19 May 2024

Bazar, 21:09

MÖHTƏŞƏM NƏTİCƏ!

Yeniyetmə cüdoçularımız Avropa çempionatında birinci yerə çıxıb

Müəllif:

15.07.2023

Portuqaliyanın Odivelaş şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı bütövlüklə komandamızın uğurlu çıxışı ilə yadda qalıb. Yeniyetmə cüdoçularımız həm komanda, həm də fərdi yarışda yüksək nəticə göstərməklə adını turnirin tarixinə yazıb.

Dörd günlük yarışın yekununda Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub.

Vüsalə Hacıyeva (48 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Ramazan Əhmədov (+90 kq) Avropa çempionu olub, Xədicə Qədəşova (52 kq), Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

Fərdi yarışlarda Vüsalə Hacıyeva və Ramazan Əhmədovun çempionluğu xüsusi olaraq qeyd olunmalıdır. Yeniyetmə cüdoçularımız bütün rəqiblərini aşkar üstünlüklə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onların yüksək texnikası, anında qərar qəbul etmək bacarığı və digər üstünlükləri yarışa layiqincə hazırlaşdıqlarını göstərib.

Portuqaliyada daha bir qızıl medal komanda yarışlarında əldə olunub. Milli qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlib. Komandanın qızıl medal uğrunda görüşdə rəqibi Fransa seçməsi olub. Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib. Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

 

Rekord nəticə

Avropa çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Ramazan Əhmədov nəticə barədə bunları deyib: “Komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Final görüşündən əvvəl məşqçilərimlə taktiki gedişləri müzakirə etmişdim. Sevinirəm ki, sonda hər şey alındı. Komanda yoldaşlarımın himnimizi oxuduğunu görmək çox gözəl idi. Ölkəm üçün medal qazanmaq böyük şərəfdir”.

Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov nəticənin rekord göstərici olduğunu bildirib: “Bizim yığma komandamız Avropa çempionatında rekorda imza atıb. Cüdo tariximizdə yeniyetmələrin Avropa çempionatında belə yüksək nəticə olmamışdı. Bizi bundan sonra dünya çempionatı gözləyir. Var gücümüzlə o yarışlara hazırlaşacağıq. İdmanda hər zaman qələbə qazanmaq mümkün deyil. Lakin uğurlu çıxışı davam etdirmək üçün məşqlərimiz davam edəcək. Qitə birinciliyində medal qazanan cüdoçuların gələcəkdə gənclər və böyüklərdən ibarət komandalara cəlb olunması üçün xüsusi proqram hazırlanacaq”.

Cüdoçuların yeniyetmələrin Avropa çempionatında əldə etdiyi möhtəşəm nəticə yüksək qiymətləndirilməlidir. Komanda yarışında qızıl medal qazanan yığmanın cüdoçuları məşqçilər tərəfindən diqqətdə saxlanılmalıdır. Dünya birinciliyindən sonra yaş artdıqca bəzi yeniyetmələri gənclərin komandası ilə birgə hazırlığa cəlb etmək olar. Qeyd etmək lazımdır ki, əksər hallarda yeniyetmə cüdoçuların yuxarı yaş qruplarına keçidi problemlə reallaşır. Müəyyən səbəblərdən cüdoçular erkən yaşda uğur qazandıqdan sonra onun davamını gətirə bilmir. Nəticədə, perspektivli idmançılar erkən yaşda karyerasını başa vurur. Məhz buna görə yeniyetmə cüdoçuların gənclərin komandasına keçidi xüsusi proqramla reallaşdırılmalıdır. Addım-addım cüdoçular gənclərin komandasına öyrəşməli və orada da uğurlu çıxışı davam etdirməlidir.

 

Yeni böyük məşqçi

Yeri gəlmişkən böyüklərdən ibarət komandaya daha bir məşqçi cəlb olunub. Azərbaycan Cüdo Federasiyası kişilərdən ibarət milli yığma komandasının böyük məşqçisi vəzifəsinə almaniyalı mütəxəssis Slavko Tekiçi dəvət edib. O, vəzifəsinin icrasına 2023-cü il avqustun 1-dən başlayacaq.

53 yaşlı Slavko Tekiç məşqçilik fəaliyyətinə 1992-ci ildə başlayıb və 1996-cı ildən etibarən Almaniyada çalışır. 1999-cu ildə Almaniyanın Hamburq Federativ bölgəsində dövlət məşqçisi, 2009-cu ildə isə adıçəkilən bölgənin baş məşqçisi təyin edilib və Azərbaycan milli yığmasına dəvət alana qədər bu vəzifədə çalışıb. 2017-ci ildə Almaniya Cüdo Federasiyası tərəfindən ilin cüdo məşqçisi mükafatına layiq görülüb. O, beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməyə yönəlmiş təlim proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində böyük təcrübəyə malikdir.

Qeyd edək ki, Rixard Trautmann Azərbaycanın kişilərdən ibarət milli komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.



MƏSLƏHƏT GÖR:

58