19 Dekabr 2024

Cümə axşamı, 14:56

YENİDƏN ZİRVƏDƏ

“Sabah”dan 18 ildən sonra basketbolda tarixi uğur

Müəllif:

15.10.2023

Uzun fasilədən sonra Avropa basketbolu Azərbaycana rəsmən qayıtdı. Yeni formalaşdırılan Azərbaycan Basketbol Federasiyası qısa müddətdə ölkə çempionatını bərpa etməklə yanaşı, həm də avrokuboklarda uğurlu çıxışı təmin etdi.

2022-ci ildə yaranan “Sabah” basketbol klubu güclü heyət sayəsində ilk mövsümündə Azərbaycan çempionatında rəqib tanımadı. Final mərhələsinə vəsiqə qazandı və beş oyunluq həlledici mübarizədə “Gəncə” klubunu məğlub edərək ölkə çempionu adını qazandı.

“Sabah” klubu çempion kimi avrokuboklarda da ölkəmizi layiqinci təmsil etdi. Oktyabrın əvvəlində Şimali Makedoniyada keçirilən FIBA Avropa Kubokunun A qrupunda yarışan Bakı təmsilçisi Niderlandın “Donar Qroninqen” kollektivini 75-72, yerli “Rabotniçki”ni 83-81, Rumıniyanın “Rapid” komandasını isə 90-71 hesabı ilə məğlub etdi. Bu qələbələr sayəsində “Sabah” 18 illik fasilədən sonra FIBA Avropa Kubokunun əsas mərhələsində iştirak hüquqü qazandı.

“Sabah”ın heyətində ən yaxşı oyunçu Maykl Holton (20 xal) oldu. Təsnifat mərhələsində uğurlu çıxışda Donovan Smit, Kivon Devenport, Desmond Kembridc, Pavel Marçinkoviç, Artyoms Butyankovs, Korin Qenri, Şirzad Şirzadov, Endar Poladxanlı, Fuad Niftəliyev və Rüstəm Əliyevin də böyük əməyi oldu.

“Sabah” Avropa Kubokunun bu mərhələsində D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri “Mornar” (Monteneqro), “Bahçeşehir” (Türkiyə) və “Nimburk” (Çexiya) klubları olacaq. Azərbaycan təmsilçisi qrupda ilk oyununu oktyabrın 18-də səfərdə “Mornar” klubuna qarşı keçirəcək.

 

Hər bir rəqib güclüdür

“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanmaqlarını tarixi uğur adlandırıb. Onun fikrincə, Azərbaycan basketbolu bu uğura layiq olduğunu qazandığı qələbələrlə sübut edib: “Praktiki olaraq yaxşı çıxış etdik. Bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, ümumi yekun nəticə bizi sevindirməyə bilməz. Basketbolçular əsl döyüşçü kimi mübarizə apardılar. Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var”.

Onun sözlərinə görə, Azərbaycanda basketbolun inkişafı üçün böyük işlər görülür: “Maraqlı çempionat keçirilir. Gəncləri basketbola cəlb  etmək istiqamətində faydaları layihələr reallaşdırılır. “Sabah”ın avrokuboklarda da uğurlu çıxışı görülən işlərin kiçik nəticəsidir. Əsas mərhələyə vəsiqə qazanmaqla işimizi bitmiş hesab etmirik. Qrup oyunlarında da layiqli çıxış etməyə çalışacacaq. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm”.

Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda yer alan rəqiblərini də dəyərləndirən baş məşqçi hər üç komandaya yaxşı bələd olduğunu vurğulayıb: “Bahçeşehir”i Türkiyədə işləyərkən tanıyırdım. Yaxşı komandadır. “Mornar” çox təhlükəli kollektivdir. İki təcrübəli məşqçisi var. “Nimbruk” isə basketbol ənənələri olan klubdur. Bizim üçün hər bir rəqib önəmlidir. Addım-addım irəliləyəcəyik”.

Qrupda ilk oyunlarının “Mornar”a qarşı olacağını xatırladan B.Mitev matça ciddi hazırlaşacaqlarını əlavə edib: “Söz verə bilərəm ki, hər oyunda Azərbaycan üçün mübarizə aparacağıq. Xoşbəxtəm, çünki əsl basketbolu Bakıya, Azərbaycana gətirdik. Azarkeşlər Bakıda əsl basketbola şahidlik edəcəklər”.

 

Basketbol bayramını gözləyirik

“Sabah” klubunun basketbolçusu Desmond Kembric də növbəti oyunlarda uğurlu çıxış edəcəklərinə inandığını bildirib: “Azərbaycan adına çox sevinirəm və həyəcanlıyam. Legioner həyatı yaşadığım ilk ilimdə FIBA Avropa Kubokunun müntəzəm mövsümünə vəsiqə qazandıq. Asan olmadı, amma komanda birləşərək çətinlikləri üstələməyi bacardı. Avropa Kuboku bizə qitə basketbolunu izləməyə imkan verəcək. Çoxlu sayda yeniyetmə basketbola üz tutacaq. Növbəti aylarda biz basketbol bayramının bir hissəsi olacağıq”.

ABŞ-dan olan 24 yaşlı oyunçu deyib ki, insanların çoxu komandadan bu nəticəni gözləmirdi: “Amma mən inanırdım. Azarkeşlər üçün oynamağı sevirəm. Bu, mənə həyəcan verir. Rəqiblərə gəlincə, hər matçda qələbə üçün oynayacağıq. Təcrübəli komandamız var. Şimali Makedoniyaya gedəndə birinci olacağımıza inananlar az idi. Biz bacardıq. İndi isə uğurun davamının gələcəyini söyləyirik. Sadəcə Bakıdakı matçlarda insanları bizə dəstək olmağa çağırırıq”.

 

Yeni sezon

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək. Ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar “Sabah”, NTD-İNDİQO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” kollektivləridir. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-offa vəsiqə qazanacaqlar. Bu “altılıq”da ilk iki sıranı tutan klublar birbaşa pley-offun yarımfinalından, digər 4 kollektiv isə 1/4 finalından mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanan klub sevinən tərəf olacaq.

Azərbaycan Basketbol Liqasının oyunları “Sərhədçi” İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində baş tutacaq.



MƏSLƏHƏT GÖR:

120