20 May 2024

Bazar ertəsi, 01:43

“DƏMİR ADAMLAR” NƏSLİ

Azərbaycanda dünyada yeni və populyar idman növlərindən biri triatlon inkişaf edir

Müəllif:

01.10.2023

“Triterra Baku Triathlon Club” Azərbaycanın əsas triatlon klublarından biridir. Bu klub 2017-ci ildə təsis edilib. Onun əsas məqsədi Azərbaycanda bu həvəskar idman növünün inkişafına kömək etmək, sağlam həyat tərzini təbliğ etmək və “dəmir adamlar” yetişdirməkdir. Klub yüksək peşəkar məşqçilərə malikdir və ölkəni beynəlxalq yarışlarda uğurla təmsil edərək bütün yaş qruplarından həvəskar idmançıların yetişdirilməsinə öz töhfəsini verir. Klubun təsisçisi Rüfət HƏSƏNOV – “Ironman” titulunu alıb.

Onunla görüşüb bir neçə suala cavab verməsini istədik.

- “Triterra” klubunu təsis etmək ideyası necə yaranıb?

- Biz bunu ona görə yaratdıq ki, Azərbaycanda həvəskar triatlon inkişaf etməyə başlasın və yerli idmançılar “Ironman” yarışlarına (uzun triatlon) peşəkar şəkildə hazırlaşsınlar. Bunun üçün biz əvvəldən tələb olunan fundamental yanaşma və effektiv təlim sistemini ortaya qoymaq üçün xarici təlimçiləri dəvət etdik. Məşqçilər korpusunu sadalamaq istərdim: Aleksandr Mordasov, Yelena Timçenko və Natalya Mordasova. Fürsətdən istifadə edərək, onlara zəhmətlərinə və qarşıya qoyulan məqsədlərə çatmaq üçün verdikləri əvəzsiz töhfələrə görə təşəkkürümü bildirirəm. Klubumuzun üzvləri üçün onlar təkcə məşqçi deyil, həm də yaxşı dostlar, hətta silahdaşlardır. Bir sözlə, həmfikirlərdən ibarət komanda!

- Bu illər ərzində bu idman növünə münasibət dəyişibmi?

- Mən 2015-ci ilin sonundan triatlonla məşğul oluram: əvvəlcə həvəskar idmançı, sonra isə klub rəhbəri və yarış təşkilatçısı kimi. Bu idman növü dünyada getdikcə populyarlıq qazanır. Triatlon təkcə nüfuzlu deyil, həm də dəbli və populyar idman növünə çevrilir. Sizə bir misal deyim. Əgər əvvəllər triatlona üzgüçülük, şosse velosiped yarışı və qaçış kimi fərdi idman növlərindən idmançılar gəlirdisə, indi uşaq və gənclər triatlonunda məşq metodologiyası uşaq triatlon bölmələrinin yaradılmasından başlayır. Yəni 10 il əvvəl peşəkar triatlona keçmiş üzgüçülər, sprinterlər və ya velosipedçilər gəlirdisə, indi uşaq və gənclər triatlonunun məşq bazasına lap əvvəldən bütün növlər üzrə kombinə edilmiş məşqlər daxildir. Bu idman növü üzrə qabaqcıl ölkələrdə - Almaniyada, Avstriyada və ABŞ-da idmançılar məhz belə hazırlanır. Sevindirici haldır ki, ölkəmizin triatlon federasiyasının yeni rəhbərliyi uşaq triatlon bölmələrinin yaradılmasına xüsusi önəm verir. Onlar təkcə paytaxtda deyil, regionlarda da açılacaq. Regionlarda idman komplekslərinin olmasını nəzərə alsaq, bu, tamamilə həyata keçirilə bilən işdir. Triatlon məşqi üçün 25 metrlik hovuz, velosiped sürmək üçün yaxşı yol səthi və müvafiq olaraq qaçış üçün asfalt lazımdır. Ölkəmizdə bütün bunlar var. Bütün bu zəncirdə ən başlıcası yolda velosiped idmanı zamanı idmançıların, xüsusən də gənclərin təhlükəsizliyini təmin etməkdir.

Həvəskar triatlona gəlincə, mən konkret rəqəmlər açıqlamaq istərdim. 2017-ci ildə “Ironman” titulunu qazananda, həmin vaxt ölkədə bunu edən ikinci şəxs idim. Altı il keçib və Azərbaycanda “Ironman” titulunu qazananların rəsmi sayı artıq 30-a çatıb. Bəs bu, böyük rəqəmdir? Xaricdə müxtəlif turnirlərdə çıxış edən 30 Azərbaycan vətəndaşı, o cümlədən iki zərif cinsin nümayəndəsi “dəmir məsafəni” qət edərək Azərbaycan bayrağını başları üzərində qələbə ilə ucalda bilib. Bunu təvazökarlıqdan uzaq kimi qəbul etməyin, bu gözəl insanların təxminən yarısı “Triterra” klubu tərəfindən yetişdirilir. Burada çox vacib bir əlavə etmək lazımdır. Daha 23 azərbaycanlı həvəskar triatlonçu “Half-Ironman” adını qazanıb. Onlar, şübhəsiz ki, bizim “otuzluğumuza” daxil olacaq qızıl ehtiyatı təşkil edirlər. Onların da “Ironman” titulunu alacaqlarına inanırıq!

Triatlonun çox populyar olduğu və iştirakçıların sayının on minlərlə olduğu ölkələrlə müqayisədə uğurlarımız çox görünməyə bilər. Ancaq hər bir uğurlu çıxış və yeni nailiyyət daha qiymətlidir. Təsəvvür edin ki, bizdə 20 və ya 30 belə klub olsaydı, nəticələr necə ola bilərdi. Əlbəttə ki, uğurlu nəticələr lap çox olardı. Bununla belə, hələ də yaxşı nəticələrimiz var, onlarla fəxr edə bilərik və etməliyik. Nəzərə almalıyıq ki, triatlon spesifik idman növü hesab edilir və hələ də ölkəmizdə populyar deyil. Bu idman növünün hazırlıq prosesinə kifayət qədər ciddi investisiyalar lazımdır. Üstəlik, lazımi avadanlıqların alınması və müxtəlif beynəlxalq startlarda iştirak üçün ödəniş tələb olunur.

- Zəhmət olmasa, klubun yaradılması barədə bəhs edərdiniz.

- Klub təsis etmək fikri tam məsafəni qət edəndən dərhal sonra yaranıb. Bir çox yarışlarda iştirak edərkən oradakı ab-hava məni sadəcə heyran etmişdi: hər yaşda və sosial səviyyədə olan yüzlərlə, hətta minlərlə insan fiziki xüsusiyyətlərini və iradələrini sınamaq üçün toplaşmışdı. Məhz o zaman mən belə qənaətə gəldim ki, bizim ölkədə də eyni icmanı yaratmalıyıq. Bu yolda ilk addım həvəskar triatlonçuları yetişdirəcək və ölkəmizdə də analoji yarışlar təşkil edəcək klub yaratmaq idi. İlk startımız 2017-ci ildə baş tutdu, açıq dənizdə 1 km üzmə idi, orada cəmi 10 nəfər iştirak etdi. Beş ildən sonra 100 nəfərin iştirakı ilə beynəlxalq təqdimat keçirdik. Vurğulamaq istərdim ki, bütün bunlar bizim baş sponsorumuzun - ilk gündən klubun yaradılması ideyasını irəli sürən və bizə maliyyə və təşkilati yardım göstərən “PMD Group” şirkətinin dəstəyi sayəsində mümkün olub. Yeri gəlmişkən, bu ildən “Pasha Holding”də klubumuzun sponsoru olub. Bizim üçün bu, işimizin nəticələrinə və keyfiyyətinə görə böyük məsuliyyətdir.

- İndi bütün dünyada “Ironman” titulunu ala biləcəyiniz bir çox turnir var. Bu idman növü ilə məşğul olmaq istəyənlərə nə məsləhət verərdiniz?

- Tamamilə haqlısınız. Hər il “Ironman” ilə çoxlu sayda turnirlər keçirilir və müxtəlif qitələrdə seçim çox böyükdür. Bu turnirlər tək məsafə ilə başlanğıclar marşrutunun mürəkkəbliyi, yüksəklik artımı, dəniz suyunun temperaturu və digər xarakterik iqlim şəraiti baxımından bir-birindən fərqlənir. Belə ki, turnirə temperaturun +30 dərəcə olduğu Dubayda və ya dəniz suyunun temperaturunun 12 dərəcə olduğu Norveçdə başlamaq mümkündür. Ən əsası məşq prosesi və özünəinamdır. Əgər idmançı vicdanla çalışıbsa və evdəki məşqdə əlindən gələni edibsə, o zaman fərqi yoxdur Norveç, Bəhreyn və ya Ruanda: o, məsafəni qət edəcək. Bir sözlə, yarış ölkəsi önəmlidir, amma ən önəmlisi sizin məşq prosesinizdir. Çox çalışın, həftədə 8-10 saat məşq edin və siz “Ironman” titulunu qazanacaqsınız. Klubumuzun şüarı “dəmir” triatlonunun ruhunu və məqsədini ən yaxşı şəkildə xarakterizə edir: “Train Your Triumph!”

- Maraqlıdır, “Ironman” titulunu neçə azərbaycanlı qazanıb? Onlar haqqında bizə məlumat verərdiniz...

- “Ironman” adına layiq görülən həmvətənlərimizin sayını artıq qeyd etdim. Bunlar ən mürəkkəb problemləri həll edən və məqsədlərinə çata bilən çox maraqlı və güclü insanlardır. Onların, demək olar ki, hamısı təmsil etdikləri təşkilatlarda yüksək vəzifə tutan çox uğurlu insanlardır. Bizim “dəmir adamlar” arasında iş adamları, bankirlər, menecerlər, hüquqşünaslar, müəllimlər, dövlət qurumlarının nümayəndələri var. Üstəlik, onların hər biri haqqında məqalə yazmaq olar. Onların bir çoxu “dəmir” triatlonuna kifayət qədər yetkin yaşda - 35-40 yaşdan sonra gəlib. Mən onların hər biri ilə fəxr edirəm. Xüsusən də xanımlarımızla. 

- Klubunuzun da sağlam olmağa kömək etdiyini deyə bilərikmi?

- Bəli, birmənalı olaraq. Lakin söhbət təkcə əla fiziki sağlamlıqdan deyil, həm də mental (daxili) transformasiyadan gedir və burada daha dərin proseslər gedir. Təsəvvür edin ki, 35-45 yaşlı uğurlu insan nəyisə, məsələn, adi və rahat həyat tərzini dəyişmək, özünə meydan oxumaq üçün “divandan qalxmaq” (çox vaxt sözün hərfi mənasında) ehtiyacı hiss edir! Düşünürəm ki, hər birimiz anlayırıq ki, bəzən özümüzə qalib gəlmək ən çətin şeydir...

Fiziki aspektdən danışsaq, demək olar ki, bütün triatlonçular yaxşı inkişaf etmiş və qamətli bədən formasına malikdirlər. Bunun sirri isə odur ki, yüklənmənin ardıcıl olaraq dəyişməsi (qaçış, üzgüçülük, velosiped sürmə) sayəsində idmançıların bədəni çox ahəngdar inkişaf edir. Triatlonçuları fərqləndirən ən mühüm xüsusiyyət onların dözümlülüyüdür. Bu məsələdə yəqin ki, onların tayı-bərabəri yoxdur. Təsadüfi deyil ki, “Ironman” turnirləri dünyanın ən çətin yarışlarından biri hesab olunur.

- Klubun gələcək planlarından bəhs edərdiniz.

- Klubumuzun əsas fəaliyyəti əvvəlki kimi həvəskar idmançıları “dəmir” məsafəyə hazırlamaqdır. Üstəlik, hədəflərimizdən biri yerli brend altında yarışların təbliği və inkişafı, həmçinin “1/2 dəmir məsafəsi – “Ironwind” formatında triatlon yarışlarının keçirilməsidir. Dünyanın ən nüfuzlu triatlon yarışı “Ironman”dir. Biz idmançılarımızı rəsmi startlarda tam məsafəni qət etməyə hazırlayırıq. Amma eyni zamanda biz regionda ən böyük olan yerli brendimizi inkişaf etdirmək istəyirik. Artıq bizə Rusiya, Qazaxıstan, Belarusdan həvəskar idmançılar gəlir. Biz isə Türkiyə, Fars körfəzi ölkələri və Asiya qitəsindən daha çox idmançı cəlb edərək coğrafiyanı genişləndirməyi qarşımıza məqsəd qoymuşuq.

Bu il keçirdiyimiz yarışda 100-ə yaxın həvəskar idmançı iştirak edib. 2024-cü ildə biz bu rəqəmi iki dəfə artırmaq istəyirik. Yeri gəlmişkən, xarici iştirakçılarımız yarışın çox yaxşı səviyyədə təşkil olunduğunu qeyd ediblər. Lakin bu, hətta yarı məsafədə belə asan məsələ deyil. Biz yarış təşkilatçıları olaraq həm üzgüçülük mərhələsində (dənizdə 1,9 km), həm də ən uzun, təxminən dörd saatlıq velosiped mərhələsində (90 km) təhlükəsizliyi təmin etməyə borcluyuq. Buraya əlavə olaraq 21 kilometrlik qaçış mərhələsi daxildir. Bütün bunların həyata keçirilməsi Gənclər və İdman Nazirliyinin, təbii ki, şəxsən nazir Fərid Qayıbovun dəstəyi olmadan mümkünsüz olardı. O, digərləri ilə yanaşı, idmançı kimi yarışlarımızda iştirak edib. Bu, bir çox iştirakçı üçün böyük stimuldur.

Bundan başqa, “IronWind” yarışlarında partnyorumuz “Baku City Circuit” - Formula-1 əməliyyat qrupudur. Onlar bizə logistika, marketinq və ümumi konsaltinq dəstəyi göstərir. Məhz bu sinerji Formula 1-ə ev sahibliyi etməyin ölkəmiz üçün nə qədər vacib və faydalı olduğunu sübut edir. Nümunəmiz digər idman növlərinin, xüsusən də triatlonun da qazanılan təcrübədən bəhrələndiyi açıq-aydın göstərir. Əsas yarışımız olan “IronWind”ın təşkilində və keçirilməsində əvəzsiz köməyə və iştirakına görə Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, icra hakimiyyətlərinə və Pirallahı kəndində yerləşən “Nərəkənd Park” kompleksinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.



MƏSLƏHƏT GÖR:

62