18 May 2024

Şənbə, 09:11

MÜNAQİŞƏLİ TƏRƏFDAŞLIQ

Ankaranın avrointeqrasiya prosesində iştirakını artırmaq təşəbbüsündə bir çox suallar var

Müəllif:

01.08.2023

Türkiyə son dövrlərdə Avropa İttifaqı ölkələri ilə münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu göstərən bir sıra ciddi addımlar atıb. Görünən odur ki, bu məsələdə Türkiyə rəhbərliyinin əsas iki hədəfi var: beynəlxalq səviyyədə nüfuzunu gücləndirmək və Qərb ölkələrinin Ankara ilə bağlı qərarlarına daha ciddi təsir göstərə bilmək, həmçinin Aİ ilə imtiyazlı ticarətdən maksimum faydalanmaq.

Məlum olduğu kimi, NATO liderlərinin Vilnüs görüşündən az əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankaranın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar başlayarsa, o, İsveçin Şimali Atlantika Alyansına qəbulunu dəstəkləyə bilər.

«Mən Türkiyəni 50 ildən artıqdır Aİ-nin qapısında gözlədənlərə müraciət edirəm: Türkiyənin yolunu açın ki, biz də İsveçə yol açaq», - deyə o, iyulun 10-da Vilnüsə səfər öncəsi keçirdiyi mətbuat konfransında bildirib. Bunun real olaraq Aİ-yə üzvlük istəyi, yoxsa siyasi ritorika olduğuna dair çoxsaylı müzakirələr açılıb.

 

NATO sammiti lakmus vərəqi kimi

Cəmi bir sutka sonra Vilnüsdə Türkiyə prezidenti Ərdoğan, NATO-nun baş katibi Stoltonberq və İsveçin baş naziri Kristersson arasında keçirilmiş görüşdə Stokholmun NATO-ya üzvlük ərizəsinin ratifikasiya üçün Türkiyə parlamentinə çıxarılacağına dair razılıq əldə edilib. Əvəzində, İsveç Türkiyə-Aİ Gömrük İttifaqının müasirləşdirilməsi, vizasız rejimə dair danışıqların sürətləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Ərdoğan NATO sammitindən öncə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə də ayrıca görüş keçirib və görüşdən sonra onun «müsbət nəticələri»nin olduğunu bildirib. Görünür, Türkiyə lideri istəklərilə bağlı Mişeldən ilkin razılıq alıb.

Maraqlıdır ki, Türkiyə parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı müzakirələr payızdan tez başlamayacaq. Bu isə Ərdoğana ona verilmiş vədlərin necə yerinə yetirildiyini görmək imkanı yaradacaq. Problem yaranacaqsa, protokolların türkiyəli parlamentarilər tərəfindən tez bir zamanda ratifikasiya olunacağını gözləmək artıq olacaq.

Qeyd etmək lazımdır ki, Türkiyə rəhbərliyi hələ son seçkidən əvvəl Aİ-nin aparıcı dövlətləri, xüsusilə Almaniya ilə Aİ ilə Ankara arasında gömrük ittifaqının müasirləşdirilməsinə dair razılığın əldə olunmasına çalışırdı. Lakin bu məsələdə ona dəqiq zəmanət verən olmayıb. Bu mənada, Almaniyanın sabiq kansleri Angela Merkelin ötən illərdə dəfələrlə Türkiyə ilə bu mövzuda danışıqların əleyhinə çıxdığını xatırlatmaq yerinə düşər. Sözügedən razılaşmanın daha bir qatı əleyhdarı isə Yunanıstandır. Amma son zamanlar Ankara ilə Afina arasında münasibətlərin bərpası istiqamətində dialoq başlayıb. Bu istiqamətdə müsbət dəyişikliklər Türkiyədə bu ilin fevralında baş vermiş dəhşətli zəlzələdən sonra müşahidə olunmağa başlayıb. İyirmi il əvvəlin «zəlzələ diplomatiyası» ənənəsindən istifadə edən Yunanıstan «yumşaq güc» alətindən istifadə edərək Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmağa başlayıb. Söhbət zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardımların göndərilməsindən gedir.

Bununla yanaşı, tərəflər istər Türkiyə, istərsə də Yunanıstanda seçki hazırlıqlarının getdiyini nəzərə alaraq, dialoqu postseçki dövrünə saxlamışdılar. İndi həm Ərdoğan, həm də Mitsotakis seçkidən qalib ayrıldığından, görünən odur ki, danışıqları bərpa etmək fikrinə düşüblər. NATO-nun Vilnüs sammiti isə bunun üçün yaxşı imkan olub.

Bunu Ankaranın Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması, yığılıb qalmış problemlərin həlli proqramının bir hissəsi də saymaq olar. Eyni zamanda Türkiyə, çətin ki, Aİ-yə üzvlüklə bağlı israr etsin, çünki o, xarici siyasətinə təsir göstərə biləcək əlavə öhdəliklər istəmir.

 

Aİ-yə aparan çətin yol

Türkiyə Avropa İttifaqının altıncı böyük ticarət tərəfdaşıdır. Aİ-nin 2022-ci ildəki ümumi ticarət dövriyyəsinin 3,3%-i onun payına düşüb. Bununla yanaşı, Ankara Aİ ölkələrinə ixracı əhəmiyyətli dərəcədə artırmaq istəyir və buna imtiyazlı ticarət rejiminin yaxşılaşdırılması ilə nail olmaq fikrindədir. Bu, Türkiyə bazarının regional iqtisadiyyatlar üçün də cəlbediciliyini artıracaq, onun ticarət habı statusundan daha effektiv istifadəsinə imkan verəcək.

Amma Aİ-də Türkiyənin Avropaya inteqrasiya prosesini gücləndirmək ideyasına çox ehtiyatla yanaşılır. Əksər avropalı siyasətçi müsəlman dünyasının güclü orduya malik, xarici siyasətdə böyük iddiaları olan ən nüfuzlu ölkələrindən birinin Avropa İttifaqına üzvlüyünün vacibliyinə şübhə ilə yanaşır. Bütün bunlar Türkiyə liderinin şəxsiyyəti ilə də bağlıdır. Bəziləri Ərdoğandan çəkinir, bəziləri isə avtoritar idarəçi saydığı üçün ona etibar etmir. Bu, xüsusilə 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdindən sonra daha çox nəzərə çarpmağa başlayıb və tərəflər arasında münasibətlər daha da pisləşib. Tərəflərin Kipr məsələsinə yanaşması da fərqlidir. Avropa İttifaqı onu 2007-ci ildə öz sıralarına qəbul edib, Türkiyə isə adanın şimal hissəsini müstəqil dövlət kimi tanıyıb.

2018-ci ildə Aİ liderləri növbəti sammitdə Türkiyənin quruma üzvlüyü ilə bağlı danışıqların «birdəfəlik dalana dirəndiyini» bəyan ediblər. Bununla yanaşı, Brüssel vacib qonşusu, onu Rusiya, Asiya və Yaxın Şərqlə birləşdirən halqa olan Türkiyə ilə işləməli olduğunu anlayır. İndi Ankaranın quruma üzvlüyü məsələsi müzakirə olunsa da, avropalı rəsmilər Türkiyə ilə hansı sahədə daha sıx əməkdaşlıq edə biləcəkləri haqda düşünürlər. Bəziləri hətta düşünür ki, burada nəsə alınacaqsa, o, prezident Ərdoğanın aktivinə yazılacaq.

Ümumilikdə Türkiyənin Aİ-yə üzvlük müraciətinin yaşı təxminən 60 ildir. O, ərizəni Aİ-nin sələfi olan Avropa İqtisadi Birliyinə hələ 1959-cu ildə təqdim edib. Lakin silsilə dövlət çevrilişləri, iqtisadi və siyasi qeyri-sabitlik hər dəfə Türkiyənin Aİ-yə inteqrasiyasını ikinci plana atıb. Nəhayət, 1999-cu ildə ona «Aİ üzvlüyünə namizəd» statusu verilib.

Amma bu yolda ciddi irəliləyiş əldə edilməyib. 90-cı illərin əvvəllərindən 2000-ci illərin ortalarınadək Aİ-nin bir neçə dəfə genişlənməsi Türkiyə hökumətini əməlli-başlı qıcıqlandırıb. Məsələ ondadır ki, hər dəfə quruma namizədlik statusunu cəmi bir neçə il əvvəl almış ölkələr qəbul edilir, Türkiyə isə onilliklərdir Aİ-nin qapısı qarşısında gözləyir.

 

Problemlər, ziddiyyətlər və bir qədər ümid

Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonrakı ilk illərdə Ankara Brüsselin üzvlük üçün irəli sürdüyü tələblərə əməl edir, bu istiqamətdə ciddi cəhdlər göstərirdi. Həmin dövrdə ölkə Konstitusiyasına dəyişikliklər olunub, seçki sistemində və cinayət məcəlləsində islahatlar aparılıb. Lakin Aİ rəhbərliyi bunu yetərli saymayıb. Bu dəfə Türkiyəyə kürdlərlə problemlərin həlli, qonşuları, ilk növbədə, Yunanıstan və Kiprlə münasibətlərin normallaşdırılması tövsiyə olunub.

2011-ci ildə isə Fransa prezidenti Nikola Sarkozi o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğana faktiki olaraq, Ankaranın Aİ-yə üzvlüyünün Paris üçün qəbuledilməz olduğunu bildirib.

Amma artıq yeni Türkiyə üçün də Aİ o qədər də rahat yer sayılmırdı. Çünki o, davamlı olaraq ona nəyi necə etməli olduğunu göstərməyə, xarici siyasət prioritetlərini müəyyənləşdirməyə çalışacaqdı. Məsələn, elə Suriya məsələsində. Avropa İttifaqının aparıcı dövlətləri Türkiyəni qoşunlarını Suriyanın şimalından çəkməyə çağırır. Ankaranın Türkiyədə daimi əsaslarla yaşayan 3,5-4 milyon suriyalı qaçqına yardımın göstərilməsi çağırışlarına isə məhəl qoyan yoxdur.

Odur ki, indi Ankara Aİ-yə üzvlüyə xüsusi can atmır, Avropa İttifaqı isə öz növbəsində, Türkiyəni səbirsizliklə gözləmir. Odur ki, bu gün tərəflər daha çox qarşılıqlı səmərəli qərarların qəbuluna, azad ticarət rejiminin daha da yüngülləşdirilməsinə çalışır. Bu, daha sərfəli işdir, çünki hər iki tərəf istər daxildə, istərsə də xaricdə yaşananlarla bağlı tarixinin çətin dövrünü keçirir. Opponentlər indi kifayət qədər köhnəlmiş azad ticarət razılaşmasının müasirləşdirilməsi imkanlarını detallı şəkildə nəzərdən keçirməkdədirlər. Halbuki bu danışıqlara hələ 2014-cü ildə başlanılmışdı. Müşahidəçilər bildirir ki, ötən dövrdə tərəflər irəliləyişə ya nail olmayıb, ya da çox cüzi nail olub.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, bu müasirləşdirmə Aİ-yə ildə təxminən 4,4 milyard avro, yaxud ÜDM-in 0,01%-i qədər gəlir gətirəcək. Türkiyə isə bundan öz ÜDM-in 1,9%-i qədər qazanc götürəcək.

Güman olunur ki, razılaşmanın qəbulu Türkiyənin qlobal istehsal-satış zəncirinə inteqrasiyasını gücləndirəcək, bununla da, hər iki tərəfin iqtisadi durumu yaxşılaşacaq.

Razılaşmanın Almaniyadan olan tərəfdarları bildirirlər ki, alman şirkətləri Türkiyədə fəaliyyətə 160 il əvvəl başlayıb, Osmanlı sultanlarının idarəçilyindən keçib, iki dünya müharibəsi və iqtisadi böhran yaşayıb. Almaniya-Türkiyə Sənaye və Ticarət Palatasının prezidenti Markus Slefoqt deyir ki, «onlar ölkə iqtisadiyyatı hər il 4,5% artdığı üçün sağ qalıblar».

2021-ci ildə Almaniya ilə Türkiyə arasında ticarət dövriyyəsi təxminən 41 milyard avro olub. Bu, Ankaranı almanların ən böyük ticarət tərəfdaşına və razılaşmanın əsas tərəfdarlarından birinə çevirir.

Çoxları düşünür ki, tərəflər arasında gömrük razılaşmasının müasirləşdirilməsi Aİ-yə üzvlük üçün alət deyil. Onun məqsədi yalnız biznes mühitinin yaxşılaşdırılmasıdır. Bu mühit isə məlum olduğu kimi, yalnız puldan yox, həm də insanlardan ibarətdir. Odur ki, paralel olaraq, viza rejiminin sadələşdirilməsi məsələsi də aktuallıq qazanır. Güman olunur ki, biznes sahəsində belə olsa, insanlar arasında ünsiyyət Avropa dəyərlərinin Türkiyəyə daşınmasına kömək edəcək və nəticədə qarşılıqlı anlaşmaya, siyasi yaxınlaşmaya yol açacaq.



MƏSLƏHƏT GÖR:

61