iqtisadi artıma, iş yerlərinin yaradılmasına və enerji təhlükəsizliyinə gətirib çıxaracağı gözlənilir. Əlbəttə ki, həyatda hər şey baş verə bilər və imzalanmış müqavilələrin hamısı mütləq şəkildə yerinə yetirilmir. Lakin Azərbaycan liderinin qeyd etdiyi kimi, “imzalanan memorandumların yarısı belə reallaşsa, bu, olduqca böyük rəqəm olacaq və Azərbaycanın daxili istehlakından iki dəfə artıq olacaq”.



MƏSLƏHƏT GÖR:

128