18 May 2024

Şənbə, 09:57

«KOLLEKTİV CƏNUB» «QLOBAL ŞİMAL»A QARŞI

BRHÇC artıq sadəcə, dünya gündəmini formalaşdırmağa çalışmır, onu formalaşdırır

Müəllif:

01.09.2023

Son günlərdə qlobal gündəmin əsas hadisəsi, şübhəsiz ki, BRHÇC-nin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) CAR-ın ən iri şəhəri olan Yohannesburqda keçirilmiş sammitidir. Sammitin əsas nəticəsi isə yəqin ki, quruma gələn il yanvarın 1-dən 6 yeni üzvün qəbulu ilə bağlı çıxarılmış qərardır. Söhbət Argentina, İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiyadan gedir.

 

Qərbə meydan oxunur?

Rusiya ilə Qərb arasında Ukraynada davam edən münaqişə ilə əlaqədar kritik həddə çatmış qlobal geosiyasi rəqabət şəraitində xüsusilə BRHÇC-nin genişlənməsi qərarını Qərbin aparıcı KİV-i onun hökmranlığına «qlobal cənub» tərəfindən meydan oxunulması kimi qiymətləndirib. Maraqlıdır ki, əvvəlki illərdə bu təşkilata üzvlüyün əsas meyarı namizədin dünya iqtisadiyyatında və dünyada iqtisadi əlaqələrdəki yeri olub. İndiki genişlənmənin əsasında isə coğrafi prinsip, həmçinin gələcək dünya düzəninə ümumi yanaşma dayanır.

Təşkilatın yeni üzvlərinə diqqət yetirsək görərik ki, onların praktik olaraq hamısı öz regionunun aparıcı iqtisadiyyatıdır. Bu mənada, yalnız Efiopiya istisnadır. Güman ki, onun namizədliyinin lobbiçiliyini sammitin ev sahibi CAR edib. Amma Efiopiya belə, Afrika qitəsinin ən sürətlə inkişaf edən iqtisadiyyatlarındandır. Bu ölkədə ümumdaxili məhsulun illik artımı 6%-i aşır.

BRHÇC-in 6 yeni üzvündən 4-ü Yaxın Şərq ölkəsidir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir həmin bölgənin ən güclü 5 iqtisadiyyatı sırasında yer alır. İrana gəlincə, o, regionda iqtisadiyyatını ən çox şaxələndirmiş ölkədir. Ümumilikdə 2022-ci ilin yekunlarına görə, qurumun yeni üzvlərinin birgə nominal ÜDM-i 2,9 trilyon dollardan artıqdır. Bu, şübhəsiz ki, təşkilatın potensialına, beynəlxalq məsələlərdəki çəkisinə öz təsirini göstərəcək.

BRHÇC-nin genişlənməsi «qlobal şimal» ölkələrinə açıq siqnaldır. Demək, formalaşmaqda olan yeni dünya düzənində «kollektiv cənub» öz gündəliyi ilə çıxış etmək, dünya gündəmini formalaşdırmaq iddiasındadır. Bununla yanaşı, anlamaq lazımdır ki, BRHÇC eyni cür düşünən ölkələrin birliyi deyil – Çin Hindistanla, İran Səudiyyə Ərəbistanı ilə ruhən yaxın dövlət sayıla bilməz. Onları beynəlxalq məsələlərdə müstəqil rol oynamaq, öz mövqeyini qoruya bilmək, kənar diktələri qəbul etməmək istəyi birləşdirir. Qərb mətbuatında BRHÇC sammiti artıq Qərbə kollektiv meydan oxunması kimi qiymətləndirilib. Bu yanaşma «bizimlə olmayan bizə qarşıdır» prinsipindən də irəli gəlir.

 

Qərbin əleyhinə olmasa da, lehinə də deyil

BRHÇC üzvlərinin əksəriyyəti üçün əsas iqtisadi-ticari tərəfdaşın, əsas satış bazarlarının ABŞ və Avropa İttifaqı ölkələri olduğu məlumdur. Lakin təşkilatın bir çox köhnə və yeni üzvü qərbli tərəfdaşları ilə iqtisadi-ticari münasibətlərdə bərabər hüquqlara malik olmadığından şikayətçidir. Niderlandın baş naziri Mark Ryutte Latın Amerikası ilə son sammitdə bir etirafla çıxış etmək məcburiyyətində də qalmışdı: «Biz avropalılar təkəbbürlü olmuşuq». O, bildirmişdi ki, Avropa başqa ölkələrdən Rusiyanın təcrid vəziyyətinə salınmasında yardım istəsə də, öz maraqlarını üstün tutaraq, problemə və digər dövlətlərin narahatlığına lazımi reaksiyanı göstərməyib.

Tənqidçilər bildirirlər ki, BRHÇC tamhüquqlu təşkilat deyil və bu üzdən siyasi, iqtisadi trendlərin formalaşdırılmasına tam təsir göstərə bilməz. Lakin «G7» və ya «G20» də tamhüquqlu təşkilatlar deyillər. Amma bu formatlarda görüşlər hər zaman dünyada ciddi maraqla izlənir. Bundan başqa, BRHÇC, həqiqətən, lazımsız strukturdursa, inkişaf etməkdə olan dünyanın bir sıra nəhəng iqtisadiyyatları niyə orada yer almağa bu qədər maraq göstərir?

Dünyanın aparıcı media orqanları da BRHÇC sammitlərini diqqətlə izləyir, onun nəticələrini geninə-boluna təhlil edir. Məsələn, bir sıra Qərb KİV-i yazır ki, bu təşkilata yeni üzvlərin qəbulu Pekin və Moskva üçün çoxdan arzuladıqları, lakin əldə edə bilmədikləri nəticədir. Onlar gələcəkdə özlərini ABŞ və müttəfiqlərinin yeni sanksiyalarından qorumaq üçün beynəlxalq ticarət və maliyyə strukturlarının yenidən formalaşdırılmasını istəyir və buna BRHÇC vasitəsi ilə nail olmağı düşünürlər.

Maraqlıdır ki, Rusiya prezidenti Yohannesburq sammitinə qatılmayıb. Bunun əsas səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın dövlət başçısının cinayət məsuliyyətinə cəlb olunmasına dair qərarıdır. Pretoriya Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin iştirakçısıdır və Putinin CAR-a gələcəyi təqdirdə o, məhkəmənin qərarına tabe olmaq məcburiyyətindədir. Odur ki, elə həmin Qərbin təsiri ilə formalaşan reallıqları BRHÇC-nin ən nüfuzlu üzvləri belə, qəbul etməyə bilmir.

Bu arada, Rusiya və Çin liderlərinin çıxışları ABŞ-ı iştirakı ilə formalaşmış alyanslar sisteminə qarşı özünəməxsus arqument, eyni zamanda, iştirakçı ölkələr arasında iqtisadi-ticari münasibətləri tənzimləyən Qərb sistem və mexanizmlərinə alternativlərin yaradılması cəhdi kimi qiymətləndirilə bilər.

Rusiyaya tətbiq olunmuş sanksiyalar, həmçinin Çinin sanksiyalarla hədələnməsi Qərbin həssas zərbələrinə davamlı alternativ qlobal maliyyə strukturlarının, tədarük zəncirlərinin yaradılması səylərini sürətləndirib. Əlbəttə, bu alyansın heç də bütün üzvləri Çinlə Rusiyanın geosiyasi mövqeyini dəstəkləmir, odur ki, BRHÇC-nin uzunmüddətli inkişaf strategiyası hələ də qeyri-real görünür. Söhbət, məsələn, ticarətdə dollardan asılılığın ciddi şəkildə azaldılması, yaxud vahid valyutanın tətbiqi kimi hədəflərdən gedir.

 

Hindistan və Braziliya: doğmalar arasında yad?

Bu gün vəziyyət belədir. Daha uzaq perspektivdə bəzi dövlətlər, məsələn, Rusiya ilə Çin Qərblə münasibətlərin pisləşə biləcəyi bir vəziyyəti modelləşdirir, o zaman dünyanın qalan hissəsi ilə münasibətlərin gələcəyi inkişaf etməkdə olan dünya ölkələri ilə ünsiyyətdən asılı olacaq, buna görə də bu dövlətlərin sağ qalma dərəcəsi asılı ola bilər.

Amma bu, ən son ssenaridir və Çin belə, qlobal tədarük zəncirinin pozulması ilə nəticələnə biləcək «iqtisadi məcburetmə və bölünmə»dən qaçmaq çağırışları edərək, bu ssenaridən yayınmağa çalışır.

Sammitdə Vladimir Putini təkrarlayan Çin lideri Birləşmiş Ştatları üstüörtülü şəkildə də olsa, «hegemon davranışı»nda günahlandırıb. «Son sözün sahibi əli daha ağır olan, yaxud səsi daha gur çıxan olmamalıdır», - deyə o, bildirib. Amma ABŞ-la münasibətləri əksinə, inkişafda olan Hindistanla Braziliya, çətin ki, belə düşünsün. Bu isə BRHÇC-də aktual gündəmin nə qədər çətin olduğunu təsdiqləyir. Hindistanın «Çandrayan-3» modulunun Aya uğurlu enişi bu vəziyyəti daha aydın göstərən mənzərədir. Məlum olduğu kimi, son illər Hindistan kosmik tədqiqatlar sahəsində Birləşmiş Ştatlarla xüsusilə sıx əməkdaşlıq edir. Xatırladaq ki, Hindistan Vaşinqtonun kosmosda davranış və Ayın mənimsənilməsi normalarının tətbiqi təklifinə qoşulmaq niyyətini açıq şəkildə ortaya qoyub. Söhbət «Artemida razılaşması»ndan gedir.

Braziliya da xüsusilə Lula da Silvanın prezident seçilməsindən sonra Qərb dövlətləri ilə son dərəcə sıx əməkdaşlıq edir. Sonuncu «G7» sammitinə həm Hindistan, həm də Braziliyanın dəvət olunması, təbii ki, təsadüf deyildi. Yeri gəlmişkən, təklifin reallıqdan uzaq olmasına baxmayaraq, BRHÇC və «G7» liderlərinin görüşü təklifi də məhz Braziliya prezidentindən gəlib. Onun hesablamalarına görə, ÜDM-in artımından sonra BRHÇC-nin dünyada alıcılıq qabiliyyəti pariteti 35 faizə qalxacaq, dünya əhalisinin isə 46%-i onun payına düşəcək. Bu, qurumun beynəlxalq arenada nüfuzunu nə qədər artıracağının göstəricisidir.

Hindistana gəlincə, baş nazir Narendra Modi bildirib ki, onun ölkəsi «G20»yə sədrliyi çərçivəsində «qlobal cənub» ölkələri üçün aktual olan məsələləri «yüksək prioritet» sayır. Məsələn, Yeni Dehli «Böyük iyirmiliyin» sentyabrda keçiriləcək sammitində Afrika Şurasına daimi üzvlük verilməsini təklif edib. O, bu məsələdə həmin sammitə dəvət almış BRHÇC üzvlərinin dəstəyinə də bel bağlayır.

Hər bir halda, BRHÇC sammiti Birləşmiş Ştatlar və müttəfiqlərinə dəqiq mesaj verib: indi BRHÇC beynəlxalq iqtisadi, hətta siyasi gündəmi formalaşdırmağa çalışmır, artıq onu formalaşdırır.

 

Sammitin nəticələri müharibə fonunda

Sammitin «Yohannesburq-2» adlandırılan yekun bəyannaməsində quruma 6 yeni üzvün dəvəti ilə yanaşı, genişlənmə prinsipləri də yer alıb. BRHÇC ölkələrinin xarici işlər nazirlərinə mümkün tərəfdaş ölkələrin siyahısının hazırlanması və növbəti sammitdə təqdim olunması tapşırılıb.

Ümumilikdə artıq 23 dövlət BRHÇC-yə qoşulmaq üçün rəsmi ərizə verib. Belə genişlənmə tempi ilə bu qurumun artıq yaxın gələcəkdə tamhüquqlu təşkilata çevriləcəyi istisna deyil.

Sammitdə qonaq qismində ŞƏT sədri, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də iştirak edib. Maraqlıdır ki, bir vaxtlar ŞƏT də bir qrup dövlətin mütəmadi toplanması təşəbbüskarı kimi çıxış edirdi. O, 2021-ci ildə tamhüquqlu təşkilata çevrilənədək, «Şanxay beşliyi» adlanırdı. Bu gün BRHÇC-nin 5 əsas üzvünün 3-ü – Çin, Rusiya və Hindistan ŞƏT-də yer alır, İran isə ona ciddi maraq göstərir. Yeri gəlmişkən, BRHÇC-yə üzvlüyə yeni namizədlər sırasında Pakistan kimi ŞƏT üzvləri də var.

Qurumun geniş tərkibdə ilk sammiti 2024-cü ildə Kazanda keçiriləcək. O, quruma Rusiyanın sədrliyi çərçivəsində baş tutacaq. Ukraynada davam edən müharibə fonunda onun necə keçəcəyini, köhnə və yeni üzvlərin hansı qərarları qəbul edəcəyini zaman göstərəcək.

Ukrayna müharibəsi nöqteyi-nəzərindən, sammit sanki lakmus vərəqi rolunu da oynayıb. Görünən odur ki, «qlobal cənub» ölkələri beynəlxalq qarşıdurma şəraitində səslərinin daha yaxşı eşidiləcəyi dünya düzənini formalaşdırmaq şansını qaçırmaq istəmir. Bu, onların savaşda Rusiyaya dəstək vermək niyyətlərini göstərmir. Yalnız onu xatırlamaq kifayətdir ki, BRHÇC-nin köhnə və yeni üzvlərinin heç biri Ukraynanın ərazi bütövlüyünü şübhə altına almır və Rusiyaya açıq dəstək vermir. Sammitin Ukraynanın Müstəqillik Günü ilə üst-üstə düşən son günündə isə BRHÇC-nin yeni üzvləri sırasında yer alan BƏƏ-nin ən uca binası, Dubayda yerləşən Bürc Xəlifə Ukrayna bayrağının rənglərinə bürünmüşdü…

Bir sözlə, vəziyyət çox qarışıqdır. Nəzərə alsaq ki, onların Qərblə münasibətləri də yaxşı deyil, bu ölkələrin çoxu Qərbin qlobal gündəmini qəbul etmir. Son dövrlərdə BRHÇC üzvlərinin əksəriyyətinin davamlı olaraq Ukrayna münaqişəsinin həllinə dair təkliflərlə çıxış etməsi təsadüf deyil.

Bu gün Kiyev öz sülh planından danışır. Amma bu, yaxın zamanlarda həmin planda Rusiyaya daha ciddi təsir imkanlarına malik BRHÇC üzvlərinin səsləndirdiyi bəzi təkliflərin yer alacağını istisna etmir.



MƏSLƏHƏT GÖR:

53