18 May 2024

Şənbə, 09:20

QARDAŞLIQDAN MÜTTƏFİQLİYƏ

Azərbaycanla Özbəkistan arasında strateji münasibətlər yeni səviyyəyə yüksəlir

Müəllif:

01.09.2023

Azərbaycanla Özbəkistan qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərini davamlı olaraq inkişaf etdirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana etdiyi dövlət səfəri bunu bir daha təsdiqləyib. Tərəflər arasında ikitərəfli dialoqun nə qədər dolğun olduğunu onların beynəlxalq arenadakı əməkdaşlığı da göstərir. Bu mənada, Bakı ilə Daşkəndin türk inteqrasiyası prosesindəki rolları da xüsusi vurğulanmalıdır.

 

«Biz düzgün yoldayıq»

Maraqlıdır ki, Şavkat Mirziyoyev təkrarən Özbəkistan prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Azərbaycanın dövlət başçısı İlham Əliyev bunu iki ölkə arasında dostluq və qardaşlığın göstəricisi kimi qiymətləndirib.

Azərbaycan-Özbəkistan münasibətləri onların 1991-ci ildə müstəqillik qazanmasından bu yana dostluq və qardaşlıq xarakteri daşıyır. Son illərdə isə bu münasibət xüsusi intensivlik qazanıb və nəticədə, strateji müttəfiqliyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ötən il etdiyi dövlət səfəri də daxil olmaqla, son zamanlar baş tutan qarşılıqlı səfərlər, əlaqələr məhz bu cür qiymətləndirilməlidir. Mirziyoyevin Bakıya son səfəri isə göstərib ki, tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi və mədəni əlaqələrin bütün istiqamətlərdə genişləndirilməsi siyasətini davam etdirməkdə qərarlıdır.

Bu mənada, İlham Əliyevin bəyanatı diqqət çəkir: «İstər təkbətək, istərsə də nümayəndə heyəti üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir».

Tərəflərin münasibətlərin inkişafına nə qədər əhəmiyyət verdiyini təsdiqləyən daha bir fakt isə Bakıda qarşılıqlı əməkdaşlığa dair imzalanan sənədlərdir. Heç də hər səfər dövlət, hökumət və müxtəlif qurumlar arasında onlarla sənədin imzalanması ilə bitmir. Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023–2024-cü illər üzrə Yol Xəritəsi, enerji, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş, media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi, Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol və digər sənədlər imzalanıb.

Səfər çərçivəsində imzalanmış ən əhəmiyyətli sənəd isə şübhəsiz ki, «Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə»dir. «Bizim yaratdığımız Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır», - deyə Ş.Mirziyoyev bildirib. İ.Əliyev isə Ali Dövlətlərarası Şuranın yaradılmasını «ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisi» kimi qiymətləndirib.

 

Dialoqun gücü

Azərbaycanla Özbəkistan arasında müzakirə olunan mövzuların, hazırlanan planların həddi, həqiqətən, son dərəcə genişdir. Bu il iki ölkə 500 milyon dollarlıq investisiya fondunun yaradılmasına dair ikitərəfli razılaşma da imzalayıb. Onun iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin reallaşdırılmasında əhəmiyyətli rol oynayacağı gözlənilir. Mirziyoyevin Bakıya səfəri çərçivəsində tərəflər fondun kapitalının artırılmasına dair də razılığa gəlib ki, bu da iki ölkənin iqtisadi-ticari əməkdaşlığı genişləndirmək niyyətindən xəbər verir.

Statistikaya görə, 2017–2022-ci illərdə Azərbaycanla Özbəkistan arasında ticarətin həcmi 6,2 dəfə artıb. Lakin bu, tərəfləri qane etmir və bu üzdən, illik ticarət dövriyyəsi həcminin 180 milyon dollardan 1 milyard dollara çatdırılması planlaşdırılır. Bu işdə əsas ümid Azərbaycandan keçən trans-Xəzər nəqliyyat marşrutuna – «Orta dəhliz»ədir.

Mərkəzi Asiyanın aparıcı dövlətlərindən olan Özbəkistan müxtəlif istiqamətlərdə nəqliyyat-kommunikasiya layihələrinin inkişafında iştirak edir. Bu, şərq və cənub istiqamətlərində özünü Özbəkistan-Qırğızıstan-Çin və Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihələrinin reallaşdırılması, cənub-qərb istiqamətində isə Özbəkistan-Türkmənistan-İran dəhlizinin yaradılması ilə göstərir. Özbəkistanın Qərb, Avropa bazarlarına çıxışına gəlincə, bu yol Azərbaycandan keçir. Rusiyadan keçən marşrutların üzləşdiyi geosiyasi və iqtisadi çətinliklər fonunda Azərbaycan istiqaməti xüsusi əhəmiyyət daşıyır.

Odur ki, Azərbaycanla Özbəkistan trans-Xəzər dəhlizi çərçivəsində birgə logistik şirkətin yaradılması imkanlarını da müzakirə edir, bu isə Bakı Dəniz Limanında anbar infrastrukturunun, logistik mərkəzlərin yaradılmasını da nəzərdə tutur. Bu hədəf Azərbaycanın yük daşımaları həcmini artırması imkanları ilə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımaların çoxalması, Zəngəzur dəhlizinin gözlənilən açılışı ilə əlaqələndirilir. Bu imkanlardan Özbəkistan da yararlanmaq istəyir.

Azərbaycanla Özbəkistan arasında strateji dialoqun inkişafından danışarkən (Bakıda tərəflərin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair imzaladıqları razılaşma da bunun təsdiqidir) bir məqama da diqqət yetirilməlidir. Dialoq 2020-ci ildə baş vermiş və Azərbaycanın torpaqlarını erməni işğalından azad etdiyi 44 günldük müharibədən sonra xüsusi impuls qazanıb. Özbəkistan Ermənistanın Azərbaycana təcavüzünün başladığı ilk anlardan Bakıya yalnız sözdə deyil, əməldə də prinsipial dəstək verib, Bakı ilə Daşkənd arasında qardaşlıq, dostluq münasibətlərinin əsaslarından biri də məhz bu olub.

 

Ümumi köklər üzərində

Özbəkistan postsovet məkanında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləmiş, bu səbəblə də İrəvanla diplomatik münasibətlər qurmaqdan imtina etmiş yeganə dövlətdir. 2020-ci il müharibəsindəki qələbədən sonra isə Daşkənd Azərbaycanın zəfərini alqışayıb, Qarabağın bərpasına yardım göstərməyə hazır olduğunu bəyan edib. Bu mənada, Şavkat Mirziyoyevin Azərbaycanın işğaldan azad etdiyi Füzuli və Şuşa şəhərlərinə səfəri də əlamətdar hadisə sayıla bilər.

İki ölkə prezidentinin Füzuliyə birgə səfəri zamanı burada Özbəkistan tərəfindən şəxsən dövlət başçısı Mirziyoyevin təşəbbüsü ilə tikilmiş 960 yerlik məktəbin açılışı olub. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına xarici dövlətin verdiyi ilk töhfədir.

«Məktəbə özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq», - deyə İlham Əliyev qeyd edib.

İki dövlət başçısı Füzuliyə qayıtmış keçmiş məcburi köçkünlərlə də görüşüblər. Dövlət onlara Füzulidə salınmış MİDA yaşayış kompleksində yeni mənzillər verib. «Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı», - deyə Özbəkistan prezidenti qeyd edib.

Şavkat Mirziyoyevin Azərbaycana səmimi qardaş münasibətinin daha bir göstəricisi onun erməni işğalından azad olunmuş Şuşaya – Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı sayılan şəhərə səfəri olub. Yeri gəlmişkən, Şuşa hələ Prezident Mirziyoyevin səfərinədək Azərbaycan-Özbəkistan münasibətlərinin tarixinin yazıldığı şəhər idi. Bu ilin iyulunda Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının növbəti iclası məhz bu şəhərdə keçirilmişdi.

Səfər çərçivəsində iki prezident Şuşa şəhərinin tarixi məkanlarına, görməli yerlərinə baş çəkiblər. Dövlət başçıları Saatlı və Yuxarı Gövhər Ağa məscidlərində olublar, Xan qızı Xurşidbanu Natəvan bulağını ziyarət ediblər, Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Yaradıcılıq Mərkəzində «Heydər Əliyev Qarabağda» sərgisinə, Azərbaycanın Natavan, Üzeyir Hacıbəyli, Bülbül kimi görkəmli mədəniyyət xadimlərinin işğal zamanı ermənilər tərəfindən güllələnmiş büstlərinə baxıblar, Bülbülün Ev Muzeyi, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar. Dövlət başçıları Azərbaycan xalqının tarixi və mədəniyyətində xüsusi yer tutan Cıdır düzünü də gəziblər.

Nəzərə alsaq ki, Azərbaycan-Özbəkistan münasibətləri tarixən iki xalqın dil, mədəni və dini birliyinə, onların türk dünyasına mənsubluğuna əsaslanıb, Özbəkistan prezidentinin Azərbaycana səfəri Türk Dövlətləri Təşkilatının strateji perspektivinin daha bir göstəricisi sayıla bilər. Bu kontekstdə, Bakı ilə Daşkəndin səyləri Avrasiyanın geosiyasi, iqtisadi, nəqliyyat-logistik mənzərəsinin dəyişməsinə təsir göstərir, eyni zamanda bütünlükdə Türk dünyasının güclənməsinə töhfə verir.



MƏSLƏHƏT GÖR:

59