18 May 2024

Şənbə, 09:20

QAYNAYAN İSRAİL VƏ İNADKAR NETANYAHU

Məhkəmə islahatları yəhudi xalqını parçalayıb

Müəllif:

01.08.2023

İsrail parlamenti – Knesset iyulun 24-də məhkəmə islahatları paketinə daxil olan ilk qanun layihəsini təsdiqləyib. Halbuki bu təşəbbüs ölkə ictimaiyyətini faktiki olaraq, parçalayıb. Binyamin netanyahu hökuməti tərəfindən həyata keçirilən islahatlara qarşı etiraz aksiyaları 7 aydır davam edir və o, parlamentin qərarı ərəfəsində və qərardan sonra pik həddə çatıb. İsrailin aparıcı siyasətçiləri əmindirlər ki, ölkənin gələcək taleyi hazırda yaşananlardan asılıdır.

 

«Rasionallıq prinsipi»nə qarşı qanun layihəsi

İsrailin hakimiyyətə ötən ilin dekabrında gəlmiş yeni koalision hökuməti ölkə tarixinin ən sağçı hökuməti sayılır. O, Netanyahunun rəhbərlik etdiyi «Likud» partiyasından, qatı ortodokslardan və ultramillətçilərdən ibarətdir. Sonuncular «Likud»la koalisiyaya getmək qərarı verərkən birgə səylərlə Ali Məhkəmənin səlahiyyətlərini azalda biləcəklərini düşünüb və koalisiyada bu ümidlə yer alıb. Məsələ ondadır ki, İsrail Ali Məhkəməsi ölkənin sosial-siyasi həyatında ortodoksal qrupların nüfuzunun artmasına mane olur.

Formal olaraq İsrailin Konstitusiyası yoxdur. Onu faktiki olaraq, ölkənin əsas qanunları, Müstəqillik Bəyannaməsi, məhkəmə presedentləri əvəzləyir. Bu üzdən də Ali Məhkəmə qanunverici və icraedici hakimiyyət orqanlarının qərarlarının nə qədər konstitusion olduğuna nəzarəti həyata keçirən qurum kimi çıxış edir. Məhz bu təcrübəyə son qoymaq istəyən koalisiya məhkəmə islahatları prosesinə start verib. Nəticədə, ortaya «rasionallıq prinsipi»nin ləğvini nəzərdə tutan qanun layihəsi çıxıb. Sənəddə məhkəmə hakimiyyəti haqqında qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər Ali Məhkəməni hökumətin qərarlarına «qeyri-rasional olduğu üçün», yəni qanunlara, yaxud dövlətin və cəmiyyətin maraqlarına uyğun olmadığı üçün veto qoymaq hüququndan məhrum edir.

Hakim koalisiyanın hazırladığı qanun layihəsinə görə, nəinki Ali Məhkəmənin nəzarət funksiyası məhdudlaşdırılır, həm də hökumətə ölkənin məhkəmə sisteminə aparıcı təyinatlara təsir göstərmək imkanları verilir. Söhbət, ilk növbədə, Ali Məhkəmə hakimlərinin təyinatından gedir. Bununla yanaşı, nazirlərin hökumətə bağlı olmadan prokurorlara tabe olan konsultantların hüquqi tövsiyələrinə əməl etmək öhdəliyi aradan qaldırılır. Nəhayət, məhkəmə islahatları 120 yerlik Knessetə Ali Məhkəmənin qərarını adi səs çoxluğu ilə (61 səslə) ləğv etmək səlahiyyətinin verilməsini nəzərdə tutur.

Baş nazir Netanyahu əvvəlcə isahatları «seçilməmiş hakimlərin hədsiz səlahiyyətlərinin məhdudlaşdırılması zərurəti» ilə əsaslandırırdı. Məhkəmə sistemində islahatlar tərəfdarı olanların fikrincə, bu, «mütləq hakimiyyət»in Ali Məhkəmənin əlində cəmləşməsinə son qoyulması, səlahiyyətlərin hakimiyyət qanadları arasında bölüşdürülməsi üçün vacibdir. Onlar hesab edir ki, bu vəziyyət xalqın seçdiyi hökumət və parlamentin effektiv işləməsinə mane olur.

Lakin bu arqumentlər İsrail ictimaiyyətinin böyük hissəsinin əhvalına təsir göstərməyib. Onlar Netanyahu hökumətinin islahatlar təşəbbüsünü «demokratiyaya təhdid» sayırlar. İslahatların əleyhinə olanlar hesab edirlər ki, tarazlığın yaradılması, xalqın hakimiyyətdən sui-istifadə hallarından qorunması üçün «rasionallıq prinsipi» vacib elementdir. Baş nazir «İsrail demokratiyasını avtoritar rejimə çevirmək cəhdi»ndə də ittiham olunur. Onlar Ali Məhkəmənin nəzarət funksiyasının korrupsiyanın qarşısının alınmasına, vəzifə səlahiyyətlərindən sui-istifadəyə imkan verilməməsinə yönəldiyinə xüsusi diqqət çəkirlər. Bu mənada, Netanyahunun özünə qarşı korrupsiya, dələduzluq, etimaddan sui istifadə ilə bağlı irəli sürülmüş ittihamlar yada salınır, bunun İsrail tarixində ilk olduğu vurğulanır. Bəzi iddialara görə, ötən il seçkidə qalib gələrək yenidən hökumətin başına keçmiş Netanyahu məhkəmə islahatlarına ona görə başlayıb ki, baş naziri vəzifədən kənarlaşdırmaq səlahiyyətini məhkəmənin əlindən alsın.

Beləliklə, məhkəmə islahatları planı təxminən yarım il əvvəl açıqlanar-açıqlanmaz, dərhal kütləvi etiraz aksiyalarına səbəb olub. Yüz minlərlə israilli küçələrə çıxaraq, hökumətin təklifinə etirazını bildirib. Aksiya o qədər böyük miqyas alıb ki, baş nazir Netanyahu kompromisin tapılması üçün müxalifətlə danışıqlara başlanılacağı vədini verib. Lakin tərəflər mövqelərində israr etdiyindən, danışıqlar prosesi pozulub, bir müddət sonra isə sənəd Knessetin müzakirəsinə çıxarılıb.

 

Aylardır davam edən etirazlar

«Məntiq prinsipi»nin ləğvini nəzərdə tutan qanun layihəsi İsrail parlamentində ilk oxunuşda iyulun 10-da qəbul olunub. İyulun 19-da isə Knessetin qanunvericilik komissiyası onu ikinci və üçüncü oxunuşda da təsdiqləyib. Bu vaxt kütləvi etiraz aksiyaları artıq əsl «müqavimət» xarakteri almışdı…

Knessetdə ikinci və üçüncü səsvermə iyulun 24-nə təyin olunmuşdu. Həmin ərəfədə nümayişçilər Qüds, Hayfa, Təl-Əviv kimi şəhərlərin əsas magistrallarını bağlayıb, nəqliyyat və səhiyyə sahələrində tətillər elan olunub. Polislə nümayişçilər arasında toqquşmalar başlayıb, asayiş keşikçiləri aksiyaları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Ən ciddi aksiya isə İsrail Müdafiə Ordusunun (SAXAL) ehtiyatda olan hərbçilərindən ibarət «Silah qardaşları» təşkilatının Təl-Əvivdə təşkil etdiyi yürüş olub. Təşkilatın yüzlərlə üzvü məhkəmə islahatlarına etiraz olaraq, könüllü xidmətdən imtina edib. Məsələyə hərbi kəşfiyyatın sabiq rəhbəri Tamir Hayman da münasibət bildirib. O, hesab edir ki, etirazların əsas nəticəsi SAXAL-ın «xalq ordusu» modelinin dağılması ola bilər: «Çünki SAXAL-ın vəzifələrinin öhdəsindən gəlmək bacarığı sistemlərin tam konfiqurasiyasına əsaslanır və əhəmiyyətli dərəcədə könüllülükdən asılıdır».

Etirazçıların daha bir ciddi aksiyası Təl-Əvivdən Qüdsə edilən yürüşdür. Nümayişçilər orada mübahisəli qanunvericiliklə bağlı həlledici səsvermə ərəfəsində parlamentin binası qarşısında düşərgə qurublar. Bundan başqa, İsrailin təhlükəsizlik xidmətinin 100-dən artıq sabiq rəhbəri də hökumətə islahatların dayandırılması çağırışı ilə müraciət edib. Müxalifət lideri, sabiq baş nazir Yair Lapid isə nümayişçilər qarşısında etdiyi çıxışında bildirib ki, indi hökumətin qarşısında iki yol var: İsraili dağıtmaq və ya qoruyub saxlamaq. Lapid bildirib ki, məhkəmə islahatları kursunun davam etdirilməsi «İsraili parçalayarsa, hökumətin müxalifətlə danışıqları bərpa etməsi ölkənin qorunub saxlanmasına imkan yaradar».

Lakin bütün bunlar heç bir nəticə verməyib və təxminən 30 saat fasiləsiz davam edən debatlardan sonra Knesset qanun layihəsini təsdiqləyib.

 

Kompromis, yoxsa vətəndaş itaətsizliyi?

Qanun layihəsinin lehinə hakim koalisiyanı təmsil edən 64 deputat səs verib. 56 müxalifətçi parlamentari etiraz əlaməti olaraq səsverməni boykot edib və iclas zalından çıxıb.

Səsvermənin nəticəsi hökumət tərəfindən qələbə kimi qəbul olunub. Ədliyyə naziri Yariv Levin Knessetin tribunasından etdiyi çıxışda deyib: «Biz məhkəmə sisteminin dəyişdirilməsi ilə bağlı tarixi prosesdə ilk addımı atdıq».

Səsvermədən bir neçə gün əvvəl ürəyinə kardiostimulyatorun quraşdırılması üçün əməliyyat olunmuş baş nazir Netanyahu isə xalqa televiziya ilə müraciət edib: «Bu gün biz vacib demokratik addım atdıq. Bu addım hakimiyyət qanadları arasında 50 il əvvəl mövcud olmuş bərabərliyin bərpasına yönəlib. O vaxtlar hakimlər hökumətin qərarlarını «əsassız» adlandıraraq ləğv edə bilmirdilər. Biz seçilmiş hökumətin ölkə vətəndaşlarının əksəriyyətinin qərarına uyğun olaraq, öz siyasətini yürüdə bilməsi üçün «məntiq düzəlişi» etmişik».

Lakin müxalifət və onu dəstəkləyən elektorat hökumətin və baş nazirin fikirləri ilə razılaşmır. Onlar Knessetin təsdiqlədiyi islahatların reallaşdırılmasına müqavimət göstərəcəklərini bildirirlər. «Bu hökumət döyüşü uda bilər, müharibəni yox», - deyə Yair Lapid qeyd edib. Daha bir sabiq baş nazir Exud Olmert isə ölkədə «ölkənin sabitliyi, hökumətin idarəçiliyi üçün ciddi fəsadlar verəcək vətəndaş itaətsizliyinin başlaya biləcəyini» düşünür.

Həqiqətən də, artıq «itaətsizlik» əlamətləri hiss olunmaqdadır. Parlamentin qanun layihəsini təsdiqləməsindən dərhal sonra etiraz aksiyaları daha da qızışıb, Təl-Əviv, Qüds və digər şəhərlərin küçələri nümayişçilərlə polis arasında toqquşmalar meydanına çevrilib. İndi həm dövlət, həm də qeyri-dövlət sektorunun işçiləri ümumxalq tətilinə başlayacaqlarını bildirirlər. Ekspertlər isə İsrail iqtisadiyyatında tənəzzülün başladığına dair faktlar göstərir, siyasi vəziyyətin getdikcə qarışacağını proqnozlaşdırır.

İsraildaxili böhran artıq onun yaxın müttəfiqlərini – ABŞ və digər Qərb dövlətlərini də narahat etməyə başlayıb ki, bu da təəccüblü deyil. Knessetdəki həlledici səsvermə ərəfəsində Birləşmiş Ştatların prezidenti Co Bayden İsrailin baş naziri ilə telefon danışığı zamanı onu məhkəmə islahatlarının tərəfdarları ilə əleyhdarları arasında mümkün qədər geniş konsensusa nail olmağa çağırıb. Bu söhbət haqda Amerika KİV-də maraqlı fikirlər yer alıb. «New York Times» yazır ki, Ağ Ev sahibi İsrail hökumətinin başçısına islahatların iki ölkə arasındakı «xüsusi münasibətlər» üçün fəsadlar verə biləcəyinə dair xəbərdarlıq edib. «Axios» portalında isə iddia olunur ki, Netanyahu koalisiyadakı tərəfdaşları qarşısında «xüsusi öhdəlikləri»nin olduğunu deyib, onların məhkəmə hakimiyyətinin təsir imkanlarını məhdudlaşdırmaqda qərarlı olduqlarını söyləyib.

İsrail parlamentinin məhkəmə islahatlarına start verməsindən sonra isə Baydenin mətbuat katibi Karin Jan-Pyer Ağ Ev sahibinin İsrail hökumətinin onun rəyini nəzərə almamasından narazı olduğunu göstərən açıqlama verib. Rəy deyərkən, söhbət «demokratik dövlətdə ciddi dəyişikliklərin uzunmüddətli olması üçün onlar mümkün qədər geniş konsensus əsasında həyata keçirilməlidir» fikrindən gedir. Jan-Pyer deyib ki, Knessetdə səsvermə «minimal səs çoxluğu ilə qəbul edilib və bu, təəssüfləndiricidir».

Netanyahunun isə «İsrail suveren dövlətdir və qərarlarını kənardan, o cümlədən ən yaxın dostlardan gələn təzyiqlər əsasında deyil, öz xalqının iradəsinə uyğun qəbul edir» dediyi məlumdur. Bəs İsrail hökuməti Vaşinqtonun təzyiqlərinə davamlı olaraq tab gətirə biləcəkmi? Hər halda, ABŞ tərəfi bildirir ki, o, «islahatlara yenidən baxılması üçün israilli siyasətçilər arasında konsensusun axtarılmasında israr edəcək». Üstəlik, Vaşinqton İsrail prezidenti İshak Hersoqa da ümidlidir. O, ölkənin aparıcı siyasi qüvvələri arasında dialoq yolu ilə konsensusun əldə olunmasına çalışır.

Bütün bu amillər, əlbəttə ki, tarixinin ən ciddi böhranlarından biri ilə üz-üzə olan İsraildə hadisələrin gedişinə öz təsirini göstərəcək. Bununla yanaşı, burada baş verənlər bu və ya digər formada Yaxın Şərqdəki vəziyyətə də təsirsiz ötüşməyəcək. Çünki İsrailin ən azı regionda hansı rola malik olduğu hər kəsə bəllidir.



MƏSLƏHƏT GÖR:

57