18 May 2024

Şənbə, 13:34

TAXIL VAR - SAZİŞ YOXDUR

Ərzaq bazarında uzunmüddətli risklər qalsa da, rekord məhsul yığımı “Taxıl sazişi”nin başa çatmasının fəsadlarını kompensasiya edir

Müəllif:

15.07.2023

Düz 1 il əvvəl Rusiya, Ukrayna, Türkiyə və BMT arasında Ukrayna limanlarından taxılın Qara dəniz vasitəsilə ixracına dair bağlanmış “Taxıl sazişi” artıq öz işini görüb və indi onunla bağlı istənilən qərar dünya bazarındakı vəziyyəti dəyişməyəcək. Ekspertlərin əksəriyyəti məhz belə düşünür. BMT, Avropa İttifaqı (Aİ) və Türkiyənin sazişin müddətinin uzadılması cəhdlərinə baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi bunun üçün heç bir səbəb görmədiyini bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2023-cü ildə rekord taxıl yığımı və qiymətlərin aşağı düşməsi ilə bağlı proqnozları fonunda belə, bu sahədə risklər hələ də kifayət qədər yüksəkdir. Payızlıq taxıl biçininin başa çatdırıldığı Azərbaycan dünyada müşahidə olunan tendensiyaları nəzərə alaraq, taxıl idxalının əvəzlənməsi istiqamətində addımları intensivləşdirir.

 

Sanksiyalara görə qisas

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin, təxminən, 1 il əvvəl həyata keçirdiyi ciddi səyləri taxıl bazarının sabitləşməsi üçün çox müsbət rol oynayıb. Belə ki, 2022-ci il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna və Türkiyə nümayəndələri qlobal ərzaq böhranının həlli üçün Ukrayna limanlarından (Çernomorsk, Odessa və Yujnı) taxılın təhlükəsiz daşınmasına dair saziş imzalayıblar. Eyni zamanda imzalanmış ikinci sənədlə Rusiyadan ərzaq və gübrələrin ixracı qarşısındakı maneələrin aradan qaldırılması nəzərdə tutulurdu.

Ümumilikdə, 2022-ci il avqustun 1-dən 2023-cü il iyunun 20-dək Ukraynanın üç limanından dəniz dəhlizi vasitəsilə təxminən 32 milyon tona yaxın kənd təsərrüfatı məhsulları - arpa, buğda, qarğıdalı, soya paxlası, buğda kəpəyi, günəbaxan, günəbaxan unu və s. kimi müxtəlif növ yarma və dənli bitkilər ixrac edilib.

“Taxıl sazişi” çərçivəsində daşınan məhsulların əsas alıcısı isə Çin olub. Bu ölkənin  limanları 7,66 milyon tona yaxın məhsul qəbul edib. Bundan başqa, İspaniya, İtaliya, Türkiyə və Cənubi Avropanın bir sıra ölkələri də bu nəqliyyat şəbəkəsindən yararlanıb.

Yeri gəlmişkən, bu sazişin müsbət təsiri Somali, Keniya, Efiopiya, Sudan və digər Afrika ölkələrində hiss olunub. Afrika ölkələrinə 3,98 milyon ton taxıl ixrac edilib. Yəni bu ölkələrə taxıl tədarükünün ümumi payının təxminən 12%-i daşınıb. Saziş çərçivəsində taxılın cüzi hissəsi Yaxın Şərq regionuna, vətəndaş müharibəsi nəticəsində tar-mar olmuş Yəmənə göndərilib. Təşəbbüsdən faydalananlar arasında dünyanın ən kasıb ölkələrindən biri olan Banqladeş də var idi.

Bütün müsbət məqamlara baxmayaraq, “Taxıl sazişi”nin il ərzində icrası onun iştirakçılarının mövqelərindəki uyğunsuzluqlar üzündən ciddi problemlərlə üzləşib. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, yəni mart ayına qədər, daha sonra 2 dəfə 2 ay müddətinə uzadılıb.

Lakin yaz fəslinin sonunda məlum olub ki, Rusiya hakimiyyəti İstanbul razılaşmasını uzatmağa can atmır. Belə ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, əgər G7 ölkələri Rusiyaya malların ixracına tam qadağa tətbiq etsə, Moskvanın cavab tədbirləri siyahısında “Taxıl sazişi”nin başa çatdırılması və G7 ölkələrinə digər mühüm məhsulların tədarükünə məhdudiyyətlərin qoyulması olacaq.

Oxşar mövqeyi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib. Onun fikrincə, Qərb tərəfindən sazişdə Rusiya ilə bağlı hissənin həyata keçirilməsində irəliləyişə nail olunmaması “Taxıl sazişi”nin uzadılmasını mənasız edir.

Üstəlik, iyunda Aİ-nin 11-ci anti-Rusiya sanksiyalar paketini qəbul etməsindən və ABŞ-ın Ukrayna münaqişəsində mövqeyini sərtləşdirməsindən sonra “Taxıl sazişi”nin uzadılması perspektivləri barədə danışmağa belə ehtiyac yoxdur.

Bundan başqa, bir sıra ekspertlər Moskvanın sərt mövqeyini Rusiyada misli görünməmiş taxıl yığımı ilə əlaqələndirirlər və bu kontekstdə rusiyalı istehsalçılar buğda üçün sərfəli regional bazarları ukraynalı təchizatçılara vermək istəmirlər.

“İyunun 26-dan etibarən İstanbuldakı Birgə Koordinasiya Mərkəzi hər hansı yeni yük gəmisinə Qara Dəniz Taxıl Təşəbbüsünə qoşulmaq üçün icazə verməyib. Eyni zamanda bu mərkəzə 29 yeni müraciət daxil olub. Yeni gəmilər təşəbbüsdə iştirak edə bilməyəcəyinə görə “Taxıl sazişi” rəsmi olaraq başa çatana, yəni iyulun 17-nə qədər milyonlarla ton ərzaq limanlarda ilişib qalacaq”, - BMT-nin Baş katibinin nümayəndəsi Farhan Haq bildirib.

 

Saziş artıq lazım deyil?

İyunun sonu və iyulun birinci ongünlüyündə “Taxıl sazişi”ni canlandırmaq və ya azı bu sənədi yeni formatda yenidən müzakirə etmək üçün bir sıra səylər göstərilib. Məsələn, iyunun 29-30-da Brüsseldə keçirilən Aİ sammitində Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılması tələbi irəli sürülüb, daha sonra iyulun ilk ongünlüyündə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Moskva ilə danışıqları bərpa etməyə hazır olduqlarından danışıb, Rəcəb Tayyib Ərdoğan da oxşar mövqe ifadə edib.

Lakin bazar iştirakçılarının addımlarını və ixtisaslaşmış ekspertlərin qiymətləndirmələrini nəzərə alsaq, bu sazişin artıq siyasi baxımdan öz işini gördüyünü söyləyə bilərik. İndi onunla bağlı hər hansı bir dəyişiklik dünya taxıl bazarını və onun iştirakçılarının mövqeyini dəyişməyəcək. Bu, ötən ilin fevralından bəri keyfiyyətcə dəyişmiş vəziyyətlə bağlıdır. İl yarım əvvəl Ukraynada müharibə nəticəsində Avrasiya qitəsində yaranmış geosiyasi çatlar və Qərblə Rusiya arasında sərt sanksiya qarşıdurmasının başlaması Ukrayna, Rusiya və Belarusdan dünya bazarına ərzaq və gübrələrin tədarükünün kəskin azalmasına səbəb olub. Bütün bunlar İkinci Dünya müharibəsindən sonra misli görünməmiş taxıl qıtlığına səbəb olub və dünyanın ən kasıb ölkələrində ciddi aclıq təhlükəsi yaradıb.

Doğrudur, hazırda ərzaq bazarında aclıqla bağlı təhlükələr və digər risklər xeyli aşağıdır. “2023-cü ildə qlobal taxıl istehsalı rekord ola və 2,8 milyard tona çata bilər. Bu da 2022-ci illə müqayisədə 1,1% çoxdur. Üstəlik, iyunda buğda üzrə proqnoz 5,9 milyon ton artırılıb. Bu düzəliş, demək olar ki, bütünlüklə dünyanın əksər ölkələrində buğda məhsulunun yığımı perspektivlərinin yaxşılaşdırılması ilə bağlıdır. Xüsusilə Aİ, Kanada, Qazaxıstan və Türkiyədə buğda məhsulu ilə bağlı təxminlər qaldırılıb”, - FAO-nun iyun icmalında deyilir.

Müsbət cəhətlər arasında düyü istehsalı ilə bağlı FAO proqnozlarını göstərmək olar: Banqladeşdə, o cümlədən ekvatorun cənubunda yerləşən digər ölkələrdə məhsul yığımı ilə bağlı göstəricilərin yaxşılaşması səbəbindən proqnozlar, təxminən, 523,7 milyon tona qədər artırılıb.

Ümumilikdə, BMT-nin profilli strukturunun məlumatına əsasən, iyunda ərzaq qiymətləri indeksi 122,3 bənd təşkil edib. Bu da may ayı ilə müqayisədə 1,4%, 2022-ci ilin mart ayının pik səviyyəsindən isə 23,4% aşağıdır.

Bir sözlə, sadalanan faktlar dənli bitkilərə tələbatın nəzərəçarpacaq dərəcədə azaldığını göstərir. Yəni dənli bitkilərə tələbat təxminən bir il əvvəlki kimi ajiotaj xarakteri daşımır. Meksikada və regionun digər ölkələrində yüksək məhsuldarlıq səbəbindən Amerika qarğıdalısının ixracı xeyli azalıb, digər yemlik taxıl növləri də ucuzlaşır. Bu fonda buğdanın qiyməti də aşağı düşür. Buna görə də dünya bazarını Ukraynadan tədarüklərin davam edib-etməyəcəyi ilə bağlı sual praktiki olaraq maraqlandırmır. Bu tendensiya iyunun əvvəlində Tolyattı-Odessa ammonyak kəmərinin partlamasından sonra güclənib. Görünür, o vaxt beynəlxalq operatorlar və gübrə treyderləri hesablamalarında Ukrayna bazarının seqmentini nəzərə almağı dayandırdılar. “Taxıl sazişi” ilə qlobal taxıl bazarı arasındakı əlaqə də sıfra enib. Taxıl treyderlərinin əksəriyyəti İstanbul müqaviləsi ilə bağlı mənfi proqnoza əvvəlcədən hazırlaşaraq, sadəcə olaraq, başqa bölgələrdən taxıl tədarükünə keçiblər.

 

Qaçılmaz azalma

Bəs sadalanan amillərə əsaslanaraq, taxıl bolluğunun daha uzun illər davam edəcəyini və Ukraynanın uzunmüddətli perspektivdə aparıcı regional taxıl istehsalçısı hesab edilməyəcəyini söyləyə bilərikmi? Bu, belə deyil. FAO-nun orta və uzunmüddətli proqnozlarında əkin sahələrinin azalması, səhralaşma prosesləri və suvarma suyunun çatışmazlığı, əhalinin artımı və s. nəticəsində dənli bitkilərin, yəni buğda istehsalının qaçılmaz olaraq azalacağını dəfələrlə bəyan edib.

Buna görə də Avropa Komissiyasının (AK) Ukrayna taxılının dünya bazarlarına çıxışını təmin etmək səyləri başadüşüləndir. Üstəlik, Rusiyanın “Taxıl sazişi”nin icrasına zərbə vurmasından əlavə, Ukraynanın ərzaq məhsullarının xarici bazarlara çıxarılması üçün başqa maneələr də yaranıb. Yaz fəslindən bəri Qərbin taxıl bazarında da problemlər meydana gəlib və hökm sürür. Ticarət münaqişəsinin fiqurantları isə Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiyadır. Onlar Ukrayna ərzaq məhsullarının Aİ-yə daxil olmasının həcmini məhdudlaşdırmaq tələbi ilə AK-yə müraciət ediblər. Bu ilin birinci rübündə Ukraynadan ərzaq tədarükünün indiyədək misli görünməmiş artımı ilə bağlı problemlə üzləşən Varşava və Budapeşt aprelin ortalarında daxili kənd təsərrüfatı bazarını dempinqdən qorumaq üçün Ukrayna taxılının tədarükünə müvəqqəti qadağa qoyub. Bundan başqa, Ukraynadan süd, yumurta, tərəvəz, ət, arıçılıq təsərrüfatı məhsullarının və s. ixracı da qadağan edilib. Buraya ümumilikdə 18 məhsul daxildir. Daha sonra bu addımlarla bağlı Avropa Komissiyasına şikayət edilib və kompromis tapılıb. Kompromis qərara əsasən, Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının Polşa və Macarıstan ərazisindən tranziti aprelin 21-dən bərpa olunsa da, bu, GPS modulları ilə möhürlənmiş vaqonlar vasitəsilə ciddi nəzarət altında həyata keçirilir.

Bu arada, Macarıstan və Polşanın kənd təsərrüfatı qurumları yenidən Ukraynadan Aİ ölkələrinə taxıl və yağlı bitkilərin tədarükünə embarqonun sentyabrın 15-dək uzadılmasının tərəfdarıdırlar. Üstəlik, onlar yerli istehsalçıların Ukrayna dempinqindən qorunmasını əsas gətirərək, AK-ni embarqonu ilin sonuna qədər uzatmağa çağırırlar.

Buna cavab olaraq, Dunayın Ukrayna sahilləri boyunca taxılın saxlanılması və ixracı üçün 12-dən çox terminal tikilir. Bu terminallara azı 120 milyon dollar sərmayə qoyulması planlaşdırılır. Dunayda taxıl terminallarının olması Ukrayna məhsulunun Polşa və Macarıstan vasitəsilə dəmir yolu daşımaları ilə bağlı çətinliklərdən yan keçməklə çay gəmiləri ilə birbaşa Mərkəzi Avropaya çatdırılması imkanlarını genişləndirəcək.

 

Məhsuldar il

Ukraynadan ərzaq məhsullarının tədarükü ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi bu ilin sonuna kimi bəlli olacaq. Aydındır ki, bu ildə dənli bitkilərin nisbətən bol olması sonrakı illərdə məhsuldarlığın və ya səpin sahələrinin azalması ilə nəticələnə bilər. Bu isə yenə çörək və un məmulatlarının bahalaşmasına səbəb ola bilər. Bu mənada ərzaq buğdası idxalından asılı olan bir çox ölkələr risk qrupuna düşür. Azərbaycan da həmin dövlətlərdən biridir.

Ölkədə payızlıq məhsulların yığımı, demək olar ki, başa çatıb. 658,3 min hektar sahədən 2,165 milyon tona yaxın məhsul - əsasən arpa və buğda yığılıb. İyunda və iyulun birinci ongünlüyündə orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğdanın üzrə isə 34,9 sentner olub. Bu, xüsusilə əvvəlki illərlə müqayisədə kifayət qədər yaxşı göstəricilərdir. Belə ki, bundan qabaqkı illər məhsuldarlığa mənfi təsir göstərən quraqlıq və suvarma suyunun çatışmazlığı ilə yadda qalıb.

Bu ilin yazında dənli bitkilərin vegetativ çoxalma dövründə sahələrdə bol rütubətlilik müşayiət olunub. Bu da dənli bitkilərin böyüməsinə çox əlverişli təsir göstərib. Təəssüf ki, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında kənd təsərrüfatı üçün çox ehtiyac duyulan yağıntılar həddindən artıq miqdarda olub. Bu, taxıl bitkilərinin yetişmə dövründə, yəni may-iyun aylarında da davam edib. Güclü yağış, külək, sel və dolu nəticəsində respublikanın 15 rayonunda təsərrüfatlara müəyyən qədər ziyan dəyib.

Ümumiyyətlə, 2023-cü il taxıl biçini ilə bağlı yekun nəticələr avqustun sonunda – yazlıq buğda, yulaf, arpa, qarğıdalı və paxlalı bitkilərin biçini başa çatdıqdan sonra məlum olacaq. Doğrudur, son illərdə fermerlərimiz ölkədə rekord səviyyədə müvafiq olaraq 3,3 və 3,4 milyon ton taxıl məhsulunun yığıldığı 2018-ci və 2019-cu illərdəki uğurlarını təkrarlaya bilməyiblər. Quraqlıq və əlverişsiz hava şəraiti 2020-2021-ci illərdə də istehsalın artmasına kömək etməyib. 2022-ci ildə vəziyyət bir qədər yaxşılaşıb: təxminən 2,850 milyon ton taxıl, o cümlədən 1,732 milyon tona yaxın buğda yığılıb. Bu da bütün məhsulların, təxminən, 60,8%-ni təşkil edib.

Bu gün Azərbaycanda, orta hesabla, ildə 3 milyon tondan bir qədər az taxıl istehsal olunur. Ölkə yem taxılına olan tələbatı böyük ölçüdə ödəyir. Lakin çörək üçün istifadə olunan buğdanın daxili istehlak səviyyəsinin yalnız 60%-ni təmin edir. İdxaldan belə yüksək asılılıq fors-major hallarla bağlı əhəmiyyətli risklər daşıyır. Əslində, bununla bağlı fors-major hal 2022-ci ildə baş verib və nəticədə, o vaxt un, çörək, makaron və digər məhsulların qiymətində kəskin artım olub.

Odur ki, Azərbaycan buğdanın yüksək səviyyədə əmtəə istehsalı yolu ilə ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatlarının genişləndirilməsinə birmənalı olaraq “stavka” qoyub. Belə yüksək texnologiyalı aqroparkların 1 milyon hektara yaxını kənd təsərrüfatı istehsalı üçün yararlı olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən 128 min hektar suvarılan torpaqlarda yaradılması nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il iyulun 19-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman çərçivəsində həyata keçirilən bu və digər addımlar taxıl istehsalının və hətta əlverişsiz iqlim şəraitində belə məhsuldarlığın artmasına töhfə verir. 

Bu Fərmana əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 5 il müddətində məhsul subsidiyası veriləcək. Nəticədə, taxıl əkən təsərrüfatlara buğdanın hər tonuna görə 100 manat məbləğində ərzaq subsidiyası verilir. Subsidiyalar vasitəsilə iri və orta ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatları və aqroparklar yüksək məhsuldar bərk buğda sortlarının istehsalının artırılmasına stimullaşdırılacaq. 

Beləliklə, Azərbaycan taxılla özünü təmin etmək məsələsində təhlükəsiz səviyyəyə çataraq dünya bazarlarında baş verən sarsıntılardan özünü sığortalaya biləcək.



MƏSLƏHƏT GÖR:

60