18 May 2024

Şənbə, 11:37

BİRRƏQƏMLİ SƏVİYYƏYƏ QƏDƏR

Azərbaycanda bu ilin sonuna qədər istehlak qiymətləri indeksinin azalacağı proqnozlaşdırılır

Müəllif:

15.07.2023

Kifayət qədər gərgin xarici fonda Azərbaycanın I yarımillik iqtisadi inkişafının statistikası sabit və perspektivli görünür. Bir çox ölkələrin iqtisadiyyatı üçün əsl bəlaya çevrilən inflyasiya, yəni son illərin mənfi tendensiyası bizdən də yan keçməyib. Qiymətlərin istər xarici amillərə görə, istərsə də süni şəkildə artmasından asılı olmayaraq, bu, biznesin və vətəndaşların vəziyyətini yaxşılaşdırmır. Bununla bağlı, böyük narahatlıq ifadə edilir. Azərbaycan Mərkəzi Bankı bütün alətlərdən istifadə edərək ilin sonuna qədər inflyasiyanı birrəqəmli səviyyəyə qədər endirəcəyini vəd edir.

Məlum olduğu kimi, hətta zəhər belə az dozada faydalı ola bilər. Bu tezisə haqq qazandıran nümunə də var: inflyasiyanın səviyyəsinin aşağı faizlərdə olması ölkədən ixracın artmasına səbəb olur.

 

İnflyasiyanın pik dövrü arxada qalıb

“Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”, - Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

İstehlak qiymətləri indeksinin artmasına baxmayaraq, bu ilin I yarısında Mərkəzi Bankın pul siyasəti ilə dəstəklənən makroiqtisadi sabitlik də qeydə alınıb. Burada mühüm məqamlardan biri də son 6 ildə manatın ABŞ dollarına nisbətdə sabit qalmasıdır. Bu, İlham Əliyevin vurğuladığı kimi, dünya praktikasında, xüsusən də indiki şəraitdə nadir hallardan biridir.

“Makroiqtisadi sabitlik, təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

Daha əvvəl Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirmişdi ki, Azərbaycanda sabit məzənnə rejimi birmənalı şəkildə özünü doğruldur: “Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur”.

Hökumətin 2022-ci ilin payızında təqdim etdiyi ilkin qiymətləndirməyə görə, 2023-cü ildə orta illik inflyasiyanın 6,9% təşkil edəcəyi proqnozlaşdırılsa da, bu il orta illik inflyasiyanın 10,4%, 12 aylıq inflyasiyanın isə 8,9% olacağı gözlənilir.

Hər halda, bu göstərici beynəlxalq maliyyə qurumlarının proqnozlarından aşağıdır. Məsələn, “S&P Global Ratings” reytinq agentliyinin hesabatında qeyd edilib ki, Azərbaycanda inflyasiya 2022-ci ildə, demək olar, 14% idisə, 2023-cü ildə, orta hesabla, 12% olacaq. Amma bundan sonra 2025-ci ilə qədər tədricən 5%-ə enməlidir.

“Mövcud qiymət təzyiqi iqtisadiyyatın pandemiyadan sonrakı yenidən açılmasının təsiri, ərzaq qiymətlərinin inflyasiyası və qlobal tendensiyalarla əlaqədardır, çünki Azərbaycan xaricdən geniş çeşiddə mallar idxal edir və xaricdəki inflyasiya dinamikasından əhəmiyyətli dərəcədə təsirlənir”, - “S&P Global Ratings”in hesabatında qeyd edilib.

Lakin yerli analitiklər əmindirlər ki, Azərbaycanda inflyasiyanın pik dövrü arxada qalıb və bu, ilin sonuna kimi statistik məlumatlarda əksini tapacaq. Yada salaq ki, Azərbaycanda 256 növ mal və xidmətin qiymətləri əsasında hesablama aparılır. İnflyasiya prosesinin yavaşlamasının, məsələn, ərzaq məhsullarının qiymətlərinə necə təsir edəcəyi hələ ki ritorik sual olaraq qalır.  

 

Kifayət qədər pul var

Ekspertlər də qiymətlərinin artmasının Azərbaycanın ixrac imkanlarına müəyyən müsbət təsirini istisna etmirlər. Belə ki, 2023-cü ilin I yarısında Azərbaycanın xarici ticarət profisiti 10 milyard dollara yaxın olub.

“Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir”, - Prezident İlham Əliyev qeyd edib.

O, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-neft ÜDM-nin artımının 3%-i ötməsinə, qeyri-neft sənaye istehsalının artımının isə 6,5%-ə çatmasına diqqət çəkib.

Düzdür, bu dövrdə ÜDM-in nominal həcmi 60,3 milyard manat təşkil edib. Yəni iqtisadiyyatın real artımı 0,5% səviyyəsində qiymətləndirilir. Amma bu, neft-qaz sektorunda 2,1% azalma ilə bağlıdır: hazırda bu gözlənilən və qaçılmaz prosesdir. Məlum olduğu kimi, yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,8%, o cümlədən qeyri-neft sektorunda artım 4,9%, neft sektorunda azalma 1,5% səviyyəsində gözlənilir.

Dövlət başçısı hesab edir ki, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi ölkənin maliyyə vəziyyətini yaxşılaşdırır: “Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”.

Prezident həmçinin bildirib ki, Azərbaycanın xarici borcu ölkə ÜDM-in, təxminən, 10%-ni təşkil edir: “Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq və qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun, təxminən, 10 faizini təşkil edir”.  

Əlbəttə ki, kifayət qədər maliyyə resurslarının olması ölkə qarşısında dayanan ən mühüm vəzifələrin tez bir zamanda həllinə yardım göstərir.  Əsas hədəflərdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır.

“Deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik”, - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin edilib və ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar: “Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.

Bu məqamda qeyd edək ki, demək olar ki, bütün işlərin icrası Azərbaycanın hesabına həyata keçirilir. Nəzərdə tutulan investisiya proqramına görə isə bu ilin sonuna kimi 12 milyard manata yaxın vəsait xərclənməlidir.

Bir sözlə, Azərbaycanın seçdiyi, əsas amil sabitlik olan iqtisadi inkişaf modeli özünü doğruldur. Bu model bəzən həddindən artıq ehtiyatlılıq xüsusiyyətinə görə tənqid olunsa da, müstəqil şəkildə ən mühüm iqtisadi hədəflərə nail olmağa imkan verir.


MƏSLƏHƏT GÖR:

57