18 May 2024

Şənbə, 16:15

ARTIM NAMİNƏ İXTİSAR

“OPEC+”un 2024-cü il üçün neft hasilatı kvotalarını azaltmaq barədə indiyədək misli görünməmiş qərarının məqsədi yüksək qiymətləri dəstəkləməkdir

Müəllif:

01.07.2023

Bu yaxınlarda nüvə enerjisi sahəsində maraqlı hadisə baş verib: Çin hakimiyyəti dünyanın ilk torium nüvə reaktorunun istismarına icazə verib. Reaktor və onun əsasında 2 meqavat gücündə elektrik stansiyası Qansu bölgəsində, daha dəqiq desək, Qobi səhrasının kənarında yerləşən Vuvey (Uvey) şəhərində tikilib. “South China Morning Post” qəzetinin məlumatına əsasən, Çindəki torium ehtiyatları ölkəni düz 20 min il ərzində elektrik və istilik enerjisi ilə təmin etməyə kifayət edir. Əgər sınaqlar nəticəsində böyük ümidlər yaranarsa, 2030-cu ilə qədər gücü 400 MVt-a qədər olan eksperimental torium atom elektrik stansiyası tikiləcək. Bu isə, mütəxəssislərin fikrincə, nüvə energetikasının imkanlarının genişləndirilməsi istiqamətində vacib addım olacaq.

Alimlər alternativ elektrik enerjisi mənbələrindən istifadənin yeni yollarını axtardığı bir vaxtda, ənənəvi yanacaq hasilatçıları yeni eksperimentlər həyata keçirilir: “OPEC+” ölkələrinin alyansı iyunun 4-də keçirilən növbəti iclasında neft hasilatına dair kvotaları sutkada 41,9 milyon bareldən 40,46 milyon barelə qədər azaltmaq qərarına gəlib.

Belə ki, yeni razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Oman və Cənubi Sudan üçün kvotalar dəyişməyəcək. Amma bu qərar, məsələn, gələn il üçün hasilatını sutkada 133 min barel azaltmağa razılaşan Azərbaycana təsir edəcək. Yeni ixtisarların məqsədi dünya bazarında neftin qiymətlərinin aşağı düşməsinin qarşısını almaqdır.

 

Səudiyyə Ərəbistanının gözlənilməz qərarı

Beləliklə, Vyanada keçirilən nazirlərin növbəti görüşündə “OPEC+” ölkələri 2024-cü il üçün neft hasilatı kvotasını daha 1,4 milyon barel azaltmaq qərarına gəlib. Eyni zamanda OPEC ölkələri neft hasilatını sutkada 24,994 milyon barelə, qeyri-OPEC ölkələri isə 15,469 milyon barelə qədər azaltmaq barədə öhdəlik götürüb.

Yeni razılaşma cari ildə dəyişikliyə səbəb olmayıb. 2023-cü il üçün qüvvədə olan məhdudiyyətlərlə sutkada 41,856 milyon barel həcmində hasilat nəzərdə tutulur: OPEC - 25,416 milyon barel, qeyri-OPEC - 16,440 milyon barel. Buna neft hasilatını 2022-ci ilin oktyabr ayı səviyyəsindən sutkada 2 milyon barel azaltmaqla, o cümlədən maydan dekabra qədər 9 “OPEC+” ölkəsinin – Rusiya və Səudiyyə Ərəbistanı (hər biri 500 min barel), İraq, BƏƏ, Küveyt, Oman, Əlcəzair, Qazaxıstan, Qabonun hasilatı könüllü olaraq daha 1,66 milyon barel azaltması ilə nail olmaq planlaşdırılır. Bu ölkələr könüllü şəkildə həyata keçirilən ixtisarların 2024-cü il üçün də uzadılması ilə bağlı qərar verib. Gələn il kvotanın azaldılması Rusiya, Anqola, Konqo, Ekvatorial Qvineya, Nigeriya, Azərbaycan və Bruneyi əhatə edəcək. Digər tərəfdən BƏƏ və Meksika hasilatı artıra biləcək.

Bundan başqa, Səudiyyə Ərəbistanı gözlənilmədən, iyulda hasilatı daha 1 milyon barel və ya 10% azaltmaqla bağlı qərar verib. Bununla, onun hasilatı misli görünməmiş şəkildə minimuma enib: 9 milyon barel.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman nazirlərin görüşündən sonra açıqlayıb. O bu gözlənilməz qərarı “Saudi lollipop” adlandırıb. Onun sözlərinə görə, hasilatın bu səviyyədə azaldılması 1 ay üçün nəzərdə tutulub. Amma səudiyyəli nazir bu qərarın uzadıla biləcəyini qeyd edib.

Bu qərar Ər-Riyadın neftin qiymətini 1 barel üçün 80 dollardan yuxarı qaldırmağa çalışmasından xəbər verir. Bu məqsədlə o, hətta hasilatın misli görünməmiş miqyasda ixtisarına belə hazırdır. Bu, istənilən effekti verərsə, o zaman “OPEC+”un qalan üzvləri də bundan faydalanacaq. Lakin medalın başqa tərəfi də var: bu istiqamətdə uğurlu nəticənin əldə olunması Səudiyyə Ərəbistanı üçün digər üzv ölkələri eyni addımı atmağa razı salmağa ciddi arqument olacaq. Amma o, bu istiqamətdə hələ tək hərəkət etməlidir. Belə ki, iyun iclasının iştirakçıları arasında eyni addımı atmaq istəyən ikinci ölkə tapılmayıb.

Əbdüləziz bin Salman isə yeni razılaşmanı indiyədək misli görünməmiş razılaşma adlandırıb və bunun neft bazarını daha da şəffaflaşdıracağını vurğulayıb. Bəlkə də, bununla Ər-Riyad eyham vurur ki, “OPEC+”dakı tərəfdaşlarından neft hasilatının azaldılmasını açıq və aydın şəkildə həyata keçirilməsini gözləyir.

Səudiyyə Ərəbistanının energetika naziri neft bazarında tələb və təklifi necə gördüyünə dair şərh verməyib: “Biz sığortalanırıq (...) və bazarda aydınlıq və sabitlik görənə qədər sığortalanmağa davam edəcəyik”.

O vurğulayıb ki, “OPEC+” ölkələri (və əlbəttə ki, xüsusən də Səudiyyə Ərəbistanı – “R+”) neft bazarının sabitliyi üçün lazım olan hər şeyi etməyə hazırdır.   

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak isə elə həmin mətbuat konfransında bildirib ki, ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında “OPEC+” razılaşması ilə bağlı hər hansı fikir ayrılığı yoxdur: “Uzun illərdir ki, bizim razılaşmalarımız bazarın, həmçinin bu razılaşmalarda iştirak edən ölkələrin maraqlarına uyğundur. Hətta deyərdim ki, bu, təkcə ixracatçıların deyil, həm də istehsalçıların da maraqlarına uyğundur. Şübhəsiz ki, hər zaman ilkin qərarlar verilir. Lakin daha sonra ümumi razılığa gəlirik”.

BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui isə hasilatın artırılması ideyasını irəli sürdüyünü etiraf edib, çünki ölkəsinin uzun müddətdir ki, bunu etmək imkanı var və BƏƏ bu məsələni dəfələrlə qaldırıb: “Bu, kompromislər yolu ilə əldə edilən razılaşmadır”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə qeyd edib ki, bu qərarın əsas məqsədi neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır.

“Hesab edirəm ki, OPEC və “OPEC+” ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək”, - o vurğulayıb.

Bu arada, “OPEC+” ölkələrinin növbəti iclası noyabrın 26-da Vyanada keçiriləcək. Bundan başqa, bazardakı vəziyyəti müzakirə etmək üçün “OPEC+” monitorinq komitələrinin iki aydan bir iclasları keçiriləcək.

 

Qarşısıalınmaz kotirovkalar

Maraqlıdır ki, “OPEC+”un son qərarına baxmayaraq, neft qiymətlərinin hələ ki artmaq tendensiyası yoxdur. Buna görə də, bazarda kifayət qədər təklif, eləcə də dünyanın ən böyük mərkəzi banklarının pul-kredit siyasətini sərtləşdirməsi, tələbin zəifləyəcəyi ilə bağlı gözləntilər fonunda onlar ardıcıl ikinci rübü mənfi göstəricidə başa vura bilər.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin 1 bareli, təxminən, 76 dollar, WTI markalı neftin 1 bareli isə 70-72 dollardır. Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanının iyul ayından hasilatı sutkada daha 1 milyon barel azaltmaq təşəbbüsü qiymətlərin artmasına səbəb ola bilər.

“Consultancy Rystad Energy” konsaltinq şirkəti hesab edir ki, krallığın hasilatla bağlı əlavə ixtisarları iyul ayında qlobal bazar kəsirini sutkada 3 milyon barelə qədər artıracaq və bu da yaxın həftələrdə qiymətlərin yüksəlməsinə səbəb olacaq.

“İstehsalın azaldılması qiymətlərin eniş riskini azaldır. Lakin bu, tələbin ilin ikinci yarısında gözlənilən səviyyələrə çatacağına əminlik yaratmır”, - “CIBC Private Wealth”in baş treyderi Rebekka Bebin deyib. 

Rusiyanın energetika naziri Nikolay Şulqinovun fikrincə, ölkəsinin və bir sıra digər hasilatçı dövlətlərin könüllü şəkildə neft hasilatını azaltması bazarı tarazlaşdıracaq və bu ilin sonuna qədər neftin qiymətinin artmasına səbəb olacaq: “Balansın təmin edilməsi üçün könüllü şəkildə hasilatın azaldılmasına ehtiyac duyulur. Balanslaşdırma nəticəsində tələbin artacağına inanırıq. Düşünürəm ki, dördüncü rübdə qiymətlər arta bilər. Buna görə də biz könüllü ixtisarlar nəticəsində büdcənin itkilərlə üzləşəcəyini gözləmirik”.

Digər tərəfdən getdikcə daha az analitik hesab edir ki, qiymətlər 1 barel üçün 100 dollara qədər yüksələcək. Bir çox aparıcı maliyyə institutları cari il üçün neft proqnozlarını əhəmiyyətli dərəcədə azaldıb və aydınlaşdırıblar  ki, qiymətlərin əhəmiyyətli sıçrayışına yalnız böyük geosiyasi hadisələr kömək edə bilər.

Bu arada, qiymət artımına nail olmaq kifayət deyil, hələ onları bu səviyyədə saxlamağa çalışmaq lazımdır. Bu halda ölkələrin, ilk növbədə, Səudiyyə Ərəbistanının yeni addımlar atacağını gözləmək lazımdır. Lakin kotirovkaların aşağı düşməsi halında cavab tədbirləri görüləcək. Bu zaman məhz “OPEC+” ölkələri cavab tədbirləri həyata keçirəcək.

 

60 il sonra

Neft İxrac Edən Ölkələr Təşkilatının yaranmasının 60 illik yubileyi qeyd edilib. Qeyd edək ki, bununla bağlı tədbirin 2020-ci ilin sentyabrında keçirilməsi planlaşdırılmışdı. Lakin bu tədbir COVID-19 pandemiyası üzündən bir neçə dəfə təxirə salınıb. Nəticədə, yubiley tədbirləri bu il iyunun 16-da Bağdadda keçirilib. İraq OPEC katibliyi ilə birlikdə müxtəlif mədəni tədbirlər daxil olmaqla, təntənəli proqram hazırlayıb.

Tədbirdə İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə yanaşı, bu ölkə hökumətinin yüksək rütbəli rəsmiləri və OPEC-ə daxil olan ölkələrin nümayəndələri də iştirak ediblər. İraqın neft naziri Hayyan Abdülqani, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin energetika nazirləri, Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov və OPEC-in Baş katibi Haysam əl-Qays tədbirdə iştirak ediblər.

OPEC 60 illik fəaliyyəti ərzində neft bazarında səmərəliliyini və təsirini qoruyub saxlamağa nail olub. Təşkilata daxil olmayan bir sıra dövlətlərlə müttəfiqlik sayəsində OPEC mövqeyini möhkəmləndirib və dünya bazarında qiymətlərin tənzimlənməsində aparıcı rol oynamaqda davam edir.

Hələ 50-60 il əvvəl Azərbaycanın “Neft İxrac Edən Ölkələr Təşkilatı” adlı ailənin üzvü olmasa da, onun yaxın dostu olacağını çox az adam təsəvvür edə bilərdi. OPEC-in baş katiblərinin əməkdaşlıq məsələlərini müzakirə etmək, ölkənin dünya neft bazarının tənzimlənməsində, tələb və təklif arasında tarazlığın təmin edilməsində rolundan danışmaq üçün Bakıya gələcəyini çox az adam təsəvvür edə bilərdi. Lakin reallıq tam olaraq belədir: Bağdadda keçirilən yubiley tədbirlərindən iki gün sonra Küveyt nümayəndəsi Haysam əl-Qays OPEC-in yeni Baş katibi kimi ilk dəfə məhz Azərbaycana səfər edib.

Məqsəd ölkəmizlə əməkdaşlığı genişləndirməkdir. Bu məqamda neft hasilatının həcmi heç bir əhəmiyyət kəsb etmir. Daha vacib məsələ etibarlı tərəfdaş statusunu qazanmaqdır. Azərbaycan “OPEC+” alyansının neft hasilatının məhdudlaşdırılması razılaşması üzrə bütün öhdəliklərinə qüsursuz şəkildə əməl edən nadir ölkələrdən biridir. Görünən odur ki, məhz bizim vədlərimizin etibarlılığı və yerinə yetirilməsi ölkəmizlə bu təşkilat arasında uğurlu əməkdaşlıq əsas məqam olub.

Xatırladaq ki, OPEC-in Baş katibi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, energetika naziri Pərviz Şahbazov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşlər keçirib. Danışıqların təfərrüatları barədə məlumat verilmir. Rəsmi məlumatlardan yalnız müzakirə edilən məsələləri öyrənmək mümkün olub: Azərbaycanla OPEC katibliyi arasında əməkdaşlıq, “OPEC+” çərçivəsində əməkdaşlıq, neft bazarının tənzimlənməsində ölkənin rolu, bazar sabitliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər, ətraf mühitə mənfi təsirin minimuma endirilməsi üçün neft-qaz sektorunda müasir texnologiyalardan istifadənin vacibliyi.

Azərbaycan Prezidenti İlham Əliyevin Haysam əl-Qays ilə görüşündə “OPEC+” formatında hazırkı qlobal neft bazarında fəaliyyətin roluna toxunulub və indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu qeyd edilib. Görüş zamanı bu gün neft-qaz sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirilib.

Bu arada, iyunun əvvəlində Bakı Enerji Həftəsinin açılışında çıxış edən Azərbaycan dövlət başçısı bir sıra beynəlxalq maliyyə təşkilatlarının “yaşıl enerji”yə keçidə görə qalıq yanacaqla bağlı layihələri maliyyələşdirməkdən imtina etməsinin tələsik qərar olmasına işarə edərək, enerji təhlükəsizliyinin təmin edilməsində təbii qazın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

İlham Əliyev və Haysam əl-Qays dünya iqtisadiyyatının artması nəticəsində ümumilikdə enerjiyə çoxalan tələbat nəzərə alınaraq, bu sahəyə son zamanlarda investisiyaların azaldılmasının müəyyən narahatlıq doğurduğunu qeyd ediblər.

OPEC 2023-cü ilin sonuna qədər dünya bazarlarında neftə olan tələbatın pandemiyadan əvvəlki göstəriciyə - sutkada 101,9-102 milyon barelə çatacağını proqnozlaşdırır. OPEC investisiya səviyyəsinin hələ bərpa edilməməsinə baxmayaraq, tələbatın pandemiyadan əvvəlki göstəriciyə çatacağını gözləyir. Belə ki, əgər COVID-19 pandemiyasından əvvəl neft sənayesində illik investisiyaların həcmi 500-600 milyard dollar intervalında idisə, bu gün söhbət 350-400 milyard dollardan gedir.

OPEC enerji tələbatının yaxın gələcəkdə artmağa davam edəcəyini və bu tələbatın ödənilməsi üçün əhəmiyyətli investisiyaya ehtiyacın olacağını proqnozlaşdırır.

“2045-ci ilə qədər enerjiyə olan tələbat 23% artacaq. Hesab edirik ki, bu tələbatın neft hesabına ödənilməsi vacibdir. Neftə tələbat isə indiki dövrlə müqayisədə gündəlik təxminən 13 milyon barel artacaq. 2045-ci ilə qədər gündəlik 13 milyon barelin əldə edilməsi əhəmiyyətli investisiya tələb edir”, - OPEC-in Baş katibi deyib.

Onun sözlərinə görə, 2045-ci ilə qədər olan dövrdə artan tələbatı ödəmək üçün 12,1 trilyon dollara qədər sərmayə yatırmaq lazım gələcək.

“OPEC+” ölkələri arasında iyunun 4-də əldə olunmuş razılaşmaya qayıtsaq, rəsmi Bakının bu dəfə də neft hasilatının azaldılması qərarını dəstəklədiyini qeyd etmək yerinə düşər. Azərbaycanın “OPEC+” razılaşması çərçivəsində 2024-cü ildə neft hasilatı kvotası 551,000 barel təşkil edəcək. Qeyd edək ki, ötən il bu kvota gündəlik 684 min barel təşkil edib. Beləliklə, ölkə gələn il neft hasilatını sutkada 133 min barel azaltmağı öhdəsinə götürüb.

Ölkədə maye karbohidrogenlərin hasilatının artımı kondensat hesabına təmin edilir. Bu da razılaşmanın şərtləri həyata keçirilən zaman “OPEC+” hesablamalarında nəzərə alınmır. Buna görə də Azərbaycan öhdəliklərini yerinə yetirmək məsələsində problemlə üzləşməməlidir.



MƏSLƏHƏT GÖR:

68