20 May 2024

Bazar ertəsi, 01:43

İRAN SVOPUNA TÜRK ALTERNATİVİ

İğdır-Naxçıvan təbii qaz kəməri muxtar respublikanın bir tədarükçüdən asılılığını azaldacaq

Müəllif:

01.10.2023

Sentyabr Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əlamətdar aydır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı gün - 20 sentyabr Azərbaycanın və onun neft-qaz sənayesinin tarixinə qızıl hərflərlə yazılıb. 10 il sonra, yəni 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi təntənəli şəkildə keçirilib. Bununla Xəzər dənizinin sahilində yerləşən Cənubi Qafqaz ölkəsinin təbii qaz sektorunun inkişafı istiqamətində yeni səhifə açılıb.

Bu ilin sentyabrı da yerli neft-qaz sənayesinin tarixində növbəti əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasına (MR) səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlini təntənəli şəkildə qoyublar. Bu kəmərin yaradılmasının məqsədi muxtariyyətə “mavi yanacaq” tədarükünü şaxələndirmək və onun bir təchizatçıdan asılılığını azaltmaqdır. İki dövlət rəhbərinin iştirakı ilə üç sənədin, o cümlədən Azərbaycanda istehsal olunan “yaşıl elektrik enerjisi”nin qardaş ölkəyə tədarükünə dair Anlaşma Memorandumunun imzalanması buna əlavə bonus idi. Bununla iki strateji tərəfdaş arasında enerji əməkdaşlığının yeni səhifəsi açılır. Bu dəfə bərpaolunan enerji mənbələri sahəsində.

 

İkinci xətt

Ümumiyyətlə, Azərbaycanın qalan hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatı məsələsinə həmişə xüsusi diqqət yetirilib. Hazırda muxtar respublikaya qaz təchizatı Azərbaycan və İran arasında 2005-ci il tarixli müqavilə əsasında svop əməliyyatları şəklində həyata keçirilir.

Eyni zamanda Azərbaycan hakimiyyəti qərar verib ki, NMR-in enerji təhlükəsizliyini təmin etmək üçün Naxçıvana hər iki istiqamətdən - İran və Türkiyədən təbii qazın nəqli məqsədəuyğun olacaq. Bu, bir təchizatçıdan asılılığı və enerji resursunun nəqlində fasilələrin yaranması ilə bağlı riskləri aradan qaldıracaq. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, daha sonra isə Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərlərinin tikintisinin uğurla həyata keçirilməsi tərəfləri yeni qarşılıqlı faydalı layihəni həyata keçirməyə ruhlandırıb. Nəticədə, İğdırdan Naxçıvana qaz kəmərinin çəkilməsi ideyası yaranıb və bu, 2020-ci il dekabrın 15-də Ankarada “Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” ilə rəsmiləşdirilib.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən mərasimdə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma məntəqəsinə videobağlantı vasitəsilə qoşulan Azərbaycan və Türkiyə liderləri düymələri bir yerdə basaraq yeni boru kəmərinin təməlini qoyublar.

Azərbaycan Prezidenti bəyan edib ki, bu təbii qaz kəməri Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcək, ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın tədarükünə şərait yaradacaq.

“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, - İlham Əliyev qeyd edib.

“Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq... Bu baxımdan, bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək”, - Azərbaycan Prezidenti vurğulayıb.

İğdırdan NMR-in Sədərək rayonuna çəkilən 16 düymlük boru kəmərinin uzunluğu 97,5 kilometrdir: Azərbaycan hissəsi 17,5, Türkiyə hissəsi isə 80 kilometrdir.

Bu kəmərlə gündəlik 2 milyon kubmetr və ya illik 730 milyon kubmetr təbii qazın nəqli planlaşdırılır. Kəmərin tikintisinin başa çatması ilə Naxçıvanın illik 500 milyon kubmetr təbii qaza olan tələbatının hamısı Türkiyə vasitəsilə ödəniləcək. Üstəlik, muxtar respublikanın inkişafı, sənayesi və əhalinin artımı nəzərə alınmaqla, gələcəkdə onun ötürücülük qabiliyyəti iki dəfədən çox artırıla bilər.

Bu, Türkiyədə isə Şərqi Anadoludan İğdıra uzanan magistral qaz kəmərinin davamı olacaq. Layihə çərçivəsində Dilucuda (Türkiyə) qaz ölçmə məntəqəsinin tikintisi də nəzərdə tutulub.

Tərəflərin razılığı ilə müvafiq işlər “SOCAR Midstream Operations” MMC-yə (SOCAR-ın törəmə müəssisəsi) və Türkiyənin BOTAŞ şirkətinə həvalə olunub. Bu layihəyə Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamla dövlət büdcəsindən zəruri vəsait ayrılıb. Bu il iyunun 5-də qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi də yer alıb.

Rəsmi məlumata görə, kəmərin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyulunda başlanılıb. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98%-də torpağın münbit qatı götürülüb, 55%-də xəndəyin qazılması aparılıb, boruların 92%-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82%-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.

İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

Əslində, bu, Naxçıvan Muxtar Respublikası ərazisindən Azərbaycanı Türkiyə ilə birləşdirən ilk qaz kəməri olacaq. Eyni zamanda belə infrastrukturun olması qonşu ölkələrə əlavə (daxili tələbatın ödənilməsindən sonra qalan həcmlər – “R+”) həcmlərdə “mavi yanacaq” tədarük etmək məqsədilə regional təbii qaz əməkdaşlığının genişləndirilməsi üçün həmişə yaxşı əsasdır. Bu mənada Ermənistanı misal göstərmək olar. Lakin bu, təbii ki, yalnız İrəvanla Bakı və Ankara arasında münasibətlərin tam normallaşdığı halda mümkündür. Bu mövzu haqqında fantastik planlar qursaq, gələcəkdə boru kəmərindən tərs istiqamətdə istifadə perspektivlərini görə bilərik: söhbət təbii qazın Azərbaycanın materik hissəsindən NMR-ə, daha sonra isə Ermənistan ərazisindən tranzitlə Türkiyəyə tədarükündən gedir. Ancaq bu, yalnız qərbdəki qonşumuzun özünü yaxşı aparmasından sonra baş verə bilər. Bu fikirlər Türkiyə Prezidentinin “yeni qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək” bəyanatından irəli gəlir. Lakin o, bunun necə mümkün olacağını açıqlamayıb.

 

“Yaşıl əməkdaşlıq”

Bakı və Ankara bütün sahələrdə, xüsusilə enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirməyi planlaşdırır. Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bu istiqamətdə atılan addımlardan biri TANAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılması (31-32 milyard kubmetrə qədər) və Xəzər dənizindən Türkiyə və Avropaya təbii qaz nəqlinin həcminin artırılmasıdır: “Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Bundan başqa, prezidentlərin Naxçıvana səfəri zamanı Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Bununla “yaşıl enerji” sahəsində əməkdaşlığın təməli qoyulub.

Bu mənada NMR-in tədarük mənbəyi kimi seçilməsi təsadüfi deyil. Muxtar respublikanın bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün yaxşı imkanları olmaqla yanaşı, həm də Türkiyə bazarına birbaşa çıxışı var. Bu, elektrik enerjisinin nəqli ilə bağlı infrastrukturun yaradılması və ümumiyyətlə, istənilən tranzit üçün lazımsız xərcləri aradan qaldırır.

Yeri gəlmişkən, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələri sahəsində ümumi gücü 1500 MVt olan yeni enerji obyektlərinin yaradılması üçün Naxçıvanda bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

“Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq”, - Azərbaycan Prezidenti qeyd edib.

Üstəlik, NMR-dən Türkiyəyə “yaşıl enerji”nin ixracının təşkili Zəngəzur enerji dəhlizinin yaradılması istiqamətində ilk addım ola bilər. Azərbaycan hakimiyyətinin artıq “yaşıl enerji” zonası kimi elan etdiyi Qarabağ regionunun zəngin enerji potensialına görə belə bir layihənin yaxşı perspektivləri var.

Zəngəzur dəhlizi ilə Ağcabədidən Naxçıvana 330 kV-lıq elektrik verilişi xəttinin çəkilməsi və elektrik enerjisinin bu dəhliz vasitəsilə Türkiyəyə, oradan isə Avropa bazarına çıxarılması nəzərdə tutulur.

Burada yenə də hər şey Ermənistanın mövqeyindən, onun Bakı və Ankara ilə münasibətlərindən asılıdır. Ermənistanın baş nazirı Nikol Paşinyanın sözlərinə görə, guya Ermənistan öz ərazisindən keçəcək neft, qaz kəmərləri, elektrik xətlərinin əleyhinə deyil və bu proqramlarda maraqlıdır. Əsas məsələ odur ki, bu dəfə onun sözləri əməlləri ilə üst-üstə düşsün. Bəlkə də İrəvan regional əməkdaşlığın iqtisadiyyat üçün uzun illər düşmənlikdən qat-qat faydalı olduğunu anlayır. Bu, böyük səylər tələb edəcək, lakin son nəticədə rifaha, sosial sabitliyə və regional təhlükəsizliyə töhfə verəcək.



MƏSLƏHƏT GÖR:

57