18 May 2024

Şənbə, 14:15

PEYĞƏMBƏRİN BAYRAĞI ALTINDA

“İbrahim razılaşması”nın imzalanmasından 3 il ötür və ya ərəb və yəhudilərin əcdadı olan İbrahimin nəslinin nümayəndələri niyə razılığa gələ bilmir?

Müəllif:

15.09.2023

ABŞ və İsrail “İbrahim razılaşması”nın genişlənməsi üçün atılacaq addımları müzakirə edir. Avqustda ABŞ-a səfər edən İsrailin müdafiə naziri bildirmişdi ki, səfər zamanı amerikalı rəsmilərlə bəzi ölkələrlə münasibətləri normallaşdırmaq barədə danışıqlar aparıb.

İsrailli nazirin sözlərinə görə, tərəflər Səudiyyə Ərəbistanının nüvə proqramı və uranın zənginləşdirilməsi imkanları ilə bağlı məsələləri də müzakirə ediblər. Bəzi iddialara görə, Ər-Riyad öz ərazisində atom elektrik stansiyasının (AES) tikintisi müqabilində İsraillə münasibətləri normallaşdırmağa razıdır.

Son aylarda Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşdığı ilə bağlı iddiaların sayı artır. Bu, xüsusilə İsrail mediasında nəzərə çarpır. Sentyabrın əvvəlində İsrailin xarici işlər naziri Eli Kohen Bəhreyn vəliəhd-şahzadəsi Salman bin Hamad əl-Xəlifə ilə görüşündə bildirib ki, ölkəsi Yaxın Şərqdə yeni dövlətlərlə münasibətlərin normallaşmasını səbirsizliklə gözləyir.

 

“İbrahim razılaşması”nı necə başa düşək?

“İbrahim razılaşması” adı verilən barışıq prosesi ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2020-ci il sentyabrın 15-də Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zahid ən-Nahyan və Bəhreyn XİN başçısı Əbdüllətif əz-Zəyani arasında imzalanan sazişlə rəsmiləşib.

Buna qədər İsrail 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya ilə sülh sazişi imzalayıb. Məlum olduğu kimi, daha əvvəl İsrail Misir (1979) və İordaniya (1994) ilə də oxşar müqavilələr imzalayıb. Lakin onlar 2020-ci ildə ABŞ administrasiyasının himayəsi altında əldə edilənlərdən əsaslı şəkildə fərqlənir. Çünki İsraillə müharibədən sonra Misir və İordaniya atəşkəs müqaviləsi imzalayıb. Bəhreyn və BƏƏ-yə gəldikdə, bunlar atəşkəs müqaviləsindən daha çox barışıq sazişləridir. Bu dövlətlərin İsraillə quru sərhədləri yoxdur və bu ölkələr onunla heç vaxt müharibə aparmayıblar.

Bu sazişin adı isə hər 3 səmavi dinin – islam, xristianlıq və iudaizm – peyğəmbəri, o cümlədən ərəblərin və yəhudilərin ulu əcdadı hesab olunan İbrahim peyğəmbərlə bağlıdır. Bu son məqam sazişdə də vurğulanır.

Bu sənədlə ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşması, qarşılıqlı olaraq səfirliklərin açılması, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Bu prosesə sonradan Sudan və Mərakeş də qoşulub. Belə ki, İsrail bu günə kimi regionun 6 ərəb ölkəsi ilə rəsmi əlaqələr qurub.

Daha əvvəl Səudiyyə Ərəbistanının da barışıq prosesinə qoşulacağı bildirilirdi. Ər-Riyad artıq keçmişdə bu istiqamətdə müəyyən addımlar atıb. Amma iki dövlət arasında konkret razılaşma qeydə alınmayıb. Bu bir neçə amillə bağlı ola bilər.

İlk növbədə, ABŞ-da Co Bayden administrasiyasının hakimiyyətə gəlməsi ilə Vaşinqtonun Yaxın Şərq siyasətində prioritetlər dəyişib və “İbrahim razılaşması” arxa plana keçib. Düzdür, son bir il ərzində Ağ Ev bu saziş çərçivəsində fəaliyyətini bərpa etmək üçün müəyyən addımlar atıb. Bir sıra müşahidəçilərin fikrincə, Vaşinqton bunu gələn il keçiriləcək prezident seçkilərində yəhudi lobbisindən dəstək almaq və ABŞ-ın Yaxın Şərqdə imicini dəyişmək üçün edir. Lakin bu yolda bir sıra ciddi maneələr var ki, onlardan da əsası Səudiyyə Ərəbistanı olaraq qalır.

 

Səudiyyə Ərəbistanın şərtləri

Aydındır ki, Səudiyyə Ərəbistanı hazırda ərəb dünyasının aparıcı ölkəsidir. Xüsusən də onun Şimali Afrika və Fars körfəzi ölkələri üzərində ciddi təsiri var. Bu mənada hazırda İsraillə ərəb ölkələri arasında normallaşma prosesinin əsas səddi Səudiyyə Ərəbistanıdır. Əslində, prosesin ilkin dövrlərində Səudiyyə Ərəbistanı da İsraillə barışığın tərəfdarı idi. Doğrudur, krallıq həm də islam dünyasının ideoloji mərkəzi olaraq Fələstin məsələsində hələ də mövqeyini qoruyub saxlamağa çalışır. Lakin eyni zamanda barışıq üçün bir sıra inqilabi dəyişikliklərə imza atıb. Məsələn, İsrail təyyarələrinin krallıq üzərindən uçuşuna icazə verilmişdi. Lakin sonradan bu proses dayandı.

Belə ki, Vaşinqton Yəmən müharibəsinə dəstəyini dayandırdı, üstəlik vəliəhd-şahzadə ilə demokrat administrasiya arasında ciddi problemlər var idi. Yəni Vaşinqton “İbrahim razılaşması” üzərindəki ağırlığını azaltdı.

İkincisi, çoxsaylı vədlərə baxmayaraq, İsrail Fələstin probleminin həlli üçün heç bir real addım atmayıb. Təbii ki, bütün ərəb xalqının, şübhəsiz, milli və dini lideri olaraq qalmaq istəyən Səudiyyə Ərəbistanı indiki şəraitdə bunu nəzərə almaya bilməzdi.

Nəhayət, rəsmi ər-Riyad İsraillə barışıq üçün Vaşinqton qarşısına 3 şərt qoyub. İsrail KİV-lərinin məlumatına görə, o, ABŞ-la müttəfiqlik münasibətləri haqqında rəsmi saziş bağlamaq, NATO-ya üzv ölkələrlə bərabər əsasda silah almaq üçün icazə almaq, həmçinin Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisini təmin etmək istəyib.

Maraqlıdır ki, bu şərtlər arasında Fələstin məsələsi ilə bağlı heç bir şərt yoxdur. Bu isə məsələnin Səudiyyə Ərəbistanı və Fələstin rəhbərliyi arasında həllinin mümkünlüyünü göstərir.

Bəli, əvvəllər Vaşinqton administrasiyası Səudiyyə neftinin sabit qiymətlərini saxlamaq üçün Bayden və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında görüşə razılaşaraq güzəştə getmişdi. Amma səudiyyəlilərin hazırkı şərtlərinin necə olacağı hələlik məlum deyil. Krallıqda atom elektrik stansiyasının tikintisi həm İsraildə, həm də ABŞ-da açıq-aşkar narahatlıq doğurur.

 

Çin maneəsi

İndi Vaşinqton başqa bir maneə ilə üz-üzədir. Çin Yaxın Şərqdə sürətlə nüfuz qazanır ki, bu da Ağ Ev üçün yaxşı heç nə vəd etmir. Bu ilin martında Pekinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında gözlənilməz barışıq ABŞ üçün ciddi sınaq oldu. Məlum olub ki, Çin artıq regionun ən qatı düşmənlərini belə birləşdirməyə və barışdırmağa qadirdir. Üstəlik, bu hadisə birbaşa olaraq ABŞ-ın siyasətinə təsir edərək, Səudiyyə Ərəbistanının İsraillə yaxınlaşma yolunu faktiki olaraq uzadıb.

Vaşinqton Yaxın Şərqdə güclü mövqe və imkanlara malik olmaqda davam edir. Amma son hadisələr göstərdi ki, o, artıq yeganə lider deyil. Artıq ciddi alternativlər ortaya çıxıb və ən əsası odur ki, region dövlətləri bu vəziyyəti nəzərə alır. Səudiyyə Ərəbistanının Çinlə 30 milyard dollar dəyərində investisiya sazişi imzalaması təkcə regionun iqtisadi dirçəlişi istiqamətində atılan addım deyil, həm də Vaşinqtona əhəmiyyətli alternativlərin mövcudluğuna işarə idi.

Vaşinqtonun son aylarda Yaxın Şərq mövzusunda fəallaşmasının arxasında həm də bu amilin dayandığını demək olar. Lakın qarşıdakı seçkilərə qədər qalan bir il ərzində ABŞ hökumətinin bu mövzuda nə qədər uğur qazanacağını demək çətindir.

 

Bəs Fələstin?

Maraqlıdır ki, son 3 ilin hadisələri göstərib ki, İsrail və ərəb dövlətləri arasında barışıqda Fələstin münaqişəsi ciddi rol oynamır. Bunu həm regionda dəyişən şərtlər, İran təhlükəsi və Fələstin-İsrail münaqişəsinin nəticəsiz olaraq davam etməsi ilə izah etmək olar. Lakin hökumətlərdən fərqli olaraq kütlə içərisində Fələstin münaqişəsi mövzusu hələ də populyarlığını qoruyub saxlayır. Bu mənada ərəb-İsrail barışığında Fələstin amilini bu tezliklə kənara qoymaq mümkün deyil.

Bu günlərdə məlum olub ki, Fələstin administrasiyası ərəb-İsrail barışığı ilə bağlı mövqeyini və gözləntilərini Səudiyyə Ərəbistanı hakimiyyətinə təqdim edib. Səudiyyə mediasının yazdığına görə, Mahmud Abbas administrasiyası ərəb-İsrail barışığına loyal ola biləcəyinə işarə edib. Bu, 3 il əvvəlki ilə müqayisədə ciddi bir dəyişiklik hesab olunur. Fələstin administrasiyasının Səudiyyə Ərəbistanı qarşısında əsas tələbi isə İsraillə barışığın əsas şərti kimi müstəqil Fələstin dövlətinin tanınması olub. Lakin aydın məsələdir ki, Netanyahunun ifrat sağ hökumətinin iqtidarda olduğu bir vaxtda bu tələbin reallaşması mümkün deyil. Yəni başqa sözlə, Abbasın şərti İsrail-ərəb barışığı üçün ciddi əngəldir.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanının İsrail-Fələstin münaqişəsi ilə rəsmi mövqeyi ABŞ hakimiyyətinin və BMT-nin də tələb etdiyi kimi, İsrailin 1967-ci ildəki 6 günlük müharibədən əvvəlki sərhədlərə qayıtması və beynəlxalq aləmdə tanınan Fələstin dövlətinin qurulmasıdır. Lakin o da məlumdur ki, Trampın iqtidarı dövründə Cared Kuşnerin irəli sürdüyü İsrail-Fələstin barışıq planı heç də bunu nəzərdə tutmurdu. Bu planla fələstinlilərin hazırkı sərhədlər daxilində dövlət qurması təklif edilirdi. Lakin Trampdan əvvəlki bütün ABŞ hökumətləri, eləcə də Bayden administrasiyası 1967-ci il sərhədlərinə qayıtmağa israr edir. Yəni hazırda barışıq yaranarsa, Fələstin rəhbərliyinin tələbləri nəzərə alınmayacaq.

Amma görünür, səudiyyəlilər Mahmud Abbası güzəştə getməyə razı salmaq üçün müəyyən addımlar atacaqlar. Fələstin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına dəvət edilməsi, bir qədər əvvəl Ərəbistanın İordaniya Krallığındakı səfiri Nayif əs-Sudairinin Fələstin səfiri və Qüdsə konsul təyin etməsi (iqamətgahı Əmmanda) krallığın M.Abbasa jesti hesab olunur. Eyni zamanda bu jestlərin nə dərəcədə yetərli olacağı və daha əvvəl BƏƏ və Bəhreynə ünvanlanmış bir sıra sərt tələblər irəli sürmüş Fələstin rəhbərliyini, eləcə də administrasiyanın hərbi-siyasi qruplaşmalarını qane edib-etməyəcəyi məlum deyil. Ancaq göründüyü kimi, məsələ necə deyərlər, ərəb saçına dönüb. Əlbəttə, Səudiyyə Ərəbistanı müstəqil dövlət kimi öz dövlət maraqlarından çıxış edərək İsraillə mövcud şərtlərdə barışığa gedə bilər. Lakin bunu edərsə, ərəb ictimaiyyəti və müsəlman aləmindəki nüfuzunu itirə bilər. İsrail və ABŞ üçünsə indi “İbrahim razılaşması”nın davam etməsi üçün Səudiyyə Ərəbistanına ehtiyacı var. Maraqların uzlaşdığı nöqtəni isə hələlik tapmaq mümkün olmayıb. Belə görünür ki, bu, azı yaxın bir ildə mümkün olmayacaq.



MƏSLƏHƏT GÖR:

51