18 May 2024

Şənbə, 19:22

BÜTÜN KOSMOS

Beynəlxalq Astronavtika Konqresi 50 il sonra yenidən Azərbaycanda keçirilib

Müəllif:

15.10.2023

Bakıda başa çatan 74-cü Beynəlxalq Astronavtika Konqresi (“International Astronautical Congress” - IAC) Azərbaycanın milli kosmik sənayesinin inkişafında yeni mərhələ olub. Bu genişmiqyaslı forum çərçivəsində çoxsaylı ixtisaslaşdırılmış konfranslar, texniki sessiyalar və sərgi təşkil edilib. Burada aparıcı kosmik agentliklər, investorlar və özəl şirkətlərin nümayəndələri kosmik tədqiqatların perspektivlərini, Beynəlxalq Elmi Ay Stansiyasının tikintisini və s. müzakirə ediblər. Bəzi layihələrdə ölkəmiz də iştirak edəcək. Forum çərçivəsində Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında “Azersky-2” proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb. Bu sənədlə Yerin məsafədən müşahidəsi üçün 2 peykin hazırlanması nəzərdə tutulur.

 

İkinci dəfə Bakıda

“Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var... Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”, - Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək.

Astronavtika sahəsində forumlar 70 ildən çoxdur ki, təşkil olunur: IAC konqresləri milli kosmik agentliklərin rəhbərlərinin iştirakı ilə astronavtika sahəsində alim və mütəxəssislərin illik toplantısıdır və adətən sentyabrın sonu və ya oktyabrın əvvəlində keçirilir. Təşkilatçılar ənənəvi olaraq Beynəlxalq Astronavtika Federasiyası (IAF), Astronavtika Akademiyası və Kosmik Hüquq İnstitutu, həmçinin ev sahibi kimi IAF-ın milli üzvlərindən biri olur. Birinci ixtisaslaşdırılmış konqres 1950-ci il sentyabrın 30-da Parisdə baş tutub. Otuz il ərzində bütün forumlar yalnız Avropa və ABŞ-nin şəhərlərində keçirilirdi.

Həmin dövrdə yeganə istisna IAC Konqresinin o vaxtkı Sovet Azərbaycanının paytaxtında təşkili idi. Bakının seçilməsi SSRİ üçün unikal hadisə idi. Belə ki, Azərbaycanın paytaxtı böyük Asiya regionun belə mötəbər, dünya səviyyəli tədbirə ev sahibliyi edən ilk şəhər olub. Bu tarixi hadisənin baş tutumasına ilham verən şəxs isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev idi. Məhz onun təşəbbüsü ilə 1973-cü il oktyabrın 7-13-də Bakıda “Kosmik tədqiqatların elm və texnologiyaya təsiri” devizi ilə 24-cü Astronavtika Konqresi keçirilmişdi.

Bu əlamətdar tarixi hadisədən 50 il keçib. Budur, Bakı yenidən bu tədbirə ev sahibliyi etmək hüququ qazandı. Bu qərar 2019-cu ilin oktyabrında Beynəlxalq Astronavtika Federasiyasının Vaşinqtonda keçirilən Baş Assambleyasında qəbul edilib.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” devizi altında IAF və “Azərkosmos”un təşkilatçılığı ilə keçirilən 74-cü Konqresin tədbirləri çərçivəsində Bakıya 101 ölkədən kosmik agentliklərin, investorların, özəl kosmik şirkətlərin, yerli və beynəlxalq medianın nümayəndələri gəliblər. İxtisaslaşdırılmış konfranslar və texniki sessiyalar təşkil edilib. Sərgi də keçirilib, sərginin pavilyonlarında kosmik tədqiqatlar və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 150 aparıcı dünya şirkətinin layihə və texnologiyaları təqdim olunub.

“Bu gün Beynəlxalq Astronavtika Federasiyasının 75 ölkədən 468 üzvü var və yaxın gələcəkdə üzvlərimizin sayı 500-ə çatacaq. IAF kosmosun iqtisadi, sosial, siyasi və elmi dəyərini təşviq etmək və qərar qəbul edən şəxsləri bu üstünlüklərdən xəbərdar etmək üçün fəaliyyət göstərir. Konqreslər, konfranslar, nəşrlər və tədqiqatlar vasitəsilə biz kosmik texnologiyalar və onların gündəlik həyatda tətbiqləri haqqında getdikcə daha çox məlumatlı oluruq. İnnovasiya ilə bağlı investisiyaları dəstəkləməklə IAF qlobal miqyaslı təşkilatları öz ölkələrində əlaqələr qurmağa, əməkdaşlıq etməyə və elmi, texniki bilikləri daha da inkişaf etdirməyə təşviq edir”, - Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri forumun açılış mərasimində bildirib.

O vurğulayıb ki, federasiyanın hazırkı gündəliyində üç mövzuya xüsusi diqqət yetirilir: davamlılıq, investisiya və təhlükəsizlik. BAF rəhbəri qeyd edib ki, Bakıda keçirilən forumda müxtəlif ölkə və təşkilatların belə yüksək səviyyədə təmsil olunması çox mühüm amildir: “Belə çətin geosiyasi dövrdə bütün kosmik ictimaiyyətin birləşməsində IAC Konqresinin rolu bu gün daha vacibdir”.

 

Yerli istehsal

Kosmik ölkələrin beynəlxalq klubuna daxil olan Azərbaycan iki rabitə peykini – “Azerspace-1” və “Azerspace-2” orbitə buraxdıqdan sonra əldə etdiyi orbital imkanları çox səmərəli şəkildə inkişaf etdirib. Bu gün “Azərkosmos” milli operatorunun gəlirlərinin 80%-dən çoxu xarici bazarda xidmətlərin göstərilməsi hesabına formalaşır. Yerli rabitə peykləri təkcə televiziya və radio yayımı üçün deyil, həm də internet xidmətləri göstərir. Ümumi istifadəçi auditoriyası isə Avropa, MDB, Asiya və Afrikanın 45 ölkəsində təxminən 20 milyon nəfərdir.

Bu il Azərbaycan Kosmik Agentliyi orbital aparatlar qrupunun genişləndirilməsi planlarını dəfələrlə açıqlayıb. Bunun üçün lazımi ilkin şərtləri Bakıda keçirilən konqres yaradıb. Belə ki, “Azərkosmos” və “Israel Aerospace Industries” şirkəti arasında yeni aşağı orbitli peyklərin yaradılmasına dair müqavilə imzalanıb. Sənədə əsasən, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən iki müşahidə peykinin istehsalı planlaşdırılır. IAI peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də “Azərkosmos”a dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin ölkəmizdə hazırlanmasına imkan verəcək. IAI yerüstü idarəetmə və əməliyyat sistemlərinin yaradılması üçün bütün lazımi avadanlıqları təmin edəcək. Optik peyklərin 2026 və 2028-ci illərdə orbitə buraxılacağı gözlənilir. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.

“Bu layihə həm “Azərkosmos”, həm də “İsrael Aerospace Industries” şirkəti üçün unikal xarakter daşıyır, şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm”, - “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov İsrail şirkəti ilə imzalanmış yeni müqaviləyə münasibət bildirərkən deyib.

Dost ölkə olan İsrailin yüksək texnoloji şirkətləri ilə peyk istehsalı sahəsində əlaqələr texnologiya transferi, nou-hau və bu sahədə qabaqcıl biliklərə çıxış baxımından Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Digər tərəfdən tərəfdaş ölkənin məhz belə seçimi peyklərin daha etibarlılığını, təhlükəsizliyini və orbitdə uzun xidmət müddətini təmin etməyə yardım göstərir. Optik peyklərin ölkənin dövlət və müdafiə təhlükəsizliyinin təmin edilməsində iştirak edən ikili təyinatlı kosmik gəmilər kateqoriyasına aid olduğunu nəzərə alsaq, bunun böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik.

Xatırladaq ki, Azərbaycanın ilk aşağı orbitli optik peyki olan “Azersky” 2023-cü ilin aprelində naməlum texniki problemlərə görə sıradan çıxıb. İstehsalçı və operatorların dəfələrlə cəhdlərinə baxmayaraq, cihazla əlaqəni bərpa etmək mümkün olmayıb.

 

Əməkdaşlığın şaxələndirilməsi

Əvvəllər Azərbaycan peykləri orbitə çıxararkən ilk növbədə Fransa ilə əməkdaşlıq edirdi. Hazırda bu istiqamətdə şaxələndirmə var. Belə ki, bu ilin may ayında “Azərkosmos” və ABŞ-nin “SpaceX” korporasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədlə “Starlink” genişzolaqlı peyk internet xidmətləri ölkəmizdə də mövcud olacaq. Üstəlik, bu şirkətin “Falcon” raketlərindən istifadə etməklə yeni Azərbaycan peyklərinin orbitə çıxarılmasına dəstək verilməsi imkanları da araşdırılır. Maraqlıdır ki, konqresdə “Azərkosmos”un son dövrlərdə əməkdaşlıq etdiyi amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask da onlayn şəkildə iştirak edib.

74-cü Beynəlxalq Astronavtika Konqresinin digər mühüm nəticəsi Azərbaycan Kosmik Agentliyi ilə Braziliya Kosmik Agentliyi (AEB) arasında tərəfdaşlığın genişləndirilməsi olub. Oktyabrın 5-də tərəflər arasında kosmik texnologiyalar üzrə bilik və təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb. “Azərkosmos”un Beynəxalq münasibətlər üzrə müşaviri Vüqar Bayramovun sözlərinə görə, hazırda Braziliya peyk texnologiyalarının inkişafı üzrə inkişaf etmiş ölkələrdən biridir. Bu məqamda qeyd edək ki, 2004-cü ildə Alkantara kosmodromundan Braziliyada hazırlanmış daşıyıcı raketin ilk buraxılışı baş tutub. Daha sonra bu ölkə “Sonda” raket növünə aid VSB-30 yüksək hündürlüklü raketinin daha bir neçə suborbital uçuşunu həyata keçirib.

Bundan başqa, “Azərkosmos” Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə də uğurlu əməkdaşlıq edir. “JAXA “Artemis” beynəlxalq kosmik proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığa hazırdır. Biz kosmik tədqiqat və bu istiqamətdə layihələrin hazırlanmasında birgə iştirakımızı genişləndirməyə imkan verəcək tərəfdaşlıq əlaqələri qurmaq istərdik və buna hazırıq”, - JAXA-nın prezidenti Yamakava Xiroşi bildirib.

Bu arada, Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyasının tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub. “Azərkosmos” ilə Çin Milli Kosmik Administrasiyası arasında müvafiq saziş imzalanıb. Bu təşəbbüsdə ölkəmizlə birlikdə Rusiya, Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti iştirak edir.

74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik tədqiqatlar və ixtisaslaşdırılmış texnologiyaların inkişafı sahəsində çox perspektivli və qarşılıqlı faydalı olan Azərbaycan-Türkiyə əməkdaşlığını bir daha təsdiqləyib.

“Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi bizim hamımız üçün xoşbəxtlikdir. Sərgidə Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinin stendləri də var və kosmosun tədqiqi ilə məşğul olan təşkilatımız da konqresdə iştirak edir”, - “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar deyib.

O, Bakı ilə Ankaranın kosmik sahədə tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirməyi planlaşdırdıqlarını vurğulayıb.

Bir sözlə, son illər “Azərkosmos” kosmik infrastrukturun formalaşdırılması, elmi mərkəzlərin yaradılması, elmi-tədqiqat proqramlarının həyata keçirilməsi, texnologiya və innovasiyaların tətbiqi sahəsində təcrübə və bilik mübadiləsində regional əməkdaşlığı genişləndirir. Azərbaycanda kosmik mərkəzin formalaşdırılması Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrlə birgə həyata keçirilir. O cümlədən, “Azərkosmos” Qazaxıstan və Özbəkistanın kosmik agentlikləri ilə memorandumlar imzalayıb. Üstəlik, Qırğızıstanla ixtisaslaşmış kadrların hazırlanması və ixtisas artırma, kosmik texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tərəfdaşlıq gücləndirilir.

Beləliklə, Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın belə yüksək səviyyəli tədbirlərin mahir təşkilatçısı kimi imicinin növbəti təsdiqi olmaqla yanaşı, ölkə bu forumda həm də kosmik layihələrlə bağlı bir çox yeni və faydalı razılaşmalar əldə edib.



MƏSLƏHƏT GÖR:

61