18 May 2024

Şənbə, 12:55

BEŞ YÜZ İL SONRA

Avropa ilə Latın Amerikası bir-birlərini yenidən kəşf etməyə çalışırlar

Müəllif:

01.08.2023

«Avropa Latın Amerikasına qayıdır». Bu təntənəli bəyanatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 17-18-də Brüsseldə keçirilmiş Aİ-LAKHÖB (Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyi) sammiti ərəfəsində səsləndirib. Lakin işlər nədənsə tam planlaşdırıldığı kimi getməyib.

Latın Amerikası ölkələri Avropanın onlara göstərdiyi bu diqqəti, əlbəttə ki, alqışlayıblar, lakin sammitin ilkin gündəliyinin yoxsulluq və qeyri-bərabərlik kimi problemlər nəzərə alınmadan, «Köhnə dünya»nın maraqlarına uyğun formalaşdırılmasından narahatlıqlarını ifadə ediblər.

«İndi biz sizə diqqət ayıracağıq, çünki qəflətən dostlara ehtiyacımız olduğunu hiss etdik» demək kifayət qədər sadəlöhvlük və təkəbbürlülükdür», - deyə Cənubi Amerikadan olan yüksəkrütbəli diplomatlardan biri qonaqların ümumi narazılığını dilə gətirib.

Görüş iştirakçılarının prioritetləri tamamilə fərqli imiş. Qoşaqlar üçün ilk yerdə Avropanın dörd yüz il sürmüş müstəmləkəçiliyi, iqtisadi istismar və quldarlıq idisə, ev sahiblərini daha çox Rusiya-Ukrayna müharibəsi maraqlandırırdı.

«Yaxın dostlarımızın bu qeyri-müəyyənliklər dönəmində bizim yanımızda olmasına ehtiyacımız var», - deyə Ursula fon der Lyayen bildirib. LAKHÖB prezidenti, Sent-Vinsent və Qrenadinin baş naziri Ralf Qonsalves isə ona cavabında deyib ki, «biz yekun kommünikenin yerli insanların soyqırımı, afrikalıların kölə halına salınması və dəymiş zərərin ödənilməsi məsələlərinə həsr olunacaq».

Beləliklə, Aİ liderləri Latın Amerikasın və Karib hövzəsindən olan həmkarlarını Rusiyanın Ukraynaya hücumunu qəti şəkildə pisləməyə razı sala bilməyiblər. Uzun sürən müzakirələrin, mübahisələrin sonunda kommünike layihəsində Rusiyanın «ən qəti şəkildə pislənilməsi» ifadəsi sadəcə «narahatlıq» ifadəsilə əvəzlənib.

Sənədin 16 səhifədən 9 səhifəyə düşmüş yekun variantında Ukraynaya qarşı aparılan müharibədən «dərin narahatlıq» ifadə olunur. Bununla yanaşı, Aİ nümayəndələri hesab edirlər ki, orada «Ukraynada» yox, «Ukraynaya qarşı» ifadəsinin işlədilməsi Rusiyanı təcavüzkar kimi göstərən diplomatik qələbədir. Hər bir halda, bu, sammitin, ümumiyyətlə, razılaşdırılmış bəyanat olmadan bitməsinin qarşısını alıb. Amma Nikaraqua sonadək «təslim olmayıb» və sənədə imza atmayıb.

Avropalı liderlər üzləşdikləri durumdan məyusluqlarını gizlətməyə çalışsalar da, bunun əldə edə biləcəklərinin maksimumu olduğunu anlayırlar. Niderlandın sabiq baş naziri Mark Ryutte bildirib ki, Aİ keçmişinə aid səhvləri etiraf etməlidir. O, deyib ki, Avropa İttifaqı keçmişdə «Asiya, Afrika və ya Latın Amerikası ölkələrindən gələn telefon zənglərinə çox zaman cavab verməyib», bu səbəbdən də, qarşı tərəf qəzəbini ifadə etməkdə haqlıdır.

Ralf Qonsalves isə əvvəlcə ittifaq adından köləliyə görə kompensasiyanın daha sərt şəkildə tələb olunmasına üstünlük versə də, «yerli xalqların soyqırımı» kimi terminlərdən istifadə etsə də, sonda etiraf edib ki, Aİ-də heç də hamı müstəmləkəçi olmayıb və bu sammit bəlkə də, belə mövzunun ortaya atılması üçün uyğun format deyil.

Sonda LAKHÖB də kompromisə gedib, kommünikenin mətnində «trans-Atlantik qul alveri nəticəsində milyonlarla kişi, qadın və uşağın sözlə ifadə edilməsi mümkün olmayan iztirabına görə» dərin təəssüf ifadə olunmasına razılıq verib.

 

Yeni çağırışlar

Aİ və LAKHÖB 1999-cu ildə Rio-de-Janeyroda keçirilmiş ilk sammitdən sonra strateji tərəfdaşlardırlar. Onların ən ali səviyyədə son tammiqyaslı görüşü 8 il əvvəl, 2015-ci ilin iyununda Brüsseldə olmuşdu. Aİ əlavə olaraq, ayrılıqda Braziliya və Meksika ilə də strateji tərəfdaşdır, o, quruma üzv 33 dövlətin 27-si ilə iqtisadi və siyasi sahədə əməkdaşlığa dair razılaşmalar imzalayıb. Onların ən sonuncusu… 10 il əvvəl imzalanıb.

Amma son sammitdən sonra qlobal siyasi və iqtisadi landşaft kökündən dəyişib. Yeni geosiyasi vəziyyət yaranıb, yeni çağırışlar meydana gəlib. Bu isə Aİ-LAKHÖB münasibətlərinə də təsirsiz ötüşə bilməz. Söhbət Rusiya-Ukrayna müharibəsindən, iqlim dəyişiklikləri ilə mübarizədən, COVID-19 pandemiyasından, Çinin artan qlobal iddialarından və s. gedir.

Bütün bunlar qlobal iqtisadi əlaqələr zəncirini əhəmiyyətli dərəcədə pozub, Aİ üçün ilkin tələbat mallarının tədarükündə bir ölkədən asılılığın necə təhlükəli olduğunu göstərib. Belə bir vəziyyətdə Rusiyanın enerji resurslarından asılılığı hansısa formada aradan qaldırmaq olursa, Çinlə bağlı vəziyyət daha çətindir. Yalnız onu xatırlatmaq kifayətdir ki, Aİ litiumun 97%-ni Çindən alır və demək, ondan istifadə olunan elektron sənayesi, demək olar ki, bütünlükdə bu ölkədən idxaldan asılıdır.

Qeyd edək ki, sözügedən metal Latın Amerikasında da boldur. Dünyada litium ehtiyatının 24%-i Argentinanın, 15%-i Boliviyanın, hərəsinə 14% olmaqla, Çili ilə Perunun payına düşür. Başqa sözlə, dünyada mövcud olan litium ehtiyatının təxminən üçdə ikisi bu bölgədədir.

 

Xarici bazarlardan asılılıq

Latın Amerikası və Karib hövzəsi coğrafi baxımdan Avropadakı hərbi münaqişələrdən çox uzaqdır. Müvafiq olaraq, Rusiya-Ukrayna savaşı onların regional ənənəvi təhlükəsizliyinə böyük təhdid yaratmır. Bundan başqa, LAKHÖB inkişaf etməkdə olan ölkələrdən ibarətdir ki, onların da daxili bazarları məhduddur. Başqa sözlə, həmin ölkələr xarici bazarlardan daha çox asılıdırlar. Latın Amerikasının iqtisadi inkişafı ABŞ və Aİ-nin dəstəyinə bağlı olsa da, region həm də Rusiya mallarından və Çin maliyyəsindən asılıdır. Məsələn, Nikaraqua taxılın 80%-dən çoxunu Rusiyadan alır. Ət ixracında dünya lideri olan Braziliya dünyada iribuynuzlu mal-qaranın ən çox olduğu ölkədir – təxminən 224 milyon baş. Onun əsas alıcısı isə Çindir – 2022-ci ildə Braziliyadan mal əti ixracının təxminən üçdə ikisi Pekinin payına düşüb. Argentina prezidenti Alberto Fernandes isə ötən il Vladimir Putinə ölkəsinin «Rusiya üçün qapı olacağı» vədini verib. O, bildirib ki, Argentina bunu «Rusiyanın Latın Amerikasına daha inamla daxil olması üçün» edəcək. Fernandes Çin lideri Si Cinpinlə kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair beş illik plan da imzalayıb. Sənəd Argentinaya 23,7 milyard dollar Çin investisiyasının yatırılmasını nəzərdə tutur.

Çinin Latın Amerikasına təsiri sürətlə artır. O, artıq Aİ-ni geridə qoyaraq, regionun ABŞ-dan sonra ikinci ticarət tərəfdaşına çevrilib. Latın Amerikası ilə Pekin arasında 2000-ci ildə 12 milyard dollar olmuş ticarət dövriyyəsi 2021-ci ildə 445 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, Aİ-nin Latın Amerikası və Karib hövzəsi ilə ümumi ticarət və xidmət dövriyyəsinin həcmi 2022-ci ildə 408 milyard dollar təşkil edib.

2000-2020-ci illər ərzində Çin regiona yatırdığı investisiyann həcmini 26 dəfə artırıb. Hazırda o, Latın Amerikasının bir çox ölkələrinin əsas, yaxud ikinci ticarət tərəfdaşıdır. Regionun 33 ölkəsindən 21-i Pekinin tez-tez «yeni İpək Yolu» adlandırılan təşəbbüsündə iştirak edir.

 

Yenilənmə

Çinin dünyanın ən nəhəng regionlarından birində, xammal ixracatçıları bölgəsində artan iqtisadi qüdrətindən narahat olan Aİ oradan vacib mineral resursların tədarükünü həyata keçirməyə çalışır. Brüssel görüşündə Latın Amerikası ilə münasibətlərin canlandırılmasına cəhdlər həm də bu məqsədlə edilib. Amma görünən odur ki, Avropa hələ ki, istəyinə o qədər də nail ola bilmir. Bəli, sammitdə xeyli sayda memorandum, niyyət bəyanatları, müxtəlif razılaşmalar və s. imzalanıb. Avropa İnvestisiya Bankı Braziliya ilə Çiliyə 600 milyon dollar kredit ayırıb, Aİ özü isə «Global Gateway» strategiyası (Çinin «İpək Yolu» layihəsinə qarşı düşünülüb) çərçivəsində region iqtisadiyyatına 45 milyard avrodan çox investisiya yatırmaq öhdəliyi götürüb. Amma bütün bunlar Çinin Latın Amerikasına daxil olma tempindən xeyli dala qalır.

Aİ ilə Cənubi Amerika ölkələrinin MERKOSUR bloku (Argentina, Braziliya, Paraqvay və Uruqvay) arasında dünyanın ən böyük azad ticarət zonalarından birinin yaradılmasına dair əldə olunmuş razılaşma böyük sual altındadır. Bu haqda təxminən 20 il davam etmiş müzakirələrdən sonra, nəhayət, 2019-cu ildə layihə razılaşdırılıb, lakin sonrakı illərdə iştirakçı dövlətlərin heç biri onu ratifikasiya etməyib. Buna ya Latın Amerikası ölkələri, məsələn, Argentinanın kiçik və orta biznesi, həmçinin Avropanın Amazon meşələrinin qırılmasına qarşı məcburi qaydaların tətbiqi tələbindən qəzəblənən Braziliya mane olub, ya da «Aİ-nin kənd təsərrüfatında ikili standartların Pandora qutusunu açdığını», «avropalı fermerlərin qeyri-sağlam rəqabətə sürükləndiyini» deyən avropalı fermerlər, kənd təsərrüfatı sahəsində çalışan həmkarlar ittifaqı təşkilatları.

Bu ilin martında Aİ sanki bilərək «odun üzərinə yağ» töküb – onun MERKOSUR ilə yenilənmiş müqavilə təklif etməsi, orada isə yenə meşələrin qırılması ilə bağlı məcburi məhdudiyyətlərin tətbiqini istəməsi Braziliya və Argentininı qəzəbləndirib. Odur ki, münasibətləri yeniləmək hələ ki tam mümkün olmur. Sammitdə əldə olunmuş razılaşmaların əksəriyyəti isə ədalət mühakiməsi və təhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla mübarizə, korrupsiya və çirkli pulların yuyulması, peyvəndlərin, dərmanların istehsalı, tibbi texnologiyalar mübadiləsi kimi sahələri əhatə edir.

Argentina prezidenti Alberto Fernandes zarafatla deyib ki, Avropa ilə Latın Amerikası arasında münasibətlərin yalnız resurs hasilatı ilə məhdudlaşmaması üçün beş yüz il lazım gəlib.

Növbəti görüşün 2025-ci ildə Kolumbiyada keçirilməsi nəzərdə tutulur. Tərəflər ona budəfəkindən daha yaxşı hazırlaşacaqlarına söz veriblər.



MƏSLƏHƏT GÖR:

58