18 May 2024

Şənbə, 12:19

ORTA GÜC DÖVLƏTİ

«Sülh polisi»nin olmadığı dünya nə qədər realdır?

Müəllif:

01.09.2023

ABŞ Çinin artan iqtisadi və diplomatik qüdrəti, həmçinin Qərb-Rusiya qarşıdurması fonunda dünyanın bir nömrəli fövqəldövləti statusunu qoruyub saxlamağa çalışır. Belə bir vəziyyətdə dünya dəyişən geosiyasi reallıqlar faktı qarşısındadır – indi orta güc dövləti və ya «middle power» termini yeni əhəmiyyət qazanmağa başlayıb. Proses çoxqütblü dünya düzəninin qurulması ilə paralel gedir. Çoxqütblü dünya konsepsiyası orta güc dövlətlərinə, onların beynəlxalq arenada siyasi və iqtisadi nüfuzlarını artırmasına cəlbedici perspektiv vəd edir.

Orta güc dövləti yeni termin deyil. Hələ XVI əsrin sonlarında italiyalı siyasi mütəfəkkir Covanni Boteronun dünyanı üç tip dövlətlərə ayırmışdı: «grandissime» (imperiyalar), «mezano» (orta güc dövlətləri) və «piccioli» (kiçik güc dövlətləri). Boteronun bölgüsünə görə, orta güc dövləti «başqalarının yardımı olmadan, müstəqil yaşamaq üçün kifayət qədər güc və nüfuza malik olur».

Daha sonra ortaya belə bir iddia çıxıb ki, orta güc dövləti başqa dövlətlərin davranışlarına təsir göstərmək üçün «mülayim» imkanlara malikdir. Onlar regional inteqrasiyaya can atan, eyni zamanda öz simasını yaradan və qoruyub saxlayan, regionun zəif dövlətlərindən seçilən ölkələrdir. Dünya arenasında çoxtərəfli razılaşmaların, kompromislərin axtarışı, vasitəçilik cəhdləri və ən əsası, fövqəldövlətlərlə birbaşa qarşıdurmadan qaçmaq cəhdləri onlara xas xüsusiyyətlər sayılır. «Soyuq müharibə» dövründə, həmçinin XXI əsrin əvvəllərində orta güc dövlətləri kimi daha çox Kanada və Avstraliyanın adı çəkilirdi. Ümumilikdə isə müxtəlif dövrlərdə bu sıraya təxminən 50 dövlət aid edilib: Misir, Əlcəzair, CAR, Argentina, Meksika, İndoneziya, İran, Türkiyə, BƏƏ, Aİ-nin bir çox ölkəsi, Yeni Zelandiya və s.

İndi isə orta güc dövlətlərinə həm də Qərb-Rusiya, ABŞ-Çin qarşıdurmasında tərəf tutmaq istəməyən ölkələri də aid etmək olar. Yəni geosiyasi reallıqlardan çıxış etsək, Kanada, Avstraliya və ya Cənubi Koreya kimi inkişaf etmiş iqtisadiyyata malik olan, eyni vaxtda Qərb, yaxud NATO-nun tərəfini tutan ölkələri orta güc dövlətləri cərgəsindən çıxarmaq olar. Gələcək geosiyasi düzənin konturları da məhz bu dəyişikliklər nəzərə alınmaqla müəyyənləşir. Yeni geostrateji məkan formalaşır ki, orada da orta güc dövlətləri daha müstəqil hərəkət edir, öz səslərini eşitdirir, güclərini sınayır, şərtlərini diktə edir, bununla yanaşı, fövqəldövlətlərlə açıq qarşıdurmalardan qaçır, açıq şəkildə kiminsə tərəfini tutmaqdan yayınırlar. Orta güc dövlətləri əksər vaxtlarda praqmatikliklərilə önə çıxırlar. Belə dövlətləri tez-tez «qlobal cənub» kimi ümumi ad altında birləşdirirlər. Onların əksəriyyəti Qoşulmama Hərəkatının, bəziləri isə «Böyük iyirmiliyin» üzvüdür.

2007–2008-ci illərin maliyyə böhranı zamanı Qərbin timsalında «Böyük yeddiliyiin beynəlxalq maliyyə sistemini idarə edə bilməməsi ilə orta güc dövlətləri termini yenidən canlanmağa başlayıb. Başqa sözlə, həmin böhran bu prosesin dönüş anı olub. Məhz həmin vaxt böhranın həlli üçün «Böyük iyirmilik» formatına keçilib. Etiraf edilməlidir ki, fövqəldövlətlər koronavirus pandemiyasının fəadlarının aradan qaldırılması işinin öhdəsindən də lazımınca gələ bilməyiblər. Paralel olaraq, beynəlxalq münasibətləri ABŞ ilə Çin arasındakı iqtisadi və dolayısı ilə hərbi qarşıdurma da dağıtmağa başlayıb, ardınca isə Ukrayna müharibəsi başlayıb.

Yaşananlar fonunda Qoşulmama Hərəkatı ruhunun yüksəlməyə başlaması təsadüfi deyil. Bir çox ölkələrdə hesab edirlər ki, dövlətlərin strateji mövcudluğu və gələcəyi üçün qoşulmama daha təhlükəsiz variantdır. Onlar anlayırlar ki, ənənəvi olaraq təzyiq taktikasından istifadə edən Vaşinqton və ya Moskvanın rəhbərlik etdiyi siyasi bloklarda yer almaqdansa, bundan qaçmaq daha yaxşı və təhlükəsizdir. Onlar rəhbərlik etdikləri bloklara qoşulanlara üstünlüklər tanımaqdansa, ciddi məhdudiyyətlər qoyur, manevr imkanlarını məhdudlaşdırır, üzvləri vacib, bəzən strateji maraqları qurban verməyə vadar edir.

Günümüzdə orta güc dövlətinə ən yaxşı nümunə, əlbəttə ki, Türkiyədir. Xarici KİV onu hələ də «postqərb fövqəldövləti» adlandırır. Məsələ ondadır ki, Ankara NATO üzvü olsa da, ABŞ-ın heç də ən yaxın müttəfiqlərindən deyil. O, xüsusilə ideoloji, mədəni və eynilik nöqteyi-nəzərindən birmənalı olaraq Qərb blokunun tərkib hissəsi sayılmır. Əvəzində, fövqəldövlətlərin maraqları arasında effektiv balans yaradır, müxtəlif sahələrdə özü üçün daha böyük imkanlar əldə etməyə çalışır. Ankara Yaxın Şərq, Aralıq dənizi regionu, Cənubi Qafqaz və Mərkəzi Asiyada öz maraqlarını ardıcıl və effektiv təmin edir. Nəticədə, istər Qərb dövlətlərinin, istərsə də Rusiya Çinin Türkiyəyə öz şərtlərini diktə etmək fikrindən vaz keçmək, onunla razılığa getməkdən başqa yolu qalmır. Bununla yanaşı, istər rusiyalı, istərsə də qərbli ekspertlər etiraf edirlər ki, əməkdaşlıq üçün geniş imkanları məhz Türkiyənin praqmatikliyi və regional iddiaları açır. Məsələn, bəzi ekspertlər Vaşinqtona Türkiyə ilə iqtisadi əməkdaşlığa daha çox diqqət yetirməyi məsləhət görür. Onların fikrincə, Rusiya və Çinin maraqlarına qarşı durmaq üçün o, bu dəstəyi hiss etməlidir.

Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycan da orta güc dövlətinə çevrilir. O da uzun müddətdir öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını fəal və uğurla birləşdirməklə məşğuldur. Bakı ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi də bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Bakının vasitəçilik imkanlarından dünya aktorlarının dəfələrlə istifadə etdiyi də məlumdur.

Macarıstanı orta güc dövlətinə daha bir nümunə göstərmək olar. O, müxtəlif sahələrdə Qərb və Rusiyadan asılı olsa da, müstəqil şəkildə çoxşaxəli siyasət yürüdür. Yeri gəlmişkən, Budapeşt Türk Dövlətləri Təşkilatı ölkələri, ilk növbədə isə Türkiyə və Azərbaycanla münasibətlərini uğurla inkişaf etdirir, Avropa İttifaqı ilə Türk dünyası dövlətləri arasında vasitəçiyə çevrilməyə çalışır. Macarıstan münasibətlərini praqmatik qarşılıqlı faydalı tərəfdaşlıq sistemi üzərində qurur, özünün tarixi dəyərlərə əsaslanan fərdi inkişaf strategiyasını gerçəkləşdirməyə çalışır. Onun yaxın beş il üçün əsas hədəfi Avropada yeni orta güc dövlətinə çevrilməkdir.

Regional gücdən daha böyüyünə çevrilməyə çalışan daha bir ölkə isə İndoneziyadır. Eyni fikri Səudiyyə Ərəbistanı və BƏƏ-yə də aid etmək olar. Siyahını uzatmaq da mümkündür.

Türkiyə kimi dövlətlər gələcəkdə daha böyük əhəmiyyət qazanacaqlar. Onlar düşmən və ya müttəfiq olmaqdansa, var gücləri ilə müstəqilliklərini qorumağa çalışacaq, hər yanda öz maraqlarını axtaracaqlar. Əsl «Realpolitik» (real siyasət) də məhz budur.

Bəs bu cür dünya düzəni nə qədər effektiv olacaq, qlobal hegemonluğun, yaxud «dünya polisi»nin yoxluğu nə ilə nəticələnəcək?

Bəzi fikirlərə görə, qlobal çoxqütblülük təhlükəlidir və bu üzdən də Qərb qaydalara əsaslanan beynəlxalq düzəni qoruyub saxlamaq üçün balanslaşdırıcı qüvvə olmalıdır. Beləliklə, artıq müstəqil davranan orta güc dövlətlərinə müstəqil, praqmatik, razılığa gəlinməsi mümkün güclər kimi deyil, Rusiya ilə Çinin gizli tərəfdarları kimi baxılır. İddia olunur ki, qlobal çoxqütblülük onsuz da bir neçə regional birqütblü sahələrə bölünəcək, onların hərəsinin öz lideri olacaq və bu da rəqabətə, bəlkə də təhlükəli vəziyyətin yaranmasına aparıb çıxaracaq. Başqa sözlə, bunun baş verməməsi üçün yenə də Qərbin birmənalı nüfuzu qəbul olunmalıdır. Əks təqdirdə, orta güc dövlətlərinin yenidən Rusiya və ya Çindən asılı duruma düşmək riski yaranır.

Məlum olduğu kimi, Moskva daim qlobal güc balansının qorunması, çoxqütblü beynəlxalq sistemin qurulmasında vacib rol oynadığını deyir. Pekin də öz növbəsində, bu ideyanı dəstəkləyir. Çoxqütblü dünya düzəninin dəstəklənməsi Çin Xalq Respublikasının xarici siyasətinin bir parçasıdır. O, dünya düzəninin Çinin baxışına uyğun dəyişdirilməsində Pekinə xüsusi rol tanıyır. Bu halda amerikalı ekspertlər balanslaşdırıcı qüvvə kimi ABŞ və ümumilikdə Qərbin rolundan danışırlar. Bildirilir ki, Vaşinqton rəqiblərini regional birqütblü mərkəzlər yaratmaq imkanından məhrum etməli, «çoxqütblü dünya»nın regional miqyasda orta güc və zəif güc dövlətlərinə daha böyük suverenlik və çiçəklənmə gətirəcəyi ideyasının yayılmasının, təsdiqlənməsinin qarşısını almalıdır. Onların fikrincə, amerikalı rəsmilər neytral dövlətlərin nümayəndələri ilə danışıqlarda Çinin BRI, həmçinin Aİİ, BRHÇC kimi təşəbbüslərin dünyanın Pekin və Moskvanın başçılıq edəcəyi regional birqütblü dairələrə bölünməsi cəhdi olduğunu vurğulamalıdırlar.

«Sonda Qərbin geosiyasi rəqibləri ilə yeni böyük oyundan qalib çıxıb-çıxmayacağı aparıcı, əsasın neytral güclərin mövqeyindən asılıdır. Amerika rəhbərliyinə Rusiyanın Ukraynaya hücumu və Çinin iqtisadi dirçəlişi ilə (hər ikisi İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninə təhdiddir) meydan oxunması çoxqütblülük diplomatiyası ilə mübarizəni və orta güc dövlətlərinin dəstəyini zərurətə çevirib». Gənc amerikalı ekspertlər, Yorktaun İnstitutunun kiçik elmi işçisi Aksel de Vernou və Miçiqan Universitetinin Cerald R.Ford Dövlət Siyasəti Məktəbinin yeni məzunlarından olan Uill Kilm vəziyyəti məhz belə qiymətləndirirlər. Onların «The National Interest» nəşrində 24 avqust 2023-cü ildə dərc olunmuş «Orta güc dövlətləri üçün böyük Amerika strategiyası» başlıqlı məqaləsində belə deyilir. Belə çıxır ki, müxtəlif geosiyasi mərkəzlərin qarşıdurmasına cəlb olunmamağa çalışan orta güc dövlətləri bununla, bu qarşıdurmanın ən ön cərgəsində yer almaq riski ilə qarşılaşırlar.

Digər tərəfdən dəyişikliklərin əvvəlkindən daha sürətlə baş verdiyi, iqlim amillərinin daha ön plana çıxdığı, bəzən ekspertlərin proqnozlarının əksinə olaraq, iqtisadi risklərin yarandığı dünyada uzaq perspektivlə bağlı fikir səsləndirmək, yəqin ki, doğru deyil. XXI əsr, güman ki, məhz orta güc dövlətləri üçün «qızıl əsr» olacaq və beynəlxalq geodüzənin simasını məhz onlar müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

50