18 May 2024

Şənbə, 15:33

SABAH MÜHARİBƏ BAŞLAYARSA…

Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi Qarabağda antiterror əməliyyatlarına başlanılması riskini artırır

Müəllif:

15.07.2023

«Havadan tufan qoxusu gəlir» - Ermənistanla Azərbaycan arasında postmüharibə nizamlanmasının hazırkı vəziyyətini ən yaxşı, yəqin ki, bu cür ifadə etmək olar. Bir tərəfdən diplomatik fəallıq pik həddədir: Moskva və Vaşinqton danışıqları, Brüssel görüşünün anonsu, sülh şansının olduğuna dair bəyanatlar…

Digər yandan isə 44 günlük müharibədən keçən təxminən 3 ildə Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsinin mümkünlüyü haqda heç zaman bu qədər əminliklə danışılmayıb. Realist olsaq, bunun üçün həqiqətən də bütün əsaslar var. Səbəb bütün razılaşmalara rəğmən, Qarabağda hələ də 10 minədək erməni silahlısının qalmasıdır.

 

Xüsusilə ağır nəticələr verən təxribat

Ola bilsin ki, 2023-cü il iyunun 27-ni dönüş nöqtəsi hesab edənlər haqlıdırlar. Həmin gün Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini odlu silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, «nəticədə Azərbaycan ordusunun hərbçisi Bəkirov Əli Şükür oğlu yaralanıb və dərhal hərbi-tibb məntəqəsinə təxliyə olunub. Ordu hissələrimiz qeyd olunan istiqamətdə cavab tədbirləri görür». Maraqlıdır ki, Ermənistan bu təxribata xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardığı vaxt əl atıb.

Əvəzində Azərbaycan «Qisas-2» əməliyyatı keçirib. Nəticədə, 5 erməni yaraqlısı məhv edilib. Daha bir maraqlı məqam onlardan ikisinin Ermənistan vətəndaşı olmasıdır.

Azərbaycan tərəfi humanizm normalarına əsasən, məhv edilmiş yaraqlıların cəsədlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana təhvil verib. Lakin insident bununla bitməyib. Bakı kimlərəsə qətiyyən xoş olmayan sualını bir daha dilə gətirib: Rusiya sülhməramlılarının nəzarətində olan ərazidən Azərbaycan ordusunun mövqelərinə atəş açan kimdir? Axı imzalanmış razılaşmaya əsasən orada erməni silahlı dəstələri olmamalıdır?

 

«Naməlum «zinvor»lar»

Bu yerdə, yəqin ki, «hüquq qovluğu»na diqqət yetirmək lazım gəlir. Söhbət 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyannamədən gedir. Həmin sənədin 4-cü maddəsində aydın şəkildə yazılıb: «Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə erməni silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel yerləşdirilir». Lakin rəsmi Bakının da dediyi kimi, müharibənin bitməsindən 2,5 il keçməsinə baxmayaraq, müvəqqəti sülhməramlıların nəzarətində olan ərazilərdə hələ də 10 minədək erməni silahlısı qalmaqdadır. Üstəlik, onların əhəmiyyətli hissəsini Ermənistandan olan çağırışçılar təşkil edir. Bu dəstə silah-sursatı da Ermənistandan alır, Ermənistan şəxsi heyətin rotasiyasını həyata keçirir və nəhayət, onlara əmrlər, göstərişlər İrəvandan gəlir. Son dövrlərə qədər söhbət əsasən xəbər sızması və kəşfiyyat məlumatlarından gedirdisə, indi vəziyyət dəyişib – iyunun 27-dən sonra ortaya məhv edilmiş «zinvor»ların cəsədləri də çıxıb. Bu isə vəziyyəti kökündən dəyişir.

 

Hələ ki ultimatum verilməyib, amma…

Azərbaycan Prezidenti İrəvanın ünvanına sərt xəbərdarlıq səsləndirib. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə çıxış edən İlham Əliyev deyib: «Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur». Dövlət başçısı daha sonra deyib: «Əgər Ermənistan, həqiqətən də, regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir».

Bu yerdə «qırmızı xət»ləri göstərmək vacibdir. Bakı bütün problemlərin sülh yolu, siyasi və diplomatik danışıqlar vasitəsilə həllinə tərəfdar olub və indi də belədir. Amma söhbət bitmək bilməyən çağırışlardan, bəyanatlardan, kommünike və qətnamələrin qəbulundan yox, həqiqi həldən getməlidir. Problem ondadır ki, bunun üçün qarşı tərəfin də xoş məramı lazımdır. Bu isə yoxdur – Ermənistan nəyisə dəyişmək, öz imzası ilə təsdiqləyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. Bunu baş nazir Nikol Paşinyanın Ermənistan parlamentində bu yaxınlarda səsləndirdiyi bəyanat da təsdiqləyir. O, Azərbaycanın tələblərini «əsassız» adlandırıb və hətta iyunun 27-dən sonra belə, iddia edib ki, Qarabağda Ermənistan qoşunları yoxdur. Amma onun bu sözlərinə çətin ki, kimsə inansın…

Azərbaycan tərəfinin dediklərinə isə inanmamaq mümkün olmayacaq.

 

Xəbərdarlıqlara qulaq asmaq lazımdır

Bakıda boşboğazlığa vərdiş etməyiblər. Bu qədər sərt xəbərdarlıq səsləndirilirsə, ona qulaq asmaq lazımdır.

Xatırladaq ki, Azərbaycan dünya birliyinin və ayrı-ayrı vasitəçilərin diqqətini erməni silahlı birləşmələrinin müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki qanunsuz hərbi fəaliyyətinə çoxdan çəkməyə çalışıb, lakin «üçüncü ölkələr» buna reaksiya verməyib. Nəticə, «Fərrux» əməliyyatı və eyniadlı kənd və yüksəkliyin azad edilməsi olub.

Laçın yolu nümunəsi də kifayət qədər açıqdır. 10 noyabr 2020-ci il bəyanatından sonra elə vəziyyət yaranmışdı ki, Gorus-Laçın yolunun Azərbaycanla sərhədədək olan hissəsinə Ermənistan, Xankəndiyədək olan digər hissəsinə isə rusiyalı sülhməramlılar nəzarət edirdi. Amma qısa müddət sonra sülhməramlıların vəzifələrinin öhdəsindən gələ bilmədiyi üzə çıxmışdı. Fərrux yüksəkliyində ermənilərin 2021-ci il istehsalı olan minalarının aşkarlanması isə vəziyyəti tam çılpaqlığı ilə ortaya qoymuşdu: sırf humanitar yüklərin daşınması üçün nəzərdə tutulmuş Laçın dəhlizindən silah-sursat daşınması üçün də istifadə olunur.

Azərbaycan hökumətinin razılığı olmadan Rusiya sülhməramlılarının nəzarətindəki yol ilə Xankəndiyə Fransa prezidentliyinə namizəd Valeri Pekressin gəlişi ilə daha səs-küylü qalmaqal yaratmışdı. Bununla yanaşı, Xankəndidə Vova Vartanov kimi terrorçular, Azərbaycana girişi qadağan olunmuş şəxslər, Avropa Parlamentinin keçmiş deputatları da peyda olmuşdular. Bakı «açıq qapı rejimi»nə son qoyulmasını tələb etsə də, Qarabağda qızıl mədənlərinin talanının bərpası ilə vəziyyət daha da qarışmışdı. Nəticə isə məlumdur. Azərbaycanın Laçın dəhlizindən təyinatı üzrə istifadə olunmasına dair tələblərinin həyasızcasına qulaqardına vurulduğuna, heç bir nəzarət tədbirinin görülmədiyinə və Xankəndi separatçılarının isə bu imkandan istifadəni davam etdirdiyinə görə Bakı birtərəfli addımlar atmaq qərarına gəlib. Nəticədə, o, Azərbaycanla Ermənistanın şərti sərhədində yerləşən Həkəri çayının üzərində sərhəd-buraxılış məntəqəsi qurub.

Nəhayət, ən son insident – bu günlərdə Azərbaycan Dövlət Sərhəd Xidməti bəyan edib ki, «Laçın» sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrilə qaçaqmalçılıq yolu ilə müxtəlif malların keçirilməsinə cəhdlər edilib. Xatırladaq ki, sözügedən buraxılış məntəqəsinin qurulduğu andan Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin oradan rahatlıqla keçməsi üçün tələb olunan şəraiti yaradıb. Onlar müvafiq sərhəd və gömrük yoxlamalarından sonra sərhədi rahatlıqla keçiblər. Lakin son günlərdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları bu maşınlarda müxtəlif növ malların (telefonlar və onların aksesuarları, benzin, siqaret) gizli şəkildə keçirilməsi cəhdlərini müəyyənləşdirib və bunu bütün faktlarla ortaya qoyublar.

Ən əsası isə bu qanunsuz əməllərə Bakının rəsmi kanallarla davamlı xəbərdarlıqlar etməsinə baxmayaraq, son qoyulmurdu. «BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb», - deyə Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir.

Amma bu dəfə BQXK-nın cavabı özünü çox gözlətməyib. Açıqlamadan cəmi bir neçə saat sonra qurumun Bakı nümayəndəliyi faktiki olaraq, deyilənləri təsdiqləyən açıqlama ilə çıxış edib, «belə əməlləri dəstəkləmədiyini» bildirib. «Bütün humanitar yüklər Azərbaycanın gömrük orqanı tərəfindən yoxlanılır. Lakin təəssüf ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK-nın embleminin vurulduğu 4 nəqliyyat vasitəsinin sürücüləri maşınlarda bizim məlumatımız olmadan kommersiya təyinatlı yüklər daşımağa çalışıblar. Onlar BQXK əməkdaşları deyil və onlarla xidməti müqavilələrə dərhal xitam verilib», - deyə nümayəndəliyin açıqlamasında bildirilir.

Bu gün vəziyyət nəinki düzəlməyib, hətta daha da pisləşib. Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin olduğuna dair dəfələrlə səsləndirilmiş bəyanatlara lazımi reaksiya hələ də yoxdur.

Azərbaycan əsgərlərinin, mülki əhalisinin atəşə tutulmasına və bunun cəzasız qalmasına imkan verəcək dövlət deyil. Keçmiş məcburi köçkünlər artıq erməni işğalından azad olunmuş ərazilərə qayıdır. Bakı onların həyatına erməni yaraqlıları tərəfindən birbaşa və aşkar təhlükənin yaranması ilə barışmayacaq. Azərbaycan ordusunun dəqiq zərbələr endirmək bacarığı isə hər kəsə məlumdur. Odur ki, seçim Ermənistanındır…



MƏSLƏHƏT GÖR:

59