18 May 2024

Şənbə, 10:25

HİNDİSTANLA BHARAT ARASINDA

«Böyük iyirmilik» ölkələrinin Yeni Dehlidə təşkil olunan sammiti beynəlxalq arenada rəqabətin güclənməsi fonunda keçib

Müəllif:

15.09.2023

Qlobal münasibətlər sisteminin yenidən formalaşması davamlı olaraq yeni geosiyasi və geoiqtisadi trendlərin yaranmasına səbəb olur. Onların planetin yeni siyasi landşaftının formalaşmasına uzunmüddətli təsir göstərəcəyi güman edilir. Şübhəsiz ki, bu trendlərin yarandığı ən vacib məkanlardan biri də daha çox «G20» adı ilə tanınan 20 aparıcı iqtisadiyyatın birləşdiyi formatdır.

 

Rusiya ilə Çin olmasa da, bəyannamə var

«Böyük iyirmilik» ölkələrinin sentyabrın 9-10-da Yeni Dehlidə keçirilən son sammiti eyni zamanda bir neçə hadisə ilə yadda qalıb. Birincisi, təşkilatın iki nəhəng dövləti – Rusiya və Çin liderləri fərqli səbəblərlə olsa da, sammitə qatılmayıblar. İkincisi, görüşün təşkilatçısı olan Hindistan hökuməti qlobal tədbir ərəfəsində ölkənin adını dəyişməyə, onu «Bharat» adlandırmağa hazırlaşdıqlarını, bununla da «müstəmləkəçi mirasdan qurtulmağı» düşündüklərini bəyan edib.

Məlum olduğu kimi, sammit beynəlxalq münasibətlərdə onilliklər ərzində görünməmiş gərginlik, dünyanın aparıcı güc mərkəzlərinin nüfuz mübarizəsinin qızışması fonunda keçirilib. Odur ki, tədbirin təşkilatçıları gərginliyi azaltmağa çalışıb, dünya liderləri toplantısının yekun bəyannamədə əks olunacaq hansısa nəticə verməsi üçün əlindən gələni edib.

Təsadüf deyil ki, Rusiya liderinin iştirak etmədiyi toplantıya Ukrayna prezidenti də dəvət olunmamışdı. Halbuki bu gün planetin geosiyasi landşaftını formalaşdıran əsas amil məhz bu ölkə ətrafında baş verənlərdir. Zelenskinin tədbirə dəvət olunmaması onun sammit iştirakçılarına sərt siyasi bəyanatlar ünvanlaya biləcəyindən yaranmış narahatlıq olub. Təşkilatçılar düşünüb ki, o, sammitin yekun bəyannaməsində Rusiyanın əməllərinin pislənməsini də tələb edə bilər.

Maraqlıdır ki, Narendra Modi sənədi Hindistanın CAR, Braziliya və İndoneziya ilə birgə hazırladığını bildirib və demək, yekun bəyannamə qlobal Cənubun dünyanın inkişaf etmiş dövlətlərinə mesajı sayıla bilər.

Bir neçə səhifədən ibarət olan sənəddə diqqət dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına; nüvə silahından istifadə və ya istifadə haqda hədələrdən imtina olunmasına; taxıl razılaşmasının şərtlərinə tam əməl edilməsi və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə; ÜTT-də islahatların aparılması, açıq, ədalətli ticarətin qurulmasına yardım göstərilməsinə, ixraca məhdudiyyətlərin qoyulmamasına; beynəlxalq iqtisadi və maliyyə institutlarında inkişaf etməkdə olan ölkələrin daha yaxşı təmsil olunmasına və s. çəkilib.

 

Qlobal Cənub Ukraynadan bezib?

Beləliklə, inkişaf etməkdə olan ölkələr özləri üçün ən vacib istiqamətləri ortaya qoyaraq, göstəriblər ki, qlobal Cənubun problemi (qeyri-bərabərlik, inkişaf etmiş dövlətlər tərəfindən iqtisadi məhdudiyyət, ərzaq təhlükəsizliyi və s.) həlli vacib olan qlobal problemlərin bir hissəsidir.

Sammitin vacib qərarlarından biri də 55 üzvdən ibarət Afrika Şurasının «Böyük iyirmiliy»in daimi iştirakçıları sırasına daxil edilməsidir. İndi Avropa İttifaqı ilə yanaşı, Afrika təmsilçiləri də səslərini eşitdirə, problemlərini dünyaya çatdıra, onların həllinə dəstək istəyə biləcəklər. İndiyədək «G20»də Afrika ölkələrindən yalnız Cənubi Afrika təmsil olunurdu. Bu üzdən hesab edilir ki, Afrika Şurasının birliyə daxil olması qlobal Cənuba burada daha ciddi söz sahibi olmaq imkanı yaradacaq.

Yeri gəlmişkən, bəyannamədə Rusiyanın pislənməməsi də Moskva ilə daha sıx əlaqələrə malik dövlətlərin mövqelərinin gücləndirilməsinin nəticəsi sayıla bilər. Rusiyanın maraqları nəzərə alınaraq, Moskvanın əməlləri ilə bağlı fikirlər BMT-nin müvafiq qətnamələrinə istinadla əvəzlənib. Rusiyanın sammitdə iştirak edən nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Sergey Lavrov bəyannamənin mətnini müsbət qiymətləndirib və bildirib ki, sənəddəki «Ukrayna paraqrafı Ukrayna haqda deyil».

Hesab olunur ki, Qərb dövlətləri sənəddə yalnız başqa dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığına dair fikrin qalması ilə kifayətlənməli olub. Lakin Fransa prezidenti Emmanuel Makron belə düşünmür. Onun fikrincə, Rusiya məhz sammit iştirakçılarının ərazi bütövlüyünün qorunması maddəsini yekdilliklə dəstəklədikləri üçün təcrid duruma düşüb. Onun fikrini Almaniya kansleri Olaf Şolts da dəstəkləyib.

Amma bütün bunlar daha çox uğursuzluğa haqq qazandırmaq cəhdinə bənzəyir. Çünki «Böyük iyirmilik» ölkələrinin əvvəlki sammitində qəbul olunmuş qərarlarda Rusiya ilə bağlı daha sərt fikirlər yer alırdı. Hər halda, son sammitdən Ukrayna Xarici İşlər Nazirliyi də məyus olub, toplantı iştirakçılarının «qürur duyacaqları heç nəyin olmadığını» bəyan edib.

 

G20 üçün Putin və ÇXR amili

Bu arada, «Bloomberg»ə məlum olub ki, Çin 2026-cı ildə «G20» sammitinin ABŞ-da keçirilməsinin əleyhinə çıxıb. Onun mövqeyi Rusiya tərəfindən də dəstəklənib. Bu, böyük ehtimalla Qərbin sammitdən əsas siyasi rəqiblərin əleyhinə qərarların qəbulu üçün istifadə edəcəyi ehtimalı ilə bağlıdır. Məlumdur ki, Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətlərdə günahlandırdığı Vladimir Putinin həbsi haqda qərar çıxardığından, Rusiya prezidenti xarici səfərlərə gedə bilmir. Doğrudur, onun gələn il yenidən Rusiyanın dövlət başçısı seçilib-seçilməyəcəyi məlum deyil, lakin bu baş verəcəksə, Moskva heç bir beynəlxalq tədbirə ali səviyyədə qatıla bilməmək riski ilə üz-üzə qalacaq.

Bütün bunların fonunda Braziliya prezidentinin Putinlə bağlı bəyanatı Qərb ölkələrinə meydan oxumaq kimi görünür. O deyib ki, Rusiyanın dövlət başçısı «G20»nin 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək sammitinə təşrif buyura bilər: Braziliya onu həbs etməyəcək. Braziliya lideri Lula da Silva onu da deyib ki, o, BRHÇC-nin Rusiyada keçirilməsi planlaşdırılan iclasına qatılmağı düşünür.

Qeyd edək ki, Braziliya Roma Nizamnaməsini imzalayıb və ölkənin XİN başçısı hələ martda verdiyi açıqlamada Rusiya liderinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunma riskinin yaranacağını söyləyib.

Çinə gəlincə, Si Cinpinin sammitə qatılmaması Hindistanın özünü qlobal gündəmi müəyyənləşdirən və bunu Pekinə də qəbul etdirən ölkə kimi hiss etməsinə mane olmaq istəyindən qaynaqlana bilər. Çini sammitdə təmsil edən baş nazir Li Tsyan «G20» ölkələrini inkişaf məsələsini beynəlxalq siyasətin önünə qoymağa çağırıb. Onun fikrincə, daha praqmatik əməkdaşlıq mexanizminin yaradılması, konkret fəaliyyət istiqamətləri üzrə razılaşmaların əldə olunması üçün səylər gücləndirilməlidir. Baş nazir hesab edir ki, bu, inkişaf etməkdə olan ölkələrə yoxsulluq, maliyyələşmə, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi kimi problemlərin həllində yardım göstərilməsi üçün vacibdir.

Sammitin daha bir iştirakçısı, ABŞ prezidenti Co Baydenə gəlincə, o, toplantı çərçivəsində Li Tsyan ilə birbaşa danışıqlar da aparıb. Baydenin sözlərinə görə, onların əsas müzakirə mövzusu sabitlik və qlobal Cənubun problemləri olub. Amerika lideri bildirib ki, dünya iqtisadiyyatında yaşanmaqda olan problemlər Çin iqtisadiyyatı üçün də çətinliklər yaradıb, amma bu, onu Tayvanın özünü idarəetmə sistemində status-kvonu dəyişməyə sövq etməməlidir. «Hazırda baş verən hadisələrdən biri Çinin ticarət və digər məsələlərdə bəzi oyun qaydalarını dəyişməyə başlamasıdır», - deyə Co Bayden keçirdiyi mətbuat konfransında bildirib.

Bu isə özünün Hind-Sakit okean strategiyası çərçivəsində Çinin qarşısını kəsmək üçün ciddi vəsaitlər xərcləyən Vaşinqtonun xoşuna gəlmir. Bu strategiya isə özündə AUKUS alyansı (orada ABŞ-la yanaşı, Hindistan, Avstraliya, Yaponiya və Böyük Britaniya da iştirak edir) kontekstində təhlükəsizlik dialoqunu da əks etdirir.

 

Hindistandan yeni «İpək yolu»

Bayden Birləşmiş Ştatların Çini küncə sıxmağa çalışmadığını, daha çox effektiv münasibətlər qaydalarını müəyyənləşdirmək istədiyini desə də, Pekində buna çətin inansınlar. Hər halda, iclasın gedişində ABŞ-ın iştirakı ilə yeni regional formatın yaradıldığı elan olunub. Elə sammitdəcə Hindistan, Aİ, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ, Fransa, İtaliya və Almaniya arasında Hindistan-Yaxın Şərq-Avropa («India-Middle East-Europe Economic Corridor», IMEC) iqtisadi dəhlizinin yaradılmasına dair memorandum imzalanıb. O, Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə alternativ ola bilər.

Maraqlıdır ki, bu layihə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması layihəsinə tam uyur. Yaxın Şərqi liman vasitəsilə Hindistanla birləşdirəcək dəmir yolunun çəkilişini nəzərdə tutan layihəsinin maliyyələşməsi və reallaşma müddəti haqda məlumat yoxdur.

Sammitin daha bir vacib qərarı isə 2030-cu ilə bütün dünyada bərpa olunan enerji mənbələrinin üç dəfə artırılmasına dair əldə olunmuş razılaşma və kömürdən istifadənin mərhələli şəkildə azaldılmasının vacibliyinin etirafıdır. Amma bununla bağlı ortaya hər hansı konkret plan qoyulması, bərpa olunan enerji mənbələrinin artırılması yolları göstərilməyib. Sammitdə o da vurğulanıb ki, «yaşıl enerji»yə keçid üçün ildə 4 trilyon dollara ehtiyac var. Bu vəsaitin haradan alınacağı da bəlli deyil.

«G20»də iqlim məsələlərinə diqqət ayrılması onun BMT-nin COP28 iqlim sammiti ərəfəsində baş tutmasından da qaynaqlanırdı. BMT-nin tədbiri bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilməlidir.

Hindistanın baş naziri Narendra Modi üçün isə «Böyük iyirmily»ə rəhbərlik etmək ölkəsinin nüfuzunun nə qədər artdığını ortaya qoymaq imkanı olub. Ən əsası isə o, Hindistanda 2024-cü ildə keçiriləcək növbəti parlament seçkisindən sonra iddialı hədəflərə yönələcəklərini bəyan edib. Modinin millətçi hökuməti nəinki seçkidə qələbəyə ümid edir, qarşıdakı illərdə «Hindistanın yenidən böyük dövlətə çevrilməsi» arzusunu reallaşdırmaq əzmindədir. Bu yeni Hindistan isə «Bharat» adlanacaq. Görünən odur ki, bu yolda hakim «Bharatiya canata parti» sonadək getmək niyyətindədir.



MƏSLƏHƏT GÖR:

56