20 May 2024

Bazar ertəsi, 03:24

“NEFTÇİ” QAYIDIR?

Çoxdan gözlənilən dəyişiklik küləyi, nəhayət, Azərbaycanın əfsanəvi futbol klubuna çatıb

Müəllif:

01.08.2023

Azərbaycanın ən qocaman futbol klubunda köklü dəyişikliyə start verilib. “Region plus” jurnalı dəfələrlə “Neftçi”nin uğursuzluğunun rəhbərliyi bərk əsəbləşdirdiyini yazıb. Gözlənilən an yetişdi. Beş ildən sonra kluba yeni rəhbər təyin edildi.

 

Yeni rəhbərlər

Ağ-qaralar mövsümü bürünc medalla başa vursa da, bu komanda üçün uğurlu nəticə sayıla bilməz. Ağ-qaraları yalnız çempionluq razı salır. Azərbaycan Kubokunun finalında “Qəbələ”yə uduzan “Neftçi”də qısa zamanda məşqçi və rəhbərliyin istefaya göndəriləcəyi bildirilirdi. Proqnozlar doğruldu. 2018-ci ildən komandaya rəhbərlik edən Kamran Quliyev işindən azad olundu. Rumıniyalı baş məşqçi Laurentsiu Regekampf təzminat ödənilməklə istefaya göndərildi.

Artıq komandada prezident postu olmayacaq. Bundan sonra “Neftçi”ni baş direktor idarə edəcək. Bu vəzifə Fərrux Mahmudova həvalə olunub. Son aylar Azərbaycan Basketbol Federasiyasında icraçı direktor kimi çalışan Fərrux Mahmudov bundan sonra “Neftçi“ni idarə edəcək.

Ağ-qaraların yeni məşqçisi isə ötənlərin tanınmış futbolçusu Adrian Mutu oldu. Əvvəlcə Türkiyənin tanınmış veteran futbolçusu, hazırda isə məşqçi kimi çalışan Sərgən Yalçınla danışıqlar aparan “Neftçi” istəyinə çatmadı. Ağ-qaralar dərhal axtarışa başlayaraq Mutu ilə müqavilə imzaladı.

Yeni baş məşqçi münasibətləri rəsmiləşdirəndən sonra təəssüratlarını jurnalistlərlə bölüşüb: “Neftçi" ilə danışıqlar bir neçə həftə əvvəl başladı. Uzun sürən danışıqlardan sonra Bakıya gəlməyə qərar verdim. Zəng gəldikdən sonra komanda haqqında daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyimi öyrəndim. Klubu çox bəyənirəm, bilirəm ki, ölkənin ən çılğın azarkeş qrupunda malik böyük komandadır. Hər şeydən çox cəlb edən isə təklif olunan layihə oldu”.

 

Mutu: “200 faiz işləməyə hazıram”

Mutu ondan əvvəl "Neftçi"yə rəhbərlik edən Laurentsiu Regekampfla münasibətlərindən söz açıb. O, həmyerlisi ilə Bakı klubu haqda danışdığını söyləyib: "Regekampfla uzun müddətdir, dostuq. Eyni zamanda da millinin şərəfini qorumuşuq. Ondan "Neftçi" haqqında soruşdum və cavabında olduqca yaxşı informasiyalar verdi. Amma ətraflı danışmadıq, çünki şəxsən araşdırmaq istədim. Çalışacağam ki, məndən əvvəl baş verənlər unudulsun. Yeni layihəyə başlayırıq. Burada olduğum üçün xoşbəxtəm və uğurlar qazanmaq üçün istəkliyəm. Əminliklə deyə bilərəm ki, uğurlar üçün 200 faiz işləməyə hazıram”.

Mütəxəssis komandanın mövcud durumuna da toxunub. O, zamana ehtiyaclarının olduqlarını bildirib: “Üzərimizdə işləməli olduğumuz çox şey var.  Bu, olduqca vacibdir. Bizim çox böyük istəyimiz var. Hansı mövqeyə oyunçuların tələb olunduğu ilə bağlı danışmaq tezdir. Zamana ehtiyacım var, düzgün dəyərləndirməliyəm. Yeni oyunçular lazımdır. Çünki qarşıda Konfrans Liqası da daxil olmaqla bir neçə yarış var. Sağlam rəqabət aparmaq üçün geniş heyətimiz olmalıdır. Bu çağırışa yüz faiz yazıram. Baxmayaraq ki, 7 il məşqçilik, 20 ildən də çox futbolçu karyeram var. Futbol oynamağa başlayanda evimi tərk edəndən sonra bir çox ölkə və mədəniyyətlə tanış olmuşam. Bu baxımdan özümü bəxtəvər hesab edirəm. "Neftçi"yə uyğunlaşmaqda problemim olmayacaq. Ona görə bayaq da qeyd etdim ki, bura istirahət etməyə gəlməmişəm, qələbələr üçün buradayam. "Neftçi"ni layiq olduğu yerə qaldırmağa hazıram".

Rumıniyalı məşqçi təzyiqdən qorxmadığını və döyüşkən komanda yaratmaq istədiyini qeyd edib: "Azarkeşlərlə dediyim əlaqə nəticələrlə gələcək. "Neftçi" Azərbaycanın ən böyük klubudur. Qərarımı verəndə hansı təzyiqlərlə üzləşəcəyimdən xəbərim var idi. Qorxmuram, təzyiq məni işimə daha çox kökləyir. Ümid edirəm ki, futbolçular da belədir. Təzyiqdən qaçmaq lazım deyil. Bütün böyük klublarla belə hallar olur. Bunun üçün meydanda bütün gücünü qoymalısan”.

 

Mahmudov: “Neftçi”də yeni dövr

“Neftçi”nin yeni prezidenti Fərrux Mahmudov da gələcəklə bağlı planlarından danışıb: “Neftçi” böyük azarkeş kütləsinə malik olan flaqman klubunda belə vəzifə daşımaq çox böyük məsuliyyətdir. Bu, adi bir klub deyil. Uşaqlıqdan gözümüzü açıb bu kluba azarkeşlik etmişik. Klubun uğurunda və uduzan vaxtlarında hər zaman yanında olmuşuq. Hal-hazırda klub xoşagəlməz günlərindən birini yaşayır. Amma inanıram ki, bu müvəqqətidir. Gördüyünüz kimi, komanda yenilənir, fikirlər dəyişilir, idarəetmə fərqlənir. Bu uğura aparacaq bir yoldur. Bir az səbir edək, hər şey öz yoluna düşəcək və klub yenidən öz parlaq günlərini qaytaracaq.

Azarkeşlərimizi sevindirmək bizim borcumuzdur. Klub rəhbəri olaraq buradan azarkeşlərimizə səslənmək istəyirəm. “Neftçi” üçün yeni dövr başlayıb, bu dövr bir neçə yenilik gətirəcək. Bu, vaxt aparan prosesdir, xahişim odur ki, bizimlə olun. Bizim ürək döyüntülərimiz sizin ürək döyüntülərinizlə bir ritmdə olmalıdır. Siz bizi, biz sizi hiss etməliyik. İdman idarəetmə komandası öz işini peşəkar şəkildə görür. Artıq bildiyiniz kimi, komandada yeni baş məşqçi, məşqçilər korpusu, futbolçular var”.

Qeyd edək ki, “Neftçi” rəhbərliyində digər şəxslərin də istefaya göndəriləcəyi, Müşahidə Şurasının üzvlərinin dəyişdiriləcəyi gözlənilir. Klubun yeni idarəçiləri komandanın əvvəlki əzəmətini qaytarmağa çalışacağını deyib. Əsas hədəf avrokuboklarda layiqli çıxış edən “Neftçi”ni formalaşdırmaqdır. Əminliklə söyləmək olar ki, Adrian Mutu ilə “Neftçi”nin yeni mövsümü rəngarəng mübarizə vəd edir. Yeni mövsüm isə avqustun 4-də başlayacaq.



MƏSLƏHƏT GÖR:

67