25 Dekabr 2024

Çərşənbə, 16:58

BÖYÜK OYUN

Avropa İttifaqı bütün diqqətini Mərkəzi Asiyaya yönəldib

Müəllif:

15.06.2023

Mərkəzi Asiya (MA) region ölkələrini bölən çoxsaylı fikir ayrılıqlarını aşaraq, «əməkdaşlığın müxtəlif formalarının sadələşdirilməsi üçün vahid geoiqtisadi məkan»a çevrilməlidir. Bu arzu iyunun 2-də İssıkgöl sahillərində keçirilmiş Avropa İttifaqı-Mərkəzi Asiya sammitində dilə gətirilib. Onu MA liderləri ifadə ediblər.

Görüş ötən ay Sianda keçirilmiş üçüncü Çin-Mərkəzi Asiya sammitindən dərhal sonraya təsadüf edib. Bunadək region dövlətlərinin xarici işlər nazirləri «S5+1» diplomatik platforması çərçivəsində Astanada ABŞ-ın dövlət katibi ilə bir araya gəlmişdilər. Daha əvvəl isə Səmərqənddə Türk Şurasının toplantısı keçirilmiş, elə həmin şəhərdə Şanxay Əməkdaşlıq Təşkilatı da iclas keçirmişdi.

MA ölkələri çoxşaxəli xarici siyasətə üstünlük verərək, nəhəng fövqəldövlətlərlə münasibətlərini balanslaşdırmağa çalışır. Son illər bu fövqəldövlətlərin liderlərinin MA-ya ayaq açması faktı isə bölgənin artan geosiyasi əhəmiyyətinin göstəricisi sayıla bilər.

5 MA ölkəsi üçün Avropa İttifaqı ən böyük investor və əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkələrə yatırılmış xarici investisiyaların 42%-i məhz Aİ-nin payına düşür. ABŞ-nin buradakı payı 14,2, Rusiyanın 6, Çinin isə 3,7% təşkil edir.

Avropa İttifaqı MA üçün həm də uğurlu regional inteqrasiya modeli kimi, yaxşı nümunədir.

 

Qiymətli əlaqələr

Aİ Mərkəzi Asiyanın 5 ölkəsi ilə formal münasibətləri onların 1992-ci ildə müstəqillik qazanmasından dərhal sonra qurub. Amma ötən illər ərzində tərəflər arasında əlaqələr o qədər də intensiv olmayıb. Çünki Qərb bu regiona Rusiyanın Sovet dövrünün avtokratları tərəfindən idarə olunan «arxa qapısı» kimi yanaşıb. Yalnız 2000-ci illərin ortalarından vəziyyət dəyişməyə başlayıb və Avropa, nəhayət, Rusiyadan aşkar asılılığına rəğmən, bu bölgə ilə daha sıx əlaqələr qurmaq qərarına gəlib. Nəticədə, Aİ regionla bağlı siyasətinə yenidən baxıb, bu istiqamətdə demokratik dəyərlərin müdafiəsinə deyil, iqtisadi və siyasi maraqlara əsaslanan çevik siyasət yürütməyə başlayıb. Bununla da, istər regional, istərsə də ikitərəfli səviyyədə münasibətlər fəallaşmağa başlayıb.

Aİ Mərkəzi Asiya ilə bağlı ilk strategiyasını yalnız 2007-ci ildə hazırlayıb. Daha sonra 2019-cu ildə onu yeniləyib. Zaman keçdikcə Avropa İttifaqı bu regionun təhlükəsizlik, enerji və beynəlxalq ticarət sahəsindəki əhəmiyyətini anlamağa başlayıb.

2015-ci ildə Aİ regional islahatlarda lider sayılan Qazaxıstanla genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzalayıb. Ticarət və investisiyalardan tutmuş, ətraf mühit və iqlim dəyişikliklərinədək müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsini nəzərdə tutan razılaşma Aİ tərəfindən yekdilliklə ratifikasiya olunub ki, bu da onun üçün Qazaxıstanla əlaqələrin nə qədər qiymətli olduğunu göstərir.

Nəticədə, bu gün Aİ Astananın ən böyük iqtisadi və ticari tərəfdaşıdır. Qazaxıstanın xarici ticarət dövriyyəsinin 30%-dən çoxu və ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların 160 milyard dollardan artığı Aİ-nin payına düşür.

Avropa İttifaqı MA-dan əsasən enerji daşıyıcıları və xammal idxal edir: Qazaxıstan və Türkmənistandan neft, Qazaxıstandan uran, Qırğızıstan və Tacikistandan qızıl.

MA ölkələrinin ixracda Aİ-dən olan əsas tərəfdaşları İtaliya, Niderland, Fransa, İspaniya və Almaniyadır. Mərkəzi Asiya əksər Aİ ölkəsi ilə ticarət balansında müsbət saldoya malikdir. Məsələn, 2021-ci ildə İtaliya ilə bu göstərici 7,6 milyard dollar, Niderlandla 3,9, Fransa ilə 1,4 milyard dollar olub. Almaniya ilə ticarət balansında isə defisit müşahidə olunur. 2021-ci ildə o, təxminən 2,4 milyard dollar təşkil edib. Bu, Aİ-nin digər ölkələri ilə müqayisədə Almaniyaya daha az xammal ixracı ilə əsaslandırılır.

 

Üç səbəb

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında ciddi çalxalanmalara səbəb olub ki, bu da hər iki regiona öz mənfi təsirini göstərib. Belə bir vəziyyətdə onlar arasında yaxınlaşma daha intensiv xarakter alıb. Nəticədə, Aİ Mərkəzi Asiya ilə bağlı siyasətinə bir daha yenidən baxıb və onu gücləndirməyə başlayıb.

Bəs Aİ-nin Mərkəzi Asiyanın 5 ölkəsi ilə əməkdaşlıq cəhdi nədən irəli gəlir?

Birincisi, şimaldan Rusiya, şərqdən Çin, cənubdan Əfqanıstan və İranla həmsərhəd olmaqla, Avrasiyanın mərkəzi kimi strateji coğrafi mövqedə yerləşən Aİ ikinci dərəcəli region statusundan qurtulmaq üçün geosiyasi addımlar atır.

Son dövrlərədək regiona əsasən 3 böyük fövqəldövlət – Rusiya, Çin və ABŞ arasındakı rəqabət prizmasından baxılıb.

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi hərbi və iqtisadi alyanslar yaratmaqla, burada mövcudluğunu qorumağa çalışırsa, Çin «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində idxal-ixrac, enerji təchizatı kimi sahələrdə iri layihələrin icrası üçün Mərkəzi Asiyaya böyük həcmdə borc verir. ABŞ isə MA ölkələrində neoliberal institutların təşviqinə, onların demokratiya, bazar iqtisadiyyatı yolunda inkişaf etməsinə çalışır.

Bu fövqəldövlətlərdən fərqli olaraq, Aİ-nin son dövrlərədək Mərkəzi Asiyada əhəmiyyətli geosiyasi maraqları olmayıb və o, region dövlətlərinə «qonşunun qonşusu» kimi baxıb.

Lakin Almaniyanın xarici işlər naziri Annabela Berbok Qazaxıstan və Özbəkistana ötən ilin oktyabrında etdiyi səfər ərəfəsində bildirib ki, Berlin Mərkəzi Asiyanın Rusiyanın qarşısında «farağat durmasını» və ya «Çindən asılı olmasını» istəmir. Bu bəyanat Almaniyanın və ümumilikdə Aİ-nin Rusiya və Çinin nüfuzunun qarşısını almaq üçün yeni «böyük oyun»da iştirak etmək niyyətinin göstəricisi kimi qiymətləndirilib.

İkincisi, Aİ təhlükəsizlik, radikalizm, zorakı ekstremizm, terrorçuluq, hibrid və kiber təhdidlər, həmçinin nüvə təhlükəsizliyi kimi ümumi problemlər qarşısında da MA ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Amerikanın öz qoşunlarını gözlənilmədən Əfqanıstandan çıxarması və ardınca bu ölkədə hökumətin iflasa uğraması Mərkəzi Asiya kimi, Avropa İttifaqını da narahat edib. Onlar Əfqanıstanın regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmasını istəmirlər.

Üçüncüsü, Aİ geoiqtisadi iddialarını həyata keçirmək üçün də MA ilə əməkdaşlığı gücləndirmək istəyir. O, bu regionla bağlı hələ 2007-ci ildə qəbul etdiyi ilk strategiyada iki regionu birləşdirəcək enerji və nəqliyyat əlaqələrinin qurulmasını prioritet elan edib.

 

Şans vermək

Aİ Rusiyadan enerji asılılığının ciddi problemlər yarada biləcəyini əvvəldən gördüyündən, hələ 2006-cı ildə Ukrayna ilə Rusiya arasında qaz tranziti ilə bağlı ilk gərginlik yaranan zaman tədarükün şaxələndirilməsi yollarını nəzərdən keçirməyə başlamışdı. Reallaşdırılması ilk dəfə 1990-cı illərin əvvəllərində təklif olunmuş Trans-Xəzər boru xəttinə maraq da məhz həmin vaxtda yaranmışdı. Lakin çoxsaylı görüşlərə və danışıqlara baxmayaraq, o zaman layihənin həyata keçirilməsi istiqamətində hər hansı ciddi nəticə əldə olunmamışdı. Analoji vəziyyət 2008 və 2014-cü illərdə də yaranmışdı. O zaman da Xəzər dənizinin hüquqi statusu müəyyənləşmədiyindən, Rusiya ilə İran bu istiqamətdə hər hansı layihənin reallaşdırılmasına qəti etiraz etmişdilər.

Bununla yanaşı, Azərbaycan sahillərində «Şahdəniz» qaz yatağının kəşfi və ardınca Gürcüstan və Türkiyə vasitəsilə istər dəmir yolu, istərsə də boru xətti marşrutlarının yaradılması Mərkəzi Asiya resurslarının aktuallığını azaltmışdı. Belə bir vəziyyətdə Aİ-nin diqqəti Cənubi Qafqaza yönəltməsi təəccüblü deyildi. Hər halda, o, Avropanın «Qonşuluq siyasəti» layihəsinin bir hissəsi olmaqla yanaşı, Aİ-yə coğrafi baxımdan da xeyli yaxındır. Lakin enerji böhranının yaşandığı, əlavə enerji resurslarına ciddi ehtiyac duyulduğu hazırkı şəraitdə Aİ çətin vəziyyətdədir. Xəzər dənizində boru xətti infrastrukturunun olmaması isə Avropanın yaxın gələcəkdə MA-dan lazımi həcmdə xammal resursları əldə edə bilməyəcəyi anlamına gəlir.

Belə bir vəziyyətdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) yaxşı alternativdir. Söhbət Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan dəmir və avtomobil yollarından, həmçinin bərə sistemindən gedir. MA ölkələri artıq «Orta dəhliz»dən (TBNM-in başqa adı) istifadə etməyə başlayıblar. Məsələn, Özbəkistan Avropaya mislə dolu qatar, Qazaxıstan isə neft göndərib.

«Orta dəhliz» texniki baxımdan sadə marşrut deyil. Xəzər dənizindən keçid havadan asılıdır və onu yalnız kiçik gəmilərlə keçmək mümkündür. Gürcüstanın daxili avtomobil və dəmir yolu infrastrukturunun böyük hissəsi pis vəziyyətdədir. Lakin marşrut üzərində yerləşən liman və terminalların gücü hazırda daşınmaqda olan yüklərin həcmi ilə müqayisədə dəfələrlə çoxdur. Şirkətlər daha nəhəng gəmilər ala bilər, lakin bu investisiya yalnız o halda yatırılacaq ki, daşınmalı olan yüklərin həcmi bu zərurəti yaratsın. Kommersiya həcmlərində əsas rolu Çin, Yaponiya, Cənubi Koreya və Şərqi Asiyanın digər ölkələri oynayır. Qazaxıstan və Özbəkistan malları isə hələ ki, həcminə və qiymətinə görə o qədər də böyük deyil.

Amma Aİ «Orta dəhliz»ə şans vermək əzmindədir. Avropa Yenidənqurma və İnkişaf Bankı yüklərin Rusiyadan yan keçməklə daşınması işinə investisiya ayırmağa hazır olduğunu bəyan edib.

 

Alternativə ehtiyac var

Dünyanın aparıcı oyunçularından özlərinə belə maraq görən Mərkəzi Asiya ölkələrinin öz tələblərini irəli sürməyə başlaması tamamilə təbiidir. Aİ burada statusunu möhkəmləndirmək istəyirsə, region ölkələrinə alternativlər təklif etməlidir. Bu mənada, onun ilk növbədə, təhlükəsizliklə bağlı problemlərin həllində fəal iştirakı lazımdır. Hesab olunur ki, Avropa İttifaqı Əfqanıstan iqtisadiyyatının sabitləşməsinə kömək edərsə, sərhədlərin təhlükəsizliyi probleminin həllilə məşğul olarsa, Mərkəzi Asiya üçün böyük iş görmüş olacaq. Hər halda, Aİ-yə bu eyhamların edildiyi açıq şəkildə hiss olunur.

Bundan başqa, Avropa İttifaqı «Orta dəhliz»i həyati əhəmiyyətli marşruta çevirmək istəyirsə, ona daha böyük həcmdə investisiya yatırmalıdır. İnfrastruktur siyasəti indiki vəziyyətə uyğun aparılmamalı, uzunmüddətli perspektivə hesablanmalıdır. Nə vaxtsa Rusiya ilə münasibətlər bərpa olunmağa başlayarsa belə, «Orta dəhliz» digər marşrutlara effektiv alternativ olaraq qalacaq.

İstənilən halda, çox şey, əlbəttə ki, Ukrayna müharibəsinin nə qədər uzanacağından, onun necə bitəcəyindən və hansı fəsadlara yol açacağından asılıdır.



MƏSLƏHƏT GÖR:

109