25 Dekabr 2024

Çərşənbə, 17:19

SEÇİM ŞANSI

Moldova 2030-cu ilədək Dnestryanı bölgə ilə birlikdə Avropa İttifaqına üzv olmağa ümidlidir

Müəllif:

15.06.2023

Avropa Siyasi Birliyinin bu yaxınlarda Kişineuda keçirilmiş sammiti Moldovanın tarixində ev sahibliyi etdiyi ən iri diplomatik tədbir idi. Toplantıda günümüzün Avropada təhlükəsizlik, sabitlik və əlaqələr kimi aktual mövzuları müzakirə olunub. Moldova özü isə təbii ki, avropapərəst mövqeyini təsdiqləmək, Dnestryanı problemə növbəti dəfə diqqət çəkmək üçün bu şansdan istifadə etməyə çalışıb.

Moldova çoxdan Avropa İttifaqı və NATO-ya inteqrasiya yolunu seçib. O, hələ 2022-ci ilin iyununda Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıb (Ukrayna ilə birlikdə). Maraqlıdır ki, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Moldovadakı «dondurulmuş münaqişə»nin ölkənin Avropa İttifaqına üzvlüyünə maneə olmadığını bildirib. «Bəli, Moldova Respublikasının ərazi problemi var, lakin onun Avropa yolu Dnestryanı münaqişədən asılı deyil. Moldova Aİ üzvü ola bilər. Kiprin də ərazi problemi var, amma o, Avropa İttifaqının üzvüdür. Eyni şeyi Moldova Respublikası da edə bilər», - deyə Borrel qeyd edib.

Moldova prezidenti Mayya Sandu isə artıq bu ilin sonlarında ölkəsinin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq niyyətini açıqlayıb. Kişineuda ümid edirlər ki, ölkə Aİ-yə Dnestryanı bölgə ilə birlikdə üzv olacaq. O, bu şərq regionu ilə sülh yolu ilə razılığa gələcəyinə də ümidlidir. İndiki halda iki vacib məqam var – iqtisadi və hərbi.

 

İqtisadiyyat

Kişineu sammitində investisiya və rəqəmsallaşmadan tutmuş, yerli istehsalçılar üçün Avropa bazarlarında yeni imkanların yaradılmasınadək müxtəlif sahələrə aid razılaşmalar imzalanıb. Qərb KİV-i yazır ki, bütün bunlar Moldovanın hibrid təhdidlərə sinə gərmək imkanlarını artırmalıdır.

Maraqlıdır ki, cəmi 15 il əvvəl Moldova ticarətinin 70%-i Rusiya və digər MDB ölkələrinin payına düşürdüsə, indi 70%-i Qərb ölkələri, əsasən isə Aİ üzvləri ilə ticarət təşkil edir. Amma ölkənin iqtisadi durumu o qədər də ürəkaçan deyil – o, Avropanın ən yoxsul ölkələrindən biridir. Ötən il Moldova ÜDM-i 5,9% azalıb, 2023-cü ilin ilk rübündə isə əməkhaqqının səviyyəsi 3,9% düşüb. Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen Moldovaya 1,6 milyard avro həcmində yardımın göstəriləcəyini bildirib. «Biz qonşuluqdakı münaqişənin fəsadlarının aradan qaldırılmasında sizə kömək etmək istəyirik. İstəyirik ki, siz Aİ ilə yaxınlaşasınız. Avropa Siyasi Birliyinin sammiti kontekstində Moldova Avropanın qəlbində yerləşir, Moldova Avropadır. Bu gün də, sabah da bütün Avropa Moldovadır», - deyə o, Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Maraqlıdır ki, Kişineuda Dnestryanı problemin həlli üçün əsas açarın məhz iqtisadi çiçəklənmə olduğunu düşünürlər. Bu, Moldovanı Dnestr çayının sol sahilinin dinc şəkildə reinteqrasiyası üçün cəlbedici vəziyyətə gətirməlidir. Halbuki əvvəllər Dnestryanı bölgə keçmiş Sovet İttifaqından qalmış sənaye hesabına müstəqil yaşaya biləcəyini düşünürdü. Amma son zamanlar bölgənin xeyli dəyişildiyi görünür. «Biz həyat səviyyəsini nə qədər tez yüksəldəriksə, birləşmək şansımız o qədər yüksək olar. 100%-lik hədəfimiz budur», - deyə Sandu bildirib.

 

Müharibə

Sammitdə Dnestryanı problem birbaşa qaldırılmasa da, ekspertlər Kişineu-Aİ əlaqələrinin güclənməsinin münaqişəyə necə təsir göstərəcəyi haqda düşünür. Təbii ki, hazırkı şəraitdə vəziyyətə ciddi təsir göstərə biləcək əsas potensial amil Ukrayna müharibəsidir. Belə ki, Odessanın cəmi 100 kilometrliyində yerləşən Dnestryanı bölgə proseslərə cəlb oluna bilər.

Ukrayna prezidenti Vladimir Zelenski Moldovada keçirilən sammitdə deyib: «Bizim (Ukrayna və Moldovanın) həmsərhəd ərazilərimizdə «dondurulmuş münaqişələr» var. Dnestryanı bölgədə niyə hələ də Rusiya kontingenti qalmaqdadır? Kreml buna son qoymalıdır. Problem 30 ildən artıqdır davam edir. Həll yolu tapılmalı, «dondurulmuş münaqişələr»ə, müharibələrə son qoyulmalıdır… Həll vaxtıdır». Zelenski Kişineunun istəyi olarsa, Dnestryanı münaqişənin həllinə yardım etməyə hazır olduqlarını söyləyib.

Bu arada, sammit ərəfəsində Rumıniyanın «Deutsche Welle» nəşrində maraqlı yazı dərc edilib: «Sammitin keçiriləcəyi qəsr Moldova ərazisindəki rusiyapərəst qiyamçı regionun – Dnestryanı bölgənin bir neçə kilometrliyində yerləşir. Orada həm Rusiyanın 14-cü ordusunun qalıqları var, həm də Avropanın rusiyalı əsgərlər tərəfindən qorunan ən böyük silah arsenalı (Kolbasna kəndində). Görünür, avropalı liderlərin məhz orada görüşməsi Rusiyanın Avropanın canına qorxu salmaq cəhdinə cavabdır».

Xatırladaq ki, Dnestryanı bölgə sakinlərinin əksəriyyətinin Rusiya vətəndaşlığı var və bölgə Rusiya ilə quru sərhədinə malikdir. Nəzərə alsaq ki, bölgə rəsmi olaraq Moldovanın bir hissəsidir (onun müstəqilliyini Rusiya belə, tanımır), Ukrayna qüvvələri oraya Kişineunun icazəsi olmadan hücum edə bilməz. Nəzəri baxımdan isə Moldova, məsələn, Rumıniyanın köməyi ilə «ərazi bütövlüyünün bərpası əməliyyatı»na başlaya, daha sonra Ukraynadan yardım istəyə bilər. Ukrayna bu istiqamətə böyük qoşun hissəsi göndərərsə, bölgə ona uzun müddət müqavimət göstərə bilməyəcək. Orada əsasən müqavilə əsasında hərbi xidmət çəkən yerli sakinlərdən ibarət Rusiya sülhməramlı kontingenti, həmçinin «yerli silahlı qüvvələr», çətin ki, buna qadir olsun. Üstəlik, artıq qeyd edildiyi kimi, Kolbasnadakı silah anbarı da var. Amma bu, daha çox müsbət yox, mənfi məqamdır.

Beləliklə, əksər ekspertlərin fikrincə, Rusiyanın Dnestryanı bölgədən Moldovaya hücum meydanı kimi istifadə edə biləcəyinə dair fikirlərin əsası yoxdur. Bununla yanaşı, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin mayın sonlarında verdiyi açıqlamada bildirib ki, Rusiya Silahlı Qüvvələri «Kiyev rejiminin təxribatına adekvat reaksiya verəcək», «həmvətənlərinin, Rusiya sülhməramlı kontingentinin, Rusiya qoşunları operativ qrupunun hərbçilərinin, Kolbasna yaşayış məntəqəsindəki hərbi anbarların müdafiəsini təmin edəcək». «Onların təhlükəsizliyinə təhdid yaradacaq istənilən əmələ beynəlxalq hüquqa əsasən, Rusiya Federasiyasına hücum kimi yanaşılacaq», - deyə o, qeyd edib.

Moldova ilə müharibənin Moskvanın maraqlarına cavab verdiyini söyləmək çətindir. Digər tərəfdən Kişineunun Rusiya-Qərb qarşıdurmasının mərkəzinə çevrilmək istəmədiyi də aydındır. Çünki bu, onun üçün bir çox risklər yaradır. Məsələn, Rusiyanın Ukraynaya endirdiyi bir raket zərbəsi nəticəsində Moldova kifayət qədər uzun müddət elektrik enerjisiz qalmışdı. Ümumiyyətlə, onun enerji sisteminin zəif cəhətləri çoxdur və o, bir anda sıradan çıxa bilər. Bu isə ölkənin iqtisadi vəziyyətinə ciddi təhdiddir. Yeri gəlmişkən, Rumıniya prezidenti Klaus Yohannis bildirib ki, Moldova ərazisində hərbi münaqişə başlayarsa, Buxarest ona müdaxilə etməyəcək.

 

Diplomatiya

Almaniyada iyunun 4-dən 7-dək Almaniya Xarici Siyasət Birliyinin himayəsi altında dəyirmi masa keçirilib. Dnestryanı münaqişənin nizamlanmasına həsr olunmuş dəyirmi masada Aİ-nin bir sıra ölkəsinin rəsmiləri və ekspertlər iştirak edib. Moldovanı tədbirdə baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebryan təmsil edib. Çoxları düşünür ki, Almaniya bununla Dnestryanı münaqişənin həllində vasitəçilik missiyasını bərpa etməyə çalışır və bu haqda qərar, güman ki, Avropa Siyasi Birliyinin sammitində, yaxud ondan sonra qəbul edilib. Aydındır ki, bu münaqişənin həlli üçün keçmişdə müəyyənləşdirilmiş «5+2» formatından formal olaraq heç kim imtina etməsə də, artıq o, effektiv deyil. Görünür, regionda və ümumilikdə dünyada vəziyyətin çox qarışıq olmasına baxmayaraq, Avropa bu köhnə problemin həllinə nail olmaq üçün diplomatik səyləri ciddi şəkildə artırmaq qərarına gəlib.

Yeri gəlmişkən, sammit vaxtı Moldovanın hava məkanı NATO tərəfindən qorunub. Kişineu Qərbdən öz ordusu üçün başqa yardımlar da alır. Məsələn, bu yaxınlarda Polşanın ona silah-sursat verəcəyi açıqlanıb.

Beləliklə, yaxın gələcəkdə Dnestryanı bölgə ətrafında baş verənlərə əsasən Ukrayna müharibəsi təsir göstərəcək – sadalanan ssenarilərdən tutmuş, təxminedilməz hallaradək. Moldova isə Qərbə ümidlə baxır. İndi əsas məsələ yaxın dövrdə onun Dnestryanı bölgəsinin hansı istiqamətə baxacağıdır.



MƏSLƏHƏT GÖR:

123