18 May 2024

Şənbə, 09:57

ERMƏNİSTAN ORDUSUNU DİRÇƏLDƏ BİLƏCƏKMİ?

Görünən odur ki, Ermənistan silahlı qüvvələri yaxın perspektivdə öz ali baş komandanına təhlükə yaradacaq

Müəllif:

01.09.2023

İran və Ermənistandan olan mənbələr yeni videogörüntü yayıblar: İran ərazisindən Ermənistana silah tədarük olunur. Söhbət, yəqin ki, Hindistan hərbi sənaye kompleksinin məhsullarından, o cümlədən Fransa lisenziyası ilə istehsal olunan nümunələrdən gedir. Cənubi Qafqaz auditoriyası üçün bu informasiya anlaşılan rezonansa səbəb olub. Bu, həm Tehranla Yeni Dehlinin Azərbaycanla Ermənistana münasibətini göstərir, həm İranın «islam həmrəyliyi» haqda danışdıqlarının dəyərini və s.

Aydındır ki, Bakı Ermənistana silah tədarükünü narahatlıqla qarşılayır. Hər halda, Azərbaycanda İrəvanın bu silahlardan kimə qarşı istifadə edə biləcəyinə şübhə yoxdur. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyannamə imzalanan zaman Cənubi Qafqaz müharibəyə birdəfəlik nöqtə qoyulması, dinc gələcəyin qurulması baxımından nadir şans qazanmışdı. Lakin bu gün Ermənistan hökuməti bu şansın yox edilməsi üçün əlindən gələni əsirgəmir. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi faktiki olaraq dondurulub, sülh müqaviləsi isə sanki gündəmdə olsa da, İrəvan onun imzalanmasına xüsusi maraq göstərmir. Çünki o, bu halda Qarabağa iddialarının üzərindən birdəfəlik xətt çəkəcəyini yaxşı anlayır. Bu işə rəsmi Bakı ilə dialoqdan imtina edən Xankəndi separatçıları da öz «töhfə»lərini verir.

Bəs İrəvanın əsl məqsədi nədir? O, sadəcə öz silah arsenalını doldurmaq istəyir? Yoxsa söhbət qonşularına təzyiq vasitəsi kimi, Ermənistan ordusunun dirçəldilməsindən gedir? Belədirsə, İrəvanın uğur qazanmaq şansı nə qədərdir?

 

«Xaric kömək etməyəcək»

Açıq desək, davam edən gərginlik fonunda İrəvanın öz ordusunu dirçəlməyə çalışacağı gözlənilən idi. Üstəlik, ermənilərin bu məsələdə müqayisə aparmaq imkanı da var. 44 günlük müharibəyədək «məğlubedilməz erməni zinvorları – polad ürəkli aslanlar» haqda mif Fransa kimi dövlətlərin Ermənistana marağını təmin edirdi. Paris bu gün də İrəvanla oynayır. Lakin Baqramyan 26-da bir fərqi hiss etməyə bilməzlər: biri var Ermənistanla bağlı, həqiqətən, böyük geosiyasi planlar qurula, biri də var onu sadəcə, seçki təbliğatı vasitəsi kimi baxıla.

Hindstan və Fransadan silah tədarükü nəzəri olaraq, İrəvana ordunun dirçəldiləcəyinə ümidlər yaradır. Bununla yanaşı, ermənilər bir sıra xoş olmayan reallığı anlamaya bilməzlər. Ən səthi hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin 5 milyard dollarlıq silah və zirehli texnikasını məhv edib və ya qənimət kimi götürüb. Bu, kifayət qədər ciddi rəqəmdir. Ermənistanın zirehli texnika parkının hansı hissəsini qoruyub saxlaya bildiyinə dair uzun-uzadı müzakirələr aparmaq olar. Lakin hərbi ekspertlərin istehza ilə vurğuladıqları kimi, İrəvanın müharibəni davam etdirmək imkanı qalsaydı, o, 10 noyabr razılaşmasını imzalamazdı.

44 günlük Vətən müharibəsi və Ukrayna savaşınadək Ermənistanın əsas silah tədarükçüsü Rusiya olub (SSRİ dövründən qalmış arsenal öz yerində). Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında nümayiş olunan Rusiya hərbi sənaye kompleksinə aid istər köhnə, istərsə də yeni nümunələr Moskvanın Ermənistana hansı silahları, hansı hərbi texnikaları tədarük etdiyinə dair aydın təsəvvür formalaşdırır. Üstəlik, onların böyük hissəsi İrəvana praktik olaraq, hədiyyə olunub – bir hissə təmənnasız, bir hissə elə Rusiyanın ayırdığı kreditlər hesabına. Sonradan onlar da ya ermənilərə bağışlanıb, ya da Ermənistan müəssisələrinin, infrastruktur obyektlərinin Rusiyanın mülkiyyətinə verilməsi qarşılığında kredit borcları silinib.

Bu gün Ukrayna müharibəsi fonunda Rusiyanın nəzəri baxımdan belə, cibindən 5 milyard dollarlıq silah çıxararaq Ermənistana göndərmək imkanı yoxdur. Doğrudur, Moskva Ermənistan ordusunun dirçəldilməsinə kömək vəd edir, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bunu açıq şəkildə dilə də gətirir. Amma vədlərin əmələ çevrilməsinə nə qədər vaxt lazımdır?

Bəli, bu gün Ermənistan Hindistan və Fransadan silah alır. Amma söhbət milyardlardan getmir. Bu, İrəvanın Rusiyadan aldığı silah-sursat həcmi ilə də müqayisə oluna bilməz. KİV-in məlumatına görə, İran vasitəsilə Ermənistana Fransa istehsalı olan 50 «VAB MK3» zirehli avtomobili ötürülüb. Ciddi səslənir. Lakin elə fransalı ekspertlərin özləri deyir ki, onlar təxminən 50 il əvvəl – 1976-cı ildə istehsal olunub.

İrəvanla Parisin hərbi əməkdaşlığı Kiyevdə də narahatlıq yaradır – onlar Ukrayna müharibəsinin gedişində kömək üçün Ermənistandan Rusiyaya hərbi təyyarələrin göndərildiyini unutmayıblar. İsrail isə Hindistan istehsalı olan özüyeriyən artilleriya qurğularının Ermənistana gedən zaman İranda «ilişib qala biləcəyindən» narahatdırlar. Fransa bu narahatlıqlara sonadək etinasız yanaşa bilməz. Bütün bunlarla yanaşı, nə Paris, nə Yeni Dehli, nə də başqası bir anda Ermənistan ordusuna milyardlar xərcləmək fikrindədir.

Ermənistan ordusunun Azərbaycana ciddi təhlükə yaratması üçün onun yırtıqları yamaması, 44 günlük müharibədən əvvəlki vəziyyətə qayıtması da kifayət deyil. Bunun üçün İrəvan üstünlüyə, ən azı paritetə nail olmalıdır. Buna isə 5 milyard dollardan xeyli artıq vəsait tələb olunur. İkinci Qarabağ savaşınadək mövcud olmuş ordu Azərbaycana uduzub. Üstəlik, Azərbaycan Silahlı Qüvvələri də «yerində saymır». Burada yeni bölüklər yaranır, yeni silahlar alınır, nəhayət, hərbi büdcə böyüyür. Ermənistan isə bunları yalnız arzulaya bilər. Ekspertlərin də bildirdikləri kimi, uğurlu ordu quruculuğu üçün gözəl əfsanələr, gurultulu şüarlar yox, pul lazımdır. Ermənistanın isə pulu yoxdur və yaxın gələcəkdə çətin ki, olsun. Belə bir vəziyyətdə ermənilərin ordunu dirçəltmək arzusunun gerçəkləşməsi mümkün olmayan missiyadan başqa bir şey deyil.

 

«Silahlar yox, insanlar döyüşür»

Amma bu, İrəvanın döyüş qabiliyyətinə malik nəsə düzəltməyə çalışdığı Ermənistan ordusunun yeganə problemi deyil. Ölkə rəhbərliyi peşəkar hərbçi, ilk növbədə, hazırlıqlı zabit çatışmazlığından da ciddi əziyyət çəkir. 44 günlük müharibəyədək ermənilər doxsanıncı illərin əvvəllərində qazanılmış döyüş təcrübəsinə arxayın idilər. Üstəlik, Qarabağ müharibəsinin həmin mərhələsi ciddi xarici dəstək hesabına da olsa, Ermənistan üçün kifayət qədər uğurlu alınmışdı. Amma ermənilər həmin vaxt Kremlin oynadığı rolu, qüvvələr nisbətinin nə qədər dəyişdiyini, Azərbaycanın hansı ordu quruculuğu yolu keçdiyini nəzərə almağı lazım bilməmişdilər. Onlar sadəcə özlərinin «nadir döyüş ruhu» ilə öyünür, bunu kifayət sayırdılar.

Lakin 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri qarşısında gözləmədiyi bir ordu gördü. 44 günlük müharibənin acı dərsi isə onları düşünməyə vadar etdi. Sən demə, Ermənistan keçmiş, Azərbaycan isə gələcəyin müharibəsinə hazırlaşırmış: pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, yaxşı hazırlanmış peşəkar hərbçilər. Nəticə Ermənistan üçün tamamilə gözlənilən oldu: hərbi darmadağın, ərazi itkisi, 12 min fərari və ciddi psixoloji şok! Bütün bunların fonunda hərbi xidmətin hörməti haqda danışmaq… alınmır.

 

«Orduda təmizləmə»

Ermənistan ordusunun dirçəldilməsi şanslarından danışarkən, bir məqama da diqqət yetirmək lazımdır. 44 günlük müharibədən sonra Ermənistanda yuxarı və orta ranqlı zabitlərlə bağlı silsilə məhkəmə proseslərinə start verilib. Onlar qorxaqlıqda, vəzifə öhdəliklərini yerinə yetirməməkdə, döyüş mövqelərini tərk etməkdə və s. təqsirləndirilirlər. İddialara görə, artıq KTMT-nin sabiq baş katibi, Paşinyan hakimiyyətinin artıq həbsinə cəhd etdiyi Yuri Xaçaturovun oğlu, general Qriqori Xaçaturov da zərbə altındadır. Görünən odur ki, növbədə separatçıların hərbi birləşmələrinin keçmiş komandanı Cəlal Arutunyandır. Aydındır ki, Ermənistanın siyasi rəhbərliyi bu yolla məsuliyyəti öz üzərindən tam atmağa, İkinci Qarabağ savaşındakı məğlubiyyətə görə günahı generalitetin üzərinə qoymağa çalışır. Amma bununla yanaşı, Nikol Paşinyan özü üçün daha bir vacib işin öhdəsindən gəlməyə çalışır. 2020-ci il noyabrın 10-da İrəvanın kapitulyasiya aktını imzalamasından sonra Ermənistan bir hərbi qiyam cəhdi yaşayıb. Onun müəllifi Baş Qərargahın sabiq rəisi Onaik Qasparyan idi. İndi isə deyəsən, Baqramyan 26 növbəti belə cəhdlərin olacağını istisna etmir. Orduda Paşinyanı devirmək arzusu ilə alışıb-yanan «Qarabağ klanı»nın mövqelərinin hələ də kifayət qədər güclü olduğu da bəllidir. Belə bir vəziyyətdə «xalqın baş naziri hərbi çevrilişdən həqiqətən ehtiyat edir. Odur ki, o, ordu sıralarını mümkün yeni qiyamın potensial iştirakçılarından vaxtında təmizləmək istəyir. Görünən odur ki, bu gün Ermənistan ordusu daha çox elə öz ali baş komandanına təhlükə yaradır.



MƏSLƏHƏT GÖR:

62