18 May 2024

Şənbə, 08:51

DAYANIQLI MÖVQE

Azərbaycan 2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri üzrə rekordları yeniləyib

Müəllif:

01.07.2023

Bu il dünya bazarlarında neftin qiymətlərinin yüksək olması Azərbaycan hökumətinə ilin ortalarında dövlət büdcəsinin parametrlərinə yenidən baxmağa imkan verib: Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi dəyişikliklərə əsasən, büdcə gəlirləri 9,8% artırılaraq 33,8 milyard manata, xərclər isə 9,6% artırılaraq 36,6 milyard manata çatdırılıb. 2023-cü il büdcə kəsirinin 2,8 milyard manat və ya ÜDM-in 2,5%-i həcmində olacağı gözlənilir. Qeyd edək ki, ilkin variantda da dövlət büdcəsi kəsirlə proqnozlaşdırılmışdı.

Eyni zamanda artıq bu ilin 5 ayının yekunlarından sonra məlum olub ki, vəziyyət müsbət istiqamətdə inkişaf edir: yanvar-may aylarında 2,8 milyard manatlıq müsbət saldo yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% çoxdur.

Bu məqamda qeyd edək ki, dövlət büdcəsindən fərqli olaraq, icmal büdcənin gəlirləri 43 milyard (əvvəlki göstəricidən 30,4% çox), xərcləri isə 41,3 milyard manat (8,7% çox) olmaqla, profisitlə proqnozlaşdırılır.

 

Neft gəlirləri üstünlük təşkil edir

Dəyişikliklərə əsasən, büdcə daha iddialı neft qiyməti (1 barel üçün əvvəlki 50 dollara qarşı 60 dollar) ilə formalaşdırılıb. Üstəlik, gəlirlər və xərclər növbəti rekord göstəriciyə çatdırılıb.

Maliyyə naziri Samir Şərifovun qeyd etdiyi kimi, neftin büdcədə nəzərdə tutulan yeni qiyməti bir qədər riskli görünsə də, “Azeri Light” markalı neftin 1 barelinin orta ixrac qiymətinin 80-85 dollar olduğu nəzərə alınsa, bu real rəqəmdir. 

Enerji resurslarının satışından əldə olunan gəlirlərin 52,5%-lik göstəricisi ilə Azərbaycan dövlət büdcəsinin gəlirlər hissəsində üstünlük təşkil edəcək. Sevindirici haldır ki, qeyri-neft sektoru ilə fərq ildən-ilə azalır.  Qeyri-neft sektorunda əldə edilən gəlirlər daha da artır: neft gəlirlərinin 8,9% artmasına qarşı qeyri-neft sektorunda 10,8%-lik artım var.

Maraqlıdır ki, artan “yük”ün böyük hissəsi Dövlət Gömrük Komitəsinin “çiyninə düşəcək”. Komitənin xətti ilə dövlət büdcəsinə ayırmalar üzrə proqnoz 20,6% artıb. Dövlət Vergi Xidmətinin əlavə 11,4%, büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının 10,3%-dən çox olacağı gözlənilir. Təbii ki, Dövlət Neft Fondundan daha çox transfertlər olacaq, lakin cəmi 4,1%.

Yeri gəlmişkən, Fondun 2022-ci il üzrə dərc olunmuş illik hesabatında 2010-2021-ci illərdə ARDNF-dən transfertlərin Azərbaycanın dövlət büdcəsinin məcmu gəlirlərində xüsusi çəkisi 40-50%, 2022-ci ildə isə 25,8% təşkil edib.

 

Əsas xərclər

Dövlət büdcəsinin xərclərinə gəlincə, əlavə xərclərin əsas hissəsini ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəltmək nəzərdə tutulur.

“Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi hərbi potensialımızın gücləndirilməsi. Yəni təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir”, - Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bir tərəfdən Ermənistan ilə münasibətlərin gərgin olduğunu, digər tərəfdən isə azad edilmiş ərazilərin tezliklə bərpasının və keçmiş məcburi köçkünlərin geri qaytarılmasının zəruri olduğunu nəzərə alsaq, dövlət büdcəsinin ən aktual xərclərinin məhz bu iki istiqamətə ayrılmasının tamamilə məntiqli və təbii olduğunu söyləyə bilərik. “Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq”, - dövlət başçısı çıxışlarının birində qeyd edib. Müdafiə sahəsinə əlavə olaraq 0,7 milyard manat ayrılıb.

Azad edilmiş ərazilərdə quruculuq işlərinə gəlincə, bu işə artıq 6,5 milyard manat dövlət vəsaiti yönəldilib. Bu il ilkin olaraq 3 milyard manat ayrılsa da, 5 ayda bu vəsaitin 60%-i artıq xərcləndiyindən bu işlərə daha çox vəsait yönəltmək məqsədəuyğun sayılıb. S.Şərifov bildirib ki, hökumət bu ərazilərin Azərbaycan iqtisadiyyatına sürətlə reinteqrasiyasına nail olmağa çalışır. Bu halda bu ərazilərdən gəlir əldə edilməyə və investisiya geri qaytarılmağa başlanılacaq.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, bugünədək xarici investorlar daxil olmaqla, 1500-ə yaxın investor Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib, 100-ə yaxın sahibkar isə artıq fəaliyyətə başlayıb. Şübhəsiz ki, onların sayı artacaq, çünki azad edilmiş ərazilərdə həm yerli, həm də xarici investorlar 10 il müddətinə bütün vergiləri ödəməkdən azaddırlar. Bu da burada biznesi çox sərfəli edir.

 

Fərqli inflyasiya

Yeni dəyişikliklərdə maraqlı məqam sosial müdafiə və sosial təminat üzrə proqnozların 100 milyon manata yaxın azaldılması olub. Düzdür, onlar üçün xərclər dəyişməz qalıb, yalnız sosial müdafiə və sosial təminat sahələri üzrə bəzi “sair xərclər” azaldılıb.

Qeyd edək ki, parlament dinləmələrində deputatlar hökuməti dünyada baş verən inflyasiya proseslərini və onların ölkə daxilində istehlak qiymətlərinə təzyiqlərini nəzərə almağa çağırıblar. Məsələn, deputat Əli Məsimli 2023-cü il üçün yenilənmiş inflyasiya proqnozunun 10,4% olmasının real olmadığını və daha yüksək olması lazım olduğunu və bunun fonunda maaşların, pensiyaların, müavinətlərin və s. artırılması imkanlarına yenidən baxılmasının vacibliyini əsaslandırıb.

Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan alıcılıq qabiliyyətinə görə MDB məkanında liderdir. Azərbaycan Mərkəzi Bankı 2023-cü il üçün inflyasiya proqnozunu 8,3% səviyyəsində saxladığını açıqlayıb: “Qlobal iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı qeyri-müəyyənlik qalmaqda davam edir. May ayında əvvəlki aya nəzərən 0,4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11,5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə (15,6%) ilə müqayisədə 4,1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12,7%-ə enib”.

Üstəlik, Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları da davam etdirir.

Yeri gəlmişkən, iyunda Mərkəzi Bank son aylarda ilk dəfə olaraq uçot dərəcəsini 9% səviyyəsində saxlayıb. “İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək fasilə götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək”, - AMB-nin uçot dərəcəsi haqqında məlumatında qeyd edilib.

Doğrudur, qlobal vəziyyət ölkənin digər makroiqtisadi göstəricilərinə də təsir edir. Xüsusilə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin qeyd etdiyi kimi, bu il dünyada və Azərbaycanda ÜDM-in artım tempinin aşağı düşəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, 2023-cü ildə ÜDM-in nominal həcmi 111,3 milyard manat (106 milyard manat olub), real artım 1,8% (proqnoz - 2,7%) səviyyəsində qiymətləndirilir. Lakin bu çətin xarici şəraitdə istənilən artım artıq nailiyyətdir. Bu dövrdə əsas məsələ isə kifayət qədər daxili resursların olmasıdır. Beləliklə, dövlət büdcəsinin növbəti rekord artımı Azərbaycanın bu sahədə dayanıqlı mövqeyinin təsdiqidir.


MƏSLƏHƏT GÖR:

57