19 May 2024

Bazar, 07:29

XÜSUSİ ƏHƏMİYYƏTLİ VEKTOR

Vaşinqton Mərkəzi Asiya ölkələri ilə əlaqələrin intensivləşdirilməsini prioritet elan edir

Müəllif:

01.10.2023

Sürətlə dəyişən, əvvəlki formatların əhəmiyyətini itirdiyi, yeni formatların isə hələ yeni yaranmağa başladığı dünyada bir çox müşahidəçi, analitik və siyasətçi diqqəti ABŞ ilə Mərkəzi Asiya (MA) ölkələrinin tarixdə ilk dəfə keçirilən ali səviyyəli sammitinə çəkir. O, müəyyən mənada Vaşinqtonun Avrasiyanın strateji baxımdan çox vacib olan bu regionunda xüsusi maraqlarının olduğunu ortaya qoyması kimi qiymətləndirilə bilər.

 

Ən önəmlisi təhlükəsizlikdir

Tədbir BMT Baş Assamleyasının sentyabrın 19-da Nyu-Yorkda keçirilmiş sammiti zamanı baş tutub və birgə bəyanatın qəbulu ilə başa çatıb. Sənəddə bir yandan region ölkələrinin dünyanın aparıcı dövləti ilə əməkdaşlığının prioritet istiqamətləri əks olunub, digər tərəfdən əməkdaşlığın hansı prinsiplər üzərində qurulmalı olduğu konkret göstərilib.

Bəyanat faktiki olaraq, digər vacib sənədlə üst-üstə düşür. Söhbət Birləşmiş Ştatların 2019–2025-ci illər üçün MA ilə bağlı strategiyasından gedir. Son bəyanat hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl qəbul edilmiş strategiyanı zənginləşdirir və müəyyən mənada, dövrün tələblərinə uyğunlaşdırır.

Güman etmək olar ki, Vaşinqtonun son zamanlar MA regionuna diqqəti kifayət qədər artırmasına elə bu hadisə, daha dəqiqi, onun qlolal nəticələri səbəb olub. Xatırladaq ki, bu format hələ 2015-ci ildə yaradılıb və indiyədək özünü ABŞ-ın dövlət katiblərinin region ölkələrinin liderləri ilə təmasları şəklində göstərib. Bu dəfə isə Vaşinqton yeni əməkdaşlıq gündəmi təklif etmək qərarına gəlib və diqqəti təhlükəsizlik məsələlərinin həllinə yönəldib. Məsələn, prezident C. Bayden MA ilə terrorçuluqla mübarizə, sərhəd təhlükəsizliyi, hüquq mühafizə orqanlarının fəaliyyəti kimi sahələrdə əməkdaşlığın möhkəmləndiriləcəyini bildirib. 2020-ci ilə olan məlumata görə, Birləşmiş Ştatlar təlimlərin keçirilməsi, narkotik və silah qaçaqmalçılığının, həmçinin terrorçu keçidlərinin qarşısının alınması məqsədilə nəqliyyat vasitələri və qurğuların verilməsi yolu ilə sərhədlərin təhlükəsizliyinin təmininə 90 milyon dollar investisiya yönəldib. Mərkəzi Asiya ölkələri Vaşinqton üçün Əfqanıstan problemi baxımından da vacib tərəfdaşlardır. 2021-ci ildə ABŞ qoşunları məlum səbəblərdən Əfqanıstanı tərk edən zaman əsas marşrut kimi məhz MA ölkələri ərazisindən istifadə olunub. Bu gün regionun ayrı-ayrı dövlətlərinin regional təhlükəsizliyin təmini üçün Əfqanıstanın hazırkı hökumət təmsilçiləri ilə danışıqlar apardığı vaxtda Vaşinqton prosesə ciddi praktik maraq göstərir. Məlumdur ki, Əfqanıstan uzun illər beynəlxalq terror təşkilatlarının məskəni olub, onlar isə öz növbələrində, Yaxın və Orta Şərqdə Amerikanın nüfuzuna qarşı mübarizə aparıblar. Bu təşkilatların çoxu MA ölkələrinə də təhdid yaradır. Hazırda ABŞ üçün təhlükəsizliyin təmini funksiyasının, Əfqanıstan məsələsində şərti kuratorluğun region dövlətlərinə keçməsi Vaşinqton üçün vacibdir. Bu, onların yalnız özləri üçün deyil, həm də ABŞ üçün mövcud olan risk və təhdidlərin neytrallaşdırılmasında daha fəal olmasına imkan yaradacaq.

Bu məqam son bəyanatda ayrıca bənd kimi keçir. Orada bildirilir ki, Əfqanıstandakı vəziyyət Mərkəzi Asiyada təhlükəsizlik və sabitlik üçün vacib amil olaraq qalır, bu üzdən də tərəflər təhlükəsizlik, insan haqları, o cümlədən qadınların və qızların əsas azadlıqları kimi məsələlərdə əməkdaşlığa sadiqliklərini təsdiqləyirlər. Ümumi səylərin əsas hədəfi kimi isə ölkələrdə bütün etnik, dini və siyasi qrupların yer alacağı inklüziv hökumətin formalaşdırılması göstərilir.

 

Amerika-Mərkəzi Asiya münasibətlərinin iqtisadi aspekti

Sammitdəki müzakirələrdə iqtisadi münasibətlər də önəmli yer tutub. Prezident Bayden bildirib ki, Amerika şirkətləri ilə ticarətə və özəl sektora investisiyaların yatırılmasına dəstək vacibdir. Daha əvvəl isə ABŞ Dövlət Departamenti bildirmişdi ki, özəl sektor regionda kommersiya müəsissələrinə 31 milyard dollardan artıq vəsait sərmayə qoyub. Bununla yanaşı, MA ölkələri nəhəng investisiyalara açıq olduqlarını nümayiş etdirir, xarici investorların marağına səbəb olacaq daha nəhəng və parlaq layihələrlə çıxış etməyə çalışırlar. Bir məqamı da qeyd etmək vacibdir ki, iqtisadi əməkdaşlıq oktyabrda «S5+1» formatında keçiriləcək və dayanıqlı inkişafı həsr olunacaq görüşdə də diqqət mərkəzində olacaq.

ABŞ-ın region ölkələri ilə iqtisadi münasibətlərində əsas hədəf Rusiyanın, daha önəmlisi isə Çinin artmaqda olan nüfuzunun neytrallaşdırılmasıdır. Amma Vaşinqton buna nail olmaq üçün kifayət qədər mexanizmə malik deyil. Məsələn, MA ilə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, şaxələndirilməsi üçün əhəmiyyətli imkanlar olsa da, bu, qarşıya qoyulmuş hədəfə nail olunması üçün kifayət etmir.

2022-ci ildə ABŞ ilə bu region arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollardan bir qədər az olub. Bu isə Rusiya və Çinlə müqayisədə təxminən 10 dəfə azdır. Belə bir vəziyyətdə ABŞ-ın coğrafi mövqeyi onun bu sahədə Rusiya ilə Çini üstələməsinə imkan verməsə də, «Orta dəhliz»in inkişafı regionu Qərb bazarları üçün açır. MA daha bir qlobal informasiya texnologiyaları mərkəzinə çevrilmək, ABŞ, Avropa və Şərqi Asiyaya xidmət ixracını kəskin şəkildə artırmaq potensialı var. Üstəlik, informasiya texnologiyaları platformalarının inkişafında bumun yaşandığı indiki dövrdə…

2021-ci ildə Birləşmiş Ştatların Mərkəzi Asiyaya ümumi birbaşa xarici investisiyası 40 milyard dolları aşıb və demək olar ki, tam şəkildə Qazaxıstanda karbohidrogen emalına yönəlib. 2022-ci ildə Çinin regiona eyni yatırımı 70 milyard dollar olub. Lakin «Kəmər və yol» təşəbbüsünün reallaşdırılması tempi azaldığından, qarşıdakı bir neçə ildə bu rəqəm azala bilər. Müharibə və sanksiyalar üzündən iqtisadiyyatı ciddi çətinliklərlə üzləşmiş Rusiyaya gəlincə, 2022-ci ildə o, bu regiona cəmi 3,6 milyard dollar yatıra bilib. Belə bir şəraitdə Qərb kapitalı və təcrübəsi resurs hasilatı və fiziki infrastruktur layihələrinin icrasında investisiyaların şaxələndirilməsində vacib rol oynaya bilər.

Yalnız onu xatırlatmaq kifayətdir ki, Qazaxıstan dünyada ən böyük uran ehtiyatına malik ölkədir. O, hasil olunan uranın əsas hissəsini Rusiyaya ixrac edir. ABŞ-ın Qazaxıstana uranın az miqdarda zənginləşdirilməsində yardım göstərməsi onu ixracı artırmağa sövq edə bilər, çünki Qərbin «yaşıla keçid»i atom enerjisinin inkişafını getdikcə daha da aktuallaşdırır. Həm Qazaxıstan, həm də Özbəkistan yüngül və qida sənayesində öz gücünü artırmaq istəyir. Amma bunun üçün onlara kapital, təcrübə və effektiv idarəçilik lazımdır. Ümumiyyətlə isə əməkdaşlığın gücləndirilməsi ilə milli iqtisadiyyatların şaxələndiriləcəyi, bunun isə bütünlükdə regionun iqtisadi inkişafına yol açacağı güman olunur. Bu, Mərkəzi Asiya ölkələrin xarici təlatümlər qarşısında daha dayanıqlı hala gətirəcək, onların qüdrətli, potensialı daha güclü dövlətlərdən asılılığını azaldacaq.

Odur ki, sammitdə ən gözlənilməz hadisə bəlkə də mineral xammalının emalı üzrə «S5+1» dialoquna başlanılması olub. Xrom, mis və litium kimi minerallar ekoloji təmiz enerji texnologiyalarının istehsalı üçün vacibdir.

MA ölkələri, xüsusilə Qazaxıstanla Özbəkistan mineral resurslar bazasından beynəlxalq arenada nüfuzlarını artırmaq üçün istfiadə etməyin yollarını yaxşı bilirlər. Üstəlik, indi Birləşmiş Ştatlar faydalı qazıntıların idxalı məsələsində Çindən asılılığa son qoymaq istəyir. Bu gün dünyada ən vacib faydalı qazıntılar bazarında hökmranlıq Pekinin əlindədir. Ümumilikdə 26 vacib mineral ixrac edən Çin bu sahədə ABŞ-ın ən nəhəng tədarükçüsüdür. Beləliklə, hesab olunur ki, bu format bütün tərəflər üçün sərfəlidir və bu istiqamətdə dialoq yaxın perspektivdə ikitərəfli əlaqələrin təməlini təşkil edə bilər.

 

İnsan haqları prioritet deyil

Qərbli müşahidəçilər bildirir ki, Amerika prezidenti sammitdə insan haqları məsələsinə bilərəkdən toxunmayıb. O, bununla dialoqun yeni fazasında fonu korlaya biləcəyindən ehtiyatlanıb. Əvəzində, Bayden vətəndaş cəmiyyətinin əlillərin və qadınların hüquqlarını qorumasının vacibliyini bildirib. Ağ Evin bəyanatında Vaşinqtonun qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi prinsipinə sadiq olduğu deyilir. Bu, ABŞ-MA münasibətlərinin yeni mərhələsinin fərqli tərəfidir – o, diqqəti və müzakirələri daha qütbləşdirici məsələlərdən regionda feminist fəallığı kimi mövzuya yönəldir.

Vaşinqton diqqəti insan hüquqları məsələsinə çəkməkdənsə, daha «sürüşkən» formula üstünlük verərək, qanunun aliliyi, demokratik idarəçilik məsələlərində birgə işləməyə hazır olduğunu bəyan edib. Bununla yanaşı, MA ölkələrinin ictimaiyyətində gənclərin müstəsna rolunu nəzərə alana ABŞ xüsusilə peşəkarların hazırlanması sahəsində gənclərlə işə xüsusi diqqət ayırır. Sənəddə deyilir ki, Birləşmiş Ştatlar yalnız Mərkəzi Asiyada deyil, Əfqanıstanda da ali təhsil ocaqlarına dəstəyi davam etdirmək əzmindədir, çünki regional əlaqələrin, mədəniyyətlərarası anlaşmanın gücləndirilməsində bunu vacib amil sayır. Bundan başqa, mədəniyyət, təhsil, elm və sosial sahədə əməkdaşlığın genişləndirilməsi, insanlar arasında daha sıx əlaqələrin qurulması üçün yeni imkanların tapılmasına da çağırış edilib.

Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün istər «S5+1» formatında, istərsə də ABŞ prezidenti və dövlət departamenti rəhbərinin iştirakı ilə ali səviyyədə müntəzəm görüşlərin keçirilməsi qərara alınıb. Bu qərar Amerikanın xarici siyasətində Mərkəzi Asiya vektorunun xüsusi əhəmiyyət qazandığını, onun ayrıca xətt kimi inkişaf edəcəyini göstərir.

Maraqlıdır ki, müzakirələrin gedişində və yekununda tərəflər Mərkəzi Asiyanı ABŞ-ın Avropadakı əsas müttəfiqləri ilə birləşdirən marşrutun əhəmiyyəti də vurğulanıb. Məlum olduğu kimi, bu marşrut həm də Azərbaycandan keçir. Beləliklə, bu regionun Avropaya bağlanmasını nəzərdə tutan bütün razılaşmalar Azərbaycan Respublikasının da maraqlarına toxunur. MA ölkələrinin Məşvərət Şurasının son toplantısına Azərbaycanın dövlət başçısı İlham Əliyevin dəvət olunması da təsadüf deyildi. Demək, Mərkəzi Asiya «beşliyi» liderləri ilə ABŞ prezidentinin Nyu-Yorkda keçirilmiş görüşünün müsbət effektini Azərbaycan da hiss edəcək.



MƏSLƏHƏT GÖR:

54