20 May 2024

Bazar ertəsi, 06:34

BİZNES ÜÇÜN BİZNES

“Epoint Inc” fintex şirkətinin rəhbəri: “Layihəmiz uğura məhkumdur, lakin tam effekt əldə etmək üçün bazarın yetkinləşməsi, “ağardılması” və bu cür təşəbbüslərə ehtiyacın olduğunu qəbul etmək lazımdır”

Müəllif:

01.09.2023

Azərbaycanda cəmi bir neçə il əvvəl yaranan fintex şirkətləri artıq maliyyə xidmətləri bazarına fəal şəkildə daxil olub, onu yeni məhsullar və innovativ həllər ilə şaxələndiriblər. Əksər hallarda, onlar vençur kapitalı fondlarından investisiya cəlb edərək və tamhüquqlu biznes vahidinə çevrilmək məqsədilə öz layihələrini startap kimi başlayırlar. Lakin yeniliklərə, həm investorların, həm də potensial müştərilərin daha ehtiyatlı yanaşmasına görə maraqlı ideyaların hamısı bazarda qala bilmir.

Azərbaycanda fintexin yaradılması və tətbiqinin ən uğurlu nümunələrindən biri olan “Epoint Inc” şirkətinin rəhbəri Zeynal KƏRİMZADƏ uğurlu təcrübəsini “Region plus” jurnalı ilə bölüşüb.

 

- Layihənizin mahiyyəti nədir, bu, bazarda nə ilə seçilir?

- Ümumiyyətlə, fintexlər dünyada nisbətən yeni maliyyə alətidir. Əslində, onlar klassik bankçılığın həddən artıq mühafizəkar olduğu, gənc nəslin isə banklarda texnoloji və distant xidmətləri tələb etməyə başladığı bir vaxtda yaranmağa başlayıb. Fintex sadəcə əsas bank alətlərini birləşdirib, yeni texnoloji imkanlar əlavə edib, istifadəçilər üçün daha xoş interfeyslər yaradib və nəticədə, bütün dünyada maliyyə sektoruna yeni nəfəs verib. Qlobal miqyasda belə layihələr üçün nisbətən kiçik bazar olmağımıza baxmayaraq, Azərbaycan bu prosesdə istisna olmayıb. Fintex Azərbaycanda 5-7 il əvvəl aktiv şəkildə inkişaf etməyə başlayıb və pandemiyadan sonra bu bazar xeyli böyüyüb və yeni alətlər meydana çıxıb.

Şirkətimiz – “Epoint Inc” aktiv fəaliyyətinə pandemiyadan dərhal sonra, yəni onlayn ödənişlərə tələbatın artdığı, bir çox bankların infrastrukturunun və müştəri əlaqəsi proseslərinin tam olaraq sahmana salınmadığı dövrdə başlayıb.

Bundan istifadə edərək biz müştərilər üçün (əsasən onlar kiçik və orta biznesi - KOB-ları təmsil edir) xidmət yaratdıq. Bununla onlar 3 dəqiqə ərzində rəqəmsal imzadan istifadə etməklə onlayn ödənişlərə qoşula, daha sonra istənilən bankdakı hesablarına 7/24 ərzində ödənişləri qəbul edə və vəsait əldə edə bilərlər. Bazarımızda inqilabi olan məhz bu əsas yeniliklər idi. Beləliklə, biz müştərilərin qoşulması prosesini 20 gündən 3 dəqiqəyə qədər azalda bildik. Üstəlik, sahibkarların konkret banklardan asılılığını aradan qaldıraraq onlara hesab saxlamaq və pul almaq istədikləri bankları seçmək imkanı verdik. Bundan başqa, biz günün istənilən vaxtında, o cümlədən həftə sonları və bayram günləri daxil olmaqla, vəsaitlərin qəbulu müddətini bir neçə gündən bir neçə saniyəyə qədər azaltdıq. Məhz bu yeniliklərdən sonra layihəmiz fəal şəkildə populyarlıq qazanmağa və ölkənin ən populyar texnologiya startaplarının yüksək reytinqlərinə daxil olmağa başladı.

- Belə təşəbbüslərə investisiyalar cəlb etmək çətin deyil? Onlara yerli investorlar tərəfindən maraq var, yoxsa xaricilərə müraciət etmək lazımdır?

- Ümumiyyətlə, investisiya sahəsi bütün dünyada kifayət qədər mürəkkəbdir. İnandırıcı nəsə olmadan insanlardan pul istəmək və onları sadəcə öz fikrinizə inandırmaq mümkün deyil. Bu məsələdə biz hər zaman ardıcıl olmuşuq və gələcəkdə daha ciddi sərmayələrə iddia etmək imkanı əldə etmək üçün şirkətin imicinə böyük diqqət yetirmişik.

İlk kapitalı mən özüm qoymuşam. Bundan sonra biz komanda yığdıq və məhsulu hazırlamağa başladıq. 9 aylıq gərgin işdən sonra layihəmizi baza versiyada (MVP) işə sala bildik. Bundan 5 ay sonra isə məhsulun tam versiyasını dəyişikliklərlə tətbiq etdik və artıq 3 ay sonra yerli bazarda ilk vençur investisiyasını cəlb edə bildik. Daha sonra xarici sərmayələr, akseleratorlar və digər proqramlar bizə böyüməyə və şirkətin 5 milyon ABŞ dolları dəyərində bazar kapitallaşmasına nail olmağa yardım göstərib. Məhz bu rəqəmi biz hazırda vençur investorlarımız tərəfindən təsdiqləmişik, onlardan hazırda 500 min ABŞ dolları məbləğində investisiya cəlb edirik. Hazırda “Epoint Inc”in baş ofisi ABŞ-da yerləşir. Bir sözlə, hər şeyin başladığı yerli şirkət indi ABŞ şirkətinin Azərbaycandakı filialına çevrilib.

Ümumiyyətlə, söyləyə bilərəm ki, Azərbaycanda pulu olan və onu biznesə yatırmaq istəyənlər çoxdur. Təəssüf ki, texnologiya bizneslərini müəyyən etmək, başa düşmək məsələsində, “burada və indi” pul qazanmamaq mədəniyyətinə, həmçinin bir neçə il gözləmək və şirkəti yenidən satarkən və ya növbəti investisiya raundunda daha çox qazanc əldə etmək mədəniyyətinə alışmaqda çətinliklər var. 

Biz həmçinin investorları maarifləndirməyə, uğurlu şirkətlər və əməliyyatlardan nümunələr göstərməyə çalışırıq. Həqiqətən, ümid edirəm ki, yaxın bir neçə ildə bu mədəniyyət tam formalaşacaq və investorlar özləri kapital qoyuluşu üçün layihələr axtaracaqlar.

- Hazırda bir çox azərbaycanlının düşüncəsində startap daha çox kiçik biznesə bənzəyir. Amma istənilən biznes gəlirli olmaq üçün inkişaf etməlidir. Bəs layihənizin gələcəyini necə görürsünüz, genişlənməyə və böyüməyə hazırsınızmı?

- Startap çox mücərrəd bir ad və biznes anlayışıdır. Hələ də startap adlandırılan milyard dollarlıq şirkətlər var. Bir qayda olaraq, startaplar bazara böyük dəyişikliklər gətirən və oyun qaydalarını dəyişən texnologiya şirkətləridir. Bu kontekstdə onlar böyük dövriyyələrə malik ola, böyümələrini və bazar kapitallaşmalarını artıra bilər. Lakin bu zaman da onlar startap adlandırıla bilər. Hazırda Azərbaycanda müxtəlif startapların yaradılması ilə bağlı bum yaşanır. Maraqlı ideyalar və layihələr var. Lakin əksər hallarda bu, yerli bazara uyğunlaşmaq cəhdi ilə Qərb analoqlarının surətidir. Startap şirkətin yaradılmasını kimin və hansı tərkibdə idarə etməsi çox vacibdir. Təsisçilər arasında bu istiqamətdə hər hansı başqa şirkətdə işləmiş təcrübəli insanlar yoxdursa, bir qayda olaraq, bu layihələrin “sağ qalmaq” şansı azdır.

Bu kontekstdə layihəmizin yaradılması və inkişafı ilə bağlı misal çəkə bilərəm. Məhz mənim bank sektorunda əvvəlki 14 illik təcrübəm, o cümlədən bank kartları, ekvayrinq və internet bankçılıq sahəsində böyük təcrübəm bizə düzgün məhsul yaratmağa və eyni zamanda onu müştərilərimizə və investorlarımıza düzgün çatdırmağa kömək edib. Layihəmiz uğura məhkumdur, lakin tam effekt əldə etmək üçün bazarın yetkinləşməsi, “ağardılması” və bu cür təşəbbüslərə ehtiyacın olduğunu qəbul etməsi lazımdır.

- Ümumiyyətlə, Azərbaycanda startapların inkişaf səviyyəsini və bu sahəyə dəstəyi necə qiymətləndirirsiniz? Şirkətiniz hansı problemlərlə üzləşib?

- Hazırda Azərbaycanda startapların yaradılması üçün çox yaxşı şərait var. Layihə yaradıcılarını yetkin həyata hazırlamaq və onlara sistemli işləməyi öyrətmək üçün çoxlu müxtəlif inkubasiya və akselerator proqramları mövcuddur. Bundan başqa, başlanğıc mərhələdə startaplara kömək edən bir çox dövlət proqramları var. Məsələn, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bu sahəyə yeni başlayanları 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edən startap sertifikat proqramı var. Üstəlik, həmin qurumun perspektivli layihələrə 20 min manatadək qrantların verilməsi proqramı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaratdığı və 10 ilə qədər bir çox güzəştlər təqdim edən texnopark rezidentura proqramını da qeyd edə bilərəm.

Hazırda startaplarla bağlı ən böyük problem ilkin mərhələdə startaplara maliyyə yardımı etmək və sərmayə qoymaq istəyən təşkilatların və şəxslərin sayının az olmasıdır. Ümumiyyətlə, vençur kapitalı investisiyalarının özü yüksək riskli investisiyalardır. Ümid edirik ki, növbəti illərdə startapların maliyyələşdirilməsi üçün yeni proqramlar hazırlanacaq.

- Sizcə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulundan sonra Azərbaycanda fintexlərin inkişafı ilə bağlı vəziyyət yaxşılaşacaqmı?

- İnnovasiya qanunlarının hər zaman iki ziddiyyətli tərəfi olur. Bir tərəfdən belə qanunlarla riskin azaldılmasına, təhlükəsiz əməliyyatlar üçün ekosistem yaradılmasına və dayanıqlı olmayan biznes modellərinin meydana gəlməsinin qarşısının alınmasına çalışılır. Digər tərəfdən isə belə qanunlar innovasiyaları müəyyən məhdudiyyətlərə sürükləyir və onlara öz potensialını tam şəkildə göstərməyə imkan vermir.

Ümumiyyətlə, maliyyə sektoru bütün dünyada çox həssasdır və buna görə də müəyyən qanunlar və təlimatlarla tənzimlənməlidir. Əminəm ki, Azərbaycanda qəbul olunmuş qanun uğurla həyata keçiriləcək və fintexlər üçün yeni imkanlar yaranacaq. Mən qanunun mətni ilə yaxşı tanışam və onun ölkənin maliyyə və texnologiya sektorlarına fayda verəcəyinə inanıram.

Onun qəbulundan sonra şirkətlərin fəaliyyəti lisenziyalaşdırılacaq və fintexlər bankların iştirakı olmadan özləri rəqəmsal məhsullar yarada biləcəklər və bu da onlara bazarda yeni rəqabət üstünlükləri verəcək.



MƏSLƏHƏT GÖR:

62