18 May 2024

Şənbə, 09:57

TAKTİKİ GERİ ÇƏKİLMƏ

ABŞ və İranın daha çox danışıqlar aparmasına səbəb olan məsələ nədir?

Müəllif:

01.09.2023

Bu ilin avqustunda ABŞ və İran arasında növbəti razılaşma əldə olunub. Bu dəfə Qətər və Omanın vasitəçiliyi ilə baş tutan razılaşma nüvə mövzusunda deyildi.

İran hakimiyyətinin 5 ABŞ vətəndaşını həbsdən azad etməsi müqabilində Vaşinqton Tehranın Cənubi Koreya banklarında həbs qoyulmuş 6 milyard dollarını azad etməyi qəbul edib.

Ərəb və iranlı jurnalistlərin məlumatına görə, razılaşma əldə olunduqdan dərhal sonra ABŞ vətəndaşları “Evin” həbsxanasından çıxarılaraq Tehranda hotelə yerləşdiriliblər. Lakin onların azad edilməsi zaman alacaq və sentyabrın əvvəlində baş tutacaq. Məhz həmin vaxt Cənubi Koreya banklarından İran hesablarına vəsaitlərin tam köçürülməsi gözlənilir.

 

Əvvəlcə pul, sonra məhbuslar

Bu razılaşmanın ən mürəkkəb hissəsi Cənubi Koreyadakı maliyyə vəsaitinin Tehrana köçürülməsidir. Məsələ ondadır ki, 2019-cu ildə İranın Koreyaya satdığı neftin pulları ABŞ-ın sabiq prezidenti Donald Tramp dönəmində qəbul edilmiş sanksiyalar üzündən Seul banklarında ilişib qalıb. Hazırkı ABŞ-İran razılaşmasına əsasən, Koreya vonu ilə olan pullar İranın istəyi ilə hazırkı məzənnəyə uyğun olaraq ABŞ dollarına və ya avroya çevriləcək və bundan sonra Qətər Mərkəzi Bankına köçürüləcək. Bundan sonra Tehran bu pulu yalnız dərman, ərzaq və digər humanitar malların alınmasına xərcləyə biləcək. Lakin belə böyük məbləğin dollara çevrilməsinin Cənubi Koreyanın maliyyə sistemi üçün yaradacaq mümkün riskləri nəzərə alsaq, prosesin mərhələli şəkildə həyata keçiriləcəyini söyləyə bilərik.

İran KİV-lərinin məlumatına görə, bu razılaşma ilə hər tərəfdən 4 ABŞ və İran vətəndaşının qarşılıqlı azadlığa buraxılması da nəzərdə tutulur. İran hökuməti bu razılaşma çərçivəsində ABŞ-da həbsdə saxlanılan iranlıların da azad ediləcəyini bəyan etsə də, Vaşinqton bu xəbəri təsdiqləməyib. Dövlət katibi Antoni Blinken isə ABŞ həbsxanasında İran vətəndaşlarının saxlanılması barədə məlumatı olmadığını deyib.

Qeyd edək ki, ABŞ və İran arasında məhbus mübadiləsi ilk dəfə baş tutmur. İranda İslam inqilabından sonra dəfələrlə qarşılıqlı olaraq məhbuslar azad edilib. Sonuncu dəfə 2020-ci ildə ABŞ-da həbs olunmuş iranlı alim azad edilib. Bunun qarşılığında isə İranda həbsdə olan keçmiş dövlət məmuru azad olunub. Buna görə də ABŞ və İran arasında mövcud razılaşmanı diplomatik sıçrayış adlandırmaq olmaz. Lakin bu yaxınlarda əldə edilən razılaşma bəzi maraqlı məqamlarla diqqəti cəlb edir.

 

Qarşıdurma fonunda irəliləyiş

Fakt budur ki, bu hadisə Fars körfəzində gərginliyin növbəti mərhələsinə təsadüf edib. Məlum olduğu kimi, iyulda Fars körfəzində ABŞ-İran gərginliyinin yüksəlməsi fonunda Vaşinqton ticarət gəmilərinə olan hücumların qarşısını almaq üçün bölgəyə əlavə hərbi gəmi və təyyarələr göndərib.

İran sanksiya çərçivəsində həbs olunan gəmilərini qorumaq və ya onların təhlükəsizliyini təmin etmək üçün cavab addımı olaraq Qərb ölkələri gəmilərini həbs edəcəyini bildirib və bununla bağlı bir sıra addımlar atıb. Amma hamı üçün gözlənilmədən Tehran və Vaşinqton məhbus mübadiləsi haqqında razılığa gəlməyə qərar verdi.

İranla bağlı vəziyyət aydındır, Tehran hazırda maliyyə vəziyyətinin günü-gündən pisləşdiyi bir zamanda həbs qoyulmuş pullarını geri almağa çalışır, bununla bağlı anlaşmağa getməyə məcburdur.

ABŞ-la bağlı vəziyyət isə fərqlidir. Bu ölkənin hakimiyyəti Tehranla istənilən təmasları nüvə sazişi üzrə danışıqların bərpası istiqamətində atılan addım kimi qiymətləndirir. Bu kontekstdə ABŞ-ın İrana İraqdakı 3 milyard dollarlıq vəsaitini geri qaytardıqdan sonra Koreyadakı 6 milyard dollarlıq İran vəsaitini “dondurması” Tehranı yenidən danışıqlar masasına oturtmaq cəhdi kimi qiymətləndirilə bilər.

Hazırkı mürəkkəb dövrdə Bayden administrasiyasının İranla danışıqlara bu qədər əhəmiyyət verməsinin bir sıra səbəbləri var. Onlar arasında Vaşinqtonun İranın nüvə proqramı üzərində beynəlxalq nəzarəti təmin etmək, İsrailə qarşı təhdidləri azaltmaq istəyi var. Başqa sözlə, Vaşinqton indiki halda 2015-ci il nüvə sazişinin yenidən bərpasını deyil, konkret mövzular üzərindən Tehranla razılaşma əldə etməyə çalışır. Nəhayət, Vaşinqton da Tehrana qarşı sanksiyaların səmərəsizliyinə görə danışıqlara getməyə məcburdur.

ABŞ-ın İranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında imzalanmış sazişdən çıxması, eləcə də son 5 ildə İrana qarşı tətbiq edilən sərt sanksiyalar əslində gözlənilən nəticəni vermədi. Doğrudur, iqtisadi olaraq Tehran geriləyib, milli valyuta sürətlə dəyərdən düşüb və düşməkdə davam edir, eyni zamanda sosial vəziyyət pisləşib, 2018 və 2022-ci ildə sosial-siyasi tələblərlə böyük iğtişaşlar baş verib. Eyni zamanda son illərdə İran neft hasilatını artırıb, hərbi sənayesini inkişaf etdirib, Hindistan, Çin və Rusiya kimi ölkələrlə ticarət-iqtisadi əlaqələri genişləndirib.

Nəhayət, Tehran sanksiyalara rəğmən nüvə proqramını inkişaf etdirib. 2015-ci il nüvə sazişində uranı yalnız 3,67 faiz saflaşdırma öhdəliyi götürən Tehran Trampın sanksiyalarından sonra limitdən imtina edərək uran zənginləşdirilməsi proqramını genişləndirdi. Hazırda ehtimal olunur ki, İran uranı 60 faizə qədər zənginləşdirə bilib. İndi Tehran rejimi öz nüvə silahını əldə etməyə həmişəkindən daha yaxındır. 

Bu səbəbdən, Bayden administrasiyası bunu Yaxın Şərqdə müharibənin yeganə alternativi hesab edərək danışıqlar masasına qayıtmağa üstünlük verir. Birincisi, müharibə ABŞ-ın nüfuzunu və gücünü əhəmiyyətli dərəcədə zəiflədə bilər. İkincisi, gələn il keçirilməsi planlaşdırılan prezident seçkisi səbəbindən Baydenin vaxtı azalır.

Eyni zamanda indiki şərtlərdə artıq 2015-ci il müqaviləsini yenidən bərpa etməyin mənası yoxdur. İndi aktual məsələ nüvə proqramının nəzarət altına alınması, ballistik raketlərin istehsalına nəzarət (Tehran artıq 2 min kilometr məsafə qət edə bilən raket və dron istehsal etdiyini elan edib) və nəhayət, Vaşinqton üçün prioritet olan İsrailin təhlükəsizliyini təminat altına almaqdır. Bunun üçünsə bir yerdən başlamaq lazımdır.

 

İran ABŞ-la barışmağa hazırdır, amma...

Tehran hələ iyunda Oman və Qətərdə başlayan müzakirələr zamanı ABŞ-la nüvə danışıqlarına müsbət baxdığını açıqlayıb. Əvvəllər bu danışıqların aparılmasına icazəni İranın ali dini lideri Ayətullah Xamenei verib. Əsas şərt kimi İran öz neftinin ixracına qoyulan beynəlxalq embarqonu ləğv etməyi təklif edir. Bunun müqabilində o, uranın 60 faiz zənginləşdirilməsini dayandırmağa və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri ilə daha sıx əməkdaşlıq qurmağa razıdır.

Bu prosesin birinci mərhələsi - İrandakı ABŞ vətəndaşlarının azad edilməsi müqabilində İranın dondurulmuş pullarının geri qaytarılması artıq baş tutub. Bundan sonra ikinci mərhələ, yəni neft ixracı embarqolarının aradan qaldırılması qarşılığında uran zənginləşdirilməsinə beynəlxalq nəzarətin tətbiq olunması ilə bağlı danışıqlar başlaya bilər. Görünür, bu yaxın gələcəkdə baş verəcək.



MƏSLƏHƏT GÖR:

52